Şəhid Arəstə Baxışovanın ailəsi yaşayan evə qaz çəkilib.
"Azəriqaz" İstehsalat Birliyindən (İB) Modern.az-a verilən məlumata görə, Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır:
"Evlərində bu günədək təbii qazdan istifadə etməyiblər. Evi yalnız elektrik enerjisi ilə, çətinliklə də olsa, isitməyə çalışıblar. Onlar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməsə belə, ailənin razılığı alındıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb".
Rəsmi məlumata görə, Arəstə Baxışova Vətən Müharibəsində şəhid olan ilk qadın hərbiçidir:
"Noyabrın 24-də yaralı hərbiçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib. Arəstə Baxışovanın Zəhra və Mərdan adlarında iki övladı qalıb. Arəstə sentyabrın 27-də başlayan döyüşlər zamanı hərbiçilərə tibbi yardım göstərilməsi üçün cəbhəyə yollanır. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edir. Anasına döyüşlərin ən qızğın yerlərində olduğunu heç vaxt bildirmir. Hamı elə bilir ki, Arəstə hərbi hospitalda yaralı əsgərlərə tibbi xidmət göstərir. Ordumuzun zabitləri oktyabrın 24-də Arəstənin anası Məktubə Baxışovaya zəng edərək “bağışla ana, bacımızı qoruya bilmədik” xəbərini verirlər. Qızının şəhid olmasına hələ də inana bilməyən ana özü dərhal cəbhə zonasına yola düşür".