Modern.az

Sənədsiz evlər nə vaxt sənədləşdiriləcək? - “Onların 60 mini təhlükəli ərazilərdə yerləşir”

Sənədsiz evlər nə vaxt sənədləşdiriləcək? - “Onların 60 mini təhlükəli ərazilərdə yerləşir”

12 Mart 2021, 11:27

“Bir neçə il əvvəl inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir. İndiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb”.

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir:

 

“İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz xətlərinə yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağandır.

Kənd təsərrüfartına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədə uyğun olardı. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər”.

 

Deputat qeyd edib ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacaq:

“Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqlarının tanına bilər. Bu eyni zamanda, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir