Modern.az

Siyasi partiyaların “ağrılı məsələsi” - üzvlük haqqı: kim daha çox yığa bilir?

Siyasi partiyaların “ağrılı məsələsi” - üzvlük haqqı: kim daha çox yığa bilir?

Ölkə

6 Sentyabr 2012, 12:52

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti, xüsusən də müxalif yönlü partiyalar dövlət büdcəsindən maliyyələşmədiyi üçün daha çox üzvlük haqqı və ianələr hesabına yaşadıqlarını bildirirlər. İmkanlı iş adamları da bəlli səbəblərdən partiyalara dəstək verməkdən çəkinirlər.
Bu baxımdan ciddi maliyyə sıxıntısı olan siyasi qurumlar bəzən öz işçi personalının əmək haqlarını ödəməkdə çəkinlik çəkir, bəzən də aylarla işçilərin maaşlarını verə bilmir. Təbii ki, bu da partiyaların fəaliyyətlərinə mane olan ünsürlərdəndir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna edilən əlavəyə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin gələn ildən veriləcək.
Həmin vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional (mütənasib) olaraq bölünəcək. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünəcək.

Modern.az-ın əməkdaşı siyasi partiyalar arasında sorğu apararaq aylıq üzvlük haqlarının nə qədər olduğunu öyrənməyə çalışıb.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) üzvlük haqqı ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, bu partiyada üzvlük haqqı partiya üzvlərinin aylıq gəlirlərinin 1 faizini təşkil edir. Ən son statistikaya görə, hakim partiya üzvlərinin sayının 575 min 591 nəfər olduğunu nəzərə alsaq, görərik ki, Yeni Azərbaycan Partiyasının ciddi maddi problemləri yoxdur.

Yüz illik tarixi olan Müsavat Partiyası ianə və üzvlük haqqlarının ümidinə qalıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Leyla İlqar  mövzu ilə bağlı Modern.az-a bildirib ki, imkanı olmayan üzvlərdən üzvlük haqqı alınmır.
“Müsavat Partiyasında üzvlük haqqlarının verilməsi də nizamnamə ilə tənzimlənir. Nizamnamədə qeyd edilir ki, Müsavat Partiyasının işləyən üzvləri əməkhaqlarının minimum 1 faizi, işləməyənlər isə minimum əməkhaqqının 1 faizi qədər üzvlükhaqqı verməlidirlər. Amma üzvlük haqqından başqa ianələr də verilir. Üzvlük haqqı verməyə imkanı olmayan üzvlərdən məcburi üzvlükhaqqı almırıq”.

AXCP-də üzvlük haqqı partiyanın ən ağrılı məsələsidir. Belə ki, partiyanın qərargah problemi ilə yanaşı, maddi problemləri də baş alıb gedir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı üzvlük haqlarının partiya üzvlərinin aylıq gəlirlərinin 1 faizini təşkil etdiyini deyib.

Azərbaycan Milli İstiqlal Partiyasında isə aylıq üzvlük haqqı 20 qəpikdir. Partiyadan Modern.az-a bildirilib ki, onlar üzvlük haqlarının məcburi şəkildə yığılmasına qarşıdırlar.
“Biz bu məsələ ilə bağlı partiya üzvlərinin qarşısında belə tələb qoymamışıq ki, aylıq üzvlük haqqı ödəyin. Təbii ki, üzvlərin əksəriyyəti işsizdir,  onların kifayət qədər maddi problemləri var. Bu baxımdan biz qərara gəldik ki, üzvlük haqqını sərbəst edək. İmkanlı üzvlərimiz təbii ki, öz köməkliklərini edirlər”.

Digər Partiyalarda da analoji vəziyyət höküm sürür. Ya partiyalar üzvlük haqlarını vaxtlı-vaxtında yığa bilmir, ya da üzvlərin maddi durumunun aşağı olması buna imkan vermir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!