Modern.az

Paşinyan hakimiyyətdə qala biləcək?..

Paşinyan hakimiyyətdə qala biləcək?..

9 Mart 2021, 16:01

Ötən günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdarları ilə Yerevan küçələrində yürüş-mitinq keçirdi. Həmin aksiyada Paşinyan deyib ki, “Ermənistanda vəziyyətin gərgin, lakin idarəolunandır”. O, Ermənistan silahlı qüvvələrinin xalqa və hökümətə məxsus olduğunu vurğulayaraq, Baş Qəragahın ultimatumunu “hərbi çevriliş cəhdi” adlandırıb.


Maraqlıdır, son hadisələrin fonunda Paşinyan hakimiyyətdə qala biləcəkmi?


Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə baş verən mitinqlər Paşinyanın hakimiyyətdə qalmasına kömək edə biləcək:


“Çünki mitinq xalqın rəyi deməkdir. Getdikcə Paşinyanın mitinqlərinə daha çox adam gəlir. Mitinqlərin birində çıxış edən qadının Azərbaycan dilində tərcümə edilmiş sözlərini eşitdim. O, “Qarabağdan gəlmiş bu soyğunçular, korrupsionerlər bizə heç kəsin etmədiyi zülmü ediblər. Bizə nə Qarabağ, nə də onun içərisindən çıxmış Ser Sarkisyan, Robert Koçaryan lazımdır. Bunlar hamısı siyasət dəllallarıdır” deyib”.


Q.Hüseynli ictimai rəyin tədricən dəyişdiyini, tərəddüd edən adamların Paşinyana tərəf çevrildiyini bildirib:


“Ermənistan abır-həyanın, əxlaqın itdiyi cəmiyyət dövrünü yaşayır. Türklər demişkən “at dizi, it izinə qarışıb”. Ona görə də həqiqəti müəyyən etmək çox çətindir. Lakin Rusiya da artıq başa düşdü ki, ordunu qızışdırmaqla Paşinyanı yıxa bilməz. Paşinyan Rusiya ilə məsafə saxlayır. Daha əvvəl təkəbbürlə yanaşırdısa, indi ehtiyatla yanaşır. Paşinyan hakimiyyətini qoruya biləcək”.


Politoloqun fikirincə, Ermənistan ordusu zəif olsa da, ona ordu lazım deyil.


“Ermənistanda ordunu Robert Koçaryan və Serj Sarkisyan qurub. Onlar ordu üçün ayrılmış bütün vəsaiti talan ediblər. Normal, dinc insanlara cüzi bir ordu oldusa, bəs edir. Ermənistana sənayenin, kənd təsərrüfatının inkişaf etməsi, dünya əlaqələrinin genişlənməsi lazımdır. Onlar bölgənin iqtisadi layihələrinə qoşulmalı, komunikasiya xətlərini açmalıdırlar. Bunları etsə, zənnimcə Ermənistanın rifah halı yüksələcək. Başlarını aşağı salıb, sakit dursalar, onlar üçün heç bir problem olmayacaq”. 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir