Modern.az

Kimin ağrıyır canı, bol çay içsin mərcanı - Bəs siz hansı çayları içirsiniz? - ARAŞDIRMA

Kimin ağrıyır canı, bol çay içsin mərcanı - Bəs siz hansı çayları içirsiniz? - ARAŞDIRMA

Reportaj

10 Mart 2021, 08:56

Çayın biri qaydadı, ikisi cana faydadı. Üçü nəsdi, dördü bəsdi. Çatdı beşə, vur on beşə. Çay nədi, say nədi... Çay haqqında deyilən bu aforizm təbii ki, azərbaycanlılara məxsusdur. Bəli, bizim süfrəmizi çaysız təsəvvür etmək mümkün deyil. Azərbaycan xalqının məişətində çay süfrəsi arxasında müxtəlif mərasimlərin təşkili özünəməxsus yer tutur. Çay dəstgahı adlandırdığımız bu cür mərasimlər həm də milli adət-ənənəmizə çevirilib. Elə bu səbəbdəndir ki, çay haqqında çoxlu mahnılar da qoşulub. Çay bütün fəsillərdə süfrəmizin bəzəyidir və uzun illərdir Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə süfrəyə yeməkdən öncə təzə dəmlənmiş çay gətirilir.


Yazının girişini çay haqqında fikirlərlə nahaqdan başlamadıq.


Modern.az
saytı “İstehlakçı” rubrikasına start verir. Rubrikamız gündəlik qida rasionumuza daxil olan məhsulların keyfiyyətindən, onlarla bağlı fərqli insanların fikirlərindən bəhs edəcək.

“İstehlakçı” rubrikasına çay haqqında yazmaqla başlayırıq…

O çay ki, tərkibində çoxlu faydalı elementlər sayəsində insanı bütün günə kifayət edəcək qədər enerji ilə təmin edir. Bəs dünyada kiçikdən böyüyə hamının içdiyi çayla bağlı hər şeyi bilirikmi?

İndi dükan-bazarda müxtəlif çeşiddə qara çay satışına rast gəlmək olar: onların üzərinə istehsalçı olaraq Azərbaycan, İran, Türkiyə, Şri-Lanka, İngiltərə, Gürcüstan, Çin və s. ölkələrin adı yazılır. Həm yerli, həm də xarici istehsal olan bəzəkli çay qutularının içindəki məhsullar haqda isə birmənalı fikir söyləyə bilmərik...

Bəzən istifadə etdiyimiz quru çaylar dəmlənəndən yarım saat sonra dadını və rəngini itirir. Bu isə çay istehsalçılarının məhsulun tərkibinə boyayıcı maddələr əlavə etdiklərini deməyə əsas verir. Bir sözlə, Azərbaycan bazarında satılan qablaşdırılmış çayın keyfiyyəti ilə bağlı rəylər müxtəlifdir.

Mütəxəssislər deyirlər ki, çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir. Çayın keyfiyyətinə torpaq-iqlim şəraiti ilə yanaşı, yığılma müddəti, emal üsulları, saxlanma şəraiti və digər amillər də təsir edir.

Keyfiyyətsiz çaylardan istifadə orqanizmə ciddi ziyan vurur...

Bəs siz hansı çayları içirsiniz?

Bu sualla öncə Əməkdar artisti, müğənni Baloğlan Əşrəfova müraciət etdik:


“Mən cənub bölgəsindənəm - Masallı rayonun Bədəlan kəndində dünyaya gəlmişəm. Vaxtilə həmin kənddə çox böyük bir çay fabriki var idi. Demək olar ki, ətraf kəndlərin hamısında dərilən çayı ora gətirirdilər. Bizim fabrikdə onu emal edib, satışa buraxırdılar.
Açığı deyim ki, çayın növlərinə siz deyən qədər də dərindən fikir verməmişəm. Mənim üçün əsas çayın rəngidir, əgər qaynanmış suyun rəngi dəyişilirsə, demək ki, o çaydır. Cavanlıqda çayxanalarda oturanda görürdüm ki, çayçıya müxtəlif növ sifarişlər verirdilər: pürrəngi olsun, xoruzquyruğu olsun və s. Bu, mənim üçün önəm kəsb etməyib. Qarşıma nə qoyurdular, onu da içirdim.
Lakin hamı mənim kimi deyil, çayın da xiridarları var. Hansı ki, onlar çaya diqqətə baxır, iyləyir, onu dəmləyənə müxtəlif cür suallar verirlər.
Vaxtilə əldə satılan xüsusi çaylar var idi. Cənub zonasında yaşayanda, Astaraya toylara gedib-qayıdanda görürdüm ki, yolun kənarında “buket çaylar” satılır. Onu kağıza bükülü halda, əldə satırdılar, mağazada deyil. Mən o məhsulu rəngi yaxşı olduğuna görə alırdım. Çayda tam deyilən bir şey mənim üçün heç bir önəm kəsb etməyib. Çaylar arasında heç vaxt fərq qoymamışam. Lakin bəzən hansısa çayların daha ləzzətli olduğunu və yenidən içmək istədiyimi hiss etmişəm”.


Məşhur estrada müğənnisi, Xalq artisti Flora Kərimova isə Baloğlan Əşrəfovdan fərqli olaraq çayın rəngindən başqa dadına-tamına da önəm verir:


“Mən insanlara birdəfəlik paket çayları məsləhət görmürəm. Çünki o çay deyil, toz yığıntısıdır. Paket çaylardan uzaq olsunlar. Kəklikotu dəmləməsini də çay əvəzinə tez-tez içmək olmaz. Çox içilsə, zərər gətirə bilər. Mənim gənclik illərimdə “Hindistan çayı”, “Selyon çayı” içirdilər. O çayların rəngi də, ətri də, dadı da çox gözəl idi.
İllər keçəndən sonra bazarda satılan mallar dəyişdi, aləm qarışdı bir-birinə.. İndi əksər çaylara rəng qatıldığını bilirik. Buna görə də mən insanlara heç bir məsləhət verə bilmərəm ki, bu çayı alma, o birisini al... Ağıllı istehlakçı özü hər şeyi görür. Əksəriyyət məhsulun müsbət və mənfi tərəflərini bilir.
İstehsalçılara gəldikdə, əgər onlar vicdanını itiribsə, o zaman millətə zir-zibil içirdəcək, vicdanını itirməyibsə, keyfiyyətli çay satacaq”.



Milli Məclisinin deputatı Rüfət Quliyev yerli çay içdiyini deyir:


“İlk növbədə onu deyə bilərəm ki, Azərbaycan dünyada ən çox çay içən ölkələr sırasındadır. Dünyada ən çox çay içən əhalini götürəndə təbii ki, ilk ölkə İngiltərədir. Azərbaycan çaya tələbatda ilk “onluq”dadır.
Çay içmək bizim milli adətimizdir. Özüm yerli çay içirəm. Lənkərandan millət vəkili seçilmişəm, elə Lənkəran çayı içirəm. Yerli çaylara daha çox önəm verməyim onun dadı-tamı ilə bağlıdır.

İnsanlara da məsləhətim odur ki, yerli çaylara üstünlük versinlər. Azərbaycanın bir neçə regionunda - Astara, Lənkəran, Masallı, qismən də Zaqatalada çay plantasiyaları var. Mən arzu edərdim ki, insanlar milli qida məhsullarından daha çox istifadə etsinlər. Çünki yerli mallar ildən-ilə, aydan-aya daha keyfiyyətlə buraxılır. Bizim malların qiymətləri xarici məhsullara nisbətən xeyli ucuzdur. Düzdür, çay barəsində bu sözü demək olmaz. Ona görə ki, orqanik Azərbaycan çayı ucuz deyil. Ölkəmizdə bəzi şirkətlər istehsal etdikləri çayı hazır formada Şri-Lankadan, Hindistandan, Çindən gətirib qablaşdırır və satışa çıxarırlar. Hesab edirəm həmin çaylardansa, bizim milli, orqanik çay keyfiyyətcə daha yaxşıdır. Lakin qiyməti bahadır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Mənim üçün önəmlisi Azərbaycandakı plantasiyadan yığılmış çaylardı”.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, çaylarla bağlı alıcılardan hər həftə şikayətlər daxil olur:


“İllər boyu çaylarla bağlı bir mənfi fikir dolaşır: bu da qara çaylara rəng vurulmasıdır. Sualların əksəriyyəti bununla bağlı olur.
Ötən il araşdırma aparmaq üçün “Astaraçay” fabrikinə getdik.  Orada yaşıl çayın emal olunması və qara çayın hazırlanması texnologiyasının ardıcllığına baxdıq. Heç bir yerdə rəng qatqısına rast gəlinmədi. Digər ölkələrdən də məlumatlar gəldi ki, çaya rəng qatılması səhv fikirdi. Sadəcə, çay yarpağının hansı zamanda yığılması məhsulun keyfiyyətində öz sözünü deyir. Bəzən söyləyirlər ki, qara çayı stəkandakı soyuq suya tökəndə rəng verir. Bu o deməkdir ki, rəng qarışdırılır. Xeyr, belə deyil. Soyuq suda rəng verən çayın tozundan hazırlanmış və tez həll ola bilən məhsuldur. Burada suyun codluğunun da böyük rolu var. Çayın yarpağının ilk yığımının da bu məsələdə önəmi var, sonrakının da... Uçüncü yığım çay yarpaqları ən keyfiyyətli hesab olunur.

