Modern.az

Mücahidin müqəddəs mücadiləsi

Mücahidin müqəddəs mücadiləsi

Ədəbi̇yyat

17 Mart 2021, 11:04

Sovet rejimi və kommunist ideologiyasının Azərbaycanda mövcud olduğu bütün illər ərzində qürbət həyatının ağır, acı şərtlərinə, xəfiyyələrin təqibinə, terror və hər cür təhdidlərinə baxmayaraq, Vətənin istiqlalını, milli-mənəvi dəyərləri canından da üstün tutan mühacirlər yaşadıqları ölkələrdə ən müxtəlif üsullarla –kütləvi tədbirlər, xatirə, anım mərasimləri,  yubiley gecələri, simpozium, konfrans, brifinqlərdə, dövrü nəşrlərdə- qəzet və jurnallarda dərc etdirdikləri bədii, publisistik yazılarla imperiyaya qarşı fasiləsiz, amansız mücadilə aparmışlar. Azərbaycanda repressiya dalğasının və bolşevik zülmünün gücləndiyi illərdə iki dostu Həsən və Cəlalla birlikdə  ölkədən çıxmaq barədə qərar qəbul edən Odessa Ali Hərbi Hava Məktəbinin məzunu pilot Məmməd Altunbay (1911,Gəncə-1987, Ankara) qürbətdə bu mübarizənin  ən fəal, fədakar iştirakçılarından biri olmuşdur.  O, Türkiyədə məskunlaşandan sonra nəinki,  ixtisası üzrə işə düzəlir, hətta Tükiyədə pilot kimi ad-san, böyük uğurlar qazanır, adını Türkiyə təyyarəçilik tarixinə qızıl hərflərlə yazdırır. Bu sahədə tarixi uğurlara imza atması ilə yanaşı, Məmməd Altunbayı işğal altında inləyən ana Vətənin taleyi dərindən narahat edir, düşündürür. O, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 1949-cu ildə Ankarada təsis olunan Azərbaycan Kültür ve Dayanışma Dərnəyinin yaradılmasında yaxından iştirak edir, Türkiyənin populyar mətbu orqanları, eləcə də Azərbaycan mühacirət mətbuatı ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edr. Azərbaycan tarixinin bir sıra qaranlıq səhifələrini, o cümlədən mənfur qonşularımız olan erməni cəlladlarının xalqımıza qarşı törətdiyi, vəhşilikləri,  cinayətləri öyrənmək baxımından da mühüm əhəmiyyət kəsb edən məşhur “Hürriyyətə uçan türk” memuarının müəllifi M.Altunbay  mühacirlərin  Ankarada nəşr etdikləri aylıq ictimai fikir məcmuəsi “Mücahid”də (1955-1964-cü illər, cəmi 59 nömrə) 20 məqalə dərc etdirmişdir. Həmin yazılar Azərbaycan istiqlal mücadiləsi tarixini, onun bayraqdarlarının həyat və fəaliyyətini işıqlandıran dəyərli,  mənbələrdir.

       
Məmməd Altunbayın  “Azadlıq” radiosunun yeddi illik fəaliyyəti münasibəti ilə” adlı yazısını ( “Mücahid” № 29, səh.21-23) milli istiqlal mücahidinin məfkurə, amal manifesti, etiraz və üsyan duyğuları, azadlığa çağırışı da adlandırmaq olar. Müəllif məqaləyə  mənalı, təsirli, düşündürücü sətirlərlə başlayır: “31 mart 1960-ci il.  Almaniyanın Munhen səhərindəyəm, axsam üstüdür ,hava olduqca xosdur.  Munhen səmalanda insan ruhunu oxsayan dadlı bir kulək əsməkdədir. Qaldığım oteldəki otağımın pəncərəsini acır, əngin səmalarda pırıl-pırıl yanan ulduzları seyr edir, fərqində olmadan xəyal dunyasına dalıram. O an icimdə gizli olan gərib bir hiss məni doğulub böyüdüyüm məmləkətə götürür.  Bir anlığa olsa da,  Vətənimin kommunist pəncəsində əsir olduğunu unuduram. Nə qədər dadlı bir xəyal... İnsan öz Vətəninin hürriyyətini  hətta xəyalında canlandırdığı zaman bambaşqa hiss və bambaşqa dünyada yaşayırmış kimi içi sevinc və ümidlə dolur. Halbuki, bu gün bunların hamısı bir xəyaldır... Məmləkətim əsirdir. Hür olan yalnız mənəm... bu isə cüzi və çox cüzi bir təsəllidir”. M.Altunbay hürriyyətin boğulduğu kommunist dünyasında insanların ümid və dadlı bir xəyal qurmaq azadlığından da məhrum olduğunu ürək ağrısı ilə yazır.

    
 İstedadlı və səriştəli publisist M. Altunbayın yazı üslubu maraqlı,  cəlbedici, sərbəst, və dinamikdir, dili aydın, zəngin və təsirlidir. Məqalənin əvvəlində ecazkar  Münhen gecələrini, sovet rejiminin vəhşətini və şirin xəyallarını qələmə alır. Oxucu daha sonra nələr baş verəcəyini intizarla gözləyir. Publisist mətləbi açmağa, məqsədi bəyan etməyə tələsmir,  situasiyanı, süjeti bir qədər də mürəkkəbləşdirir: “Gözləmədiyim bir vaxtda otağımdakı telefon zəng çalır. Dəstəyi götürürəm. Qarşıdan gələn səsi sevinc və heyrətlər içərisində dinləryir, qulaqlarıma inanmıram. Bu səs dörd ildən bəri duymadığım , fəqət, çox sevdiyim dostumun səsi idi”. Məlum olur ki, zəng vuran dünya səyahətlərinə, Koreya və İsrail  hərblərinə  dair həyəcanlı reportajlar ilə Türkiyədə çox tanınan və son  dörd ildə Amerikada çalışan  qəzetçi Faruk Fenikdir. Amerikadan qayıdan Faruk Fenik M. Altunbayın Almaniyada, Münhendə olduğunu öyrənir və əski dostu ilə görüşməyi qərara alır. Hadisələrin gedişinin belə təsviri elə təəssürat yaradır ki, sanki müəllif mətləbdən- kommunizmi tənqid mövzusundan  uzaqlaşıb. Əslində, belə deyildir və tam tərsi, M.Altunbay Faruk Feniki də məqalənin süjetinə daxil etməklə toxunduğu problemin daha dərindən və əhatəli çatdırılması məqsədini güdür: “Faruk Feniklə olan dostluğumuz mənim kommunist əsarətindən qaçaraq ana vətən Türkiyəyə gəldiyim ilk günlərdə olmuşdur.”  Müəllif sonra Faruk Feniklə günü-gündən möhkəmlənən dostluq münasibətlərindən, ölkənin rəhbər şəxslərinin, çox sayda generalları və qəzetçilərinin də iştirak etdiyi tədbirlər zamanı unudulmaz görüşlərindən bəhs edir: “Çox çəkmir ki, onunla yalnız sadə bir dostluq deyil, ideya, fikir və məfkurə yoldaşı olduq. Bəzən günlər və saatlarla kommunizm məhkumu millətlərin işgəncə və əsarət altındakı həyatları haqqında dərdləşirdik. Söhbətlərimizin əsas mövzusu bunlar olurdu.O, bizim hürriyyət və qurtuluş davamıza mənim qədər və hətta məndən daha çox xidmət etmək istəyirdi. Mən onun  mütəmadi şəkildə təşviq və təkidi ilə xatirələrimi yazmağa başlamışdım.” M.Altunbay pilot peşəsinə sonsuz maraq göstərən  Faruk Feniklə birgə uçuşlarından, Türkiyədə “Göy-Tur” adlı birgə  ilk özəl hava nəqliyyat şirkəti yaratdıqlarından və s. söz açdıqdan, bütün varlığı ilə kommunizmə nifrət edən dostunu oxucuya tanıtdıqdan sonra “təkrar əsl qayəyə dönək”-yazaraq mövzunu davam etdirir.

      
Faruk Fenikin “Bu gecə əylənək, musiqi dinləyək və dörd illik dostluq həsrətinin acısını çıxaraq”- təklifinə M.Altunbay  “ Haqlısan, amma bu gecə sənin arzu etdiyin kimi əylənməyimizə imkan yoxdur. Çünkü bu gecə kommunizm  məhkumu millətlərin Münhendə yaşayan və eyni zamanda da öz məmləkətlərinin qurtuluş və hürriyyəti uğrunda mücadilə edən mənsubları bir araya toplanaraq qardaşcasına əylənəcəklər.Biz də bu qardaş toplantısına getməliyik”- deyə cavab verir. Məqalə müəllifi dostuna bu gün “dəmir pərdə” arxasında insan haqlarını çeynəyən kommunizmin məhkumu olan millətlərə sovet rejiminin yalanlarını ifşa etmək və dünyada baş verən hadisələri olduğu kimi çatdırmaq məqsədi ilə təsis edilmiş “Azadlıq” radiosunun yaradılmasının yeddinci ili münasibətlə təşkil olunan tədbirə dəvətli olduğunu da bildirir.  M. Altunbay “məhkum millətlərin dostu, hürriyyət aşiqi”  Faruk Feniklə birlikdə tədbirə qatıldığını yazır,  “əsir məmləkətlərin övladları”nın iştirak etdiyi mərasim haqqında geniş məlumat verir. Publisist məqaləsini kommunizmin iflasa uğrayacağına, xalqların azadlığa qovuşacağına  inam və ümidlə bitirir: “Hürriyyət insan rununun ölməz bir idealıdır. Insanlığın ən gözəl ifadəsi hürriyyətlə əlaqəlidir. Dünya qurulduğundan bəri insanlıq müqəddəs idealın gerçəkləşməsi uğrunda mücadilə etmiş və etməkdədir. Tarixin ən zalım və ən dəhşətverici ölümləri insanların qəlbindəki hürriyyət atəşini əsla söndürə bilməmişdir”.

     
Deyilənləri yekunlaşdıraraq bu qənaətə gəlmək olar ki, M. Altunbayın sovet rejimi və kommunist ideologiyasının tənqidinə həsr etdiyi digər publisistik nümunələr kimi  bu yazı da əvəzsiz nemət olan istiqlal fikri, ideyası, məfkurəsi ilə yoğrulmuş müqəddəs hisslərin vəhdətindən doğan, eyni zamanda işğal və istibdad rejiminə qarşı nifrəti daha qabarıq,  əhatəli  çatdırmaq niyyəti ilə qələmə alınan məqalədir.


22.02.2021


Abid Tahirli 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq