Modern.az

2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə apardı

2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə apardı

Parlament

16 Mart 2021, 12:16

Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

Modern.az-ın məlumatına görə, komitə sədri öncə xatırladıb ki, Azərbaycan Konstitutsiyasına müvafiq olaraq ölkəmizdə icra hakimiyyəti Prezidentə məxsusdur.

“2020-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili kimi həkk olundu. Bu qələbə uzun illər ərzində ardıcıl olaraq, boyük işgüzarlıq, peşəkarlıq və ən əsası, milli birlik hesabına Azərbaycanın bütün resurslarının “dəmir yumruq” kimi birləşib düşmənlərmizi məğlub etməsilə mümkün olmuşdur. Bu qələbə 100 illər ərzində görülən və görüləcək işlərdən daha böyükdür”. 


Hökumətin hesabatına münasibət bildirən T.Mirkişili onu struktur və məzmun baxımından əhatəli və inkluziv hesab edib. Komitə sədrinin sözlərinə görə, yeni bölmələr əlavə edilmiş hesabatda böyük qayıdış, COVID-19 pandemiyası , dövlət proqramları və deputatların sorğuları ilə bağlı əhatəli təhlillərin təqdim edilməsi təqdirəlayiq haldır.


“2020-ci il üçün iqtisadiyyatımızın əvvəlcədən planlaşdırılmış inkişaf proqnozları yüksək olmuş, 2020-ci ilin 1-ci rübünün iqtisadi göstəriciləri bu proqnozların reallığa yaxın olduğunu göstərmişdir. Lakin 2-cü rübün başlanğıcından etibarən COVID-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda geniş yayılması təbii olaraq hökumətin hədəflərini dəyişmiş, dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə vətəndaşların sağlamlığı əsas meyar kimi seçilmiş, iqtisadi aktivlik planlı şəkildə məhdudlaşdırılmışdır. Ümumilikdə, 2020-ci il bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası ilə mübarizə şəraitində keçmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbilər epidemiyanın yayılma səviyyəsini kəskin azaltmağa və minimum itkilərlərlə üzləşməyə səbəb olmaqla yanaşı, iqtisadiyyatımızın da gözlənilən itkilərinin minimuma endirilməsinə səbəb olmuşdur.

İl ərzində dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırmışdır. Böhran dünya əmtəə qiymətlərinin enerji sektorunda 18.3% ucuzlaşması, qeyri-enerji sektorunda 16.1% bahalaşması, dünya ərzaq qiymətləri 6.5% yüksəlməsi, neftin qiymətinin isə 33% düşməsi ilə müşayiət olunmuşdur.

Beləliklə, 2020-ci ildə Azərbaycan 3 cəbhədə - pandemiya ilə, qlobal böhran və işğalçı Ermənistan ilə mübarizə aparmış və bunun üçün kifayət qədər resurslarını səfərbər etmişdir”.


Komitə sədri qeyd edib ki, koronavirus pandemiyası ilə mübarizə sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün qısa bir müddətdə büdcə vəsaitlərinin səfərbər edilərək maliyyə təminatının yaradılması öz təsrini göstərib:

“Pandemiyanın yaratdığı problemlərə baxmayaraq strateji layihələrin icrası, iqtisadi, sosial və institusional islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində görülən işlər müsbət qiymətləndirlməlidir.

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq  məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün dövlət başçısının 19 mart 2020-ci il tarixdə imzaladığı sərəncam ilə əhatəli proqramın icrası bütün subyektlər tərəfindən yüksək qiymətləndirilmişdir.  

Dəstək proqramı çərçivəsində məşğulluq və sosial rifah tədbirlərinin ölkə əhaisinin demək olar ki, yarısını əhatə etməsi, orta aylıq əmək haqqının 11.4% artması təqdirəlayiq haldır.

Pandemiyaya qarşı iqtisadi tədbirlər paketi çərçivəsində fərdi sahibkarlara, muzdlu işçilərin əmək haqqlarına göstərilən maliyyə dəstəyi, pandemiyanın təsir etdiyi sahələrdə çalışan sahibkarlara əldə etdikləri mənfəətin 75%-i miqdarında güzəştlərin tətbiq edilməsi və digər çoxsaylı güzəştlər iqtisadi mühitə müsbət təsir göstərmişdir. Avropa İttifaqının 2020-ci il Biznes Muhiti hesabatında ölkəmizdə çalışan Avropa İttifaqı şirkətlərinin 75%-nin pandemiya dövründəki Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməsi müsbət haldır”.


T.Mirkişili deyib ki, çətin bir şəraitdə 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin, o cümlədən yerli gəlirlərin proqnozdan artıq icra olunması müsbət haldır.

“Bütün funksional təsnifat üzrə büdcə xərclərinin ümumilikdə 3.9% az icra olunmasını kəmiyyət baxımından qənaət hesab etsək də, bu azalmanın keyfiyyət dəyişikliklərinə gətirib çıxarmadığını ümid edirik. Çünki bəzən kəmiyyət baxımından qənaət ciddi potensial gəlir itkisinə səbəb ola bilir. Amma bununla yanaşı, ümumiyyətlə, həddindən artıq volatil bir il olan 2020-ci ildə Dövlət Büdcəsinin icrasında dayanıqlılığın qorunub salxlanmasını yüksək qiymətləndiririk. Maliyyə büdcə sisteminin təkmilləşməsi sahəsində görülən işlər, büdcəyə 37 milyon manat vəsaitin geri ödənməsi, nəticə əsaslı büdcə sisteminə keçid, Orta Müddətli Xərclər çərçivəsinə keçid ilə bağlı görülən işləri müsbət dəyərləndirməklə yanaşı, bu sahədə daha çox işlərin görülə biləcəyinə inanırıq. Umumiyyətlə, düşünürük ki, maliyyə nəzarətinin gücləndirilməsi, əsassız xərclərin qarşısının alınması, şəffaflığın artırılması, səmərəliliyin yüksəldilməsi istiqamətində informasiya texnologiyalarının imkanlarından daha çox istifadə etmək, nəticələr ilə deyil, səbəblərlə mübarizə daha çox effekt verə bilər. Bu konteksdə 2020-ci ildə Milli Məclis və Hökumət, xüsusilə də İqtisadi siyasət komitəsi və iqtisadi blok nazirlikləri arasında konstruktiv əməkdaşlığı yüksək qiymətləndiririk.     

ÜDM-in ola biləcəyindən daha az azalması, növbəti illərdə dayanıqlı iqtisadi artımı təmin edə biləcək sahələrin isə artım tempinə nail olunması, maliyyə sabitliyinin qorunub saxlanılması 2020-ci ilin iqtisadi mənzərisini ölkəmiz üçün daha ümidverici etmişdir. Yaranan bütün çətinliklərə baxmayaraq, kənd təsərrüfatı və qeyri-neft sənayesində, xüsusilə də emal sənayesində artıma nail olunması, illik inflyasiyanın 2.8% həddində təşkil etməsi, manata olan təzyiqlərin dəf edilməsi  təqdirəlayiq haldır.  Tədiyyə balansının cari əməliyyatlar hesabında tarazlığın qorunması müsbət hal olsa da, profisitin kəskin azalmasını təhlükəli hesab edirik. Hesabat ilində ölkəmizdə aqrar sığorta sisteminin fəaliyyətə başlamasının bu sahədə uzun illərdir ki üzləşdiyimiz bir çox problemlərin həllinə nail olacağına inanırıq.

2020-ci ildə bankları, qeyri-bank kredit təşkilatlarını, kapital və pul bazarlarını, sığorta sistemini əhatə edən maliyyə sabitliyini qorunması siyasətini uğurlu hesab edirik. Bank sahəsində yaranmış problemlərin daha da dərin təhlil edilməsini, gələcəkdə belə problemlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini, banklarda olan likvid vəsaitin iqtisadiyyatın digər sahələrinə daha rahat transmissiyasının təmin edilməsi istiqamətdinə görüləcək tədbirlərin vacibliyinə inanırıq.

Qeyri-neft sektoruna yönələn birbaşa investisiyaların qeyri-neft sektoru ÜDM-nin təqribən 1%-ni təşkil etməsi bu sahədə yeni mexanizmlərin tətbiqini şərtləndirməkdədir.

Azərbaycan qazının Avropaya nəqlini, yeni yataqların kəşf edilməsini, Neft emal sənayesində neftdən alınan məhsulların çeşidinin və həcminin artmasını, onların ixracının artmasını, kimya sahəsinin inkişafını sahədə mühüm irəliləyiş hesab edirik.

Hesabat ilində görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırmış, iqtisadi subyektlər və dövlət orqanları arasında etimad mühitini daha da gücləndirmişdir. Dövlət şirkətlərində korporativ idarəetmənin qurulması, beləliklə də səmərəliliyin yüksəlməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bununla yanaşı düşünürük ki, Publik Hüquqi Şəxslərin bazardakı fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni yanaşmalara ehtiyac yaranmaqdadır.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin dərin təhlillərə və müasir yanaşmalara əsaslanar aparılmasını yüksək qiymətləndirirk. İqtisadiyyatımız üçün həm resurs, həm də yeniliklərin tətbiqi baxımından mühüm imkan saylıan bu işlərin ölkəmizin iqtisadi gücünü daha da artıracağına inanırıq”.


Nazirlər Kabinetinin 2020-cu il üçün fəaliyyəti haqqında hesabatı müsbət qiymətləndrən Tahir Mirkişili çıxışının sonunda təmsil olunduğu Sumqayıt seçicilərinin şəhərdə istilik sisteminin bərpası və inkişafı ilə bağlı müraciətlərini Baş nazir Əli Əsədovun diqqətinizə çatdırıb. O bu istiqamətə mümkün olan diqqəti ayırmağı xahiş edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir