Arxiv
26 mart 2021, 15:04 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: Mülkədar oğlunun cəfalı ömrü - Anasının dəfninə görə borca girən Süleyman Sani Axundov

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Azərbaycan klassik ədəbiyyatını mütaliə etmiş şəxslər arasında “Qorxulu nağıllar” kitabını oxumayanın olması mümkün deyil. Onu oxuyanlar arasında “Qaraca qız”ı sevməyən, oxuyarkən və ya filminə baxarkən dərindən kədərlənməyən birinin olmasına inanmaq mümkün deyil.


Uşaqlıq və yeniyetməlik dövründən yaddaşımızda qalan həmin gözəl hekayənin müəllifi Süleyman Sani Axundovdur. Süleyman Sani Axundov təkcə maraqlı hekayələrlə deyil, həm də dramaturq kimi ondan çox pyes yazmış, zamanının tanınmış pedaqoqlarından biri olmuşdur.


21 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olan yazıçı Süleymanbəy Axundov körpə yaşlarında atasını itirmiş, anası və dayısı tərəfindən tərbiyə almışdı. Yazıçı Şuşada anadan olsa da uşaqlıq illərini Ağdamda keçirmişdi. O, Ağdamda keçən uşaqlıq illərinin böyük sevgi ilə xatırlamış, böyüdüyü Seyidlı kəndinin təbiətinin gözəlliklərini öz əsərlərində ustalıqla təsvir etmişdi.


Süleyman bəy mülkədar təbəqəsinə mənsub olsa da, uşaq yaşlarından atasını itirdiyi üçün dayısı, dövrünün görkəmli maarif xadimi Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyovun himayəsində böyümüş, daim həyatın ağır sıxıntısını çiyinlərində hiss etmişdi. Zamanın məşhur müəllimlərindən olan dayısı S.S.Axundovun  mənəviyyatının inkişafında cox böyük rolu olmuşdu. O,balaca Süleymanı o dövrün cox məşhur təhsil ocaqlarından olan Zaqafqaziya müəllimlər seminariyasının Qori filialının  ibtidai sinfinə yazdırır. Süleyman ibtidai sinfi bitirdikdən sonra həmin seminariyanın hazırlıq kursunda təhsil alır. Daha sonra Bakıya gələrək müəllim kimi fəaliyyətə başlayır.


Süleyman Sani Axundovun “Sani” təxəllüsünü seçməyini bəzi mənbələrdə müxtəlif cür izah olunur. Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri yazıçı, pedaqoq Abdulla Şaiq öz xatirələrində belə yazır:

“S.Axundovla məktəbdə bir yerdə Süleyman Əbdülrəhmanov adlı bir müəllimdə işləyirmiş.Süleyman Axundov təvazökarlıq göstərək onu birinci müəllim, özunu isə ikinci müəllim adlandırmışdır. Sani- ikinci deməkdir”. “Sani” təxəllüsünü seçməyi bundan irəli gəlmişdir”.

Lakın bəzi mənbələrdə Süleyman Axundovun bu təxəllüsü seçməyinin səbəbi Mirzə Fətəli Axundovdan sonra özünü ikinci Axundov hesab etməsidir.


Yazıçının pedaqoji fəaliyyətinə dair Azərbaycan Dövlət Tarix Arxivində olduqca dəyərli sənəd saxlanır. 1896-1919-cu illərədair olan bu sənəd onun 23 illik müəllimlik fəaliyyəti ilə bağlı Bakı şəhər idarəsi məktəblər şöbəsinin tərtib etdiyi “Süleyman bəy Axundovun şəxsi işi” adlanır (Fond 389, siy. 8, sax. vah. 1448).

Şəxsi iş 13 sentyabr 1896-cı ildə, Süleyman bəyin Bakı şəhər 4-cü rus-tatar məktəbində müəllim işləyərkən açılıb. İlk səhifəsi “şəxsi kartoçka” ilə başlayan saxlama vahidində göstərilir ki, Axundov Süleyman bəy Rzaqulu bəy oğlu 1875-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində doğulmuşdur. 1885-1994-cü illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almaqla “xalq məktəbləri müəllimi” ixtisasına yiyələnmiş, 1894-cü ildən pedaqoji fəaliyyətinə başlamışdır. Ona məktəb yaxınlığında yaşamağına şərait yaradılmışdı. Anketdə “yanınızda doğmalardan kim yaşayır” sualına Süleyman bəy “anam və xalam” cavabını yazmışdır.


Maddi çətinliklərini yaxşılaşdırmaq istəyi ilə Süleyman bəy üç il sonra iş yerini maaşı bir az yüksək olan şəxsi gimnaziyaya dəyişir. Lakin burada da, üç il işləyəndən sonra müəyyən səbəblərə görə dövlət xidmətinə qayıtmalı olur. Çox keçmir vicdanlı əməyinə görə, 1905-ci ildən 7-ci rus-tatar məktəbinin müdiri təyin olunur. Sovet hakimiyyəti qurulanadək 7-ci və 4-cü rus-tatar məktəblərində məktəb müdirlüyünü davam etdirir.


Süleman bəy anasını çox sevirdi, anasına qayğısını heç zaman əsirgəmirdi. Bu baxımdan diqqəti şəxsi işdə olan bir ərizə cəlb edir. 21 dekabr 1909-cu ildə müdirriyyətə yazdığı bir ərizədə deyilir: “xahiş edirəm xəstə anamın Krımda müalicəsi zamanı onu müşayiət etmək üçün bir aylıq məzuniyyətə icazə verəsiniz”.


Daha bir sıxıntılı sənəd 1910-cu ilin 7 dekabrında Bakı şəhər Dumasında keçirilən iclasdan çıxarışdır. Çıxarışda qeyd olunur: “S.Axundov 01 oktyabr 1894-cü ildə xidmətə başlayıb, 1897-ci il noyabrda isə xidmətdən çıxıb Lavrovun şəxsi gimnaziyasında müsəlman uşaqları üçün əlifba öyrədən müəllim kimi işləmişdir. 12 yanvar 1901-ci ildən yenidən xidmətə daxil olmuşdur. Əvvəlki üç ilin xidmət illərinə qatılmasını xahiş edir”.


Ardınca Süleyman bəyin ərizəsi əlavə olunub: “Mən 26 oktyabr 1894-cü ildə 400 rubl maaşla 3-cü rus-tatar məktəbinə müəllim təyin edilmişəm. Aztəminatlı və ağır əmək sərf olunan bu işdə 3 il çalışdım. Yalnız axırıncı il müəllimlərin maaşı 600 rubla qaldırıldı. 1897-ci ildə ailə vəziyyətimlə əlaqədar 540 rubl maaş verən Lavrovun şəxsi təhsil müəssisəsinə işə keçdim. Adı çəkilən müəssisədə 3 il işlədim. 1901-ci ilin 12 yanvarından xidmətə qayıdıb 4-cü rus-tatar məktəbində hal-hazıra kimi işləyirəm. Nədən mənim ən çətin və şərəfli, hansı ki, bütün gənclik qüvvəmi, enerjimi sərf etdiyim üç ilim nəzərə alınmasın, boş yerə itsin?Müəllimlər Komissiyasından xahiş edirəm, ədalətlə yanaşıb mənəvi iztirabıma son qoysun”.


Duma bu məsələyə insafla yanaşıb düzgün qərar verərək ərizəni müsbət tərəfdən təmin edir. Çox maraqlıdır ki, Süleyman bəyin şəxsi işi də sona yaxınlaşdıqca yazdığı hekayələri kimi adamı kədərlənməyə, acı təəssüf hissi keçirməyə vadar edir.


Bu mənada əlavə şərh vermədən 4-cü rus-tatar məktəbinin müdiri Süleyman bəy Axundovun Müəllimlər Komissiyasının sədrinə ünvanlanmış son ərizəsini olduğu kimi diqqətinizə çatdırıram: “Müəllimlər Komissiyasının cənab Sədrinə4-cü rus-tatar məktəbinin müdiri Süleyman bəy Axundovdan ərizə. Bu ilin mart ayının 13-də Ağdamdan, ağır xəstə olan anamdan teleqram aldım – təcili gəl. Vəziyyətinin ağır olduğunu bildiyimə görə, onu sağ görməyəcəyimdən qorxduğum üçün həmin gecə Sizə qısa məzuniyyət almaq müraciətini etdim. Ləngimədən yola düşdüm. Böyük xoşbəxtlikdir ki, anamı sağ gördüm. O, mənim qollarım üstə keçindi. Sizə məlum olduğu kimi bizim müsəlman adətlərində belə hallarda çoxlu məsrəflər tələb olunur. Pulum olmadığı üçün (ekstremal yola düşdüyümə və maaşı xahiş etməyə imkan tapmadığımdan) orada Bakıya qayıdan kimi qaytaracağıma söz verib borclar götürmüşəm. Bütün bunları və mənim uzunmüddətli xidmətim ərzində bir dəfə də olsun maddi vəsaitdən istifadə etməməyimi nəzərə alaraq, xahiş edirəm, şəhər idarəsi qarşısında mənə yardım verilməsi haqqında vəsatət qaldırasınız. 30 mart  1915-ci il”.


Bu da Bakı şəhər idarəsinin 13 may 1915-ci il qərarı: “Dinlənildi: şəhər məktəbləri öyrətmənləri Kranqaçev, Kalinskoy, Petre və Xandəmirovanın müalicə, Axundovun anasının ölümü, Hüseynovun arvadının ölümü hadisələrinə görə vəsaitin verilməsi.
Qərara alındı: 100 rubl həcmində vəsait rus-erməni məktəbinin müəlliməsi Xandəmirovaya verilsin. Digər vəsatətlərin təmin edilməsi müvafiq hesab edilməsin”.   


Bu dəyərli sənədlə tanış olandan sonra bir daha əmin olursan ki, ləyaqətli ömür sürən insanların həyatı  heç də rahat, şirin olmur. Əksinə kədərli, “qorxulu nağıllardan”, mübarizələrdən ibarət olur.


S.S.Axundov ömrünün axırına kimi Azərbaycan ədəbiyyatı üçün çalışmış, yazdığı pyeslərlə teatra ələxsus da uşaq ədəbiyyatına çox böyük töhvələr vermişdir. Məktəb dərsliklərinin tərtib edilməsində böyük xidmətlər göstərmişdir. Yazıçının sevimli “Qorxulu nağıllar” kitabı Azərbaycan ədəbiyyatının Qızıl fonduna daxil edilmişdir. Yazıçı 1939-cu ildə Bakı şəhərində vəfat etmişdir. Sovet hakimiyyəti onu “Əmək qəhrəmanı” ordeni ilə təltif etmişdir.


Zərifə Əhmədova
ARDTA, Aparıcı arxeoqraf

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Emmanuel erməni Emma Makronyanın oğludur… 16 May 2021, 16:08 Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər 16 May 2021, 16:00 Azərbaycanda gənc prokuror vəfat etdi 16 May 2021, 15:54 Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib 16 May 2021, 15:42 SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55