Modern.az

Tarixçi-alim: “Sovet İttifaqına təhvil verilən azərbaycanlıları çox acı aqibət gözləyirdi” - AÇIQLAMA

Tarixçi-alim: “Sovet İttifaqına təhvil verilən azərbaycanlıları çox acı aqibət gözləyirdi” - AÇIQLAMA

5 Sentyabr 2012, 18:19

“İkinci Dünya Müharibəsində Türkiyəni Sovet İttifaqına qarşı müharibəyə qatmaq istəyirdilər. Lakin Türkiyə bitərəf ölkə idi. Müharibə ərəfəsində Azərbaycandan Türkiyəyə keçmək istəyənlər çox olub. Ancaq Türkiyə hökuməti SSRİ ilə münasibətləri daha da korlamamaq üçün həmin şəxsləri qəbul etmirdi”. Bu sözləri Modern.az-a açıqlamasında tarix elmləri doktoru, professor Musa Qasımlı “Boraltan faciəsi” haqqında deyilənləri şərh edərkən qeyd edib.

Onun sözlərinə görə İkinci Dünya Müharibəsi illərində Türkiyə ilə Sovet İttifaqı arasında münasibətlər xeyli gərginləşmişdi. “Türkiyə SSRİ ilə 1921-ci il 16 mart tarixində imzalanmış “Moskva” müqavilənin şərtlərinə daim əməl edirdi. Sovet İttifaqı Türkiyəyə qarşı ərazi iddialarına başladıqdan sonra azərbaycanlıların, antisovet qüvvələrin, o cümlədən Məmməd Əmin Rəsulzadənin ölkəyə gəlməsinə icazə verilib”.

Musa Qasımlı bildirib ki, Araz çayından keçərək Türkiyəyə getmək faktları çox olub. Ancaq tarixçi alim İnönü hökumətinin kütləvi şəkildə azərbaycanlıları geri qaytarmasına dair onda məlumat olmadığını vurğulayıb. “Bildiyimə görə, ayrı-ayrı şəxslər geri qaytarılıb. Amma kütləvi şəkildə azərbaycanlının geri qaytarması ilə bağlı məndə arxiv materialı, ilk mənbə təəssüf ki, yoxdur. Ancaq qeyd edim ki, Sovet İttifaqına təhvil verilən azərbaycanlıları isə çox acı aqibət gözləyirdi”.

Azərbaycanlıların Türkiyədəki mühacirət dövrünü geniş araşdıran Musa Qasımlı bildirib ki, 1920-ci ildə Türkiyəyə mühacirət edən azərbaycanlılara türk xalqı qucaq açdı. “Onların bir qismi əsasən İstanbulda toplanmışdı. Türkiyə Böyük Millət Məclisi hökuməti 1920-ci ilin aprelində qurulduqdan sonra onlar Ankaraya köçmək istəsələr də Atatürklə Lenin isti münasibətləri olduğundan türk hökuməti onların bir qisminin Ankaraya gəlməsinə icazə vermədi. Eyni zamanda Rusiya ərazisində olan Ənvər paşa, Camal paşanı da Lenin qəbul etmədi, qorxdu ki, Mustafa Kamal paşanın acığına gələr. Sovet-türk münasibətlərində 1921-ci il martın 16-da imzalanmış müqaviləyə görə tərəflər ərazilərində bir-birinə düşmən olan qruplaşmaları saxlamayacaqdılar, onların fəaliyyətini qadağan edəcəkdilər. Buna görə də bu məsələlər sovet-türk münasibətlərində daim müzakirə edilib”.

M. Qasımlı qeyd edib ki, sovet nümayəndə heyəti daim Azərbaycan mühacirəti ilə bağlı məsələləri qaldırıb, onlara yardımın kəsilməsinə tələb edib və ölkə ərazisindən çıxarılmağı tələb edib. “Hətta 20-ci illərin sonlarında Türkiyədə kənd təsərrüfatı sərgisi var idi. Sovet rəhbərliyi bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə ölkədən çıxarılmayınca Sovet nümayəndə heyəti həmin sərgidə iştirak etməyəcək. Və hökumətin qərarı ilə Məhəmməd Əmin Rəsulzadə Türkiyədən çıxarıldı”.

Tarixçi alim Atatürkün ölümündən sonra sovet-türk münasibətlərində tədricən geriləmə başladığını bildirib. “Əvvəlcə ehtiyatlılıq, sonra soyuqluq, sonra durğunluq dövrü başladı. Stalinqrad döyüşünə qədər Stalinin Türkiyəyə münasibəti mülayim idi. Stalinqrad döyüşündə qələbə qazandıqdan sonra Stalinin təkəbbürlüyü artdı və artıq Molotov Türkiyənin Moskvadakı səfiri Səlim Sarferə bildirdi ki, “bizim birlikdə addımlamağımızın zamanı gəlib çatmamışdır”. Sonrakı dövrdə sovet ittifaqı ermənilərin və gürcülərin vasitəsilə Türkiyəyə torpaq tələbləri sürdü. Kazım Qara Bəkir paşa Türkiyə Böyük Millət Məclisində çıxış etdi, tələblər rədd edildi. Ondan sonra Azərbaycan mühacirətinin görkəmli nümayəndələrinin Türkiyəyə gəlməsinə icazə verildi”.

Qeyd edək ki, bu gün Türkiyənin baş naziri RəcəbTayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışı zamanı 1945-ci ildə Türkiyəyə sığınmaq üçün gələn 146 azərbaycanlının yenidən geri qaytarılması və Stalin hökuməti tərəfindən güllələnməsi faktını açıqlamışdı.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir