Modern.az

Elmira Axundova: "Qüdrət Həsənquliyev özü Milli Məclisdə oturmağa layiq deyil"

Elmira Axundova: "Qüdrət Həsənquliyev özü Milli Məclisdə oturmağa layiq deyil"

2 Fevral 2010, 16:00

Millət vəkili Elmira Axundova deputat Qüdrət Həsənquliyevin ittihamlarına cavab verib. Xatırladaq ki, Q.Həsənquliyev fevralın 1-də Milli Məclisdə Prezident yanında Əfv Komissiyasının üzvü ola Elmira Axundovanı qardaşı Nadir Həsənquliyevin qatilini azadlığa buraxdırmaq istiqamətində çalışmaqda günahlandırmışdı. O, Elmira Axundovanı nə Əfv Komissiyasına üzv olmağa, nə də Milli Məclisdə oturmağa layiq bilməyib.

Modern.az-a açıqlamasında E.Axundova Qüdrət Həsənquliyevin cavabını verib. “Onun qardaşını öldürən cinayətkar haqqında məsələ Əfv Komissiyasının iclasında üç-dörd il əvvəl bir dəfə gündəmə gətirilib. Biz o iclasda ömürlük həbs cəzası almış məhbuslar haqda müzakirələr aparırdıq və siyahını təhlil edirdik. Mənə həmin qatilin bacısı ərizə ilə müraciət etmişdi ki, qardışının ömürlük həbs cəzası alması ədalətsizdir, çünki heç vaxt killer olmayıb, cinayəti birinci dəfə törədib, Qüdrət Həsənquliyevin qardaşını ekstremal şəraitdə, Nadir Həsənquliyevi dostunu döydüyünü görərək öldürüb, sonra isə polisə özü könüllü təslim olub. Bacısı qeyd etmişdi ki, qardaşına ən çoxu 15 il düşürdü, lakin Qüdrət Həsənquliyev həm istintaqa, həm də məhkəməyə ciddi təsir göstərərək onun ömürlük həbs cəzası almasına nail olub.

İşin materialları ilə tanış olandan sonra belə qənaətə gəldim ki, qatilin bacısının sözlərində müəyyən məntiq var. Ona görə də Əfv Komissiyasının iclasında bu cinayətkarın ömürlük həbs cəzasını 15-20 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsi mümkünlüyü ilə bağlı fikir söylədim. Söhbət cinayətkarın azadlığa buraxılmasından getmirdi, çünki qatil öz cəzasını çəkməlidir. Komissiyanın tərkibində olan yüksək vəzifəli məmurların bir neçəsi mənimlə razılaşdı və cavab verdilər ki, cinayətkar 10 il cəzasını çəkəndən sonra bu məsələyə qayıtmaq olar. Bu müzakirədən sonra nə mən, nə də komissiyanın başqa üzvləri həmin hadisəyə toxunduq.

Qüdrət Həsənquliyev istehza ilə soruşur ki, bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi? Təəssüflər olsun ki, bu iş ailəmin başına gəlib. 1979-cu ildə mən cavan, çox istedadlı insan olan, yazıçı, kinodramaturq qardaşımı itirmişəm. O, müəmmalı şəkildə Bakıda qətlə yetirilmişdi. Qatil tapılmadı və işi bağladılar. Ona görə də mən Qüdrət Həsənquliyevin ağrısını çox gözəl başa düşə bilirəm, lakin onun ədalətsiz, qərəzli hərəkətlərini heç bir halda bağışlamıram.

O ki qaldı mənim Milli Məclisdə oturmağa layiq olmağıma, mənə olan qiyməti 1996-cı ildə Azərbaycan yazıçılarının qurultayında dahi Heydər Əliyev “Elmira xanım çox dəyərli bir insandır” deməklə, 2003-cü ildə isə məni “Şöhrət” ordeni ilə təltif edərkən vermişdi. Mən hesab edirəm ki, Qüdrət Həsənquliyev özü Milli Məclisdə oturmağa layiq deyil”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir