Modern.az

Lirə dəyər itirməkdə davam edir - Azərbaycanda türk malları ucuzlaşacaq

Lirə dəyər itirməkdə davam edir - Azərbaycanda türk malları ucuzlaşacaq

İqtisadiyyat

23 Mart 2021, 11:20

“Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər”. 

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov türk lirəsinin ucuzlaşmasının Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə təsirindən danışarkən bildirib.

 

Deputat qeyd edib ki, lirə dəyər itirməkdə davam edərsə, Türkiyə məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq:

 

“Xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər”.

 

Parlamentarinin sözlərinə görə, Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır:

 

“Nəzərə alsaq ki, Türkiyə iləAzərbaycan arasında ticarət dövriyyəsi 2020-ci lldə 4,5 milyard dollara yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 30 %-a yaxını Türkiyə bazarına yönəlib.

 

Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard dollarlıq müsbət saldoya malikdir. Həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac və idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 

 

2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacağı proqnozlaşdıırlır. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir”.

 

V.Bayramov qeyd edib ki, lirənin ucuzlaşmasının manatın məzənnəsinə təsirləri gözlənilmir:

 

“Manatın məzənnəsi Mərkəzi Bankın qəbul etdiyi qərarlardan birbaşa asılıdır. Ona görə də növbəti dövrlərdə milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bankın rolu və qərarları həlledici olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı