Modern.az

""AST Telman"ın ad gününə çağırdılar, getmədim” - MÜSAHİBƏ

""AST Telman"ın ad gününə çağırdılar, getmədim” - MÜSAHİBƏ

Müsahibə

7 Sentyabr 2012, 10:34

Muğam müsabiqəsinin qalibi Elməddin İbrahimov: “Mən “Qarabağ şikəstəsi”ni oxuyanda qaradərili insanlar ağlayırdılar”


Modern.az-
ın budəfəki müsahibləri Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən (2007-ci il) Muğam müsabiqəsinin qaliblərindən biri Elməddin İbrahimov və onun bu sənəti seçməsində hədsiz zəhməti olan anası Esmira İbrahimovadır.

Qeyd edək ki, müsabiqəyə qatılarkən E.İbrahimov 10 yaşında idi. 13 yaşından sonra keçid dövrü ilə əlaqədar oxumağı dayandıran yeniyetmənin hazırda 16 yaşı var və hələ də oxumamaq yasağına əməl edir.

– Neçə yaşından başlamısan oxumağa?

Elməddin İbrahimov:– Hələ lap uşaqlıqdan oxuyuram . Gəncədə Sərdar müəllimin yanına aparılanda 4 yaşım var idi. 5 yaşıma keçəndə artıq “Mənsuriyyə”ni, “Qarabağ şikəstəsi”ni, hamısını bilirdim. Daha sonralar da çoxlu tədbirlərə gedirdim. Həmişə də yaxşı mükafatlarla qiymətləndirilirdim.

– Ailədə musiqi istedadı yalnız Elməddindədir?

Esmira İbrahimova: – Nəsildə yoxdur. Amma özüm pianoçuyam. Musiqini sevsəm də, özümün muğama həvəsim yox idi. Elməddinin iki bacısı var. Onların heç biri hələ o pianonun ağzını açmayıblar. Musiqiyə gərək həvəs olsun. 

- Muğam musabiqəsinə yolunuz necə düşdü?

Esmira İbrahimova: – Televiziya elanından gördüm. Tez-tələsik Elməddinin sənədlərini yığdım getdim. Apardım Gəncədə mədəniyyət şöbəsinə verdim. Şöbənin müdir müavini Bəxtiyar müəllim dedi ki, "vallah inanıram". Dedim, yox, bu, Heydər Əliyev Fondu tərəfindən keçirilir, Elməddin də qatılacaq. 30 uşaq arasından 3 nəfər seçilmişdi, onlardan biri Elməddin idi. Bakıda isə 500 adam qatılmışdı müsabiqəyə. Onların içərisindən 160-ı seçildi. Sonra 20-liyə seçildi. Elməddinin adı 14-cü çəkiləndə qulağıma inanmadım.

- Seçilməsində daha çox kimin rolu oldu?


– Mənsum İbrahimov dedi ki, çox istedadlı uşaqdır. Hər həftə bir şairin gecəsi olurdu. Və qəzəlləri öyrənmək 10 yaşında uşaq üçün çox çətin idi. Mənsum İbrahimov diktofona yazırdı. Gecə saat 3-də də uşağı oyadırdım ki, Elməddin dur, tax qulağına, öyrən.

– Heç olurdumu ki, nəyisə yadından çıxarasan müsabiqədə?

Elməddin İbrahimov: – Hacı Mailin gecəsində balaca bir akkord yadımdan çıxmışdı. İnanırsınız ki, onu elə səhnədə necə düzəltdimsə hamı məəttəl qalmışdı. Müsabiqənin 4-cü həftəsində Mehriban Əliyeva mənimlə də görüşdü. Mehriban xanım bildirdi ki, "çalış müsabiqənin qalibi ol". O şəxsən mənə Qarabağ xalçası bağışladı.

– İnşallah səhnəyə nə zaman qayıdacaqsan?

– 17 yaşımdan sonra başlayacağam oxumağa. Artıq bir il qalıb oxumağıma. İndi əvvəlki ifalarıma baxanda bəyənmirəm. İndi təzə boğazlar da edirəm .

– Deyəsən, Elməddin prezident təqaüdçüsüdür?

Esmira İbrahimova: – Müsabiqədən sonra 10 min manat pul verdilər. Eyni zamanda prezident təqaüdçüsüdür. Hər ay 300 manat pul alır. 25 yaşına kimi də alacaq. Hazırda aldığı bu pulla özünün ehtiyaclarını ödəyir.

– Müsabiqədən sonra bir müddət Bakıda kirayə qaldınız , bəs indi?

– Samux rayonunun deputatı Valeh Ələsgərov 5 il bizə hər ay 500 dollar kirayəpulu ödədi. İndi oturduğumuz bu ikiotaqlı ev Heydər Əliyev Fondu tərəfindən verilib, şəxsi evimizdir. Təbii ki, Bakıya köçdüyümüzə görə mən Gəncədəki işimi itirdim, yoldaşım da həmçinin. İndi o taksi sürücüsüdür.

– Bundan sonra planlarda nələr var ?

Elməddin İbrahimov: – Musiqi dalınca gedəcəyəm, ali məktəbə daxil olmaq fikrim var ki, həmçinin hüquq təhsili almaq istəyirəm.


– İndi orta təhsilini harada davam etdirirsən?

– Heydər Əliyev adına Müasir Təhsil Kompleksində dövlət hesabına  oxuyuram .

– Əvvəlki müsahibələrinizdən birində demişdiniz ki, o məktəbdə uşaq sıxılır, çətindir, indi vəziyyət necədir?

Esmira İbrahimova: – İndi yaxşıdır. İndi artıq uyğunlaşıb.

– Məktəbdə necə oxuyursan?

Elməddin İbrahimov: – Pis deyil, sadəcə riyaziyyat, kimyanı zəif bilirəm.

– Qastrol səfərlərində də olmusan, hansı dilləri bilirsən?

– 4 il rus dilində oxuduğum üçün onu yaxşı bilirəm, amma alman dilindən də az-maz xəbərim var. İngilis dili o qədər də yaxşı deyil.

- Nə zamansa yenə də muğam müsabiqələrinə qatılmaq fikrin var?

– Müsabiqələrə yox, konsertlər vermək istəyirəm. Müsabiqələr uşaqlıqda qaldı.

– Elməddin, zahirən dəyişmisən, səncə, insanlar indi görəndə səni tanıyırlar ?


– Tanıyanlar deyir ki, 2007-ci ildə lap böyük görünürdün, indi uşağa oxşayırsan.

– Deyəsən fanatlarla şəkil çəkdirməklə aran yoxdur...

Bir gözüm elə ona görə zəifləyib də... (gülür)

– Yəqin ki, bu illər ərzində Bakıda çoxlu dostlar da qazanmısan?

– Hamısı özümdən böyükdür. Əslində insan lap balaca uşaqdan da nəsə öyrənə bilər. Amma böyüklərlə lap yaxşıdır dostluq etmək.

– Muğam müsabiqəsinə qatıldığın dövrlər çox gərgin rejimlə çalışırdın. Bu sənin uşaqlığını əlindən almadı ki?

– Vaxtı ilə bütün günü səfərlərdə olurduq. Hətta anamla dalaşırdım ki, siz mənim uşaqlığımı əlimdən aldınız? Çünki o zaman heç çantamızı yerə qoymamış, növbəti səfərə hazırlaşırdıq. Hətta o qədər yorulurduq ki, bir dəfə Mərakeşə gedəndə təyyarədə halım pisləşdi, getmədik. Həmişə anamla dalaşırdım ki, hamısını sən elədin, bu sənətə gətirdin məni, çətindir axı... Amma indi deyirəm ki, yox niyə, yaxşıdır.

– Keçid dövrü ərzində məşqləri tamamilə dayandırdın?


– Yox, sadəcə Mənsum müəllimin yanına gedirdim, qulaq asıb qayıdırdım. İndi arada-sırada oxuyuram, ancaq bəm səslərlə. Mənsum muəllim deyir ki, özü deyəcək nə vaxt oxuyum.

Bir dəfə “AST Telman" ad günündə oxumaq üçün çağırmışdı, getmədim. Bayaqdan telefonu səssizə qoymuşam, çünki dostlar-tanışlar israr edirlər ki, gəl toyumuzda oxu. Cəmi-cümlətanı bir dəfə Mədəniyyət Nazirliyinin tədbirində fonoqram oxudum.

– Hansı musiqi alətlərində ifa etməyi bacarırsan?

– Tarım, pianom var. Ancaq bacarmıram.

– Bir çox ölkələrə getmisən, səni ən çox nə təəccübləndirib?

– Mən rayonda böyümüşəm, çox şeyləri bilmirdim. Dünyagörüşüm elə də güclü deyildi. Fransada Eyfel qülləsini görəndə dedim, bu Eyfel nədi e, elektrik dirəklərinə oxşayır. O zamanlar çox darıxırdım. Onda xarici ölkələr maraqlı deyildi. Məni təəccübləndirən isə o idi ki, “Qarabağ şikəstə”ni oxuyanda qaradərili insanlar ağlayırdı. Osloda olanda da insanlar maraqla qulaq asırdlar.

– Bəs xanəndələrimizdən başqa kimləri dinləyirsən ?

– İbrahim Tatlısəsi daha çox xoşlayıram. Səsim açılandan sonra onun mahnılarından oxuyacam. Öz müasir estradamızdan heç kimə qulaq asmıram.



Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!