Modern.az

Bizim əsgər: “İki dəfə Kəlmeyi-şəhadətimi oxudum” - MÜSAHİBƏ

Bizim əsgər: “İki dəfə Kəlmeyi-şəhadətimi oxudum” - MÜSAHİBƏ

Müsahibə

22 Mart 2021, 08:33

Modern.az saytında “Bizim əsgər” rubrikasında növbəti müsahibimizi təqdim edirik. Bu dəfə Vətən müharibəsinin qazisi və hazırda da həqiqi hərbi xidmətinə davam edən əsgər Mirhüseyn İlham oğlu Ələkbərli ilə söhbətləşmişik.


- Mən Mirhüseyn Ələkbərli 5 iyul 2001-ci il tarixində Bakıda anadan olmuşam. Lənkəran “hərbi komissarlığı” tərəfindən həqiqi hərbi xidmətə çağırılmışam. 9 iyul 2019-cu il tarixində vətənə olan borcumu yerinə yetirməyə getmişəm. Hazırda da N saylı hərbi hissədə xidmətə davam edirəm.

- Bəs Vətən müharibəsinə qatılmağın necə oldu?

-
Tərxis olunmağıma iki ay qalmışdı, müharibə başladı və biz Murov istiqamətində yola düşdük. Murovda bir müddət Buzluq kəndində olduq. Ondan sonra Cəbrayıla gəldik və bir gün orada qaldıq. Sonra isə hücuma keçdik. Üç gün Cəbrayılda döyüşdük. Gecələr dağlarda növbə ilə yatmaq şərti ilə hər gün irəli gedirdik. Beləcə bir də ayıldıq ki, artıq Qubadlıdayıq. Qubadlıda da xeyli döyüşdük və Laçına daxil olduq. Laçında yaralandım.


- Aldığın xəsarət ağır idi?

- Sağ çanaq sümüyümdən yaralanmışdım. Mənə 7-62 millimetrlik snayper gülləsi dəymişdi, indi də bədənimdədir. Güllə çanaq sümüyümü dəlib oradan onikibarmaq bağırsağıma daxil olmuş, sidik kisəsini cırıb çıxdıqdan sonra isə sol budumda ilişib qalıb. Buna “gəzən güllə” də deyirlər. Onikibarmaq bağırsağımdan 30 sm kəsilib. Sidik kisəm demək olar ki, cırıq-cırıq idi, həkimlər onu çox çətinliklə tikib birləşdirdilər. Güllə hazırda budumda çox riskli yerdədir və ona görə də həkimlər bildirdilər ki, onun çıxarılması üçün əməliyyat çox risklidir, ömürlük şikəst qala bilərəm. Yəqin ki, ömrümün sonuna kimi bu gülləni qıçımda daşımalı olacağam.


- Bəzən döyüşdə ağır yaralanan əsgərlər aldıqları hər nəfəsi sonuncu imiş kimi yaşayıblar. Səndə də bu cür hallar oldumu?


- Yaralanandan sonra əsgər yoldaşlarım məni döyüş meydanından çıxardılar. Daxili orqanlarım çox zədələnmişdi deyə məni daşıyanda dözülməz ağrılar verirdi. Ona görə əsgərlərə dedim ki, məni qoyun yerə, gedin o biri yaralıları çıxarın, onsuz da öləcəyəm. Dedim ki, icazə  verin rahat ölüm. Ağrı çəkə-çəkə ölmək istəmirdim. Amma onlar buna imkan vermədilər. Çox böyük çətinliklə məni döyüş meydanından çıxardılar. İki dəfə Kəlmeyi-şəhadətimi də oxudum, lakin görünür hələ qismətimdə ölüm yox imiş. Allah belə məsləhət bilib.


- Ailə üzvlərin Vətən müharibəsində yaralanmağını necə qarşıladılar?

- Valideynlərim yaralandığımı biləndə mən Qubadlıda hospitalda idim və ilk əməliyyatdan çıxmışdım. Həkimdən telefon istədim, evə zəng vurub dedim ki, ayağımdan zədələnmişəm, amma çox yaxşıyam, narahatçılığa əsas yoxdur. Evdən hay-küy və ağlamaq səsləri eşitdim. Sağollaşdıqdan sonra isə həkimlər gördülər ki, vəziyyətim çox ağırdır, məni Bakıdakı Hərbi Hospitala göndərdilər. Qubadlıdan Bakıya gələrkən yolda dayıma zəng edib dedim ki, növbəti əməliyyat üçün paytaxta aparılıram. Dedim ki, bunu valideynlərimə bildirməsin, çünki onların narahat olmasını istəmirdim.
Ölsəydim də qəm yeməzdim. Çünki torpaqlarımızın azadlığı uğrunda ürəklə döyüşmüşdüm və həyatımı itirməyi gözə almışdım.


- Müharibə yaddaşında hansı izlər buraxıdı?..

- Müharibədə yadımda qalan əsas məqam odur idi ki, biz döyüşlərə gülə-gülə getmişik. Sağımıza, solumuza güllələr yağırdı. Dayanmadan minamyot mərmiləri atılırdı, amma biz heç nədən qorxmur, rahat döyüşürdük. Bəzi döyüş sirləri var ki, onları açıqlamaq olmaz. Çünki müsahibəmizi dost da oxuyacaq, düşmən də.
Xoşbəxtəm ki, müqəddəs Qarabağ torpaqları uğrunda döyüşdüm. Bu torpaqların azad edilməsi mənim qan yaddaşımda silinməz izlər buraxıb. Yadımdadır, məktəbdə oxuduğum zaman müəllimlərim mənə işğal altında olan rayonların adlarını və işğal tarixlərini əzbərlətdirirdilər. O zaman düşünürdüm ki, mən böyüyüyüb o torpaqlar uğrunda döyüşəcəyəm. O gün gəlib yetişdi. Mən çiynimi Qarabağ torpağına söykəyib o dağların havasını udanda hiss edirdim ki, məni bu vətən torpaqlarından ancaq ölüm ayıra bilər. İki dəfə Kəlmeyi-şəhadətimi oxuyanda xatırladım ki, mən uşaqkən məktəbdə ancaq xəritədən toxuna bildiyim torpaqlardayam və onun azadlığı uğrunda döyüşürəm.
Cəbrayıl, Fizuli, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Döyüşdə göstərdiyim şücaətlərə görə cənab Ali Baş Komandan tərəfindən dörd medalla təltif olunmuşam.


- İndi özünü necə hiss edirsən? Ağrıların çoxmu olur?

- İndi gəzə bilirəm, amma ayağımda ağrılar olur. Bəzən ayağımı yerə tam basanda dözülməz, şiddətli ağrılar olur, lakin düşünürəm ki, bunlar zamanla keçəcək. Əsas odur ki, biz vətənimizin ərazi bütövlüyünü bərpa etməyə nail ola bilmişik. Mənim ən böyük arzum tez bir zamanda sağlamlığımı bərpa edib hərbi xidmətimə davam etmək idi.
Martın 6-sından hərbi xidmət yerinə gəldim. Hardasa 4-5 gün sonra səhhətim pisləşdi və hal-hazırda hərbi hospitalda müalicə alıram.


- Son olaraq “Əsgər salamı”nı eşidək.

- Bu gün Vətənimin ərazi bütövlüyünü qoruyan əsgərlərimizi salamlayır və onlara möhkəm olun deyirəm. Onlar unutmasınlar ki, indi sərhədlərini qoruduqları torpaqlarımız uğrunda bəzi əsgərlərimiz canını, bəziləri isə qolunu, qıçını və gözlərinin nurunu itirib.
Əziz əsgərim, bu gün qıçımda daşıdığım güllə hər dəfə ayağımı torpağa basanda mənə bu torpağın canım qədər dəyərli olduğunu yada salır. Mən o gülləni həyatımın sonuna kimi Vətən müharibəsinin nişanəsi, kişilik və qeyrət simvolu kimi daşıyacağam. Hər dəfə ayağımı yerə basanda aldığım ağrıyla torpağımın necə dəyərli, xalqımın necə cəfakeş və qüdrətli olduğunu anlayacağam.
Hazırda hərbi xidmətdə olan bütün əsgərlərimizə Vətən torpağını və başımız üstündə dalğalanan üçrəngli bayrağımızı canları bahasına qorumaqlarını tövsiyə edirəm.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə dözüm, səbr və can sağlığı diləyirəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir