Modern.az

“Kim harada istəyir, orada ət kəsir, hələ heyvanın cinsiyyət orqanlarını da satır!” - Həyəcan təbili

“Kim harada istəyir, orada ət kəsir, hələ heyvanın cinsiyyət orqanlarını da satır!” - Həyəcan təbili

11 Mart 2021, 13:13

“Hələ də küçələrdə, yol kənarlarında müstəqil şəkildə ət kəsib satanlar var. Respublika üzrə götürsək, bu işlə məşğul olanların təxminən 50 faizi qaydalara əməl etmir”.


Bunu Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycanda ət kəsimi sahəsində vəziyyətlə bağlı danışarkən bildirib.

E.Hüseynov bu sahədə vəziyyətin kafi olmadığı qənaətindədir:

“Ət kəsimi yerlərinin yaradılması üçün bir neçə amil-xüsusi yer, 2 metr hündürlükdə divarlar, su təminatı və s. olmalıdır.

İlk dəfə bir məsələni diqqətə çatdırmaq istəyirəm. Qaydalarda qeyd olunur ki, heyvanların cinsiyyət orqanlarının satışı qadağandır. Amma ölkəmizdə ən müasir supermarketlərdə belə, onların satışı var. İllərdir, hələ AQTA-dan qabaq milyonlarla dollar sərf edilərək, iki böyük ət kəsimi məntəqəsi - “AzProteinFood” və “Səhliyalı” yaradılıb. Amma onlara müraciət edən varmı? Əsla! Kim harada istəyir, orada da heyvan kəsib ət satr. Yeni Zellandiyada kimsə öz heyvanını kəsərsə, 5 min dollar cərimə olunur. Çünki heyvanlar identifikasiya olunur. Ümumilikdə, cəza üsulları ilə bazara təsir etmək olmaz. Çünki bazar tələb və təklif əsasında işləməlidir”.

 

İstehlakçı hüquqlarının müdafiəçisi deyib ki, illərdir Azərbaycanda xaricdən gətirilmiş keyfiyyətsiz ətlərlə yanaşı, murdar olmuş heyvanların da ətləri satılır:

“Hətta ənənəvi olmayan heyvanların da əti satılır. Təəssüflər olsun ki, bir neçə dövlət orqanı həmin dələduzları cərimələyərək, buraxır. Bu sahədə ən effektiv iş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilir. Onların aşkarladığı faktlarla bağlı mütləq cinayət işi açılır. Hazırda bu tip məsələlərlə bağlı 4-5 şəxs həbsdədir. Düşünürəm ki, bu sahəyə nəzarət elə bu quruma tapşırılmalı, onlara xüsusi səlahiyyət verilməlidir”.


E.Hüseynovun sözlərinə görə, qanunvericilikdə ölü, həmçinin ənənəvi olmayan heyvan ətlərinin satışını qadağan edən müddəa yoxdur:

“Küçələrdə ət kəsimi heyvanların identifikasiyası həyata keçirilənə qədər davam edəcək. Bu işə hələ indi başlanılır, heç ölkədəki heyvanların 1 faizi indentifikasiyadan keçirilməyib. Bu məsələ həll olunmasa, biz yenə də təhlükəli heyvan ətlərini yeməyə davam edəcəyik. Küçədə, gözümüzün öndündə kəsilən heyvan sağlam heyvan anlamına gəlmir. Çünki bilinmir axırıncı dəfə baytar heyvana nə vaxt antibiotik vurub, onun bədənindəki antibiotik qalıqları nə qədərdir və s.”.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 11 iyun 2018-ci il tarixli sərəncamının icrasından irəli gələrək baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı fəaliyyətinin həyata keçirilməsi qadağandır:

 

“Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.

Bu istiqamətdə Agentliyin metodiki tövsiyələri əsasında sahibkarlar tərəfindən müasir, beynəlxalq standartlara uyğun heyvan kəsimi və ət satışı məntəqələrinin yaradılması təşviq edilir. Hazırda respublika üzrə müxtəlif sahibkarlıq subyektləri tərəfindən yaradılan müasir heyvan kəsimi və ət satışı məntəqələrinin sayı artırılmaqdadır. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir”.

 


Rəsmi məlumatda o da bildirilib ki, qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik, heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılmasına başlanılıb:

 

“Sistemin yaradılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihə üzrə artıq Dünya Bankının maliyyə dəstəyi ilə proqram təminatının yaradılmasına başlanılıb. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulur”.

 

“İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, hansı heyvanın ətindən və ya südündən hazırlanması və istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və sair barədə məlumatlar yer alacaq.

HİQS vasitəsilə heyvanın peyvəndlədiyi vaksinlər və peyvəndləmədən sonra gözləmə dövrü, müalicə üçün işlədilən dərmanların heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq. Sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, həmçinin qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin ardıcıl olaraq icrasına imkan verəcək”,-deyə AQTA-nın məlumatında bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir