Modern.az

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı  

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı  

İqtisadiyyat

19 Mart 2021, 11:20

Azərbaycan Mərkəzi Bankının (AMb) İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, uçot dərəcəsi 6,25%, dəhlizin aşağı həddi 5,75%, yuxarı həddi isə 6,75% səviyyəsində saxlanılıb.

 

Bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilib. Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir. Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın AMB-nin hədəf dəhlizi daxilində qalacağını göstərir.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf parametrləri ilə müqayisəsi, ortamüddətli proqnoz horizontunda risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

 

İnflyasiya prosesləri

 

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalıb. Rəsmi statistikaya görə istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1,6%, ötən ilin fevralına nəzərən 4,2% artıb. İnflyasiya ilk növbədə dünya əmtəə qiymətlərinin və bəzi inzibati qiymətlərin yüksəlməsi kimi xərc amillərindən təsirlənib. Qeyri-ərzaq məhsullarının və xidmətlərin bahalaşmasının inflyasiyada rolu nisbətən artıb.

 

Qiymətləri dövlətin tənzimlədiyi məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-fevral aylarında 2,1% təşkil edib.

 

İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor müəssisələri üzrə monitorinq nəticələrinə görə fevralda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət və xidmət sektorlarında sabit qalıb. Qeyri-neft sənayesində inflyasiya gözləntisi yanvardakı artımın ardınca nisbətən azalıb. Tikinti sektorunda isə qiymət gözləntisinin azalma meyli davam edib.

 

Martda yenilənmiş proqnozlara görə mövcud pul siyasəti nəzərə alınmaqla inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapozonunda formalaşacağı gözlənilir.

 

Xarici sektor

 

Xarici şərtlərin milli iqtisadiyyata və ölkədəki inflyasiya proseslərinə təsirləri müxtəlifdir.

 

Dünya bazarında neftin qiymətində artım meyllərinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir. OPEC+ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələyib. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırıb.

 

Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6,9%, son 12 ayda 16,7% yüksəlib. Ən yüksək illik bahalaşma yağ (51%) və un məhsulları üzrə (26,5%) qeydə alınıb. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilib.

 

Qlobal iqtisadiyyatda, o cümlədən tərədaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axını vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.

 

Ötən toplantıdan bəri ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarında vəziyyət stabil olub. Bu ölkələrin əksəriyyətində pul siyasətinin yumşaldılması dayandırılıb.

 

İqtisadi aktivlik

 

2021-ci ilə iqitisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır. Rəsmi rəqəmlərə görə 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanıb. Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12,1%, kənd təsərrüfatında 2,3%, nəqliyyat və anbar təsərrüfatında isə 10,9% artım müşahidə olunub.

 

Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olub. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınıb.

 

Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcək.

 

Monetar şərait

 

Ötən iclasdan bəri monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş verməyib.

 

Pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. İlin əvvəlindən pul bazasının azalması müvəqqəti xarakter daşıyır və büdcə profisiti ilə əlaqədardır. İlin qalan dövründə bu profisitin kəsirlə əvəzlənməsi pul bazasının artımı ilə müşayiət olunacaq.

 

Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlilik cüzi yüksəlib, AMB-nin notları üzrə gəlirlilik isə dəyişməyib. Banklararası bazarda faizlər, eləcə də kredit və depozitlər üzrə faizlər əsasən sabit qalıb. İnflyasiyanın artımı fonunda nominal faizlərin dəyişməz qalması real faizlərin azalması deməkdir.

 

İqtisadiyyata kredit qoyuluşlarında artımın bərpası başlayıb. Yanvar-fevral aylarında bank sistemi üzrə kredit qoyuluşları 0,6%, o cümlədən biznes kreditləri 0,6%, ipoteka kreditləri 3,2% artıb. İstehlak kreditləri 0,7% azalıb. Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcək.

 

Valyuta bazarında sabitlik inflyasiya gözləntilərinin sabit qalmasının başlıca şərtlərindəndir. Keçirilən valyuta hərraclarında tələbin həcmi fevral-mart aylarında yanvar ayı ilə müqayisədə əhəmiyyətli az olub.

 

Risklər balansı

 

İnflyasiyanın risklər balansında ötən iclasdan bəri nəzərəçarpacaq dəyişiklik baş verməyib. Ortamüddətli proqnoz horizontunda inflyasiyaya azaldıcı və artırıcı təsir edən amillər bir-birini tarazlamaqda davam edir.

 

Beynəlxalq konyunkturun yaxşılaşması, xüsusən də neftin qiymətinin yüksəlmə meyli əsas siyasət lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Pandemiya dövründə bəzi məhsul və xidmətlər üzrə yaranmış yeni istehlak davranışlarının mümkün davamı da ortamüddətli dövrdə ayrı-ayrı sahələrdə qiymət artımını məhdudlaşdıra bilər.

 

Məcmu tələbin və iqtisadi aktivliyin inflyasiyaya məhdudlaşdırıcı təsiri tədricən aradan qalxmaqdadır. Dünya ərzaq bazarında qiymətlərin artım meyli və inzibati qiymətlərin yüksəlməsi kimi xərc amilləri inflyasiyaya artırıcı təsir göstərməkdədir.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, baza inflyasiyanın dinamikası, proqnoz horizontunda iqtisadi aktivliyin bərpası prosesləri nəzərə alınmaqla qəbul ediləcək. Makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin yumşaldılması prosesinin davam etdirilməsi imkanları qiymətləndiriləcək.

 

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrləri barədə növbəti qərarını aprelin 30-da ictimaiyyətə açıqlayacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir