Modern.az

"Cənubi Qafqazda ən güclü ölkə Azərbaycandır" - Hərbi ekspert

"Cənubi Qafqazda ən güclü ölkə Azərbaycandır" - Hərbi ekspert

7 Sentyabr 2012, 12:00


Dünyada silah satışı günbəgün artırır. 2011-ci ildə ABŞ-ın silah satışı üç dəfə artaraq, rekord həddə çatıb. Silahların əsas hissəsi İranla qonşu olan dövlətlərə satılıb. Konqres üçün hazırlanan yeni araşdırmada belə deyilir. Ümumiyyətlə, 2011-ci ildə dünya bazarında 85,3 milyard dollarlıq silah satışı olub. Bu statistikada ABŞ-ın payı 66.3 milyard dollardır.

ABŞ-ın silah satdığı ölkələr arasında Azərbaycan varmı?

“Ümumiyyətlə, ABŞ indiyə qədər bu və ya digər formada Azərbaycana silah satmayıb”, – bunu hərbi ekspert Cəsur Sümərinli Modern.az-a verdiyi şərhdə bildirib. Hərbi ekspertin sözlərinə görə, ABŞ sonuncu dəfə ötən ilin avqust ayında terrorizmə qarşı mübarizə imkanlarının gücləndirilməsi üçün Azərbaycana 10 milyon dollar ayırıb. Burada avadanlıqlardan, rabitə texnikasından və müəyyən cihazlardan söhbət gedir ki, bu da Azərbaycanın terrorizmə qarşı mübarizə imkanlarının gücləndirilməsinə xidmət edir.

“Terrorizmə qarşı mübarizə sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlıq var. Bu da xüsusi avadanlıqlar, təchizatlar və digər istiqamətləri əhatə edir. Tutaq ki, Hərbi Dəniz Qüvvələrində gəmilərin müxtəlif rabitə avadanlıqları ilə təchiz olunması ilə bağlıdır. ABŞ ötən ilin avqust ayında bir sıra ölkələrin terrorizmə qarşı mübarizə imkanlarının gücləndirilməsi üçün 10 milyon dollar ayırıb. Həmçinin bir o qədərdə məbləğ Azərbaycana verilib. Burada silah və hərbi texnikanın satılmasında söhbət getmir. Bu baxımdan həm ikitərəfli münasibətlər, eyni zamanda NATO çərçivəsində ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq var və Azərbaycanın Müdafiə Sənayesinin inkişafında Birləşmiş Ştatlar müəyyən qədər pay sahibidir. 2009-cu ildə ABŞ ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında ABŞ-ın üç şirkəti ilə niyyət protokolu imzalanıb. Yəni müəyyən sursatların Azərbaycandan alınması və ya ixracı. Amma Azərbaycanın birbaşa ABŞ-dan hər hansı bir formada silah almasına dair indiyə qədər məlumat yoxdur”.

Hərbi ekspert ABŞ-ın Cənubi Qafqaz ölkələrinə etdiyi hərbi yardımdan danışıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların silah yardımı konkret olaraq Gürcüstana yönəldilir.

“Gürcüstanla bağlı istisna vəziyyətlər var. Münaqişə vəziyyətində olan ölkələrə silah və sursatın satılmasına dair NATO ölkələri arasında bir fikir razılaşması var ki, onlara silah verilməsin. Amma Gürcüstanla bağlı vəziyyət bir qədər fərqlidir və ABŞ indiyə qədər Gürcüstan Silahlı Qüvvələrinin müasir silahlara təchiz olunmasında xeyli rol oynayıb. Bu həm satılıb, həm də təmənnasız hədiyyə şəkilində verilib. Qafqazın digər ölkələri, xüsusilə də Azərbaycan və Ermənistanla müqayisədə Gürcüstan ilə münasibətlər daha üstündür”.

C. Sümərinli bildirib ki, bu yaxınlarda ABŞ Dövlət Departamenti bu ölkənin bir sıra şirkətlərinin Azərbaycanla əməkdaşlıq fəaliyyətinə qadağa qoyub. Ekspertin sözlərinə görə, bu məsələ ona işarə idi ki, müəyyən qədər fikir mübadiləsi aparılırdı.

“Azərbaycanla ABŞ şirkətləri arasında fikir mübadiləsi aparılırdı və mümkün idi ki, yaxın dövrlərdə hərbi-texniki əməkdaşlığa dair müəyyən qədər razılaşma əldə olunsun. Amma hələlik bu iş dayanıb. Gözlənilir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında silah-sursat, hərbi texnika sahəsində əməkdaşlıq güclənəcək. Çünki Azərbaycan öz Silahlı Qüvvələrini NATO standartlarına uyğunlaşdırır. Eyni zamanda Azərbaycanın müdafiə büdcəsinin xeyli hissəsi məhz silahlanmaya həsr olunur. ABŞ iqtisadi və siyasi-inteqrasiya prosesi baxımından Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı görünür. Bu baxımdan irəliləyiş olacaq və müəyyən qədər silah və sursatın satılması mümkündür”.

Hərbi ekspert Cənubi Qafqazda ən çox silahlanan ölkənin Azərbaycan olduğunu deyib. Onun sözlərinə görə, ikinci Gürcüstan və üçüncü yerdə Ermənistan qərarlaşıb.

“Ermənistanla bağlı bir qədər mübahisəli fikir ola bilər. Çünki Rusiya daim Ermənistana silah-sursat daşıyır. Ermənistanın müdafiə xərcləri çox aşağıdır. Onların hərbi büdcəsi təxminən 400-500 milyon dollar civarındadır və bu ölkənin özünü silahlandırması imkanı çox məhduddur. Bu baxımdan Ermənistan üçüncü səviyyədə yer tutur. Yəni birinci sözsüz ki, Azərbaycandır. İlkin məlumatlara görə, ölkəmiz il ərzində ilahlanmaya minimum 400-500 milyon dollar pul ayırır.
İkinci yerdə Gürcüstandır. O ölkənin müdafiə büdcəsinin az olmasına baxmayaraq, NATO ölkələri arasında konsensus var ki, Gürcüstanın silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində dəstək verilsin. ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya və s. ölkələr bu dəstəyi verir. Bu baxımdan Gürcüstanda intensiv olaraq silahlı qüvvələrin istifadəsində olan sovet mənşəli silahların NATO standartlarına uyğun silahlarla əvəz olunması prosesi gedir. Üçüncü yerdə olan Ermənistan isə bir qədər mübahisəli formadadır. Çünki daha çox Rusiyanın dəstəyi mövcuddur və Rusiya ilə Ermənistan arasında olan müqaviləyə əsasən Rusiya Ermənistan ordusuna təmənnasız silah və sursat verir. Amma bu strateji məqsəd güdmür. Çünki əgər hansısa bir istək ortaya çıxsa, Rusiya yardımı dayandıracaq və ona hər hansı bir dəstək göstərməyəcək. Ümumiyyətlə, Ermənistana verilmiş və verilməkdə olan silah-sursatın Ermənistanın tam mülkiyyəti olmasına dair ciddi mübahisələr var. Yəni o baxımdan Ermənistanın silahlanmasını üçüncü səviyyəyə qoyaram”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi