Modern.az

Nikol Paşinyan Onik Qasparyana qalib gəlir...

Nikol Paşinyan Onik Qasparyana qalib gəlir...

10 Mart 2021, 08:44

Ermənistan prezidentinin aparatı belə bir açıqlama yaydı: Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsi baş nazirin səlahiyyətləri çərçivəsindədir.

Beləliklə, Paşinyanın Qasparyanı göndərməklə bağlı qərarı qüvvəyə minir.

Paşinyanın komandası artıq Qasparyanı baş qərargah rəisi hesab etmir:

- Qanuna görə, Qasparyan artıq Ermənistan Ordusunun baş qərargah rəisi deyil (“Mənim addımım” fraksiyasından olan deputat Nikolay Badasaryan);

- Onik Qasparyan bu gündən baş qərargah rəisi vəzifəsini daşımır (parlamentin vitse-spikeri Alen Simonyan);

Prosedura görə, Qasparyanın baş qərargah vəzifəsində sonuncu gün 9 mart idi: prezident Armen Sarkisyan dünən saat 18:00-a qədər Qasparyanın vəzifəsindən çıxarılması məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsəydi, baş nazir Paşinyanın fərmanı avtomatik qüvvəyə minmiş hesab olunurdu. Hər şey Paşinyanın istədiyi kimi oldu...

Onik Qasparyansa hələ ki dirənir: onun kabinetdən çıxmadığı və vəzifəsində qalması üçün məhkəməyə müraciət etmək məsələsində vəkillərlə məsləhətləşdiyi deyilir.

Buna paralel olaraq, erməni müxalifəti parlament binasının önündə aksiya keçirir: onlar Paşinyanın istefasını, erkən seçkilər keçirilməsini tələb edir, o cümlədən, ordunu hakimiyyətə qarşı praktiki addımlar atmağa çağırırlar.

Erkən seçkiləri öncə hakimiyyət istəyirdi, lakin Paşinyanın artıq buna ehtiyacı görünmür və hazırda Nikol  Paşinyan vəziyyətin nəzarətdən çıxmaması istiqamətində addımlarını intensivləşdirib:
Polis qüvvələri bütün dövlət binalarını mühasirəyə alıb;
Milli Təhlükəsizlik Xidməti Qasparyanın ordunu hərəkətə keçirməsi ehtimalına qarşı tədbirlərini gücləndirir;
Ordu daxilində özünə yaxın, yaxud Qasparyanı dəstəkləməyən kadrları önə çəkir;


Ermənistanda həlledici günlərdir: Qasparyan “ordu xalqın yanındadır” iddiası ilə hərbçiləri küçələrə çıxara bilər; Paşinyan bu riskə qarşı Onik Qasparyanı həbs etdirə bilər.

Ermənistanda müzakirə mövzularından biri də budur: Qasparyanı həbs etmək üçün Baş Qərargah binasına kim gedəcək?!

Prezident Aparatı məlumatı yayıb: 9 mart tarixi Konstitusiya Məhkəməsinə müraciət üçün son tarix deyil.

Armen Sarkisyan vəziyyəti sakitləşirmək və ona qarşı irəli sürülən ittihamlardan yayınmaq üçün Qasparyanın hələ vəzifəsində qaldığını əsaslandırmağa çalışır. Lakin məlumatda o da qeyd olunur ki, "prezident hərbi qulluqçuların statusu haqqında qanuna dəyişikliklə bağlı Konstitusiya Məhkəməsinə  müraciət etməyə hazırlaşır".

Bu dəyişiklik Paşinyana Qasparyanı, o cümlədən, ordu rəhbərliyində təmsil olunan istənilən yüksəkrütbəlini vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verir.

 Asif Nərimanlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər