Modern.az

Siyasi dialoq mühiti dərinləşir - Deputatlar Ədalət Vəliyevlə keçirilən görüşdən DANIŞDILAR

Siyasi dialoq mühiti dərinləşir - Deputatlar Ədalət Vəliyevlə keçirilən görüşdən DANIŞDILAR

Parlament

11 Mart 2021, 15:28

Martın 10-da “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

Videokonfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin 80-dək deputatı iştirak edib.

Ölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi məqsədilə gerşəkləşən konfransın əhəmiyyəti yüksək qiymətləndirilir.

Modern.az mövzu barədə bir neçə deputatın fikirlərini öyrənib.

Deputat Musa Quliyev bildirib ki, Prezident Administrasiyasında qanunverici hakimiyyət və siyasi partiyalarla iş şöbəsinin yaradılması ölkədə siyasi dialoqun canlanmasına gətirib çıxarıb:


“Yeni şöbə fəaliyyətinə uğurla davam edir. Ədalət Vəliyevin rəhbərliyi altında işləyən şöbə ilə sıx əlaqələr qurmuşuq və dəfələrlə konfranslar keçirilib. Təəssüf ki, pandemiya səbəbi ilə əyani görüşlərimiz baş tutmayıb. Konfranslarımızda aktual məsələlər müzakirə olunur. Eyni zamanda, qanunverici hakimiyyət qarşısında duran vəzifələr bir daha təhlil olunur. İcra hakimiyyəti orqanlarına deputatların müraciətlərinin nəticələri müzakirə edilir. O cümlədən beynəlxalq və daxili siyasət funksiyasını da yerinə yetiririk. Biz müxtəlif beynəlxalq qurumlarda nümayəndəlik şəklində təmsil olunuruq və orada Azərbaycanın maraqlarının qorunmasında öz töhfəmizi veririk. Bütün bunlar ölkədə demokratik idarəetmənin daha da yüksəlməsi, hakimiyyət qolları arasındakı əlaqələrin sıxlaşması və cənab Prezidentin müəyyən etdiyi siyasətin həyata keçirilməsində qanunverici hakimiyyətin daha fəal olmasını təmin edir. Dünənki konfransda da bu məsələlər müzakirə olunub. Sonuncu qurultayda Prezidentin dediyi kimi, artıq yeni bir dövr başlayır. Bu reallığı da biz yaratmışıq. Bu reallıqdan irəli gələn yeni çağırışlar var. Bu çağırışlara xalqın hazır olması üçün birgə fəaliyyətimiz çox vacibdir. Bu mənada Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələrini olduqca faydalı hesab edirəm. Bu cür görüşlər gələcəkdə parlamentin fəaliyyətinin yüksəlməsində və hər iki hakimiyyət qolu arasındakı münasibətlərin güclənməsində mühüm rol oynayacaq”.


Deputat Erkin Qədirli
Prezident Administrasiyası ilə Milli Məclis arasında keçirilən görüşə müsbət baxdığını deyib:


“Hazırda karantin səbəbi ilə onlayn görüşlər keçirilir. Gələcəkdə epidemioloji vəziyyət düzələrsə canlı görüşərik. Hesab edirəm ki, başlanğıc üçün çox yaxşı təşəbbüsdür. Unutmayaq ki, Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə həm də qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Düşünürəm ki, qanunverici əlaqələr siyasi partiyalarla əlaqələrdən daha önəmlidir. Əksər demokratik ölkələrdə icra və qanunverici hakimiyyətlər arasında əlaqələr olur. Bu, yalnız iqtidar partiyası və parlamentdəki fraksiyalar vasitəsi ilə olmur. Bir çox ölkədə Prezidentin parlamentdə səlahiyyətli nümayəndəsi olur. O, parlamentə qanunvericilik təşəbbüsü çərçivəsində layihələr təqdim edir, deputatların suallarına cavab verir. Düzdür biz hələ oralara gəlməmişik, lakin dediyim kimi,  başlanğıc üçün yaxşı addımdır. Ümid edirəm ki, bu, gələcəkdə Prezidentin Milli Məclisdə nümayəndəsi təsisatına gətirib çıxaracaq. Həmin şöbənin rəhbəri də o funksiyanı daşıyacaq. İstənilən halda, icra hakimiyyəti ilə əməkdaşlıq bizim üçün önəmlidir. Nisbətən tez bir zamanda rahat  keçid lazımdır. Əlaqələr sıxlaşdıqca yeni ənənələr yarana bilər”.


Deputat Arzu Nağıyev
də “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Hər dialoqda  siyasi partiyaların, eləcə də heç bir partiyada təmsil olunmayan şəxslərin son islahatlarla bağlı müvafiq açıqlamaları yer alır. Təkcə qanunverici hakimiyyət olan parlamentin rolu deyil, Prezident Administrasiyasının atdığı addımlar da təqdirəlayiqdir. Siyasi partiyalar və digər qurumlarla da bu istiqamətdə görüşlər keçirilir. Burada qanunvericilik hakimiyyətinin rolunun gücləndirilməsi də önəmli məsələdir. Biri var seçicilərlə bağlı hansısa qanunun qəbulu haqqında addımlar atıla, bir də var ümumi konsepsiyadan çıxış edilə... Düşünürəm ki, keçirilən görüşlər əlaqələrin daha da möhkəmlənməsinə hesablanıb. Demək olmaz ki, dünənki görüş  bir hesabat idi. Hesab edirəm ki, bu görüşün keçirilməsi təqdirəlayiq idi”.

 

Fidan ƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər