Modern.az

Bülbülün Şuşadakı ev-muzeyini kim təmir etməlidir: Hökumət, yoxsa oğlu Polad?

Bülbülün Şuşadakı ev-muzeyini kim təmir etməlidir: Hökumət, yoxsa oğlu Polad?

Aktual

15 Mart 2021, 16:06

Dahi sənətkar, SSRİ xalq artisti Bülbül yalnız Poladın atası deyil, bütünlükdə Azərbaycan xalqının misilsiz mənəvi sərvətidir!

 


Çox təəssüf ki, bir müddət əvvəl bəzi saytların səhifələrində xoşa gəlməyən, ciddi və ya qeyri-ciddi bir suala rast gəlindi: "Azərbaycanın dahi, ölməz sənətkarı Bülbülün Şuşada erməni faşistləri tərəfindən dağıdılmış ev-muzeyini kim təmir edəcək - oğlu Polad, yoxsa Azərbaycan hökuməti?"


Bülbülün müqəddəs ruhu qarşısında necə də xəcalətverici sualdır. Axı, Bülbül Poladın atası, əzizi olsa da, o, təkcə oğluna yox, bütünlüklə Azərbaycan xalqına məxsusdur! Bunu niyə unuduruq?


Əlbəttə ki rəsmi orqanlar yaxalarını kənara çəksələr, atasını dünyalarca sevən bir oğul kimi Polad öz ATA evini necə lazımdırsa (nə qədər baha başa gəlsə də!), təmir və bərpa elətdirəcək. Ancaq milyardlara, neçə-neçə şəhər və rayonda dəbdəbəli villalara, xalqdan oğurlanmış yüz hektarlarla torpaq sahələrinə, malikanələrə malik olan yüksək vəzifə sahibləri və Azərbaycan hökuməti bundan xəcalət çəkməyəcəklərmi, gələcək nəsillər buna görə xalqımızı, dövlətimizi qınamayacaqmı?


Ayıbdır, vallah, ayıbdır! Bütün nəsillərin sevimlisi, vurğunu olduğu korifey sənətkarımız Bülbül bütünlükdə xalqımıza, dövlətimizə məxsusdur! Ona görə də onun ev-muzeyinin kim tərəfindən təmir edilməsi, bərpa olunması məsələsi müzakirə mövzusu olmamalıdır.


Çünki hər zaman olduğu kimi, mədəniyyətimizin və onu bütün dünyada tanıdan və Vətənə sonsuz sevgi ilə təbliğ edən böyük sənətkarlarımızın zəngin irsini qoruyan, qeyrətini çəkən böyük Azərbaycan dövləti var, qədirbilən xalqımız var!

 


Rəhman ORXAN,
Əməkdar jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi