Modern.az

Ərdoğan Türkiyənin yeni hədəflərini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəflərini açıqladı

Dünya

12 Mart 2021, 23:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü yeni iqtisadi islahatlar paketini açıqlayıb.

 

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə lideri qeyd edib ki, iqtisadi və hüquqi sahələrdə dəyişikliklər paketinin hazırlanması hələ 2020-ci ilin noyabrında elan edilib.

 

Ərdoğan qeyd edib ki, ölkənin Xəzinədarlıq və maliyyə naziri Lütfi Elvan son aylarda biznes icmasının nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə danışıqlar aparıb. Hökumət milli iqtisadiyyatın islahatına dair bütün təklif və tövsiyələri təhlil edib.

 

Türkiyə Prezidenti, demokratik və iqtisadi sahələrdə sıçrayışın açarı olan ölkədəki siyasi sabitliyin təmin edilməsinə diqqət çəkib.

 

"Bacarıqlı və savadlı idarəetmə sistemi sayəsində Türkiyə 2009-cu ilin qlobal böhranının nəticələrini və bütün sonrakı siyasi, sosial, iqtisadi çağırışları uğurla dəf edə bildi. Biz 2023-cü ilə qədər respublikanın 100-cü ildönümünün qeyd ediləcəyi dövr üçün hədəflərə uyğun olaraq Türkiyənin inkişaf xəttini saxlaya bilmişik", - deyə Prezident bildirib.

 

Ərdoğan qeyd edib ki, islahatlar paketinin məqsədi milli iqtisadiyyatın sabit, davamlı inkişafını təmin etməkdir.

 

"İslahatlar paketinin məqsədi investisiyaların, istehsalın, məşğulluğun və ixracın vurğulanması ilə iqtisadiyyatın artmasıdır. İqtisadi islahatlar paketi ölkəmizin gələcək inkişafının yol xəritəsidir və biz bunu xalqın dəstəyi ilə həyata keçirəcəyik", - deyə Prezident bildirib.

 

"Dəyişikliklərin yeni mərhələsi makroiqtisadi sabitliyin və struktur islahatların təmin edilməsinə yönəlib. Prioritetlər sırasında inflyasiyaya qarşı mübarizə, maliyyə intizamının təmin edilməsi və cari hesab kəsirinin azalması da yer alır.

2021 - ci ilin yekunlarına görə büdcə kəsrinin 4,3 faizdən 3,5 faizə endirilməsi planlaşdırılır", - deyə Ərdoğan vurğulayıb.

 

Prezident qeyd edib ki, islahatlar paketində xərclərin planlaşdırılmasına xüsusi diqqət ayrılıb: "Dövlət qurumlarına imkan daxilində xərclərin həcmini azaltmaq tapşırılacaq. Dövlət tenderlərinin təşkili sisteminə də dəyişikliklər edilməsi nəzərdə tutulur. İslahatlar paketi qiymət sabitliyinin təmin edilməsi və investisiya bazarının möhkəmləndirilməsi üçün bir sıra tədbirlər nəzərdə tutur".

 

Prezident vurğulayıb ki, Türkiyə hökuməti ölkənin dünyanın on aparıcı iqtisadiyyatı sırasına daxil edilməsi üçün əlindən gələni edəcək: "Əminəm ki, biz məqsədlərimizə nail olacağıq. Türkiyə qlobal və regional arenalarda bir çox böhranlara rəğmən, gücünü saxlayır".

 

Siyasətçi qeyd edib ki, Türkiyə məhsulun ixracının yüksək əlavə dəyərlə artırılmasına və idxalın azalmasına çalışır ki, bu da iqtisadiyyat sahəsində yeni rekord göstəricilərə nail olmağa imkan verəcək.

 

Ərdoğan daha sonra bildirib ki, cari hesab kəsiri ilə mübarizədə hökumət 3 istiqamətə üstünlük verəcək: "birincisi, biz cari hesab kəsirinin strukturuna diqqət yetirəcəyik. İkincisi, kiçik və orta biznes müəssisələrinin ixrac əməliyyatlarını təşviq edəcəyik. Üçüncüsü, sənaye sahəsində ətraf mühitə tullantıların minimuma endirilməsi prosesini dəstəkləyəcəyik".

 

Prezident Ərdoğan Türkiyədə idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdiriləcəyinə əminliyini də ifadə edib: "İdarəetmə sistemi milli iqtisadiyyata uzunmüddətli sabitliyi və etimadı təmin etməyə imkan verəcək. Türkiyənin yeni Konstitusiyası da müvafiq hüquqi bazanı formalaşdıracaq".

 

Türkiyə Prezidenti daha sonra diqqəti koronavirusa qarşı uğurlu mübarizəyə cəlb edib: "Pandemiya Səhiyyə Nazirliyi sisteminin və bütövlükdə hakimiyyət strukturunun dayanıqlığı testinə çevrildi. Biz səhiyyədən istehsala, təhlükəsizlikdən sosial sahəyə qədər bütün sahələrdə uğurla dayanmışıq və sınaqlardan keçmişik".

 

Ərdoğan bildirib ki, Türkiyə hökuməti rəqəmsal pul bazarının iqtisadi, texnoloji və qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir