Modern.az

Qanunları pozan, büdcəni talayan MƏMURLAR...

Qanunları pozan, büdcəni talayan MƏMURLAR...

İqtisadiyyat

18 Mart 2021, 11:49

“Əvvəllər nəzarətsizlik olduğu üçün özbaşınalıqlar baş alıb gedirdi. Amma indi qaydalar dəyişib və heç bir güzəştdən söz gedə bilməz”.


Bu sözləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə qanunları pozan vəzifəli şəxslər barədə danışarkən deyib:


O, verilən qərarlara nəzarətin gücləndiyini bildirib:


“Hazırki vəziyyətdə mən hesab edirəm ki, məmurlar həbs olunan vəzifəli şəxsləri gördükdə özlərinə nəticə çıxarmalıdırlar. Çünki artıq zaman, tələb və cənab Prezident tərəfindən də qoyulan tələblərin icrasına olan nəzarət də dəyişilib. Əvvəllər nəzarətsizlik olduğu üçün özbaşınalıqlar baş alıb gedirdi. Amma indi qaydalar dəyişib və heç bir güzəştdən söz gedə bilməz.

Həm vəzifəli şəxslər, həm də onlarla əlbir olan iş adamları da var ki, bəzi qanunsuzluqlara yol veriblər. Dövlət büdcəsindən ayrılan vəsaitlərin, cənab Prezidentin əmri ilə yeni iş yerlərinin açılması üçün ayrılan maliyyənin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi təbii ki, ağır cinayətdir”.


Hüquqşünas dövlət büdcəsini talan edən Rasim Məmmədovdan misal çəkib:


“Məsələn, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədovu misal göstərək. Uzun illərdir insanlar, sahibkarlar bu Şurada özbaşınalığın, inhisarçılığın, mənimsənilmənin olmasından şikayət edirdi. Şuranın sədrinə cinayətlərinin davam etdirməsi üçün çox imkan yaradıldı. Amma sonunda tutuldu.

Mən istərdim ki, harada qanunsuzluqlar baş verirsə, həmin andan qarşısı alınsın. Əks halda, daha çox mənimsənilmə baş verir. Belə hesab edirəm ki, hüquq-mühafizə orqanlarında aparılan islahatlardan sonra bu hallara qarşı barışmaz mövqe nümayiş etdirildi. Biz görürük ki, tez-tez həm Dövlət Təhlükəsizlik Xidməti, həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən belə insanlara qarşı əməliyyatlar keçirilir. Bunlara baxmayaraq, hələ də bəzi məmurlar olanlardan dərs çıxarmayıb və indi də yerlərdə rüşvət alma halları müşahidə olunur”.



Ç.Qənizadə insanların qanundan çox həbsdən qorxduğu üçün qaydalara əməl edəcəklərini qeyd edib:


“Bu mübarizə davam etdikcə, belə hallar azalacaq. İnsanlar qanuna hörmətdən daha çox həbs olunma qorxusundan bütün qaydalara əməl edəcəklər.

Ümid edirəm ki, belə insanlarla mübarizə öz müsbət nəticəsini göstərəcək. Düzdür, dünyanın hər yerində korrupsiya, rüşvət alma halları var. Amma, bu həddindən çoxdursa və cəzasızlıq varsa, dövlətin onurğa sütununu sarsıdan amillərdən biridir.

Mən hüquqşünas kimi həmin şəxslərə dayanmaqlarını məsləhət görürəm. Başa düşməlidirlər ki, onlar Prezident tərəfindən etimad göstərilmiş insanlardır. Tamahlarına sahib çıxmağı bacarmalı, Prezidentin tapşırıqlarına əməl etməlidirlər. Əks halda, cənab Prezidentin və Azərbaycan qanununun “domokl qılıncı” başlarının üstündə olacaq”.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi