Modern.az

Ermənistan Qarabağla bağlı sülh danışıqlarından imtina edir

Ermənistan Qarabağla bağlı sülh danışıqlarından imtina edir

Ölkə

6 Sentyabr 2012, 13:22

Düşmən ölkənin parlamentinin qəbul etdiyi rəsmi bəyanat “Madrid prinsipləri”ini rədd edir 

Ermənistan parlamentinin dünənki növbədənkənar iclasının qəbul etdiyi bəyanatda Dağlıq Qarabağ probleminin həlli üçün aparılan beynəlxalq danışıqların pozulmasına rəvac verəcək bəndlər əks olunub. Modern.az bildirir ki, erməni parlamentarilərin səs verdiyi sənəddə göstərilir ki, bundan sonra Dağlıq Qarabağla bağlı status danışıqları heç bir halda aparıla bilməz.

“Ermənilərə qarşı nifrət atmosferinin dövlət səviyyəsində aparılması bu faktı təsdiq edir ki, “Dağlıq Qarabağ Respublikası” heç bir status çərçivəsində Azərbaycanın tərkibində ola bilməz” deyə sənəddə bəyan edilir.  

Bu faktiki olaraq ATƏT-in Minsk Qrupunun  Qarabağ münaqişəsinin həlli üçün  tərəflərə hazırda təklif edilən “Madrid prinsipləri”ndən imtina olunmasıdır.

Azərbaycan prezidentinin eks-müşaviri, Dağlıq Qarabağ danışıqları üzrə keçmiş məsul şəxs Qabil Hüseynli sənədi saytımıza şərh edərkən bildirib ki, bu, danışıqlar prosesinə ciddi zərbə olacaq.

“Ermənistan parlamentinin qəbul etdiyi sənəd Madrid prinsipləri üçün ciddi əngəllər yaradacaq. Amma Madrid prinsiplərinin altında Ermənistanın imzası yatır. Təbii ki, danışıqlar prosesinə ciddi zərbə olacaq. Hesab edirəm ki, parlamentin bu qərarı ilk növbədə danışıqlara böyük əngəl törədəcək. Danışıqlar prosesində bu baxımdan problemlər yaranacaq və proses daha da uzanacaq. Bu, olduqca ciddi məsələdir. Beynəlxalq təşkilatlar, xüsusən də Minsk Qrupu Ermənistana öz etirazını bildirməlidir”, - deyə politoloq vurğulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan parlamentinin qərarı ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, bu, rəsmi İrəvanın “növbəti bəyanatıdır”. 

“Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi olub və olacaq da. Bunu dünya ictimaiyyəti də qəbul edir. Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatların aparılması ilk dəfə deyil. Hesab edirəm ki, Ermənistan parlamentinin qəbul etdiyi bu qanun da rəsmi İrəvanın növbəti bəyanatıdır. Azərbaycan dövləti də heç bir zaman öz torpaqlarının işğal altında qalması ilə barışmayacaq və bu istiqamətdə işimizi davam etdirəcəyik”, - deyə E.Abdullayev bildirib.

Qeyd edək ki, Minsk Qrupunun “Madrid prinsipləri” Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin  həll edilməsi üçün hər iki tərəfə təklif olunan sülh modelidir.
”Madrid prinsipləri” münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur.

Madrid prinsipləri”nə əsasən, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağa daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır.

Bundan sonra regionda bütün kommunikasiyalar açılmalı, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçirilməlidir. Regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir.
Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməlidir.  

Ermənistan parlamentinin son qərarı ATƏT Minsk Qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ prezidentlərinin 2011-ci ilin may ayında imzaladıqları Dovil bəyanatı ilə də ziddir.

“Dovil bəyanatı”nda deyilir ki, 2011-ci ilin martın 5-də Soçidə müzakirə olunan baza prinsiplərinin son versiyası hamı tərəfindən məqbul sayıla biləcək sülh nizamlanması üçün ədalətli və balanslaşdırılmış əsas yaradır.
“Bir daha bildiririk ki, yalnız danışıqlar yolu ilə nizamlanma sülh, stabillik və barışığa gətirib çıxara, regional inkişaf və əməkdaşlıq üçün imkanlar yarada bilər. Biz qəti şəkildə tərəflərin liderlərini öz əhalilərini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq”.

Göründüyü kimi azərbaycanlı zabit Ramil Səfərovla bağlı erməni parlamentinin keçirdiyi isterik iclas rəsmi İrəvan üçün başağrısı yarada biləcək bir sənədin qəbulu ilə yekunlaşıb. İndiki mərhələdə rəsmi Bakının əlinə işğalçı dövləti “parter” vəziyyətinə salmaq üçün yaxşı fürsət keçib: Ermənistan bu qərarla Dağlıq Qarabağ danışıqlarının sülh yolu ilə həllinə tərəfdar olması barədə yaratdığı mifi öz əli dağıdıb. Görünür bu ağılsız qərarın bütün məsuliyyətini başa düşdüyü üçün erməni XİN-in rəhbəri Edvard Nalbəndyan tez-tələsik rəsmi İrəvanın sülh danışıqlarını davam etdirəcəyi barədə yarımçıq bir bəyanat verməli olub. İndi söz ATƏT-in Minsk Qrupunundur. 

Xaqani SƏFƏROĞLU
Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü