Modern.az

«Şükür sənə, İlahi»

«Şükür sənə, İlahi»

3 Sentyabr 2012, 10:02

Əslində arzusu çin olan hər kəsin ağlına gələn ilk söz bu olur: «Şükür sənə, İlahi». Tanrıya şükranlıq, minnətdarlıq, təşəkkürlə dolu olan bu ifadədə, əslində, qeyri-adi heç nə yoxdur. İndiyə qədər belə düşünürdüm. Daha doğrusu, Ramil Azərbaycana gətirilən və əfv edilən günə qədər… Səhv edirəmmiş. Bilirsiniz niyə? Etiraf edim ki, indiyə kimi bu şükranlıqda bulunan kiməsinin sevincini bölüşmək üçün göz yaşları tökməmişdim. Çox sevinsəm belə…
Həmin gün fərqli idi. Göz yaşlarım sözünə baxmırdı, hisslərimə hakim kəsilə bilmirdim. Qarşıma kim çıxırdısa, tanımadığım adam olsa belə, ilk sözüm bu olurdu: «Bilirsinizmi, Ramil Azərbaycana gətirlidi və cənab Prezidentin sərəncamı ilə əvf edildi». Hissləri, düşüncələri dilə gətirmək, ifadə etmək üçün söz tampaqda aciz olursan bəzən. Amma həmin gün Tanrı mənə əlavə güc, qüvvət vermişdi. Təkcə mənəmi? Xeyr, xeyr, təkcə mənə deyil, Azərbaycanımıza güc vermişdi… Nə gözəldir gözəl günlərə şahidlik etmək, gözəl xəbərləri bölüşmək… Və gözəl xəbərlər eşitmək. Evə çatar-çatmaz qonşum pəncərədən səsləndi: «Gözün aydın…».
Bu aydınlığın nədən ibarət olduğunu bilirdim, çünki yol boyu aydınlıq verə-verə gəlirdim. Qürurlanmışdım, bütün dünya ermənilərinin nəzərləri Ramil Səfərovun üzərində ola-ola onu zindandan qurtaran ölkəmin Prezidentinə, ona dəstək verən bütün insanlara dualar edirdim. Birdən mənə göz aydınlığı verən qonuşumu qarşımda gördüm. Əslən Füzuli rayonundandı, məcburi köçkündü. Gözləri yaşarmış halda mənə dedi ki, «bu gün özümü Füzulidə hiss edirəm, Prezident bu gün Ramili gətirdi, növbəti addımı Qarabağı Azərbaycana qovuşdurmaq olacaq».
Əlbəttə, təsirli səhnə, təsirli mənzərə idi. Burada deyiblər, sözün qurtaran yeri… Sözüm qurtarmışdı. Ona heç nə deyə bilmədim… Başımı yellədim. Əslində, mən də qonşum da, bütün Azərbaycan da belə düşünürdü… Dövlətinin atributlarının təhqirinə dözə bilməyən Ramilin ölkəmizə qayıdışı hamını belə düşünməyə vadar etmişdi. Dünyanın ikili standartları qarşısında itirilmiş ərazilərimizi hələ ki, geri qaytara bilməyən Azərbaycan həmin torpağın bir parçasını azad etməklə, əsir torpaqlarımızın da azad ediləcəyinə ümidləri artırmışdı…
Ümid, sevigi, coşqu yaratmışdı. Hamı, bütün vətən övladı özünü «Əmr et, Ali Baş Komandan» çağırışına kökləmişdi…

Nə gizlədim… Ramilin qayıdışı reallaşmamışdan günlər öncə sosial şəbəkə istifadəçiləri də sanki onun qayıdacağına əmin idilər. Bəlkə də doğum günü bəhanə idi. Tanrı hər birimizin ürəyinə Ramillə bağlı arxayınçılıq salmışdı… Facebook-da hamı Ramilin şəklini paylaşır, statuslar yazır, dualar edirdi. Hörmətli millət vəkili Sabih Alıyev də bundan yola çıxaraq «Qarabağ qaytarılacaq» başlıqlı yazısı ilə bizləri bir az da ruhlandırmış, qızlarımızın ancaq özlərinə aid olan virtual evlərindən ərləri, qardaşları, atlarındansa, igidlərimizin-Qarabag uğrunda savaşda canlarından keçənlərin və keçməyə hazır olanların, o cümlədən Ramilin şəkillərini paylaşmağa üstünlük vermələrinin bir hayqırtı olduğu qənaətinə gəlmişdi. Qarabağı qaytarmaq hayqırtısı!!!

Həmin günün bütün səhnələri ürəkaçan və ürəkağrıdan idi. 8 il yarım təkadamlıq kamerada yaşamaq Ramilin yerişindən tutmuş, danışığına, görüşlərinə qədər bir narahatçılıq yaradırdı. Amma şükür, hər şey yaxşı idi, kövrəlməyimizlə, duyğulanmağımızla, gülməyimizlə, bir sözlə, bütün hiss və düşüncələrimizlə əla idi.

Əvvəldə yazdığım kimi, «Şükür sənə, İlahi» deyərək Tanrıya şükranlıqda bulunan kiməsinin sevincini bölüşmək üçün göz yaşları tökməmişdim. Amma həmin gün tökdüm… Ramilin ailəsi ilə görüş mənzərəsi, qardaşının «Şükür sənə, İlahi» sözləri ürəyimi titrətdi, göz yaşlarım hıçqırtıya çevrildi. Təki həmişə belə xoş günlərə göz yaşı tökək, bizim bir xalq, bir millət olaraq belə sevinc göz yaşlarına ehtiyacımız var.

Ramilin gəlişinə hamı sevindi. Bir-birini tanıyan da, tanımayan da göz aydınlığında bulundu. Saytlarda Ramilin azad olunması haqqında xəbəri oxumaq, onun doğruluğunu müəyyənləşdirmək məqamında cənab Prezidentin əfv sərəncamı ilə qarşılaşmaq… Və bundan sonra insanların sevincinin şahidi olmaq, Füzuli rayonundan məcubri köçkün olan qonşumun «bu gün özümü Füzulidə hiss edirəm, Prezident bu gün Ramili gətirdi, növbəti addımı Qarabağı Azərbaycana qovuşdurmaq olacaq» sözlərini eşitmək…

Bu hissləri yaşamaq necə də gözəl idi. Şükür sənə, İlahi!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi