Modern.az

Deputatlar Milli Məclisin 1 illik işini necə qiymətləndirirlər...

Deputatlar Milli Məclisin 1 illik işini necə qiymətləndirirlər...

10 Mart 2021, 15:43

Bu gün altıncı çağırış Milli Məclisin fəaliyyətə başlamasının 1 ili tamam olur.


Modern.az
saytı deputatlarla ötən 1 ili dəyərləndirməyə çalışıb.


Məşhur Məmmədovun
sözlərinə görə, ötən 1 ilin ilk günü ona görə yaddaqalan oldu ki, prezident çıxışında  Azərbaycanın gələcəyi ilə bağlı deputatların üzərinə düşən məsuliyyəti, inkişafa gedən yolun xəttini göstərdi:


“Artıq altıncı çağırış parlamentin əvvəlkilərdən fərqli olacağını diqqətə çatdırmaqla bizə xalqın səsini eşidib daha aktiv olmağı tövsiyə etdi. Eyni zamanda, ötən 1 il mürəkkəb dövrə düşsə də, Azərbaycan üçün uğurlu oldu. Pandemiya şəraitinin yaratdığı problemlərə baxmayaraq, parlament öz işini davam etdirdi. 44 günlük müharibə və qələbəmiz, Azərbaycan xalqı və parlament üzvləri üçün yaddaqalan oldu. Torpaqları işğal altında olan bir dövlətin parlament üzvləri deyil, qalib bir ordusu olan dövlətin parlament üzvlərinə çevrildik. İl ərzində dövlətimizin inkişafı yolunda atılmış ən önəmli addımlardan biri də Azərbaycan-Türkiyə arasında vizasız rejim haqqında qanunun qəbul olunması idi. O cümlədən, Azərbaycan ordusunun Türkiyə dövləti tərəfindən dəstəklənməsi də bu sıraya daxil edilməlidir. Hesab edirəm ki, önümüzdəki illər bizim üçün daha uğurlu olacaq. Parlamentdə yenilənmə istiqamətində  atılan addımlar nəticəsində xalqımızın xeyrinə qanunlar qəbul ediləcək”.


Rəşad Mahmudov bildirib ki, altıncı çağırış parlamentin 1 illik fəaliyyətini qiymətləndirdiyimiz zaman Azərbaycanın müstəqillik tarixində ən səmərəli, faydalı dövr kimi  geridə qoyduğumuzu deyə bilərik:


“Burada parlament seçkilərinin növbədənkənar olması da önəmli rol oynayır. Bu Azərbaycanda bir ilk idi. Seçkilərdən sonra qısa müddət içərisində komitələrdə dəyişikliklər həyata keçirildi.  COVID-19, eləcə də dünyadakı iqtisadi böhranlarla birlikdə Azərbaycanın icra strukturlarının atdığı addımlara uyğun olaraq qanunvericilik bazası hazırlandı. COVID-19-a qarşı mübarizədə parlamentin birmənalı olaraq yüksək səviyyədə səfərbər olaraq sistemli çalışması, parlament tarixində yüz illərlə müqayisə olunduğu zaman Vətən müharibəsi kimi uğurlu nəticə əldə edilməsində qanunvericiliyin və cənab Prezidentin özünə xas rolu oldu. Yürütdüyü bütün işlərdə parlament cənab Prezidentə dəstək oldu. Əlbəttə ki, parlamentin rəhbərliyinin dəyişməsi, fərqli partiyaların nümayəndələrinin iştirakı, bütün bunlar 1 illik parlament fəaliyyətinin Azərbaycan müstəqillik tarixindəki ən məhsuldar dövrü kimi tarixə düşdü”.


Vüqar İskəndərov da ötən 1 ili yüksək qiymətləndirib:


“Ötən 1 ildə bəxtimizə COVID-19-la mübarizə aparmaq düşdü. Təbii ki, bütün dünyada problemlər yarandı. Amma Azərbaycan parlamentinin tarixi şanlı səhifələrlə də yadda qaldı. Taleyimizə 44 günlük Vətən müharibəsi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsini görmək nəsib oldu. Ona görə də biz ən xoşbəxt insanlardanıq. Eyni zamanda, parlamentin də üzərinə məsələlərin qanunuvericilik tərəfini işləmək düşdü. Ötən 1 il ərzində 38 qanun qəbul edildi, 168 qanuna düzəliş, 51 qərar qəbul olunub. Eyni zamanda, Prezident Administrasiyasında müvafiq şöbənin olması, bu sahədə geniş miqyaslı işlərin görülməsi üçün hər bir deputata şəraitin yaradılmasına gətirib çıxardı. Bizə verilən fürsətlərdən istifadə etməklə, müvafiq işlərin aparılmasında uğurlar əldə etdik. Ümumiyyətlə, siyasi fəaliyyətimizdə xalqımıza töhfələr verməli olduğumuzu və bunun önəmini bilirik. Hesab edirəm ki, qarşıdakı illərdə Milli Məclis ölkəmizin inkişafı yolunda hakimiyyətin bir qolu olaraq öz uğurlu töhfələrini verəcək”.


Əminə Ağazadə seçkilərdən sonra, ilk iclas günü ölkə Prezidentinin geniş məzmunlu, çox əhatəli, tarixi çıxışını  heç vaxt unutmayacağını qeyd edib:


“Bu çıxışda ölkə başçısı tərəfindən Azərbaycan cəmiyyətinə bir daha çağırış edildi, ölkədəki milli barışığın davamı kimi siyasi həmrəyliyin vacibliyinə diqqət çəkildi, daha bir Azərbaycan nümunəsi ortaya qoyuldu. Bunun da nəticəsi olaraq parlamentin rəhbərliyi, komitə rəhbərləri - sədr və sədr müavinləri Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələrin təmsilçiliyi ilə formalaşdırıldı. İlk dəfə idi ki, müxalifət təmsilçisi parlament rəhbərliyində təmsil olundu. Azərbaycanın son 30 il dövlətçilik tarixində parlamentin sədri vəzifəsinə qadın deputat, ötən çağırışlarda parlamentin üzvü olmuş Sahibə Qafarova seçildi. Parlamentin rəhbərliyində, müvafiq komitələrinin formalaşdırılmasında yeni metodlardan, innovativ yanaşmalardan istifadə edilməyə başladı. 

Bu gün Milli Məclisdə bütün millət vəkillərinə öz mövqeyini çatdıra bilməsi üçün hər cür şərait yaradılıb, heç kimin sözü, çıxışı yarımçıq dayandırılmır, lazım gəldikdə əlavə vaxt verilir. Xüsusi olaraq qeyd edim ki, yaradılmış bu şərait yeni seçilmiş deputatlara qısa müddətdə yeni mühitə adaptasiya olmaları üçün çox müsbət təsir bağışladı.
Əlbəttə ki, dünyada yaşanan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi və bu da nəticə etibarilə Milli Məclisin fəaliyyətinə müəyyən təsirini göstərməyə bilməzdi. Milli Məclis tamamilə yeni, indiyədək təsadüf etmədiyi fərqli bir formatda işləmək məcburiyyətində qaldı. Parlament iclasları ilk dəfə olaraq onlayn şəkildə keçirilməyə başlandı. Amma hesab edirəm ki, müəyyən fasilələrə, uzanmalara baxmayaraq həm parlament, həm də parlamentdə təmsil olunan deputatlar üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bildilər. Ölkədəki koronavirus pandemiyasının zərərlərinin minimuma endirilməsi, vətəndaşlara dəstək olunması istiqamətində Prezidentin mütəmadi təşəbbüsləri ilə bir çox qanunlara, məcəllələrə dəyişikliklər edildi. Eyni zamanda, koronavirusdan qorunmaq üçün vətəndaşlara çoxsaylı müraciətlər edildi, millət vəkilləri o çətin günlərdə öz seçicilərinin yanında olmağa çalışdılar.

Tam əminliklə deyə bilərəm ki, Milli Məclisin deputatı kimi ən böyük qürur hissini 27 sentyabr 2020-ci il tarixində keçirilən və Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının təsdiq edilməsi ilə bağlı keçirilən iclas zamanı yaşamışam. Müzəffər Ali Baş Komandanın Azərbaycan əsgərinə “vur!” əmrindən sonra başlayan Azərbaycanın Vətən Müharibəsi, şərəf, qəhrəmanlıq, şücaət dolu o 44 gün bütün xalqımız kimi mənim də yaddaşımda əbədi olaraq qalacaq.

O günlərdə hər bir deputat öz vətəninin əsgərinə çevrildi, xalqının, seçicisinin, dövlətinin yanında oldu. Hər bir deputat Şanlı Qələbəmiz üçün öz mənəvi, siyasi, hüquqi dəstəyini əsirgəmədi.

Artıq VI çağırış Milli Məclisin iclasından 1 il ötür. Bu zaman kəsiyində mühüm qanun layihələri müzakirələrdən keçirilərək qəbul olunub, ölkəmizin inkişafı, qanunvericiliyimizin təkmilləşdirilməsi ilə bağlı çox mühüm və dəyərli çıxışlar olub, təkliflər verilib. Təbii ki, qanunvericilik bazasının təkmilləşdirilməsində, qanun yaradıcılığı prosesində də həmin təkliflərdən zaman-zaman istifadə olunacaqdır.

Azərbaycan Respublikası VI çağırış Milli Məclisi 2-ci ilini yaşayır. Bizi qarşıda ölkəmiz, dövlətimiz naminə böyük işlər gözləyir. Dövlətimiz artıq Qarabağın bərpası, tərəqqisi, dirçəldilməsi prosesinə start verib. Bu, çox vaxt tələb edən bir dövr, prosesdir. Bu hədəflərə çatmaqda da millət vəkillərinin, parlamentin üzərinə böyük vəzifələr düşür və inanıram ki, bu prosesdə də əməyimiz, zəhmətimiz yetərincə olacaq”.


Aqil Məmmədov
ötən 1 ili parlament üçün  işgüzar dövr kimi dəyərləndirib:


“Baxmayaraq ki, parlamentin 1 illik fəaliyyəti pandemiya və Vətən müharibəsi dövrünə düşdü, ancaq deputatlar bütün plenar və komitə iclaslarında iştirak etdilər. Müharibə dövründə diplomatik işlərin görülməsi də yüksək səviyyədə qiymətləndirildi. Nəzərdə tutulmuş məsələlər operativ şəkildə həll olundu. Mən bütün çətinliklərin yanında Milli Məclisin gördüyü işləri yüksək qiymətləndirirəm. Ümid edirəm ki, bundan sonra da parlamentimiz operativ fəaliyyətinə davam edəcək”.

 

Fidan ƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı