Modern.az

“Görülən işlər 2021-ci il üçün böyük ümidlər yaradır” - Deputat

“Görülən işlər 2021-ci il üçün böyük ümidlər yaradır” - Deputat

Aktual

16 Mart 2021, 12:40

"Azərbaycan müasir çağırışlar çərçivəsində keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Bu mərhələdə də indiyə qədər olduğu kimi, Prezident İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına  heç bir şübhə yoxdur".


Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Sadiq Qurbanov deyib.


Deputat 2020-ci ildə energetika sahəsində əldə edilmiş bəzi mühüm nəticələrə nəzər salıb:


"1. 2020-ci ilin 31 dekabr tarixində Trans-Adriatik Qaz Boru Kəməri vasitəsi ilə kommersiya məqsədli Azərbaycan təbii qazının təchizatına  başlanılmışdır. Bununla da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sarsılmaz iradəsi və uzaqgörən siyasətinin nəticəsi olaraq dünyanın ən iri infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi reallığa çevrilmişdir.

 

  1. 2. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2030-cu ilə qədər elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırlması istiqamətində ötən il əhəmiyyətli addımlar atılmışdır və bununla bağlı işlər yenə də davam edir. Belə ki, artıq Energetika Nazirliyi və “Azərenerji” ASC 240 MVt gücündə külək enerjisi layihələrinin həyata keçirilməsi üçün müqavilələr imzalamışlar. Ümumi dəyəri təqribən 300 milyon ABŞ dolları olacaq xarici sərmayə əsaslı bu layihənin həyata keçirilməsi nəticəsində tikiləcək külək elektrik stansiyası ildə təxminən 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, hər il 220 milyon kub metr qaza qənaət olunmasını təmin edəcək, atmosferə 400 min tondan artıq karbon emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, müasir istehsal və xidmət sahələrinin yaranmasına yol açacaq. 

 

  1. 3. 230 MVt gücündə günəş enerjisi layihəsinin icrası üçün yaxın müddətdə müqavilənin imzalanması nəzərdə tutulur ki, bu da davam edən COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə baxmayaraq investisiya şirkətlərinin cənab Prezident İlham Əliyevin ölkədə yaratdığı  investisiya mühitinə olan etibarın, inamın bariz nümunəsidir. 

 

  1. 4. Hüquqi mexanizmin formalaşdırılması enerji keçidinin özəl investisiya hesabına həyata keçirilməsi üçün mühümdür. Bu baxımdan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələrinin hazırlanması mühüm əhəmiyyət kəsb edir və məndə olan məlumata əsasən, tezliklə Milli Məclisə təqdim ediləcəkdir. Sözsüz ki, bu qanunların qəbul edilməsi, müəyyən edilmiş hədəflərə, o cümlədən Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi müəyyənləşdirilmiş yaşıl enerji məkanının formalaşdırılmasına ciddi töhfə verəcəkdir. 

  2. 5. Ötən il ölkəmizdə əhalinin və iqtisadiyyatın enerji təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, mühüm uğurlar əldə edilmişdir. Məsələn, hazırda ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96,2 faizə çatdırılmasıdır. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir". 

 

Deputat Azərbaycan Prezidentinin rəhbərliyi altında xalqımızın rifahının yüksəldilməsi məqsədilə ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər surətlə davam etdirildiyini vurğulayıb:

 

"Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi, idarəetmədə çevikliyin və səmərəliliyin təmin edilməsi istiqamətində 2020-ci ildə bir sıra layihələr həyata keçirilib. Ekoloji problemlərin həllinə yönəlmiş məqsədyönlü  tədbirlər dediklərimizə əyani misal ola bilər.

Bildiyimiz kimi, keçən il ölkə ərazisində su qıtlığı ilə əlaqədar müəyyən problemlər yaranıb. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi  üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb, su anbarları və magistral kanallar üzrə operativ surətdə iş rejimləri hazırlanaraq suyun düzgün paylanılması, sudan səmərəli və qənaətlə istifadə olunması təmin edilib.

Bu məqsədlə  qlobal iqlim dəyişmələri fonunda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində yaradılmış Dövlət Komissiyası çərçivəsində su ehtiyatlarının uçotu və idarəetməsində operativliyin təmin edilməsi məqsədilə Elektron su təsərrüfatı informasiya sistemi qurulub. Bununla yanaşı su ehtiyatları ilə bağlı məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə Su portalı yaradılıb.


Tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istilik effekti yaradan qaz tullantılarının azaldılması, atmosfer havasının mühafizəsi, ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların mühafizəsi, tullantı sularının idarə olunması, Xəzər dənizinin çirklənmədən qorunması, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması, su ehtiyatlarının, o cümlədən transsərhəd suların inteqrasiyalı idarə olunması, istehsal müəssisələrində az tullantılı ən qabaqcıl ekoloji dost texnologiyalarından istifadənin genişləndirilməsi əsas prioritet  istiqamətlərdən olub.


Lakin bu o demək deyil ki, bütün problemlər həll olunub, sadəcə qeyd etmək istəyirəm  ki, görülən işlər 2021-ci il üçün böyük ümidlər yaradır. Mövcud problemləri isə yazılı formada Nazirlər Kabinetinə göndərəcəyəm.


Çıxışımın sonunda hesabatda sadalanan müsbət nəticələri nəzərə alaraq Nazirlər Kabinetinin 2020-ci il fəaliyyətini yüksək qiymətləndirərək məqbul hesab edirəm və deputat həmkarlarımı lehinə səs verməyə çağırıram".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?