İstehsalçılar çaylara bəzən əlavə qoxular vururlar. Yaxşı olar ki, adi çaya üstünlük verilsin. Xüsusi aromatlı olmayan, qeyri-adi dad, iy verməyən çay daha yaxşıdır. Harada yığılmasından asılı olaraq, çayların çoxlu sayda növləri var.

Bizdə çayçılıq getdikcə inkişaf edir. Başqa ölkələrdən, xüsusən İrandan çay gətirilir və buradakı sexlərdə qablaşdırılır. Məncə, əhali yerli çaya üstünlük verməlidir. Yerli çay ən yaxşı çaylardı”.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov da yerli çaylara üstünlük verir:


“Yerli çaylardan istifadə edirəm. Xüsusilə də Lənkəran çayına. Lənkəran çayı ilə ilk dəfə tanış olandan sonra başa düşdüm ki, əsl keyfiyyətli çay bizim çaylardır.
İnsanlarımıza da ekoloji cəhətdən təmiz məhsul olan Lənkəran, Astara çayına üstünlük vermələrini məsləhət görürəm.
Çay hər bir azərbaycanlının daim evində mütəmadi olaraq çörək qədər istifdə etdiyi məhsuldur. İnsanlara onu da deyə bilərəm ki, əsas məsələ çayın dəmlənməsidir. Evdə çayı ya mən ya da oğlum dəmləyir. Başqaları dəmlədiyi çay tam mən istəyən kimi olmur. Çaya istisnasız olaraq mütləq kəklikotu qatıram. Müxtəlif üsullarla dəmləyirik. Yaxşı çay odur ki, gec dəm alır. Çay dəm alana qədər səbr edib gözləməlisən. Mənim istifadə etdiyim Lənkəran çayı marketlərdən hər kəsin ala bildiyi çay deyil. Amma qeyri-adi bir xüsusiyyəti yoxdur. Dəm almağı təxminən 25 dəqiqə çəkir. Dadı çox yaxşıdır, insan sağlamlığına xeyri çoxdur. Xüsusilə də insanı rahatladır, gərginliyini götürür”.


Nazirlik rəsmisi deyir ki, ölkədə çayçılıqla bağlı 2017-2027-ci illər üzrə dövlət proqramı qəbul olunub. Dövlət proqramında qoyulan vəzifələr nazirlik tərəfindən mütəmadi olaraq qanunauyğun şəkildə həyata keçirilir:


“Hazırda bu sahədə dövlət dəstəyi göstərilir. Çayçılıqla məşğul olan fermerlərimiz ildən-ilə çay plantasiyalarını genişləndirirlər. Nəzərə almaq lazımdır ki, çayçılıq kənd təssərrüfatının bir qədər çətin sahələrindəndir. Çünki çay məhsulu gec əldə edilir. Bəzən 7, 8, 11 və 12-ci ildən artıq vaxt çəkə bilir. Bu baxımdan çayçılıq dövlət dəstəyi olmadan inkişaf edə bilməz, fermerləri stimulaşdırmaq üçün dəstək göstərilir. Kənd Təssərrüfatı Nazirliyinin yanında meyvəçilik və çayçılıq elmi-tədqiqat inistutu var, Quba şəhərində yerləşir. Lənkəranda da təcrübə sahəsi var”.


Çayçılıq sahəsini araşdırmış jurnalist Xaqani Səfəroğlu bu məsələyə həssas yanaşanlardandı:


“Çay Azərbaycanın əsas strateji məhsulu da sayıla bilər. Yaxşı çay həm sağlamlıq, həm də yaxşı qidadır. Azərbaycan xalqı çay içən xalqdır və həmişə zövqlə dadlı, ləzzətli çayın tərəfdarı olub.
Lənkəranlı olduğum üçün çay məsələlərində bir az həsas sayıla bilərəm. Mənə görə, yaxşı çay həmişə qiymətləndirilib. Son vaxtlar Azərbaycana xaricdən gətirilən çaylardan ciddi şəkildə narazılığım olur. Çünki gətirilən çayların əksəriyyəti keyfiyyətsiz və standartlara cavab verməyən məhsullardı. İndi satışda olan çayların əksəriyyətinin qablaşdırıldığı qutular zahirən bəzəklidir. İçindəki məhsul isə müxtəlif kimyəvi elementlərlə zənginləşdirilib.
Çay ustalarının, həkimlərin dediyinə görə, çay məhsuluna kimyəvi komponentlərin əlavə edilməsi xəstəliklər yaradır
Hələ 10 il əvvəl Azərbaycanda çayçılıqla bağlı araşdırma aparmışdım. Məlum olmuşdu ki, yaxşı çay sortlarının yetişdirilməsində bəzi prolemlər var. Keçmiş SSRİ dövründə Azərbaycanda yaradılmış çayçılıq təsərrüfatları 90-cı illərdə tam dağıdılmışdı. O zaman çay plantasiyaları dağıdıldığından Azərbaycanın yerli çaya olan tələbatını ödəmək mümkün olmadı. Və xaricdən daha çox çay gətirməyə başladılar.
2000-ci ildə Lənkəran, Astara, Masallıda yenidən çay plantasiyalarının salınmasına başlandı. İndi ayrı-ayrı fermer təsərrüfatlarında çay yetişdirilir. Lakin bu, yenə də yerli məhsula olan  tələbatı tam ödəmir. Çünki Azərbaycanın gündəlik çay tələbatı çox böyükdür.
Vaxtilə təkcə Lənkəranda üç çay fabriki fəaliyyət göstərirdi.
Çayın əsas keyfiyyətini göstərən onun yarpağındakı tanindir. Hindistan çayının tərkibində olan tanin maddəsi lazımi miqdardan çoxdur. Lənkəran çayı isə daha qiymətli növdür. Bunu o zaman Hindistandan Lənkərana gəlmiş mütəxəssislər də təsdiqləmişdilər. Yaxşı çayı baha da olsa, alıb içmək müstəhətdir”.

Jurnalist deyir ki, çayçılığı inkişaf etdirmək üçün ilk növbədə bu işlə məşğul olan fermerlərə uzunmüddətli kreditlər verilməlidir:

“Çünki çay çoxillik bitkidir. O bir il ərzində məhsul vermir. Çay əkiləndən 5-7 və ya 12 il sonra ilkin məhsul verir. Hazırda banklar belə krediti verməkdən imtina edir.
Yaxşı çayın əldə olunması üçün müvafiq addımlar atılmalıdır. Hazırda dövlət bu sahəyə müəyyən qədər dəstək verir. Ölkəyə çay gətirənlər və bundan qazanc əldə edənlər maneçilik yaratmasalar, Azərbaycanda yerli çay təsərrüfatını qurmaq olar. Əsas odur ki, sahibkarlara güzəştli, uzunmüddətli kreditlər verilsin. Onların məhsulunun satışa çıxarılması üçün kömək göstərilsin. “Astaraçay” fabriki özünün buket çaylarını artıq satışa verə bilir. Onlar çox dadlı və keyfiyyətli çaylardı”.

 


Qida Təhükəsizliyi Agentliyindən
bildirilib ki, çaylara əlavə edilən komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər:

“Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklikotu, yarpız, darçın, nanə, mixək, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir.  Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir. 

Bəzən çayların hazırlanmasında süni ətirləndiricilərdən də istifadə olunur. Süni ətirləndirilmiş çaylardan istifadə orqanizmə mənfi təsir göstərir, allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də istehlakçıların qablaşdırma üzərindəki məlumatları diqqətlə oxumaları tövsiyə olunur”.


Agentliyin müətəxəssisləri hesab edirlər ki, çay düzgün qablaşdırılmadıqda və ya saxlanmadıqda faydalı xüsusiyyətlərini itirir. 


“Çayın keyfiyyətli olub-olmadığını müəyyən etmək üçün ətrinə fikir verilməlidir. Unutmayın ki, keyfiyyətli çayın qoxusu mülayim olmalıdır. Qoxunun kəskin olması çayın tərkibindəki ətirləndiricilərin miqdarının çoxluğu ilə əlaqədardır”.


Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85° C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 ml suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib, 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Çoxdan dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.

Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir. Xüsusən də qanazlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl ya da 1-2 saat sonra qəbul etmək məqsədəuyğundur.

Araşdırmalara görə, təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65o C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.

İstehsal olunan çayların yüкsəк və əla кeyfiyyətini saхlamaq üçün onların qablaşdırılmasında zərərli olmayan кartonlardan istifadə edilməlidir. Qutuların iç paкeti isə qida məhsullarının paкetlənməsinə uyğun olan хüsusi hermetiк qapana bilən polimer örtüкlərdən hazırlanmalıdır.

Çay içərkən orqanizmi qorumaq məqsədilə plastik stəkanlar yerinə, daha çox şüşə stəkanlara üstünlük verilməsi tövsiyə olunur.  Çayın istiliyindən asılı olaraq plastik stəkanların kimyəvi və digər zərərli birləşmələri insan üçün təhlükə mənbəyi ola bilər.



Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır