Modern.az

Baş Prokurorluqdan Rövşən Əkbərovla bağlı yeni açıqlama - Qətlin TƏFƏRRÜATI

Baş Prokurorluqdan Rövşən Əkbərovla bağlı yeni açıqlama - Qətlin TƏFƏRRÜATI

17 Mart 2021, 12:12

Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi ölkəmizə göndərilib:

 

“Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib. Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31 may 2001-ci ildən 1 iyun 2001-ci ilə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

15 mart 2021-ci ildə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə ittiham elan edilib. Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu