Şimal bölgəsində qarlı -şaxtalı havalar davam edir. Bölgə rayonlarına xeyli qar yağıb, üstəlik də havanın temperaturu xeyli aşağı düşüb. Belə bir gündə yollarda əziyyət çəkən yol təsərrüfatı işçilərindən danışmaq istəyirəm. Ürəyimdən keçdi. Bu insanlar həmişə yollardadır. Qışın soyuğunda, yayın istisində bu insanları həmişə yollarda əli kürəkli iş başında görmək olar. Onlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol-istismar idarəsinin Quba-İspik-Xınalıq yolu üzrə sahəsinin işçiləridir. ANS televiziyasında işləyəndə qar yağan, yola sel gələn, sürüşmə olan kimi dərhal Xınalıq yoluna qaçırdım, çətin relyef şəraitində işləyən bu adamların fəaliyyətini işıqlandırırdım. İndi yenə onlardan yazıram. Obyektiv səbəblərdən indi yanlarında olmasam da, yenə barələrində yazıram.
Quba-İspik-Xınalıq yolu Qubanın narahat yollarındandır. Hava dəyişən kimi bu yolda çətinlik yaranması təbii hadisələrdən qaynaqlanır. Uzunluğu 57 km olan asfalt yolun çəkilişində hər hansı problem olmasa da, relyef baxımından çətinlik yaranması təbiidir. Son günlər mart ayı olsa da, sərt havalar özünü göstərməkdədir. Bir neçə gündür ki, Qubanın bütün əraziləri kimi, bu əraziyə də güclü qar yağıb.
Sahə rəisi Bilal Sultanov deyir ki, "yolu qardan təmizləyirik, bir azdan çovğun olan kimi qarı yenidən yola sovurur. Nəticədə yol bağlanır".
Və yolun yenidən qardan təmizlənməsinə başlanılır. Bu yolda yol -istismar idarəsinin "DT-75" və "T-90 -Q" markalı ağır texnikası işləyir. 18 nəfərlik işçi qüvvəsi də əli kürəkli bu yollarda çalışır. Sahə rəisinin sözlərinə görə, Xınalıq yolunun ən çətin yeri 35-36-cı kilometrliyidir. Bu gün səhər yolun 34-39-cu kilometrliyində yola sovrulmuş 60 sm qar olub və artıq yolun böyük bir hissəsi qardan təmizlənib.
Sahə rəisi deyir ki, yolun 39-cu km-dən 57-ci km-ə kimi isə cəmi 5 sm qar yağıb. Qar az da olsa Xınalıq kəndinin girişinəcən yolu tam təmizləyən yol işçiləri geri qayıdaraq yolun "Çınqıllı aşırım" adlanan 35-36-cı km-də təkrar təmizləmə aparırlar.
Quba-İspik-Xınalıq yolunda işləyən yol xətti fəhlələri elə yolboyu kəndlərdə yaşayanlardır. Sahə rəisi Bilal Sultanovdan öyrəndim ki, fəhlələrdən 4-ü Qrız Dəhnə, 2-si Cek, 4-ü Əlik, 2-si Küsnət Qazma, 5-i Xınalıq, 1-i Buduq və 1-i Qımıl kəndinin sakinləridir. Yolda fəsad yaranan kimi hamısı dərhal iş başında olurlar. Bir qayda olaraq bu yolda növbəlilik əsasında belə işləyirlər ki, yol bağlı qalmasın. Axı onların hər biri yaxşı bilir ki, Xınalıq kimi bu unikal dağ kəndinin yerli və xarici qonaqları çox olur, üstəlik də Xınalıqda Dövlət Sərhəd Xidmətinin eyni adlı zastavası yerləşir və strateji əhəmiyyətli bu yolun bağlı olması hər an hərbçilərin işinə mane ola bilər.
Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyev Xınalıq sahəsi fəhlələrinin ilin bütün fəsillərində yolu nəqliyyatın hərəkəti üçün hazır saxladıqlarını deyir.
Yeri gəlmişkən bildirmək istəyirəm ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Xınalığa Quba-Qusar yolunun 9-cu km-dən yeni Alpan-Susay -Xınalıq yolu çəkilib. Qubanın icra başçısı Ziyəddin Əliyev deyir ki, yeni yol bölgədə həm insanların rahat gediş-gəlişinin tam təmin ediləcəyinə, həm də analoqu olmayan Xınalıq kəndinin dünya səviyyəsində daha da tanınmasına, burada turizmin geniş inkişaf etməsinə gətirib çıxaracaq.
Vətən müharibəsi başlayanda yeni çəkilən Xınalıq yolunun açılışı baş tutmadı. Ümid edirik ki, bu gün Qarabağda möhtəşəm işlər görən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xınalıq yolunu hörmətli Prezidentimiz İlham Əliyevin məsləhət bildiyi vaxtda sakinlərin və turistlərin, rayonun qonaqlarının istifadəsinə verəcək.
Aytəkin ALXASLI