Modern.az

Deputatlardan əfv olunanlara vacib TÖVSİYƏ

Deputatlardan əfv olunanlara vacib TÖVSİYƏ

19 Mart 2021, 13:06

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Dünən imzalanmış sərəncanla ümumilikdə 625 nəfər əfv olunub.

Modern.az budəfəki əfv sərəncamı ilə bağlı bir neçə deputatın fikrini öyrənib.


Fazil Mustafa bildirib ki, əfv ümumi olaraq prezidentin səlahiyyətinə aiddir və bu sərəncamdan sonra insanlar hər hadisədən ibrət götürməlidirlər:

“Əfv olunan şəxslərə şans verilir ki, öz hüquqlarını gerçəkləşdirsinlər. İnsanların çoxu buna müsbət reaksiya versələr də, bəzi istisnalar da olur. Uzun müddət həbsdə olanların azad edilməsi hüquqda ən vacib məsələrdən biridir, insanlara növbəti şans verilir. Əfvdən yararlanan keçmiş məhkumlar daha diqqətli, həyatlarını yenidən məhv etmədən yaşamağın yollarını tapmalıdırlar. Bir daha həbsxanaya qayıtmamaq üçün öhdəlikləri olmalıdır. Biz əfv komissiyasının üzvləri olaraq 1 ay müddətində çox ciddi işlər gördük və çalışdıq ki, obyektiv, qərəzsiz qərarlar verilsin. Bu əfvə kimin haqqı çatırsa, kim layiqdirsə, prosesin içində yer aldı”.

Məlahət İbrahimqızının sözlərinə görə, dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları indiyədək on minlərlə insana sevinc bəxş edib:

“Ötən il COVID-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi də dövlətin humanist siyasətinin əyani təzahürü idi. Budəfəki əfv sərəncamı isə şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Dövlət başçısı humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb. Sərəncam ümumilikdə 625 məhkuma şamil edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98-nin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 nəfərin cəzası 25 ilə endirilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Bu, Novruz Bayramı ərəfəsində minlərlə ailənin, on minlərlə insanın sevinci deməkdir. Cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirəcək. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımına yüksək dəyər verir. Bu, eyni zamanda həm ictimai, həm milli, həm də siyasi həmrəyliyi gücləndirir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Hesab edirəm ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər”.

Musa Quliyev əfv sərəncamının həmrəliyimizi artıran, insanlara humanizmi aşılayan çox mühüm bir akt olduğunu söyləyib:

“Prezident bu günə qədər 30-dan çox əfv sərəncamı imzalayıb və bu sənədlər nəticəsində 8 minə yaxın insan azadlığa çıxıb. Bu qərarlar Azərbaycanın necə humanist bir dövlət olduğunu göstərir. Hər bir insanın həyatında səhvlər olur, bu səhvlər bəzən cinayətə gətirib çıxarır, amma əsas odur ki, insan o səhvini başa düşür və etiraf edir, artıq onun doğru yolda olduğu müəyyən olunur. Bu cür hallarda ölkə başçısının humanizminin onlara şamil olunmasıda cəmiyyətimizi sevindirir. Bu cür addımlar cəmiyyətdə humanizmi, birliyi, dövlət başçısına inamı artıran addımlardır.
Bayram öncəsi əfv sərəncamının imzalanması  ailələr üçün ikiqat sevincdir. Həmin insanlara və onların ailələrinə arzularımız odur ki, artıq onlar səhflərini başa düşsünlər, bundan sonra ailələri üçün, cəmiyyətimiz üçün faydalı insanlar olsunlar. Qanunlar çərçivəsində yaşayıb fəaliyyət göstərməlidirlər. Başa düşsünlər ki, azadlıqdan böyük nemət yoxdur və azadlıqlarının dəyərini bilsinlər”.


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir