Modern.az

Rəbiyyət Aslanova: “...Bu məsələdə iqtidar-müxalifətə bölünmə olmadı” - MÜSAHİBƏ

Rəbiyyət Aslanova: “...Bu məsələdə iqtidar-müxalifətə bölünmə olmadı” - MÜSAHİBƏ

3 Sentyabr 2012, 18:06

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın müsahibəsini təqdim edirik. Millət vəkili Ramil Səfərovun azadlığa buraxılması hadisəsinə və digər məsələlərə münasibət bildirib. 

- Rəbiyyət xanım, Macarıstan rəhbərliyinin Ramil Səfərovu azadlığa buraxması, onu Bakıya ekstradisiya etməsi, eləcə də, Azərbaycan prezidenti İlham Əliyevin zabiti əfv etməsini necə qiymətləndirirsiniz?

- Bilirsiniz,  müstəqillik dövründə  davamlı uğurlar tariximiz yazılıb. Onlar  dövlətçiliyimizn möhkəmləndirlməsi ilə yanaşı bizi başlıca olaraq bir məqsədə-ümummilli problemin,  Dağlıq Qarabağ münaqişəsin həllinə və qələbəyə  hər gün, hər il daha çox yaxınlaşdırmağa xidmət edib. Ötən 20 ildə  qələbəyə nə qədər yaxın olduğumuzu hər dəfə götür-qoy edirdik. Nə qədər yaxın olduğumuza dair hərənin fikri fərqli ola bilərdi.

Amma avqustun 31-i hamıda yekdil qənaət yarandı: Qələbə çox yaxındadır. Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan vətənə gətirilməsi sözün əsil mənasında ani olaraq  dünya siyasətinin və kütləvi informasiya vasitələrinin  gündəmini məşğul etdi. Təkcə ona görə yox ki, Ermənistanın siyasi gündəminə  zəlzələ ilə müqayisə ediləcək  çaxnaşma düşdü, ölkə  matəmə qərq oldu. Fövqəladə toplantılar çağırıldı, Macarıstanla  diplomatik əlaqələr donduruldu və başqa ölkələrin səfirliklərinə hədə-qorxu gəlməyə başladı. Hadisələr hələlik ildırım sürəti ilə bir-birini əvəzləyir, bəyanatlar səslənir.

Bir neçə gübdür ki,  Azərbaycan vətəndaşları  sevincini, Ermənistan da öz nəsibini- böyük məğlubiyyətin çox yaxında olduğunun acısını yaşayır. Baş verənlərin  dəyəri  və dərslərini dərk etmək hələlik çətindir, lakin çox vacibdir. İşğal tarixində ilk dəfə duyduğumuz sevinc  o qədər böyükdür ki, mətbuatda haqlı olaraq müqayisə edildiyi kimi onun  bizim üçün Qarabağda qələbənin simvolu boyda əhəmiyyəti var...

- Elə son üç-dörd  gündə yerli mediada səslənən fikirlərdə də demək olar ki,  hamı həmrəydir...

- Doğrudur, xalq iqtidar-müxalifətə bölünmədən Ramil Səfərovu Azərbaycana qaytaran Ali Baş Komandanın, prezident İlham Əliyevin siyasətinin təntənəsini etiraf və təqdir edir, ona minnətdarlıq etməyi vətəndaş borcu hesab edir.

Qarabağ uğrunda ədalət savaşının və əzminin, milli gücün  bu günlərdə görünməmiş dərəcədə yüksəlməsi də yerli  mediada gündəmin əsas mövzusunu təşkil edir. Bu hadisənin işıqlandırılmasında iqtidarlı-müxalifətli mətbuatın vahid mövqedən çıxış etməsi ərazi bütövlüyümüzün bərpasına indiyə kimi bu qədər aşkar olmayan nikbinlik  və əminlik yaradır.

Azərbaycan   xalqını yenilməz edən, ayrı-ayrı vətəndaşların əzmini milli gücə çevrildiyi    günlərdə bir şeyi unutmamalıyıq: duyduğumuz fəxarətin,  bu böyük anı bizə yaşadan qələbə siyasətinin qədrini, dəyərini nə qədərə aydın dərk etsək, belə günlərimiz bir o qədər davamlı və dönməz olacaq. Məhz buna görə  bəzi məqamlar üzərində dayanmaq istərdik. Ramil Səfərovun Azərbaycana qaytarılması qlobal gündəmi məşğul etməsi öz-özlüyündə bu hadisənin miqyas və mahiyyətini, əhəmiyyətini   bariz  şəkildə nümayiş etdirir. Ramil Səfərovun Azərbaycana qaytarılması haqq işimiz uğrunda mübarizənin- ən müasir tariximizin dönüş nöqtəsi oldu. Artıq ərazi bütövlüyümüzün təminatı üçün mövcud olan status- kvo dəyişdi.

Dövlətin, xüsusilə də müharibə gedən ölkədə hər bir uğur sərkərdənin, Ali Baş Komandanın xidmətidir.  Ramili məhbəsdən azad edərək vətənə qaytaran, ədaləti təmin edən Ali Baş Komandan   İlham Əliyev bununla müstəqillik dövründə haqsız  cəlb olunduğumuz  müharibədə, “nə sülh, nə müharibə” vəziyyətinin sonsuz olmadığını sübut edən dönüş nöqtəsini yaratdı. Artıq Ermənistanın sonsuza qədər sülh danışıqları adı altında gizlənərək status-kvonu dondurmaq  ümidləri puça çıxdı. Qarabağın azadlığı uğrunda mübarizədə qəfil qələbənin onları hər an haqlaya biləcəyinin nə qədər real olduğunu aşkar etdilər...

- Yəni, fikrinizcə,  20 ildir  Sərkisyanın miflərinə inanan ermənilərin gözləri açıldı...

- Bəli, belə düşünürəm. Eyni zamanda, avqustun 31-də məlum oldu ki,  bundan sonra heç nə əvvəlki kimi olmayacaq-inamımız da, gücümüz də. Qələbələr isə daha möhtəşəm olacaq. Çünki  “Biz” kəlməsi düşüncələrə hakimdir. Şübhələr inama çevrilir, nikbinliyimiz aşıb-daşır. Ramilin azadlığı simvolik olaraq Qarabağın azadlığı, qayıdışı isə Qarabağa qayıdış kimi qəbul edildi. Müstəqilliyin ilk 20 illik mərhələsini adladığımız məqamda bu  ən parlaq  hadisə olmaqla yanaşı, eyni zamanda, qələbələr  tarixini yaradan çoxsaylı amilləri, ən başlıcası isə- “ lider və siyasət” faktorunu bir daha dərin   təhlil etməyi  zəruri edir.

Yalnız bu halda məlum olur ki, qələbələr estafeti  birbaşa müstəqillik haqda bəyannamədən “öz-özünə” yaranan, fərmanla  verilən status  olmayıb, lider-xalq vəhdətinin, mürəkkəb və fədakar milli quruculuq  proseslərin nəticəsidir.  Bu Azərbaycanı müstəqil edən və onu inkişafın liderinə çevirən qələbələr estafetinin dönüş nöqtəsi, 20 ildə  aparılan siyasətin, “Yalnız qalbiyyət!” prinsipinin növbəti bəhrəsidir. Bəzi yazılarda Ramil Səfərovun vətənə dönüşünü təmin edən  böyük fəaliyyətin sanki təsadüf olduğu, “prezidentin bu şəxsi missiyasının da yerinə düşməsi, yaxud, seçkilər ərəfəsində etimad və dəstəyi qazanmağa hesablandığı” kimi məqamlar səslənir və təəssüf doğurur. Görünür dövlət başçımızın “Siyasət vədlər vermək deyil, konkret işlər görmək, nəticələr deməkdir” qənaətinin mahiyyətini hamımızın sonadək dərk etməsi üçün onu dərin təhlil etməliyik.

Prezidentin missiyasından danışanlar bilməlidir ki, latın dilində  "missiya" sözünün hərfi mənası "vəzifə" və "səlahiyyət" deməkdir. Ali BAŞ Komandan, dövlət başçısı öz səlahiyyətini qibtə ediləcək dərəcədə uğurla yerinə yetirdi.  Bu qələbənin  labüdlüyü, “yerinə düşməsi” isə  min dəfə ölçülüb - biçilən, proseslərin gedişini 100 dəfələrlə öncədən görə bilən, 2003-cü ildən üzü bəri zamanı və qazanılan bütün potensialı, ideya və resursları Azərbaycanın ərazi bütövlüyünün təminatına yönəldən siyasi lider faktoru ilə bağlıdır. Bəzən fərqində olmasaq da, Azərbaycanda qələbələr ənənəyə çevrilib. Bundan əvvəl, çox uzağa getmədən ilk dəfə əldə edilən neçə qələbə-Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində qalib gəlməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Prezident İlham Əliyevin  milli qalibiyyətə  xidmət edən  siyasətinin bəhrələridir.

Hələ bu ildə xalq-lider birliyinin yenilməz olduğunu göstərən daha bir ilki də xatırlayaq. Xocalı faciəsinin 20 illiyi ilə bağlı dünya miqyasında keçirilən anım tədbirində, ilk dəfə keçirilən  ümumxalq yürüşündə dövlət başçısı İlham Əliyevin   xalqın önündə   yürüşə qatılanda dünyaya  Qarabağ mesajını vermişdi. Bu Dağlıq Qarabağ probleminin ağırlığını, status-kvonun dəyişməz olmadığını dünyaya çatdırmağın  yollarından biri idi.  Bu o demək idi ki,  Azərbaycan xalqı ümummilli məsələlərdə 2003-cü ildəki kimi sıx birləşməyi bacarır.        Təkcə Ramilin vətənə döndüyü gün dörd qələbə xəbəri eşitdik. İlk dəfə Azərbaycan klubunun- “Neftçi”nin avrokubok oyunlarında qrup mərhələsinə vəsiqə qazanması , Türkiyədə qadınlarımızın ermənilər üzərində çaldığı möhtəşəm zəfər , London paralimpiadasında qızıl medalla nəticələnən qələbələr və Raminin  azad edilməsi xəbəri.

Avqustun 31-də eyni zamanda, aramızda sayları cüzi də olsa, qələbəyə sevinməyənlərin, mənəviyyatı ermənilərlə eyni olanların da   olduğunu bəlli etdi. Azərbaycan demokratik ölkədir və baş verən proseslərə hər kəs öz fikrini söyləməkdə sərbəstdir. Dünyanın  şərh etdiyi hadisəyə müxtəlif baxış bucaqlarından baxmaq olar. Yalnız bir istisna olmaqla - milli əxlaqın fövqündə heç bir baxış ola bilməz.

Müxtəlif fikirləri olmaq, insanlıq duyğusundan məhrum olmaq deyil. Hər bir xalqın tarixində olduğu kimi, hər bir insanın da həyatında milli əxlaqın sınaqdan çıxdığı günlər olur. Bu fikirlər  qonşu Türkiyədə də sayları cüzi olan,  yalnız erməni  mətbuatına isnad edənlərə də aiddir. Ramil Səfərovun Azərbaycana qaytarılması ədaləti təmin edən, istər daxili, istərsə də xarici siyasətin bütün sahələrində   dövlətimizin nüfuz və əhəmiyyətinin konkret göstəricisidir, Azərbaycanın diplomatik qələbəsidir, Azərbaycanın siyasi qələbəsidir, iqtisadi qələbəsidir,  Sıralarında Ramil Səfərovun da daxil olduğu Milli Ordumuzun daha da güclənməsidir,  Azərbaycanın gələcəyini  təmin edən ədalətli  qələbədir.
 Bu qayıdış   Azərbaycan dövlətinin, siyasətinin, dilomatiyasının, beynəlxalq hüququn və ədalətin gücünü göstərən gün kimi tarixə yazıldı. Bu dönüş nöqtəsindən yeni tarix  başlayır...

- Sizcə, qələbələrin növləri varmı?

- Qələbələrin də  növləri var. İşğalçı müharibələrdə qələbələrin müvəqqəti və faciəvi sonluğu olur.   Bütün işğalların sonunun necə olduğunu bir daha yada salınmalıdır. Qələbə yalnız ədalətin missiyasıdır, işğalın adı tamam başqadır. Ramilin Azərbaycana qaytarılması isə ədalət etalonuna   inam yaratdı.

Ramil Səfərovun qaytarılması beynəlxalq hüququn  qələbəsidir. Azərbaycan xalqının son illərdə ilk dəfə  beynəlxalq hüquqa inamı artdı, xalqımız  onun işlədiyinə əmin oldu.

Bu illər ərzində Azərbaycan təkcə müharibə, torpaqlarımızın işğalı, qaçqınların  vəziyyəti kimi çətinliklərdən daha ağır olanı- Xocalı cəlladlarının  işğalçı ölkənin siyasi rəhbərliyində yüksək vəzifələrlə özlərini müdafiə etməsi, dünyanın buna  aşkar qiymət verməməsidir.  Azərbaycan  xalqı   illərdir ki,  ümumbəşəri dəyərlər, ideallar və normalar anlayışına şübhə edir və ikili standartlarla üz-üzədir. 20 ildən çodur ki, münaqişədə cəllad və qurbanların kim olduğunu ayırd etməkdə “çətinlik çəkən” beynəlxalq hüququa inam itmişdi. Artıq düşünmək olar ki, deməli BMT-nin qətnamələrinə də beləcə riayət edilə, işğalçı torpaqlarımızdan çıxarıla, ədalətli müharibə qələbə ilə başa çata bilər.

Bu illərdə ədalətli qələbə ümidinin mənəvi-psoxoloji legitimliyi həmişə Azərbaycan tərəfində olub. Xalq üçün ədalətli qələbənin mənasını heç nə əvəz edə bilməz.  Çünki işğala məruz qalan ölkə ədalətli müharibə aparır. 20 ildir ki, Ermənistan qələbə çalması ilə öyünür və 20 ildə bircə nailiyyəti yoxdur ki, öyünsün. Qalib ölkədə dünyaya əlini açıb dilənmək, hər il minlərlə vətəndaşın ölkədən çıxıb getməsi mümkündürmü?

 20 ildir ki, Sərkisyan qələbə mifi ilə xalqını aldadır. Bundan daha acınacaqı nə ola bilər. Ədalətli müharibənin qələbəsi sonsuz və təntənəli olur.Qələbə hüquqi, mənəvi-etik, bəraətə malik olmalıdır...

- Sirr deyil ki,  işğalı qələbə hesab edənlərin aqibəti tarixin özündən belə məlumdur...

- Odur ki,   erməni xalqı artıq işğalçı Sərkisyan qələbə kimi qələmə verdiyi miflərə inanmır. Ondan hesab sormalıdır. Bu yerdə daha bir məqamı qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki,   Ermənistan mətbuatı və rəsmiləri “ABŞ Prezidenti Barak Obama   Azərbaycan zabiti Ramil Səfərovun əfv edilməsi faktına görə “dərin narahatlığını” bildirib.”-xəbərini təkrar etməkdən yorulmur. “Narahat olanların” nəzərinə. Prezident Obamanın Nobel sülh mükafatının təqdimat mərasimində  nitqini yada salırıq. Onun  nitqi tamamlə “ədalətli müharibə” mövzusuna həsr edilmişdi, daha doğrusu,  Obamanın çıxışı “müharibə müdafiə deməkdir” qənaəti üzərində qurulmuşdu. “Ədalətli müharibə”- sitat: “öz dövlətimi qorumaq və müdafiə etmək”( «to protect and defend my nation») deməkdir:  “ Biz  acı həqiqəti etiraf etməliyik: nə qədər ki, yaşayırıq münaqişələri həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri olduğu, hətta mənəvi-əxlaqi baxımdan doğru oduğu qənaətinə gələcəklər”.

 Hazırkı geosiyasi vəziyyətdə Ermənistanın işğalçı müharibəsi ədalətli sayıla bilərmi? Bu Obama kimi “narahat olanların” da, ermənilərin bütün iddialarıa cavabdır. Onlar ədalətsizdirlər və işğalçıdırlar. Ola bilər ki, ABŞ yerləşdiyi coğrafiyada dəfələrlə işğala məruz qalmağın nə olduğu təsəvvür edilmir. Baxmayaraq ki, İrak ABŞ-a hücum etməmişdi, bununla belə həmin müharibəni amerikalılar ədalətli hesab edirlər.  Deməli, ədalətli müharibə sənin öz  torpaqlarında müdafiə olunduğun , təcavüzə qarşı durduğun müharibədir. Deməli sənin torpaqlarına təcavüz edən işğalçıdır. Biz haqlıyıq, cənablar!  Azərbaycan işğala qarşı torpaqlarını azad etmək hüququna malikdir, lakin 20 ildir ki, sivil və beynəlxalq hüquq qaydalarına əməl edərək sülh yolunu üstün tutub.  Obamadan daha bir  sitat : “Ədalətli müharibə sülhdən yaxşıdır. Çünki sülh - təkcə aşkar görünən  münaqişənin olmaması demək deyil, (Peace is not merely the absence of visible conflict. )ədalətli sülh (Only a just peace) ədalətli müharibə nəticəsində qazanılır”.

 - O da var ki, Azərbaycan bu gün atəşkəs rejimindədir, lakin ədalətli sülh yoxdur...

- Bu, faktdır. Bununla belə,  artıq  ermənilərin yalanları da gün işığına çıxır. Bunu digər ABŞ prezidenti Avraam Linkolnun dediyi sözlər sübut edilib: “Həmişə bir nəfəri aldatmaq olar, müəyyən müddətə hamını da aldatmaq olar, lakin həmişə hamını aldatmaq mümkün deyil”. Bəli, Ermənistan 20 ildir ki, hamını və öz xalqını aldatmaq siyasəti iflasa uğrayıb. Erməni xalqı münaqişənin, Sərkisyanın iqtidarda qalması üçün uydurduğu ədalət mifinin  girovuna çevirib. Dağlıq Qarabağ Avropaya qlobal layihələrə ən qısa körpü və minimal investisiya potensialına malik olduğu halda acınacaqlı gündədir. Sərkisyan 20 il əvvəl “qalib” idi, bu gün onun qatil siması aşkara çıxır və gec-tez cani kimi cəzasını çəkəcək.

Uduzulmuş partiyanı oynamağa dəyməz.  Fransanın keçmiş prezidenti N.Sarkozinin seçici səsini qazanmağa hesablanan uydurma “soyqırımı inkar” qanunu qəbul etdirmək təşəbbüsündən vəcdə gələn ermənilər Gümrüdə dünyaya gələn uşağa “Sarkozi” adını qoydular. Uzun müddət də keçmədi ki, beynəlxalq ictimaiyyətin və fransız xalqının etirazı ilə qanun konstitusiya məhkəməsi tərəfindən ləğv edildi. Bir məsələ naməlum qaldı: görəsən“Sarkozi” adlı uşağın taleyi necə olacaq? Dövləti qalibiyyətə aparan da, süquta sürükləyən də lider siyasətidir. 30-cu illərdə  Hitlerin özünü məhvə aparan siyasətin alman xalqını faciəyə apardı.  İnanırıq ki, erməni xalqı sentyabrın 5-də ğzündə qüvvə tapacaq və bundan sonra Sərkisyan mifinin dumanından ayılacaq, onun   məhvə aparan siyasətinə  “yox” deyəcək.

Digər tərfədən, dünya siyasəti şahmat taxtasına bənzədilir. Burada piyadalar kimi əckərlər, hətta generallar da  deyil, müstəqil siyasət yürüdə bilməyən “prezidentlər, baş nazirlər” çıxış edir. Bu “piyadalar”  kimlərin əlində oyuncaq olduqlarını bilmirlər. Ermənistan kimi. Erməni xalqı bunu nə qədər tez anlasa o qədər yaxşı olacaq.20 illik atəşkəs dövrü bunun üüçn kifayət idi. Artıq gec ola bilər...

 -Yeri gəlmişkən,  bayraq təhqir etməkdə peşəkar olduqlarını ermənilər Macarıstan səfirliyinə hücum edərkən sübut etdilər...

- Macarıstanın beynəlxalq hüquq prinsplərinə tam uyğun şəkildə   Ramil Səfərovu ekstradisiya etməsini maddi amillərlə izah edənlərin gerçək mənəviyyatı göz önündədir. Erməni xislətinə xalqımız çox yaxşı bələddir. Macar xalqı, macar milli xarakteri barədə ən qısa şkildə nə demək olar? “Macar dühası” adlı məşhur  kitabda bu ölkənin məşhur intellektualları, alimlər, yazıçılar “macar olmaq nə deməkdir?” sualına cavab verir, milli xarakterini izah edrilər.

Kitabın çox məşhur olması onunla izah edilir ki, məhz müasir qlobal dəyişikliklər  dövründə “Macar olmaq nə deməkdir?” sualına cavab verilir.  Macarıstanın postmodern nəsrinin görkəmli nümayəndəsi Peter Esterxazi yazır: “Biz qədim reflekslərdən azadıq və asılı deyilik” . Esterxazi macarları tarixi  “inciklik kompleksindən”, düşmən axtarışından, günahları kiminsə üstünə yazmaqdan, özünü təcrid etməkdən, əyalət təkəbbürlülüyündən, “kiçik ölkənin “Böyük millət”olmaq iddiaları və illüziyasından” uzaq olmasını qeyd edir və bu cür olmağa səsləyir.

Digər müəllif, macar etnoqrafı öz xalqının əsas xüsusiyyətlərindən birini burada müxtəlif xalqların birgəyaşayışı və tolerantlığını macar olmağın meyarlarından biri kimi qeyd edir. O, tarixi yaddaşlarda ən mühüm yer tutan Müqəddəs İştvanın oğluna ünvanladığı   məşhur öyüdünü misal gətirir: “Bir dildə danışan, müxtəlif xalqların  adət və ənənələri kimi zənginliyi olmayan ölkə zəif olur və süquta uğraya bilər”.

Tarixçi alimin fikri bu baxımdan çox səciyyəvidir: “Bu gün macar olmaq nə deməkdir? O böyüklük iddiasını adlaya bildiyi üçün yenidən başını məğrur və dik tuta bilmişdir” . Bir vaxtlar böyük Avstriya-Macarıstan imperiyasının başında duran bir xalq iddia və təkəbbürdən azad olmaq, inkişaf etmək üçün yeniləşməlidir.

Ermənistanda əhalisinin etnik tərkibini:99,9 % ermənilər təşkil edir, aralarında 0,1 faiz olsa belə başqa mədəniyyət təmsilçisi yoxdur. Dünyanın hər tərəfinə səpələnsələr də başqa xalqlarla  yaşamaq ənənəsindən, dözümlülükdən məhrumdurlar.Yəqin buna görədir ki, Sərkisyan ağlının tutulması məqamında fövqəladə iclasda dedi:

 “Ramilin azad olmasına dözə bilmərəm, Ermənistan respublikası buna dözə bilməz və erməni xalqı bunu bağışlamaz.” Ermənilər artıq ABŞ-ın hələ 1980-cı ildə terrorçu təşkilat kimi tanıdığı “ASALA”nı (Armenian Secret Army for the Liberation of Armenia ) bu işdə yardıma da çağırmışlar.

- Sizcə, baş  verənlərin fonunda Ermənistan  əhalisinin  seçim etməsi  gec deyil ki?

- Gec deyil. Ermənistana tarix çox az vaxt verib. Sərkisyanın şəxsi “qələbəsi” Ermənistan dövlətinin tarixi məğlubiyyətinin,  faciəsinin başlanğıcını qoyub və  bu beynəlxaq ictimaiyyət artıq erməni siyasətinin əsas məqsədini anlamağa başlamasından qaynaqlanır.  Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin həm hüquqi, həm də siyasi baxımdan yeganə yol olduğu dünya birliyi tərəfindən qəbul edilmiş fikirdir.

Buna görə  qarşıda Ermənistanı işğal edilən əraziləri tərk etməyə məcbur etmək üçün beynəlxaq təşkilatlar həmrəylik nümayiş etdirməlidir. Bu perspektiv münaqişənin həllini isə öz hakimiyyətini itirmək üçün ən böyük təhlükə hesab edən Ermənistan iqtidarının cinayətkar siyasəti nəticəsində bu ölkənin düşdüyü vəziyyət artıq onu heç bir şərt irəli sürə bilməyəcək duruma salıb.   
Ermənistan ötən müddətdə işğalçı ölkə adına daha birini - iflas edən və gələcəkdən məhrum ölkə imicini əlavə etdi.  Ermənistanın seçim etmək imkanlarının dairəsi sürətlə daralır.   

Beynəlxalq siyasi məkanda  layiqli yerini tutan Azərbaycan həm qonşularla, həm də dünya birliyi ilə inteqrasiya proseslərinin ən ardıcıl tərəfdarı olduğunu artıq sübut edib.  Bu o deməkdir ki, Azərbaycanın xarici siyasəti  yeni keyfiyyət mərhələsinə keçid alır. Düşünülmüş siyasət nəticəsində iqtisadi gücün siyasi gücə çevrilməsi prosesi ardıcıl davam edir. 

Xocalı canisinin erməni  xalqına başçılıq etməsinə "izahat istəməyənlər" indi bunun  nə olduğunu başa düşəcəklər.  Hətta,erməni diplomatiyasının, ümumiyyətlə, olmadığını-Ermənistan parlamentini üzvünün sözləri   doğru əks etdirir: “Artıq baş verənlərdən sonra reaksiya verməyin bir quruş da əhəmiyyəti yoxdur. Ermənistanın xaricdəki diplomatik korpusları Ermənistandan gələn vəzifəli şəxsləri gəzdirən sürücülərdir”(N.Zoqrabyan) Bir məşhur deyimdə olduğu kimi: “vətəni dəyişə bilməzsiniz, cənablar, onda mövzunu (yalan və uydurmanı-R.A.)- dəyişin. (Jeyms Joys). Yaxud, Mark Tven yazirdi: “Əgər görsəniz ki, çoxluğun tərəfində deyilsiniz, deməli,  artıq başa düşməlisiz: dəyişmək vaxtıdır”.

Bu gün erməni xalqı  arasında “bu hakimiyyəti dəyişək, onda hər şey həllini tapacaq” deyənlər çoxdur. 2 sentyabr qondarma  “Arsax”ın, 21 sentyabr Ermənistanın müstəqillik günləri düşünmək məqamıdır və hələ ümid  var.    Erməni xalqı Ermənistanın başında oturan canilərdən və hərbi cinayətkarlardan azad olmasa heç zaman müstəqil olmayacaq.

 Ermənistan  parlamenti sentyabrın 5-də növbədənkənar iclas keçirəcək. Ümidvarıq ki, sentyabrın  5-də erməni xalqı Sərkisyanın süquta aparan siyasətinə yox deyəcək!  Azərbaycanın 20 ildə topladığı əvəzsiz  təcrübə və xalqımızın potensialının  cəmlənməsindən irəli gələn qələbələr davam edəcək. nəticələr möhtəşəm olacaq.

Dünya birliyinin müstəqil siyasi subyekti kimi Azərbaycan dövləti öz xarici siyasətini Sərkisyan kimi öz hərbi cinayətlərini ört-basdır etmək üçün deyil, milli maraqlar, beynəlxalq hüquq normaları, kimi dəyişməyən prinsiplərə əsaslanaraq həyata keçirir.  Bu siyasət dahisi, Ümummilli Lider Heydər Əliyevin heç bir zaman məğlubiyyətin  nə olduğunu bilməyən   qalibiyyət geninin yaşarı olduğunun, dövlət başçısının öz missiyasına mütləq inamı və   xalqın ona olan böyük etimadının bəhrəsidir. Bu siyasət bizi hələ çox qələbələrə aparacaq.

Kamil Həmzəoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi