Modern.az

Mehdi Hüseynin “Nizami” pyesi: “Dünyanın iki böyük neməti var: biri cavanlıq, biri də məhəbbət!”

Mehdi Hüseynin “Nizami” pyesi: “Dünyanın iki böyük neməti var: biri cavanlıq, biri də məhəbbət!”

25 Mart 2021, 11:21

Nizaminin əsl adı İlyasdır. O, Gəncədə dünyaya gəlsə də, bütün bəşəriyyətə mənsub oldu. Onun şöhrəti bütün dünyaya yayıldı. Dünya şöhrətli Nizaminin qarşısında heç bir şair duruş gətirə bilməz. O şeir dünyasının, poeziya aləminin kralıdır. Nizami Gəncəvi öz poeziyası ilə Gəncənin, bütövlükdə şeir aləminin gücüdür, əyilməz biləyidir. Onun qardaşı Qivami saray şairi Munislə şeir deyişməsində məğlub olmasını bədbəxt bir hadisə kimi qəbul edir. Gəncədə, Nizaminin eyvanı qarşısında bağçada kədərli bir halda qardaşını - Nizamini çağırır. Anası Xədicə ondan nə baş verdiyini soruşur. O isə deyir ki, bədbəxtlik baş vermişdir, Nizamini axtarıram. Qivami şeir deyişməsində saray şairi Munisə uduzmuşdur. O, Məhsətisi, Nizami Gəncəvisi olan Gəncənin övladı kimi bu uduzmanı qəbul etmir. Bunu özünə elə bir dərd hesab edir ki, həmin dərdə bütün dünya da tab gətirə bilməz. Bu dərdin əlacı onun anasında deyil, məhz Nizamidədir. Odur ki, Nizami qardaşı Qivamiyə deyəndə ki, deyəsən, təzə yazdığım qəzəli oxumaq istəyirsən. Onda Qivami deyir ki, “Qəzəl nədir, qəsidə nədir, ölmüşəm­­­­­­­-üstümdə Quran oxuyan yoxdur...” Ancaq Nizami ruhludur. Onun poeziya aləmindəki gücü insanları sevindirir, insanlara ilham verir. Nizaminin gücü və ilhamı qarşısında heç kəs dayana bilməz. Ona görə də Nizami qardaşı Qivamiyə deyir: “Bax mən yeni əsərimi yazıb qurtarmışam... Bizim sevincimizdən ümidsizlər, gözüyaşlılar, dərdi-səri olan bütün insanlar ilham alıb sevinəcəklər”.  Nizami onu da deyir ki, saray şairi Munislə qabaqlaşarıq, görək taleyimiz bizə nə göstərir. Nizami dostu Yusif vasitəsilə Məhsəti xanıma xəbər göndərir, onun sənətinin nə qədər qüdrətli olduğuna inamını gizlətmir. Həm də bununla da böyük-kiçik  münasibətlərini qoruyur, təvazökarlıq göstərərək Məhsəti xanımın şeir aləmində nə qədər güclü olduğunu dilə gətirir.


Nizami Gəncəvi bütün dövrlərdə, eləcə də, Bütün zamanların, illərin, ayların, günlərin, saatların hər birində cavandır və məhəbbətlidir. Təsadüfi deyil ki, onun anası Xədicəyə verdiyi bu suallar həqiqi mətləbdən uzaq deyildir: “... anacan, dünyada ən yüksək, ən ülvi şey nədir? Bilmək istəyirəm, dünyada ən böyük nemət nədir?” Anası Xədicənin bu suallara cavabı belə olur: “Dünyanın iki böyük neməti var: biri cavanlıq, biri də məhəbbət!” Anasının bu cavabı Nizaminin ürəyincə olur. Anasının cavabının Nizaminin ürəyincə olması səbəbsiz deyildir. Axı Nizami ruh baxımdan cavandır, özü də həmişə və bütün zamanlarda. Eyni zamanda o, dünyanın ən böyük nemətlərindən biri olan məhəbbət əhlidir. Özü dediyi kimi:


Mehrabı eşqdir uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?!


Nizami Gəncəvi dünyəvi insandır, daha doğrusu, dünyəvi şairdir. O, dünyanın ülviliyini, təmizliyini cavanlıqda və məhəbbətdə görür. Ona görə, dünyanı həm də bəlalardan bu iki nemət qoruyur. Bu, Nizaminin dünyanı xilas etmək fəlsəfəsində gəldiyi qənaətlərdəndir. Belə ki, sevməsən nəyisə qurub yarada bilməzsən. Sevməsən nəyəsə nail ola bilməzsən. Onu da qeyd edək ki, cavanlıq və məhəbbət tərəzinin iki gözüdür. Dünya bu iki gözün taraz olub-olmamasından çox asılıdır. Ona görə də Nizami anası Xədicəyə deyir: “Deyəsən mən “Xosrov və Şirin” dastanını tez başlamışam. “Biri cavanlıq, biri də məhəbbət...” Mən Bərdəyə getməliyəm, anacan! Şirinin sevdiyi yaşıl çəmənləri, gəzdiyi əlvan yaylaqları seyr edəcəyəm. Mən sevib sonra yazacağam”. Doğrudan da, hər bir şeyin başında sevgi dayanır, hər bir müqəddəs işin təməli sevgidən qidalanır.


Nizaminin eyvanının qarşısında insanlar toplaşır. Məhsəti xanım da gəlib çıxır. Məhsəti xanım bir az fikrə gedir və bir az da kədərlidir. Səbəbi isə özünün dediyi kimidir: “Mən də öz gəncliyimi xatırladım. Gənclik və məhəbbət dünyanın ən böyük nemətidir”. Burada saray şairi Munis deyir ki, mənimlə deyişmək istəyən şair kimdir? Mən dəfələrlə çağırsam da, o, meydana çıxmadı. Bu zaman Nizaminin dostu deyişmək istəyən şairin Nizami Gəncəvi olduğunu deyir. Nizami səbrlə gəlir, Məhsəti xanımla, Munislə görüşür. Nizami Munisə məğrur görünsə də, əslində o, yəni Nizami səbrlidir, səbrli olmaq Nizamiyə görə, məğrurluq deyildir. Bu görüşdə olan Məhsəti xanım yaxşı bilir ki, Nizamini əzəmətli göstərən onun zəkasıdır. Həm Nizaminin, həm də Munisin razılığı ilə Məhsəti xanım münsif kimi qəbul olunur. Məhsəti xanımın aşağıdakı sualına onun şərtinə əsasən, birinci Munis, sonra isə Nizami cavab verir:

Hər kəs öz gücüylə girsin meydana

Söyləsin fikrini mərdi-mərdanə,

Əzəldən nə imiş qoca kainat,

Nədən yaranmışdır anamız həyat?

Munis

Xilqət səhifəsi açılmamışdan,

Bircə qüvvət varmış: o da yaradan!..

Nizami

Bizim düyamızda ağıllı bir kəs,

Görünməyən şeyə inana bilməz!

Munis

Bu dərya təbimlə bəhsə girmə sən;

Xəzinə ruhumu gəl dindirmə sən !

Saqiyə get söylə buraxsın qəmi;

Doldursun şərabla qoy piyaləmi !

Nizami

Gəl at bir tərəfə boş xəyalları,

Aç, hünərin varsa, bu sualları;

Sən ovçu deyilsən, get dolan bir az,

Bu körpə aslandan sənə ov olmaz !

              
Məhsəti bir münsif kimi deyir ki, hər ikiniz şairsiniz, amma sualdan uzaqlaşdınız. O deyir: “Əsl qüvvət söylənəcək fikirdədir. Kim doğru fikir söylərsə, o, qalib gələcəkdir”. Bu zaman Munis deyir:

Əzəldən yox imiş qoca kainat;

Bir heçdən yaranmış anamız həyat.

Nizami cavab verir:

O böyük yaradan nədirsə, gerçək,

Hər nə yaratmışsa, alçaq, ya yüksək, ­-

İnsan zəkasını ilk yaratmış O,

Onu öz nurilə aydınlatmış O...

              
Məhsəti münsif kimi deyir ki, bu suala heç biriniz doğru cavab vermədiniz. Belə ki, Munis kainatın yaranmasını düzgün təsəvvür etmir. Ancaq Nizami Munisdən daha qiymətli bir fikir söylədi. O, insan zəkasının qüvvətini tərif edərkən yanılmadı.  Yenə də Məhsəti xanım belə bir sual verir və cavabını gözləyir.

Şairlik etdikcə mən ucalmışam,

Firuzə göyləri seyrə dalmışam.

Bir də sualım var: söyləyin mana,

İlk əzəl yar olan nədir insana?

              
Məhsəti xanım “İlk əzəl yar olan nədir insana?” sualına cavab gözləyir. Munisin cavabı belə olur:

Mənə sualınız tanışdır, tanış,

İnsan xəyanətlə ekiz yaranmış.

İnsandır ilk dəfə fitnə düzəldən;

Küdurət insana yardır əzəldən.

O, kinlə gələrək böyük varlığa,

Sirdaş kəsilmişdir hiyləkarlığa.

İnsanın varlığı kindir, hiylədir.

Nizaminin cavabı:

Yox, səhv edirsiniz, böyükdür ürək,

Bəzi sinələrə bir yükdür ürək.

Müqəddəs yaranmış dünyada insan,

Hər zaman insanla fəxr etmiş cahan.

Məndə hiss-hörmət varır insana;

Əvvəldən məhəbbət yardır insana.

Sevgi bu dünyada ilk xilqət olmuş,

İnsanın ilk sözü məhəbbət olmuş!

              
Göründüyü kimi, Munis insan qəlbində yalnız kin və fitnə axtarır. Nizami isə məhəbbət. Hər iki şairin cavabını Məhsəti xanım belə qiymətləndirir: Munis kimi şair tez məğlub olar. O, insanın qəlbində kin, fitnə axtarır. Ancaq Nizami kimi şair öz məhəbbətilə qalib gəlir. Ona görə ki, o, insan qəlbində məhəbbətə üstünlük verir. Məhsəti xanım Nizaminin dühasını qiymətləndirir, Nizamiyə haqq verir. Munisə isə məsləhəti belə olur ki, o yalnız həqiqəti söyləsin. Bu məqamda Nizaminin qardaşı Qivami onu belə dəyərləndirir.

Qardaşım, qüvvət ver o xoş səsinə

Açar sal təbinin xəzinəsinə,

O bağlı qapıya kim tapsa açar,

Gizlin xəzinədə - dür , gövhər tapar!

Nizami Gəncəvinin dühası qarşısında aciz qalan Munis deyir: “...Nizami, doğrudan da böyük şairdir. Mən onun istedadına pərəstiş etməyə hazıram. (Ayağa qalxaraq) Məni əfv edin. Yolum uzaqdır. İzninizlə mən gedim”. Munis şahidi olur ki, Nizami iştirak edən məclislərdə zəka, düha, həqiqət, məhəbbət poeziya aləminin mərkəzində olur. Ona görə də, “Məni Şirvan sarayında işrət məclisləri gözləyir...” deyərək gedir. Məlum olur ki, Şirvan hökmdarı Gəncənin sənət sarayını uçurub, özünə tabe etmək istədiyi üçün Munisi göndəribmiş. Ancaq Munis buna nail ola bilməyir. Ona görə ki, Gəncənin sənət sarayı dağ çeşməsi qədər saf və coşğundur. Onun büllur suyu heç bir ləkə götürməz. Həm də Gəncənin Məhsəti Gəncəvisi və Nizami Gəncəvisi vardır. Onlar bir-birinə dəyər verməyi bacarır, bir-birini qiymətləndirə bilir, bir-birinin şeir, sənət aləmindəki gücünü bilirlər. Bunu onların bir-biri haqqında olan fikirləri də təsdiq edir. Məhsəti Nizami haqqnda deyir: “Mən indi qürub edən bir günəşə bənzəyirəm. Nizami isə, yeni doğan bahar günəşidir”. Nizami isə Məhsəti barədə deyir: “Gəncənin zinəti, şeirimizin anası Məhsəti xanım oxusun, dostlar. Sizi inandırıram ki, Məhsəti xanımın şeirlərini dinlədikcə insanın könlü bu böyük kainata belə sığmayır”.


Beləliklə, Mehdi Hüseyn Nizami Gəncəvinin bədii obrazını yaradarkən aşağıdakı bədii qənaətləri söyləyir:


  1. a) Nizami Gəncəvi dünyanın iki böyük nemətini qiymətləndirən şairdir. Bu nemətlərdən biri cavanlıq, digəri isə məhəbbətdir;

  2. b) Nizami Gəncəvini əzəmətli göstərən onun zəkasıdır;

  3. c) Nizami Gəncəvinin fikirləri doğru, qiymətli, dürüst və həqiqətdir;


ç) Nizami Gəncəvi insan qəlbində məhəbbət axtaran şairdir. O, şeir, poeziya aləmində həmişə öz məhəbbəti ilə qalib gəlir. Onun məhəbbəti qarşısında hər şey acizdir. Nizamiyə görə, məhəbbət dünyanı və insanları kindən, fitnədən, məkirli oyunlardan, bəlalardan xilas edir;


  1. d) Nizami Gəncəvi şeiri dağ çeşməsi qədər saf və çoşğundur. Onun büllur suyu heç bir ləkə götürməz;

  2. e) Nizami Gəncəvi sənət sarayında yeni doğan bahar günəşidir.




Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi