Modern.az

Deputatdan elm və təhsillə bağlı TƏKLİFLƏR

Deputatdan elm və təhsillə bağlı TƏKLİFLƏR

Təhsil

17 Mart 2021, 10:02

Milli Məclisin deputatı Etibar Əliyev hökumətin 2020-ci illə bağlı heasabatına münasibət bidlirib.

 

O, öncə Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Pablik Hüquqi Şəxsin" yaradılması haqqında 6 yanvar 2021-ci il tarixli 1245 nömrəli fərmanı xatərladıb: “Bu mühüm Fərman XXI əsrin mühüm paradiqmalarının birinin daha dərindən təhlil olunmasına və elmlə təhsilin inteqrasiyasının daha da güçləndirilməsinə şərait yaradacaq. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında Elm və Təhsilə dair də görülən işlər barədə geniş material yer alıbdır.

 

Hesabatda təhsilin inkişafı ilə bağlı qəbul edilmiş və hesabatın aid olduğu 2020-ci ildə də icrası davam etmiş bir sıra hökumət proqram və strategiyalarının adları çəkilir, lakin nəticəsi ilə bağlı hər hansı qeyd yoxdur. Əslində bu hesabat daha çox “nəticə əsaslı hesabat” olmalı, konkret kəmiyyət və keyfiyyət indikatorları əsaslında hökumətin fəaliyyətinin effektivliyinə və nəticəliliyinə qiymət verməyə imkan yaratmalıdır.

 

Deputat qeyd edib ki, bununla bağlı iki konkret nümunə göstərmək mümkündür: “2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi, 2015-ci ildə bu Strategiyanın həyata keçirilməsi məqsədilə Fəaliyyət Planı təsdiqlənib. Həmin sənədlərdə artıq 2020-ci ilə qədər bir sıra tədbirlərin həyata keçirilməsi, bəzi hədəflərə nail olunması nəzərdə tutulmuşdu. Həmin hədəflərə nailolma səviyyəsi, tədbirlərin icra vəziyyəti barədə bu hesabata konkret faktlar daxil etmək olmazdımı? Məsələn, 2020-ci ilin sonunadək təhsil müəssisələrində müxtəlif maraq qruplarının iştirakı ilə nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması ilə bağlı konkret mexanizmlər hazır olmalı idi. Yaxud müəllimlərin illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması üçün mexanizmlər formalaşdırılmalı idi. Bu sahədə hansı addımların atıldığı, yaxud atılmayıbsa hansı səbəbdən atılmaması ilə bağlı məsələlər Hesabatda əksini tapmalıdır. Yaxud Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli sərəncamı ilə “Peşə təhsili və təliminin inkişafına dair Yol Xəritəsi” təsdiq olunub. Bu sənəd ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbul səviyyəsinin 25 faizə çatdırılmasını, pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ay ərzində 50 faizə yüksəldilməsini hədəfləmişdi. Bəs hazırkı dövrə nəticələr necədir? Elmi təşkilatları akkreditasiyası ilə bağlı Nazirlər Kabinetinin 14 dekabr 2017-ci il tarixli 554 saylı qərarı mövcuddur. Qərara əsasən, elmi müəssisəslərin kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı kimi meyarlar əsasında akkreditasiyadan keçməlidir. Amma meyarlar üçün həddlər necədir? Məsələn, kadr potensialı üçün konkret hansı göstəricilər nəzərdə tutulur, yaxud məqalə sayı nə qədər olmalıdır? Bunlar qeyri-müəyyəndir.

 

“Azərbaycanda elmin inkişafı sahəsində ən ciddi problemlərdən birinin son dərəcə məhdud maliyyələşmənin olmasıdır” deyən deputat bildirib ki, iqtisadiyyatda yaranan əlavə dəyərin təxminən 0.2%-i elmə yönəlir. “Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 2%-dən az deyil, hətta C.Koreya və İsraildə 4%-ə yaxındır. Əlbəttə, Azərbaycanda elmin mövcud menecmenti qaldıqca, maliyyənin artımı da nəticələrə əhəmiyyətli təsir etməyə bilər. İlk növbədə nəticə əsaslı maliyyələşmə mexanizmi tətbiq edilməli, bundan sonra elmin maliyyəsi ciddi şəkildə artırılmalıdır. Nəticə əsaslı maliyyələşmə o deməkdir ki, elmi tədqiqat müəssisələrinin fəaliyyəti effektivlik göstəriciləri əsasında qiymətləndirilməli və bu qiymətləndirmələrdən asılı olaraq onların maliyyələşdirilməsi təmin edilməlidir. Nəticəsi effektiv olmayan elmi müəssisə və mərkəzlər ya tam ləğv olunmalı, ya profilə uyğun başqa institutlarla birləşdirilməsi baş verməlidir. Effektivlik göstəriciləri dünyada qəbul edilən göstəricilərə uyğun olmalıdır. Məsələn, monoqrafiya və elmi məqalələrin sayı, patentlərin sayı, beynəlxalq konfranslarda iştirak və onların təşkilatçılığı, tədqiqat qrantları, yetişdirilən gənc tədqiqatçıların sayı, institutun həyata keçirdiyi tətbiqi layihələrin sayı, araşdırmalara istinadların sayı və s. Fərqli nəticələr nümayiş etdirən müəssisələrə differensial maliyyə ayrılmalıdır.

 

Vacib məsələlərdən biri biznesin elmin maliyyələşdirilməsində iştiraka stimullaşdırılmasıdır. Qərb ölkələrində elmin maliyyələşməsində özəl sektorun töhfəsi 30-70% təşkil edir. Azərbaycanda biznesin elmə investisiya qoyması üçün təşviq mexanizmləri barədə fikirləşmək, biznes assosiasiyaları ilə bu istiqamətdə müzakirələr aparmaq lazımdır. Adətən dövlət fundamental elmə sərmayə qoyur, lakin tətbiqi tədqiqatlarda universitetlər (sənaye ilə işbirliyi çərçivəsində), özəl sektor daha çox maraqlı olur. Samballı, dünyada qəbul olunan elmi dərgilərin dəstəklənməsi son dərəcə vacibdir.

 

Universitet-sənaye iş birliyi çərçivəsində texnoloji mərkəz və institutlarn inkişaf etdirilməsi son dərəcə zəruridir. Dünyada bu işbirliyi ağırlıqlı olaraq sənaye və texnologiya parkları çərçivəsində baş verir. Azərbaycanda son illər belə park nümunələri artıq yaradılıb. Lakin universitetlərlə onlaırn iş birliyinə dair hansısa bir nümunə da varmı? Onalarda hətta kiçik miqyasda da olsa, elm-tədqiqat adına hansısa fəaliyyət, infrastruktur varmı? Yeri gəlmişkən, dünyada texnoloji parkların, sənaye bölgələrinin fəaliyyətinin qiymətləndirilməsində istifadə olunan əsas indikatorlardan biri də onlarda elmi-araşdırma, təcrübə-konstruktor fəaliyyətinə nə dərəcədə şərait yaradılması, eləcə də bu istiqamətlərə çəkilən xərclər, əldə olunan nəticələrdir.

 

Universitetlərin bazasında elmin gücləndirilməsi prioritet olmalı, araşdırma və tədqiqat fəaliyyətləri üçün universitetlərə ayrıca büdcə hazırlanmalıdır. Elmi məhsulların kommersiyalaşdırılması, nəticələrinin məhsulun yaradıcıları üçün ciddi ölçüdə dəyər gətirməsini təmin edən mexanizmlər olmalıdır. “Elm haqqında” Qanun tədiqat universitetlərinin yaradılmasını nəzərdə tutur. Məhz bu statusu alan universitetlər hesabına elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası, qabaqcıl elmi tədqiqatlar aparan universitetlərin yaradılması hədəflənib. Hətta 2017-ci ild Nazirlər Kabineti ali təhsil müəssisələrinin “tədqiqat universiteti” statusu alması üçün tələbər də müəyyən edib. Lakin bu təşəbbüsün reallaşması prosesi çox zəifdir. Bu sahədə real potensialın, mümkün maneələrin qiymətləndirilməsinə ehtiyac var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər