Modern.az

İTBAŞI (21-ci bölüm)

İTBAŞI (21-ci bölüm)

28 Mart 2021, 11:03

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

("İTBAŞI"nın 17-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 18-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 19-cu bölümünün LİNKİ)
("İTBAŞI"nın 20-ci bölümünün LİNKİ)

Yolaverənlər şahlığı. Qüdrət Şah sarayın eyvanından paytaxtı seyr edir. Fikirlidir: tam məlumatsızam madərşahlıqda nələrin baş verməsindən. Hətəm də baş vəzirlik edə bilmir. Özüm isə qorxumdan heç yana çıxmıram. İtbaşının karvansarayına neçə dəfə çapar göndərsəm də heç kimi tapmayıb. Aslan da üzə çıxmır. Bu yandan da Kabus yox olub. Gəlib-getmir. Başına nə qədər pul qoyublar. Ələ keçməsə yaxşıdır. Ələ keçsə öldürəcək özünü. Yerinə gələn isə məni tanımaya bilər. Xəzinə də qalacaq onlara. Karinenin o vaxt göstərdiyi gizli xəzinənin heç olmasa yarısını gərək daşıtdıraydım evimə. Onda da Kabusla əlaqə qura bilməyəcəkdim. Kaminat şahlığı nəzarətimdən çıxacaqdı. Bir o xəzinə qədər, ondan da artıq xeyir götürmüşəm Kaminat şahlığından. İndi də azdan-çoxdan gəlir. Heyfslənməyə dəyməz. Amma yoxa çıxmağı heç açmır məni. Ən çox qorxduğumsa odur ki, birdən əli dəyişdirər. Madərşahla danışığa gedər. Axı onun üçün nə fərqi? Hansı yaxşıdır – Qüdrətə ağsaqqal demək, yoxsa Karineyə ağbirçək? Əlbəttə ki, Karine məndən üstündür. Kabus vasitəsilə vahimədə saxlayırdım onu. Son dayağımı da itirsəm – heç nə. Bu mənim sonumdur. Düzdü, inanmıram məni sata Kabus. Bu onlarda qəbul edilməyib. Karinenin oxşarı, anası barədə də danışmayacaq. Ümumiyyətlə, adımı belə çəkməyəcək. Öldürərlər buna görə onu. Amma yaxın da gəlməyəcək. Dürəngin də gizlətdiyi xəzinə əlimdən çıxdı, Kabusun da... Qaldı öz gizli xəzinəm. Bəs onu necə qoruyacağam? Ölsəm kimə qalacaq? Uşaqlarıma? İndi şaham – qorumağa gücüm çatır. Bəs oğlum məndən sonra şah olacaqmı? Lap tutaq ki, oldu. Ona vəliəhdlik dərsi keçmişəmmi? Heç vəzirlik öyrətməmişəm. Başım qarışıb özümü qorumağa, pul yığmağa. Təhsil alıb almağına. Amma bu, vəliəhdlik dərsi deyil. O aldığı təhsili bütün zənginlər verə bilər övladlarına. Özüm isə qocalıram. İşim-gücüm Karineylə qovğa aparmaqdır. Açıq dava eləməyə isə cürətim çatmır. İtbaşıdan qorxuram. Axı nə vaxta qədər? Bir ordu qədər mühafiz saxlamaq axı çoxlu pul tələb edir. Bəlkə gedim madərşahın hüzuruna? Deyim ki, ona sədaqətliyəm. Bu, İtbaşının dəst-xəttinə oxşayır. Bizim aramızı vurur. Görəsən inanarmı? İnandırım gərək. Oğlumu yalnız o, vəliəhd elan edə bilər. Etsə, yığdıqlarımı yatıraram xəzinəyə. Nəsildən-nəslə ötürülər. Bəlkə Karine ölməyimi gözləyir? Ölüm, sonra başqasını gətirib qoysun yerimə. Axı şahlıq mənə miras qalmayıb. Mən nə varis olmuşam, nə də vəliəhd. Nə edim axı? Heç nə etmə, Qüdrət. Otur oturduğun yerdə. Səndən sonra nə olar, olar. Nə olacağını isə indidən bilirsən. Bir ev, bir də at arabası saxlayıb hamısını alacaqlar ailənin əlindən. Bəlkə də almayacaqlar. Bəlkə hər şeyi gətirim qatım xəzinəyə? Karineyə də xəbər verim. Xoşuna gələr bu xəbər. Ya da köçürüm başqa məmləkətə. Olmaz. Xəzinənin yarısı elə başqa şahlıqlardaydı da... Nə oldu axırı? İndi istəyirsən ki, bunlar da itib-batsın? Kişinin malı göz qabağında olar. Mal-mülk, bütünlükdə torpaq, onun üstündəkilərin hamısı onsuz da madərşahınkı sayılır. Yığdığın qızıl isə səninki. Səbr elə, Qüdrət. Dünya gərdişindədir, biz isə yedəyində. Sən düşündüyünü düşün, amma o gözəgörünməz nə yazıbsa, o da olacaq.

 

* * *

 

Bir həftə keçib. Madərşah Karine ilə Kabus vədələşdikləri yerdə görüşüblər.

– Nə görmüsən axı bu Kaminat qalasında? Deyəsən başa düşməyə başlayıram. Kiminsə var o qızların içində.

– Kabusların ailəsi olmaz, madərşahım.

– Bəs niyə can atırsan? Bəlkə istədiyin qızı salıblar ora? De, azad edim.

– Madərşahım, sizi narahat edən sual budursa bir daha görüşməyək. İstəmirəm daha ora getmək, – deyib Kabus atın cilovunu ağacdan açmağa başladı.

– Yaxşı, incimə, – deyə Karine onun əlindən tutdu, – Bir də bu barədə soruşmaram – yaralı yerindir. Amma əvvəlcədən bir şeyi anladım sənə. Burda görüşmək çox təhlükəlidir. Mən mühafizlərsiz bir addım da kənara atmıram. Düşmənlərim çoxdur.

– Narahat olmayın, madərşahım. Mənimlə özünüzü tam əminlikdə hiss edə bilərsiniz. Bu ağaclıq da gizli qapının bir addımlığındadır. Bəlkə verəsiniz suallarınızı?

– Keçən dəfə qaldığım yerdən başlayım. Atamın yenidən taxta çıxmağına niyə imkan verdin?

– Artıq təhlükəli deyildi. Kaminat şahlığı təbəə idi, o da təbəə şah. Şahlıqda söz sahibi isə baş vəzir Qüdrət. O bizə toxunmadı. Heç xəzinəmizə də dəymədi.

– Hansı xəzinə?

– Sizə həmin yer Qaflanın xəzinəsi kimi tanışdır. Əslində bizim idi. Atanız Kaminat Şah duyuq düşüb ora əl qoymaq istəyirdi. Devrilməsinin əsas səbəblərindən biri də bu oldu. Amma demə siz də bilirmişsiniz bu barədə. Sonra başa düşdüm ki, siz çatdırmısınız ona xəbəri. Elə bilibsiniz ki, Qaflanın işləridir. Amma Qaflan sadəcə bizim himayədarımız idi. Şahlıqlarda bizlərə əsasən baş vəzirlər arxa dururlar. Onların dedikləri də bizim üçün qanundur. Kimi susdurmaq, kimi aradan götürmək lazımdırsa bu yolda onların köməkçisiyik. Divansız, hakimsiz, sakitcə.

– Bəs şahlar tanımır sizi?

– Şahlar bizləri tanımaz.

– Bəs şahlar kimi tanıyar?

– Bilmirəm. Şahlar bizi yalnız devriləndə tanıyarlar.

– Axı mən səni tanıdım. Amma devrilməmişəm.

– Ağsaqqalım çıxış yolunu göstərməsəydi, siz də artıq devrilmişdiniz.

– Kimdir ağsaqqalın? Hansı çıxış yolunu göstərdi sənə? Arvad paltarı geyinib yerimdə oturmağı? – Kabus dinmir, – Bəs görəsən qızıl hərisi Qüdrət xəzinəni niyə yağmalamadı? Axı mənə demişdi ki, bütün qızılları Göyverən Şahın xəzinəsinə yatırmışam.

– Qüdrət ağıllı baş vəzir idi. Toxunmağına toxunmadı. Amma elə etdi ki, ondan da artıq bac-xərac axmağa başladı Göyverən şahənşahlığına. Əlbəttə ki, bu işə biz kabuslar başçılıq edirdik. Kaminat Şah isə sadəcə büt idi. Elə baş vəzir Aris də...

– Kabus, mən varlıyam, ya sən?

– Siz.

– Əsaslandır.

– Çünki üstündə dayandığımız torpaq da, dərin dövlətin sığındığı, xəzinə gizlətdiyimiz yerin altı da sizə məxsusdur. Hər şey sizindir, bircə göy Allahındır.

– Heç vaxt “mən” demirsən. Dilinin əzbəri “biz”dir. Kimdir “biz”?

– Sizdən və baş vəziriniz Dürəngdən başqa hamı.

– Yəni belə çoxsunuz?

– Başıma qoyduğunuz qızılların heç nəyə yaramadığı bunu sübut etdi. “Mən” sözünü şahlar deyər. Ona görə də həmişə təklənərlər. Şahlar özlərini Allah sayarlar. Allah kimi hər şeyə qadir olduqlarını düşünərlər. Şahların taxt-tacı varislərinə keçər. O cümlədən xəzinələri də... Varis isə ağıllı da ola bilər, dəli də... Müdrik də ola bilər, axmaq da... Rəhmli də ola bilər, qaniçən də... Bizdə isə ən ağıllısını seçib Kabus qoyurlar. Öləndə yerinə başqa Kabus seçilir. Qohumluq əhəmiyyət daşımır. Xəzinə də yeni Kabusa keçir. Mən də özbaşına deyiləm. Məsləhətləşirəm, icazə alıram. Mənim üzərimdə də göz var.

– Belə çıxır ki, mənimlə görüşməyə də icazə almısan?

– Xeyr. Bircə bu öz təşəbbüsümdür. Bilsələr... Ona görə dedim ki, mükafatı car çəkməkdə davam etsinlər. Təqibi isə qeyri-rəsmi saxlatdırın. Yəni ki, Dürəng başını soxmasın burnu girməyən yerə. Onsuz da gizli şəkildə işimizi görürük.

– Sözlərindən belə çıxır ki, xalq sizi çox istəyir.

– Əsla, madərşahım. Varlılar qorxur, kasıblar sevir. Daha dəqiq desəm arxalanırlar. Çünki siz onları arxasız qoyubsunuz.

– Üç dəfə qızıl paylamışam, siz əllərindən alıbsız. Amma günahı məndə görürlər.

– Mən yox, Sizin məmurlarınız, fərraşlarınız. Mən isə acından ölməsinlər deyə kömək etmişəm.

– Xırdala dediklərini. Nəsə qarışdırırsan aləmi bir-birinə.

– Madərşahım, sizin ən böyük və ən kiçik mənsəblərə yerləşdirdiklərinizin qazanc mənbəyi xalqdır. Fərqi yoxdur, varlı olsun, ya kasıb – hamını soyurlar. Şikayət isə bizə gəlir. Varlı, tacir daha da varlanmaq üçün arxa axtarır. Deyirlər ki, həm malımızı, pulumuzu alırlar, həm də qorxuzurlar ki, sizi zindana salacağıq. Biz arxa dururuq. Elə edirik ki, sizin adamlar onlara daha yaxın gələ bilmirlər. Əvəzində varlılara aylıq qoyuruq. O aylıqdan sizin adamlara da pay ayrılır. Amma kasıblarda vəziyyət tam başqadır. Əyanın, böyük məmurun kasıbda işi olmaz. Kasıbın qənimi valilər, kəndxudalar, fərraşlar, qoluzorlulardır. Guya ki, camaatı idarə edirlər, kimdənsə qoruyurlar bunları. Amma əslində əzirlər, təhqir edirlər, hər şeylərini alırlar. Kasıb-kusub da bizim üstümüzə gəlir şikayətə. İncidənlərə heç nə etmirik. Çünki sizin adamlarınız sayılır, sizin adınızdan danışırlar. Yüngülvari qulaqburması veririk ki, çox da qudurmasınlar. Şikayətə gələnlərə isə varlılardan aldığımız himayə haqqından pay veririk ki, ailəsi acından ölməsin. Savab yiyəsi oluruq, üstəlik hörmət də qazanırıq. Qalan pul isə yığılır xəzinəyə.

– Xəzinəniz böyükdürmü?

– Xəzinədə nə qədər pul olması mənə məlum deyil. O işə başqası baxır. Mən pul xəzinəyə gedib çatanacan lazım olan məbləği xərcləyirəm artıq. Hamının haqqını çatdırıram.

– Bəs kimindir xəzinə?

– Bu, böyük bir hörümçək toruna bənzəyir. Hər kəs öz işini gözəl bilir. Xəzinə hamınındır. Qərarı isə dərin qatın ali təbəqəsi verir. Əlbəttə ki, bizim tövsiyyələri də nəzərə alaraq. Əgər gəlir azalırsa, deməli, ya Kabus düz işləmir, ya da məmləkətdə vəziyyət pisdir. Şah idarə edə bilmir xalqı. Yaxud da ki, şah kabusları gözümçıxdıya salıb. Hər şeyi gəlirdən gözəl bilmək olur. Buna uyğun da tənzimlənir hər şey. Siz əzirsiniz, biz əzizləyirik. Siz bir tikə çörəyə möhtac qoyursunuz, biz çörək veririk. Siz pulu xalqdan yığıb xəzinəyə yatırırsınız, yığırsınız, biz isə yalnız varlılardan alıb bir qismini xalqa xərcləyirik. Siz varlanmaq üçün zalimi camaatın üstünə salırsınız, biz isə qulağını burub yerində otuzdururuq. Siz bütün bunları yazılan qanunları pozaraq edirsiniz, biz isə yazılmayan qanunlara dəqiq, qeyd-şərtsiz əməl edərək.

– Və bütün bunların bir cavabı var: çünki sizdən qorxurlar.

– Məndən yox, ölümdən. Çünki qulaq asmayanı, bizi tanımaq istəməyənləri yalnız ölüm gözləyir. Bircə hökmdarlardan başqa. Onları nə gözləyir – keçən dəfə dedim. Biz hər şeyi tənzimləyirik. Bu, əyanlara, məmurlara da sərf edir. Özləri rüşvət alsa adları hallanır. Bunu biz edib onların da payını verəndə adları təmiz qalır. Hər yerdə döşlərinə vurub fəxrlə deyirlər ki, “biz madərşahın sədaqətli əsgəriyik. Bizi o qoyub bura. Onun adını heç vaxt ləkələmərik”. Amma şikayətə gələnləri qapıdan qovurlar. Biz isə qəbul edirik. Varlılar da razıdırlar bizdən. Onları sizin bu qansoran əyanlardan, məmurlardan qurtardığımıza, himayə etdiyimizə görə canımıza dua edirlər. Həm də istədiklərini eləyirlər. Daha çox pul qazanırlar.

– Day denən ki, varlılar da kefdədir, kasıblar da...

– Kasıblar heç vaxt kef edə bilməz, madərşahım. Kasıbın kasıb yeri var, varlının varlı. Varlı imkan verməz ki, kasıb pullana. İmkan versə özünə rəqib qazanar, gəliri azalar. Biz isə qoymuruq nə varlı qudursun, nə də onun incitdiyi kasıb acından ölsün. Sizin madərşahlıqda hamının özünə görə həddi var. Biz imkan vermərik ki, kimsə həddini aşsın.

– Birdən aşsa?

– Həddini aşana xəbərdarlıq edirik. Başa düşməyəndə küçənin ortasında qarnını yortub bağırsaqlarını çölə tökürük.

– Bəs zindandan, qətlgahdan qorxmursunuz?

– Yox.

– Niyə?

– Çünki bütün əyan və məmurlar kimi cəza verənlərin də aylığı çatır – cinayət törətsək də, törətməsək də... Bir də ki, şikayətçi olmur. Şahidlik edən də tapılmır ki, kim törətdi bu cinayəti? Cəza məmurları gəlib sorğu-suala tuturlar. Qatili tapmayıb işi xətm edirlər gedir. Düzdür, danışan olur. Amma cəza məmurları onun adını tez bizə çatdırırlar. Biz də xəbərçini ailəsi qarışıq öldürürük. Boynundan da “xəbərçi” lövhəsi asırıq. Bununla da söhbət bitir. Həm də başqalarına dərs olur.

– Dedin ki, biz kabuslar gözəgörünməzik. Bəs onda kasıb-kusub sizi necə tapır ki, hələ bir şikayət də etsin, yardım da istəsin?

– Düz buyurursunuz, madərşahım. Əgər biz bir yerdə otursaydıq, çoxdan zindana salmışdız hamımızı. Yaxud da yerimizi bilsələr, qapımızda növbə dayanar. Ehtiyacı olmayanlar da yalandan dilənməyə başlayar, işləyənlər isə işləməzlər ki, yardım edəcəyik. Ona görə də bizim hər yerdə qulağımız var. Bizə onlar çatdırırlar hamı haqqında xəbərləri. Biz də bacadan atırıq yardımımızı. Üzümüzü heç kim görmür. Xalq da adımızı buna görə Kabus qoyub. Biz özümüz də digərləri kimi işləyirik, camaat arasında oluruq. Amma kabusluğumuzu heç kimə bildirmirik. Öldürəndə isə üzümüz bağlı – qara geyimdə, qara niqabda oluruq.

– O vaxt himayədarının Qaflan, sonra isə Qüdrət olduğunu dedin. Bəs indi kimdir?

Kabus duruxdu. Atın cilovunu ağacın gövdəsindən açmağa başladı.

– Madərşah deyəsən hər şeyi bir gündə öyrənmək istəyir. Bir həftədən sonra görüşənədək, madərşahım. Xudahafiz, – deyib Kabus atına minir. Qaranlıqda gözdən itir.

 

* * *

 

Səhərdir. Madərşah yatağında uzanıb. Halsızdır. Gecəni yuxuya gedə bilməyib. Fikirlər beynini qarışdırıb, ona rahatlıq vermir: mən atamı fağır, sadəlövh adam bilirdim. Elə bilirdim ki, atam baş vəzir Qaflanın çaldığına oynayıb həmişə. Öz sözü, qətiyyəti olmayıb. Mən dediklərimi isə qulaqardına vurub. Demə, yox. Mən bilmədiyim şeylər varmış. Həm də arxayınmış ki, ondan sonra vəliəhdi var. O olacaq yerinə. İtbaşı da razıdır buna. Mən isə qorxub qaçmışam. Belə çıxır ki, atamı yox, mən özümü edam etdirməliydim? Qorxaq, satqın elə mən özüməm? Kaş bilməyəydim həqiqəti. İndi nə edim? Necə sakitlik tapım? Öldürməyim öz yerində, atamı o cür amansızlıqla qətlə yetirməyimə – diri-diri yandırmağıma necə bəraət qazandırım? Qəbrinin yerini də bilmirəm ki, gedim hönkürüm, sakitləşim, ruhundan bağışlanmağımı diləyim. Bəlkə anamı, qardaşlarımı geri qaytarım? Onlardan üzr istəyim? Bağışlayarlarmı məni? Əsla. Bu həqiqətlər mənə lazım idimi? Belə çıxır ki, xalq Qaflan Şahdan yox, sadəcə onun himayə etdiyi Kabusdan razıymış? Amma ad onun imiş. Görəsən ağsaqqalı kimdir? Niyə o ağsaqqal məni devirməsinlər deyə başqa çıxış yolu göstərib? Əgər bu gün mən Kabusu himayə etsəm, təqibə məruz qoymasam, xalq məndən də razı qalarmı? Hər şey qaydasında gedərmi? Amma Kabus dedi ki, şahlar onları tanımaz. Niyə? Tutaq ki, mən onu himayə etmək istəsəm, o buna razılıq verərmi? Yox. Çünki onların öz qanunları var. O isə hamısını deməyib mənə. Dedikləri də yəqin əhəmiyyətsiz saydıqlarıdır. Onları da deməzdi – qalaya girmək xatirinə deyir. Divin canı şüşədə olan kimi, onun da canı Kaminat qalasındadır. Qalada olan qızlardan hansısa ya onun qızı, ya da istəklisidir. Amma deyir ki, kabusların ailəsi olmaz. Ailəsi olmaz – tutaq ki, belədir. Sevməyi ki, qadağan etməyiblər? Sevir, ancaq evlənməyə haqqı yoxdur. Sadəcə görüb, rahatlıq tapırdı. Mən də həmin mələyi qatmışam şahzadələrimin sırasına. O da olub Məcnun, düşüb Leylisinin dalıyca çöllərə. Amma lağım atması və bunu da kimsənin bilməməsi heç açmadı məni. Deməli, qalanın divarları, ətrafı yox, özü yaxşı qorunur. İstədiklərimi Kabusdan alandan sonra dağıtdıraram lağımı. Mənası yoxdur. Dağıdacağam, yenisini çəkəcək. Onsuz da müvəqqətidir oralar. Əvvəl-axır qızları saraya köçürəcəyəm. Qüdrəti də çox aşağıladım. Elə bilirdim ki, xəzinəni daşıtdırıb. Üstündə ad olan sandıqları, torbaları ondan tələb edib özümü gülünc vəziyyətə saldım. Bəlkə barışığa gedim onunla? Baş vəzir qoyum. Kabusla da arası yaxşıdır. İdarə etsin madərşahlığı. Mən də rahat oturum taxtımda. Yeni “atlantlar”, “pələnglər” də ətrafımda. Tələsmə, Karine, tələsmə. Şahzadələrin meydana çıxmasına az qalır. Bir az da döz. Keçmişi isə yadından çıxart. Axı sən müdrik adamsan. Keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən adama müdrik deyirlər. Gələcəyə bax. Kabus da qoy əvvəlki qaydada işləsin. Onun etdikləri sənin adına yazılacaq. Amma maraqlıdır. Dərin dövlətdə Kabusdan yüksəkdə duranlar kimdir? Mən isə İtbaşıdan qorxurdum – səfil, cındırından cin hürkən, bit basmış İtbaşıdan. Demə ondan da yüksəyi varmış, daha doğrusu dərini. Bəlkə həmin “dərin”lər elə İtbaşılardır? Kabusdan arxayın oldum bir az. Qəsdimə durmayacaq. Devrilməyəcəyəm də... Qüdrətdən də qismən arxayınam. Bəzi şübhələrim dağıldı. Bəzi şübhələrim isə qaldı. Tiqerişi o göndəribmi qalaya? Amma ağıllı vəzirmiş. Lazım olan an yanıma çəkəcəyəm onu. Lələ də belə məsləhət bilmişdi. Qaldı bircə Aslan. İtbaşıdan yetim qalan Aslan. Kabus həm də işimi artırdı. Məni biabır edən, xalqımı incidən əyanları, məmurları ilim-ilim itirim gərək. Günü bu gün başlayacağam.

 

* * *

 

Madərşahın otağı. Dürəng hüzurunda dayanıb.

– Baş vəzir, bu gündən bütün madərşahlıqda ölüm hökmü bərpa olunur. Bu fərmanımı yay hər yana.

– Başüstə, madərşahım.

– Kabusun mükafatını gec-gec car çəksinlər. Biabır olmuşuq. Bu bizim zəifliyimiz sayılır artıq. Təqibi də saxla. Qoy üzə çıxsınlar. Arxayınlaşsınlar. Mən deyəndə hərəkətə keçərsən. Başa düşdünmü? Mən deyəndə.

– Bəli, madərşahım.

– Sabahdan mütəmadi olaraq paytaxta və əyalətlərə çıxacağıq. Camaatın arasında olmaq istəyirəm. Sən yanımda olacaqsan. Cəllad da kənardan bizi müşayiət eləsin. Get fərmanımı yay. Bunları eynən baş vəzirlər, əyanlar, valilər də öz əyalətlərində etsinlər. Sabaha da bütün hazırlığı gör.

– Başüstə, madərşahım.

 

* * *

 

Səhərdir. Madərşah Karine əyanlarıyla saraydan çıxıb meydana doğru irəliləyir. Yolboyu adamlara yaxınlaşıb söhbətləşmək istəsə də ondan qaçırlar. Beləcə gəlib bazar meydanına çatır. Bir-bir tacirlərə yaxınlaşır. Fərraşlar, camaat, alver edənlər madərşahın başına yığışır:

– Allah bazar versin.

– Çox sağ olun, madərşahım, – deyə dükan sahibi cavab verir.

– Necədir işlər?

– Ömrünüz uzun olsun, madərşahım.

– Sizi incidən, işinizə mane olan yoxdur ki?

– Xeyr, madərşahım. Sizin sayənizdə hər şey yaxşıdır. Gözəl dolanırıq.

– Axı mənə deyirlər ki, sizi incidirlər, xətrinizə dəyirlər, qazancınızın çoxunu əlinizdən alırlar.

– Əsla, madərşahım. Hər şey yaxşıdır.

– Qorxmayın. Baxın, cəllad da burdadır. Bircə işarəniz bəsdir ki, həmin məmurun boynunu gözünüzün qabağındaca vurdurum, – deyə madərşah əliylə cəlladı göstərdi. Bu sözündən sonra tacirlər, dükan sahibləri hamılıqla razılıqlarını bildirməyə başladılar. Madərşah başını Dürəngə çevirib astaca, – Bunları sən qabaqcadan öyrətmisən ki, belə desinlər?

– Xeyr, madərşahım. Mən ilk dəfədir ki, bazar meydanına gəlirəm.

– Yaxşı, inandım. Onda gedək məhəllələrə.

Bu zaman kənarda duran Dəmdəməki madərşaha yaxınlaşır.

– Madərşahım, sizə şikayətim var.

– Kimdən?

– Baş vəzirdən.

– Baş vəzir, bu kimdir?

– Madərşahım, sizə demişdim. Adı Dəmdəməkidir. Ağıldan kəmin biridir. Hər dəfə mükafatı elan edəndə gəlir saraya ki, bəs Kabus mənəm. Qızılımı verin. İndi yəqin ona görə yaxınlaşıb.

– Nə edib baş vəzir, ay Dəmdəməki? – deyə madərşah gülə-gülə soruşur.

– Sizin fərmanı yerinə yetirmir. Saraya gəlirəm, deyirəm ki, Kabus mənəm. Madərşahın mənim başıma qoyduğu qızıllar mənə çatmalıdır. Vermir. Sonuncu dəfə isə yaxşıca şallaqladılar məni. İndiyəcən özümə gələ bilmirəm. Ona görə də sizə yaxınlaşdım ki, baş vəzirdən şikayət edim. Həm də mükafatımı alım.

Madərşah gözüylə baş vəzirə işarə etdi. O pul kisəsindən bir qızıl çıxarıb Dəmdəməkiyə uzatdı. Səfil baş vəzirin əlinə zərblə vurdu. Qızıl yerə düşdü.

– Məni aldada bilməzsiniz. Artıq qızıl mükafat yoxdur. İstənilən arzum yerinə yetirilməlidir.

– Yaxşı, Dəmdəməki, de arzunu yerinə yetirim, – deyə madərşah gülümsədi.

– Mən baş vəzirin dostu olmaq istəyirəm.

Madərşah şaqqanaq çəkib güldü. Əyanlar da ona baxıb hırtıldadılar. Sonra çevrilib başının dəstəsiylə kasıb məhəllələrinə tərəf yol aldı. Ora çatanda artıq hamı qapıya çıxmışdı. Kişilər işdə olduğundan yalnız arvad-uşaq gözə dəyirdi. Madərşah hamıyla mehribancasına salamlaşaraq, anaların hərəsinə bir qızıl bağışladı.

 

* * *

 

Qüdrət Şahın otağı. Baş vəzir Hətəm hüzurundadır.

– İndi nə deyirsən? Biz də qızıl paylayaq?

– Ay Qüdrət, payla. Özü də madərşahın adından ver. Aparıb çatdıracaqlar, könlü xoş olacaq. Məsləhətdir. Həm də paytaxtdan bu barədə göstəriş var.

– Bəlkə bir-iki gözəçarpmayan məmurun boynunu da vurdurum? Hər yerə də yayım ki, bəs madərşahın rəiyyətini incidirdilər. Kim bu cür işləsə aqibəti belə olacaq.

– Onu da eləyərsən. Amma madərşah siftə etməyib ölüm hökmü bərpa olunandan sonra. İlk addımı sən atsan xoşuna gəlməyə bilər.

– Düz deyirsən. Gərək çıxım xalqın arasına. “Madərşahımıza uzun ömür, xalqımıza firavanlıq” hayqıraraq.

 

* * *

 

Madərşahın otağı. Baş vəzir Dürəng hüzurundadır.

– Madərşahım, bütün şahlıqların baş vəzirlərinə göstəriş verdim. Adam arasına çıxıb camaatla görüşsünlər. Kasıb ailələrin başçılarına yox – analara sizin adınızdan bir qızıl bağışlasınlar.

– Qüdrətə də dedin?

– Xeyr, madərşahım. Buna ehtiyac qalmadı. Artıq başlayıb qızıl paylamağa. Özü də ki, sizin adınızdan – “Madərşahımıza uzun ömür, xalqımıza firavanlıq” hayqıra-hayqıra.

– Ağıllanır deyəsən yavaş-yavaş.

– Mühafizlərin sayını da azaldıb. Vaxtının çoxunu paytaxtda keçirir. Əyalətlərə də qızıl paylamaq əmri verib.

– Deyəsən, əmin-amanlıq qayıdır məmləkətə.

– Sizin sayənizdə, madərşahım.

– Dürəng, sənə tapşırığım. Həddini aşan məmur-əyandan bir-ikisini xalqın qabağında boynunu vurdur. İplərini boş buraxmışıq. Çoxdandır dəyib-dolaşmırıq, qudurublar. Qoy başqalarının da gözü qorxsun. Mal-mülklərini də yatır xəzinəyə.

– Başüstə, madərşahım. Amma mülkü necə yatırım xəzinəyə?

– Böyük mülkdürsə karvansaraya çevir. Kiçik mülkdürsə, dükan, nəxana aç. Öz adamını qoy işlətsin. Gəliri xəzinəyə yatırsın. Vergi də öz yerində. Bir nəfər də tap bütün bunlara nəzarət etsin.

– Başüstə, madərşahım.

– Saraya da kim kömək üçün və ya şikayətə gəlsə naümid buraxma. Bir adam ayır onlarla məşğul olsun. Bu əmrimi şahlıqlara, əyalətlərə də çatdır. Bu gündən həm də sənə sərbəstlik verirəm. Əyanlardan, məmurlardan da kim nə istəyir eləsin. Yığdıqlarını üzə çıxarıb tiksin, qursun, yaratsın, camaata iş versin, varlansın. Azadlıq verirəm onlara. Torpaqlarımı belə şeylərə pulsuz ayırıram. Əyalətlərdən yığılan vergilər də bu gündən təbəə şahlıqların xəzinəsinə köçürülsün.

– Bunun sonu pis qurtarmaz ki, madərşahım? Yəni qudurmazlar ki?

– Sən mən dediyimi elə və kimin nə elədiyinin siyahısını tutdur. Sonrasını vaxtı çatanda deyəcəyəm.

– Düzünü siz bilirsiniz, madərşahım. Qüdrət Şaha da aiddir bu hökmünüz?

– Hələ yox. Onunla başqa söhbətim var. Dürəng, Qüdrəti dəvət et saraya.

– Gəlməyəcək, madərşahım. Elə biləcək ki, tələ qurmuşam.

– Özün get – az mühafizlə. Dəvət elə mənim adımdan. Onunla birlikdə qayıt. Gəlmək istəməsə gəlməsin. Məcbur etmə. Qayıt geri.

– Başüstə, madərşahım.

 

* * *

 

Yolaverənlər şahlığı. Qüdrət Şah otağında yalqızdır: qoy eləsin. Mənitəkrardan irəli gedə bilməyəcək. Yəqin Dürəng başa salıb. Mənim onun madərşahlığının ilk aylarında etdiyim işləri neçə ildən sonra təkrar etməyə başlayıb. Hər şeyi etmişdim də... Özü də beş şahlığın beşində də... Dürəngi də qoymuşdum işlərin başında. Gərək məni meydanda biabır eləyəydin? Arisi göndərib bac-xərac istəyəydin? Alınmayanda vergiyığanları, qoluzorluları üstümə göndərib məni bütün işlərdən kənarlaşdıraydın? Pis iş görmüşdümsə, niyə indi təkrar edirsən? Yaxşı iş sayırsansa bunu, bəs verdiyin hökm mənə niyə aid deyil? Axı bac-xərac da vermirəm, vergi də... Hər şeyi buraxmışam başlı-başına. Xəzinəsiz şah olar? Əyansız saray olar?

Bu zaman baş vəzir Hətəm hövlnak özünü içəri salır.

– Nə olub, Hətəm? Nə baş verib?

– Dürəng gəlib. Sarayın qapısındadır artıq. İçəri keçmək istəyir.

– Qoşunladır?

– Yox. Üç-dörd mühafiz var yanında.

– Onda qoşun kənardadır. İçəri gizlin girənlər isə artıq qala qapılarını sakitcə ələ keçiriblər. Yoxsa Dürəng tək gəlməyə cürət etməzdi. Qoy gəlsin.

– Qılıncını alım?

– Yox. Otaqda gizlənən mühafizlər həmişə hazır vəziyyətdədirlər. Qılıncı qınından çıxarmağa macal tapmaz. Abbasa de bu barədə. Tez mühafizləri ayağa qaldırsın. Qala qapılarını bağlayıb, yerlərini tutsunlar.

– Başüstə.

– Tez elə!

Qüdrət Şah yenə fikrə gedir: görəsən niyə gəlib? Yəqin xəbərdarlıq edəcək ki, “təslim ol. Razılaşmasan qoşun girəcək paytaxta”. Şərtlərini deyəcək, mənim də razılaşmaqdan başqa əlacım qalmayacaq. Qoşuna əmr etsəm, vuruşsam paytaxt dağılacaq. Sonda da məğlub olacağam. Qoy gəlsin görüm şərti nədir? Bəlkə mən də öz şərtlərimi yeritdim ona?

Bu an qapı döyülür. Baş vəzir Dürəng içəri girir. Qüdrət Şah taxtından durmur. Dürəngi tərs-tərs süzür.

– Nədi? Niyə gəlmisən? Madərşahın qovdu səni? Qız çıxmamısan yəqin. Ona görə qaytarıb atan evinə. Xəyanətkar. Elə adını yaxşı qoyublar. Dürəng, yəni ki, ikiüzlü, riyakar, hər rəngə düşə bilən. Nədir? Niyə gəlmisən? – Dürəng dinmir. Başını aşağı salır, – Niyə dinmirsən? Bura susmağa gəlibsən? Bəlkə xəcalətindən danışa bilmirsən? Əgər belədirsə, deməli, ümid var ki, yenidən adam ola bilərsən. Danış!

– Madərşahlığın baş vəziri kimi Madərşah Karinenin sizə dəvətini çatdırmaq üçün burdayam. Sizi sarayına dəvət edir.

– Çağırır məni? Hardan yadına düşmüşəm neçə illərdən sonra? Yuxuda görüb məni? Yox. Yəqin işi çətinə düşüb. Ay tülkü, sən getdiyin yolları mən artıq qayıdıram. İndi mən onun dəvətini qəbul edib qaça-qaça gedim Kaminat şahlığına? O da məni salsın zindana və ölənəcən çürütsün orda? Düz demirəmmi, Dürəng?

– Bilmirəm, Qüdrət Şah. Madərşah fikirlərini mənimlə bölüşmür. Mənə dedi ki, get Qüdrət Şahı saraya dəvət elə. Birlikdə gəlin. Gəlmək istəməsə qayıt geri. Vəssalam.

Qüdrət Şah dinmədi. Taxtından durub otaqda var-gəl etməyə başladı.

– Qılıncın hanı?

– Hətəmə təhvil verdim.

– Niyə?

– Mən xeyirxahım olmuş bir adamın hüzuruna qılıncla girə bilmərəm.

– Bərəkallah. Sənə Karine başa salıb bunları? Ki, şirin dilinə salıb məni özünlə apara biləsən?

– Xeyr, Qüdrət Şah. İçimdən gəlir. Heç vaxt unutmaram etdiyiniz yaxşılıqları. Məhz ona görə Biniyamin lələ sizi öldürməyə gələndə mühafizlərinizə əvvəlcədən xəbər çatdırmışdım.

– Yaxşı. Ona denən ki, sabahda-birigündə gələrəm.

– Böyük şərəf verərsiniz, Qüdrət Şah. Mən gedim. Xudahafiz.

Dürəng gedir. Qüdrət Şah xəyala dalır: gedəcəyəm. Nə olar, olar. Bezdim day belə yaşamaqdan. Onsuz da nə öldürə, nə də zindana sala biləcək məni. Yaxşı ki, vaxtında zəhər gizlətməyi Kabusdan öyrənmişəm. Gedəcəyəm. Yaxşı olar inşallah.

 

* * *

 

Kaminat qalası. Biniyamin lələ Karineylə qalanın həyətində söhbət edir.

– Qızım, mühafizlər mənə dedi ki, gecələr qara paltar geyinən, üzü-gözü bağlı bir nəfərlə gəlirsən qəsrə. Məni niyə çağırmırsan gələndə? Kimdir yanındakı adam?

– Heç, lələ, dostumdur.

– Əgər dostundursa, bəs onda niyə gecələr gəlirsən? Niyə qapıdan yox, gizli yolla gəlirsən? Əgər buraları mənə tapşırmısansa, sən gələndə birinci mən bilməliyəm.

– Lələ, hələlik sənin bilməməyin məsləhətdir.

– Nə olar, qızım. Bilmə deyirsənsə, bilməməzliyə vuraram özümü. Başqa işim-gücüm yoxdur ha... ancaq lağım tapıb içini doldurmaqla məşğulam. Artıq üç dənəsini tapmışam.

– Üç dənəsini?

– Hə. Deyəcəksən kimdir həmin adam? Yoxsa tələ qurum lağımların ətrafında?

– Lələ, elə buna görə gəlmişəm yanına. Mənə hər şeyi öyrətmisən. Bilmədiklərimi də həyat öyrədir. Amma kabuslarla bağlı heç nə deməmisən.

– Deməli, səninlə gələn Kabus imiş?

– Hə.

– Qızım, sənin onlarla nə əlaqən? Bu dəfə gələndə xəbərim olsun hökmən. Onu aradan götürmək lazımdır.

– Yəni belə təhlükəlidirlər?

– Vaxtında Kaminat Şahı da xəbərdar etmişdim ki, “Qaflanı öldür. Onları himayə edib yüz oyundan çıxır”. Atan qulaq asmadı. Daha doğrusu gecikdirdi. Sonu da belə qurtardı. Onların gücü himayə edəndədir. Himayəsiz heç bir gücləri olmur. Əsas onları aradan götürmək deyil, himayədarlarını aşkar edib öldürməkdir. Amma sən özün qoşulmusan onlara. Belə başa düşdüm ki, himayədarlığı da özün edirsən. Şaha yaraşmaz bu.

– Şaha yaraşmaz, amma baş vəzirə yaraşar?

– Kabuslar bir növ oğrudurlar. Sənin rəiyyətindən oğurlayırlar. Fərqi yoxdur – varlı olsun, ya kasıb. Məmur, kəndxuda olsun, ya kəndli. Ölüm qorxusunun gücünə istədiklərinə çatırlar. Əlbəttə ki, himayədarları da arxalarında durmaq şərtiylə. Baş vəzir də, digər saray əyanları da bir növ oğrudurlar. Camaatın qanını sorub varlanırlar. Üstəlik xəzinədən də çırpışdırırlar. Kabuslar onlara var-dövlətlərini artırmaq və danışanların ağzını bağlamaq üçün lazım olur. Sənin isə Kabusa ehtiyacın yoxdur. Çünki torpaq da, bu məmləkət də sənindir. Hamı sənin rəiyyətindir. Sənə Kabus niyə lazım olsun ki? Nəyi oğurlamaq istəyirsən? Kimin malını oğurlamaq istəyirsən? Yaxud da səndən oğurlayana niyə himayədarlıq etmək istəyirsən? Adam da özü-özündən oğurluq edər? Onu oğurlayana arxa durar?

– Lələ, himayədarlıq etmirəm.

– Himayədarlıq etmirsənsə, bəs yanında niyə gəzdirirsən?

– Bəzi gizlinlər var ki, üstünü açmaq istəyirəm. Himayədarını üzə çıxarmaq istəyirəm.

– Məsələn?

– Demə atamı Qaflan yox, Kabus deviribmiş. Onun adamlarını zindana saldığına görə.

– Qızım, sadəlövh olma. Əgər Qaflan Kabusa razılıq verməsəydi, o bunu edə bilməzdi.

– Mən Qaflanı öldürəndən sonra baş vəzir Qüdrət himayədarlıq edib ona.

– Kim? Qüdrət? – lələnin ayaqları sustaldı, daşın üstündə oturdu, – Deməli, Qüdrət. Daha kimi axtarırsan ki? Himayədarı indi də Qüdrətdir. Düz deyirmişsən. Qüdrəti öldürmək lazımdır. Mən yanılıbmışam. Yadında saxla. Məmləkətdə bir kabus olar. O da şahdır. Əgər şah zəifdirsə, bunu anlamırsa – atan Kaminat kimi – onda vay o taxt-tacın halına. İndiki halda kim Kabusa himayədarlıq edirsə əsl hökmdar odur. Buna görə Qüdrətlə bacarmırsan. İstədiklərini həyata keçirə bilmirsən.

– Deməli, Qüdrət məndən yüksəkdədir?

– Göyverənin dönəmində Qüdrət lotuları məhv etmişdi. Bəs bizim məmləkətdə onlara niyə toxunmayıb?

– Bilmirəm.

– O vaxt Kaminat şahlığını, sonra şahənşahlığı, indi isə bütün madərşahlığı nəzarətində və əsarətində saxlamaq üçün.

– Çağırmışam saraya. Sabah gələcək.

– Niyə?

– Baş vəzir qoymaq istəyirdim onu. Özün məsləhət etmişdin mənə.

Lələ dinmədi. Ayağa durub Karinenin qulağına nəsə pıçıldadı.

– Razıyam. Danışacağam, – deyib lələylə gözdən-qulaqdan uzaq xəlvət bir yerə çəkildilər.

 

* * *

 

Ertəsi gün. Qüdrət Şah qala qapılarından yüz silahlı mühafizin müşayiətiylə paytaxta daxil olur. Hamı onun bu nümayişkaranə gəlişinin tamaşasına yığışır. Birbaşa saraya getmir. Paytaxtın küçələrindən, bazar meydanından keçib nəhayət sarayın qapılarına yaxınlaşır. Atdan düşür. Baş vəzir Dürəng onun pişvazına çıxır. Qılıncını Dürəngə verib, madərşahın otağına girir. Karinenin qabağında dayanıb təzim edir.

– Xoş gəlmisən, ey mənim xeyirxahım.

– Xoş gününə gəlim, madərşahım. Yəqin məni çağırtdırmaqda vacib bir səbəb var.

– Çağırtdırmaq? Əsla. Mən səni dəvət etmişəm. Bəs nə əcəb qorxmadın gəldin?

– Artıq bezmişəm. Belə yaşamaq olmaz. Hər şeyi aydınlaşdırmaq lazımdır. Kimsə aramıza girir.

– Kimdir o “kimsə”, ey mənim xeyirxahım?

– İtbaşı.

– Ha-ha-ha, – deyə madərşah şaqqanaq çəkib özündən gedir, – İtbaşı? O qoca əbləh? O, çoxdan cəhənnəmdədir. Oğlumun qətlinə fərman verən səncə indiyə sağ qalar? Öldürtdürdüm onu. Özü də Kaminat şahlığına çatandan bir neçə gün sonra.

– İtbaşı ölüb?

– Hə.

– Bəs onda aramızı vuran kimdir? Aləmi qarışdıran kimdir?

– Özünü tülkülüyə vurma, Qüdrət. Artıq çatdırıblar mənə.

– Nəyi?

– Niyə qala qapısından girən kimi birbaşa saraya gəlmədin? Niyə şəhərin küçələrini, bazar meydanını dövrə vurub sonra bura gəldin?

– Darıxmışdım kaminatlılar üçün. Çoxdandır gəlmirəm bu tərəflərə.

– İnandım. Amma fəhmim mənə başqa şey deyir.

– Nə deyir, madərşahım?

– Sən kiməsə işarə verirdin bu uzun-uzadı yürüşünlə.

– Kimə?

– İndilərdə üzə çıxar yəqin.

Bu zaman gizli qapı tərəfdən səs-küy qopur. Lələ çiynində əl-qolu bağlı bir nəfərlə otağa daxil olur. Onu taxtın qarşısında yerə uzadır.

– Bax, ona işarə edirdin, Qüdrət Şah. Tanıyırsan yəqin.

Qüdrət Şah dinmir.

– Tanımırsan? Kabusdur da... Ah, belə kəsərəm, elə tökərəm deyən Kabus. Əsir düşməmək üçün paltarının üç yerində zəhər gizlədən Kabus. Nə oldu? Niyə içmədi zəhəri? Yəqin sənə də öyrədib bu fəndləri. Vaxtın var hələ. Əlin-qolun açıqdır.

– Mənim günahım yoxdur. Niyə içməliyəm ki?

– Anamla, qardaşlarımı gələcək varis kimi görərək himayənə götürmüsən. Bu, günah deyil? Öz adamın olan vergiyığanlar vasitəsiylə ikiqat, üçqat vergi yığdırıb yarısını xəzinənə yatırmısan. Bu, günah deyil? Doqquz it başını mənə hədiyyə göndərmisən. Bu, günah deyil? Rəiyyətə payladığım qızılı Kabusun, Taxisin vasitəsilə əllərindən almısan. Bu, günah deyil? Mən Kaminat şahlığına çatmamış rəiyyəti üstümə qaldırmısan. Bu, günah deyil? Bununla da atamın diri-diri yandırılmasına bais olmusan. Bu, günah deyil? Elbrus imperatorluğuyla əlaqə yaradıb mənə üstün gəlmək istəmisən. Bu, günah deyil? Düz deyirsən. Bu, günah deyil – xəyanətdir, – Qüdrət Şah dinmir. Başını aşağı salır. Madərşah sözünə davam edir, – Qəşşaşın oğlunu və o biri yetimçələri məni öldürmək üçün qalaya sala bilmisən. Bu, günah...

– Yox. Bunu mən etməmişəm, – deyə Qüdrət Şah madərşahın sözünü kəsir.

– Bax bunu sən etməmisən. İnanıram. Həmən etiraz etdin. Amma əvvəl dediklərimə etiraz etmədin. Cınqırın da çıxmadı. Belə çıxır ki, əvvəl dediklərim düz idi? – Qüdrət Şah susur. Yenidən başını aşağı salır, – Kabusu da tanımırsan? İndi deyəcəksən ki, heç üzünü də görməmisən. Düz də deyəcəksən. Çünki heç kim onun üzünü görməyib. Həmişə qapalı, üzü niqablı olub. Mənimçün də maraqlıdır onun sifəti. Lələ, göstər onu bizə.

Lələ Kabusun papağını və niqabını dartıb çıxarır. Madərşah Karine Kabusun sifətini görüb şaqqanaq çəkərək özündən gedir. Handan-hana özünə gəlir. Kabusun üzünə baxıb bir də uğunur.

– Heç gözləməzdim. Yatsaydım yuxuma da girməzdi. Dəmdəməki, bu sənsən? Əhsən sənə. Lələ görürsən də... Özünü axmaqlığa, səfilliyə vurub ki, heç kim ondan qorxmasın. Yanında söz danışsınlar. Sirr açsınlar. “Dəmdəməkidir də... başdanxarabın biridir. Ondan bizə ziyan dəyməz” deyərək. Axı kim deyər ki, Qüdrət Şahla dostluq edən, bütün madərşahlığı, hətta madərşahı belə gərginlikdə saxlayan, gizli qapıdan yataq otağıma girib boğazıma xəncər dirəyən, Kaminat qalasına getməyi təkid edərək qarşımda şərt qoyan, neçə başlar kəsən, ailələri qılıncdan keçirən Kabus budur? – “Kaminat qalası” sözünü eşidən Qüdrət Kabusu tərs-tərs süzdü, – Halal olsun sənə. Hər ehtimala himayədarını qorumağa gəlmişdin, amma özünü oda yaxdın. Elə düşündün ki, onu öldürməyə gətirmişəm? Yox. Onu baş vəzir edəcəkdim. Yaxşı ki, son məqamda lələ sən qazdığın daha üç lağımı aşkara çıxartdı. Sənin himayədarının bu gün də Qüdrət olduğuna məni inandırdı. Məni ayıltdı. Arxa durdu. Ən əsası isə sənin burda olmağından heç kimin xəbəri yoxdur. Suallarım isə çoxdur. İlk sualım: gizli xəzinə hardadır? Danış!

– Yox, madərşahım. Mən xəbərçi deyiləm. Öz dövlətimə xəyanət etmərəm.

– Nə deyirəm ki? Danışma. Xəzinənin yerini göstərmək xəyanət sayıla bilər. Bəs Kaminat qalasına niyə can atırdın? Bu da öz dərin dövlətinə xəyanət sayılır? Səni ora onlar göndərmişdi? Lələ, bunları apar ölüm zindanına. Yerə, tavana pərçimlənən qandallarla bağla əl-ayaqlarını. Ölüm hökmünü bərpa edəndən sonra ilk qaranquşlardır bunlar. Heç kim yoxdur orda. Hətta cəllad da... Zindana gedən yoldan bütün mühafizləri yığışdırmışam. Xəbər çatdıran da olmayacaq. Apar bunları, lələ. Mən də indi gəlirəm.

Zindan. Qüdrət Şahla Kabus qandallanmış vəziyyətdə dayanıblar. Lələ onların qarşısında var-gəl edir. Hərdən dözməyib hərəsinə bir yumruq ilişdirir. Bir azdan madərşah gəlir. Əlindəkini yerə qoyur. Üstündəki örtüyü götürür. Şüşə qabın içindəki iri siçovulu görüb Qüdrətin rəngi ağarır.

– Madərşaha meydan oxuyan iki dost, necəsiniz? Yaxşı olmalısınız. Həmişə bir-birinizə arxa olub xoş günlər yaşamısınız.

– Yaşatmışıq da, – deyə Kabus acıqlı şəkildə dillənir.

– Kimə xoş gün yaşatmısan?

– Sənə.

– Nəsə yadıma gəlmir. Xatırlat.

– Baş vəzir Qüdrət mənə deməsəydi, o vaxt adamlarımı Lələgiryan adıyla ayağa qaldırmazdım. Şahənşah Göyverəni devirməsəydik, çətin ki, indi bu cür dil-dil ötərdin. Nankor.

– Lələgiryanlardan Qüdrətin xəbəri yox idi. Onları başqa adam qaldırıb. Sən onu tanımağa belə layiq deyildin.

– Düz deyirsən, ey madərşah. Bizləri baş vəzirlər tanıyar, onları isə şahlar.

– Kimi deyirsən?

– Dedim axı... biz onları tanımarıq. Sadəcə, əmrlərinə qeyd-şərtsiz tabe olarıq.

– Əvvəllər “madərşahım” deyirdin. İndi isə “ey madərşah”.

– Məni zindana salıb, qətlimə fərman vermiş adama “madərşahım” deyə bilmərəm.

– Çox uzatdım deyəsən. Birinci sual. Madərşahlıqdan oğurladıqlarını harada gizlədirsən? Elə bilərsən mənim Qüdrətə işarə verdiyim xəzinənin yerini soruşuram. Yox. Bütün xəzinənin yerini deməlisən.

Kabus dinmir.

– Dinmirsən? Onda ikinci sual. Kaminat qalasına niyə belə can atırdın? Kimin var orda?

Kabus yenə dinmir.

– Dinmirsən? Onda üçüncü və sonuncu sual. Öz adamlarını zindandan qaçırmaq üçün taxtıma oturtduğun kim idi? Onda dedin ki, ağsaqqalın qoymayıb məni devirməyə və çıxış yolu göstərib. Onu da demişdin ki, axı məni devirməyə ağsaqqal yox, dərin dövlətin dərin qatı qərar verir. Niyə onlara müraciət etməmişdin ki? Bəlkə rədd cavabı vermişdilər sənə? Ya da... Dayan, dayan... İkinci suala deyəsən cavab tapdım. Kaminat qalasındakı sənin qızındır. Gizli nigahdan olan qızın. Yox, buna inanmıram. Gözünü çıxardardılar bilsəydilər. Çoxdan ölüydün. Yəqin ki, sevdiyin qızdır. Kənardan baxıb alovlanırmışsan, yanırmışsan. Bundan məhrum etmişəm səni. Ona görə də böyüklərdən kömək diləyə bilməmisən. İndi aparıb səni göstərsəm ordakılara yəqin ki, tanıyan tapılar. Yox, bu cür üzə çıxara bilməyəcəyəm. Deyəcəklər ki, Dəmdəməkidir. Xalq arasında məşhursan. Dəmdəməki kənardan baxıb yana bilər. Ona vurulan isə çətin tapıla. Bir suala cavab tapdım. Amma yenə də müəmma qaldı mənə. Yerimə otuzdurduğun kim idi? Sən ölüb gedəcəksən. Ya işgəncəylə, ya işgəncəsiz. Amma həmin adam mənim gizli qapımı tanıyır. Ona görə bu sualıma hökmən cavab almalıyam.

– Mən idim yerinizdə oturan. Demişdim axı sizə.

– Yalan deyirsən! Lələ, cır bunun köynəyinin yaxasını!

Lələ həmən madərşahın əmrini yerinə yetirdi. Karine şüşə qabı yerdən göturüb Kabusa yaxınlaşdı.

– Qabdakının izahını verməyəcəyəm. Hiss edəndə başa düşəcəksən. Bircə onu bilirəm ki, acdır, – deyə madərşah qabın qapağını açdı. Ağzını Kabusun qarnına yaxınlaşdırıb bədəninə sıxdı. Siçovul hərəkətə keçdi, – Danış, Kabus, danış! Bu cür əzablı ölümdənsə, lələnin qılıncını seç, – Kabus isə danışmırdı. Siçovul artıq onun dərisini gəmirib ətinə keçmişdi. Qüdrət Şah bu mənzərəyə dözməyib özündən getdi, – Danış, Kabus, danış! – deyə madərşah bir də qışqırdı...

Zindan. Madərşahla lələ kətilin üstündə oturublar. Siçovul qapağı bağlı şüşə qabdadır. Kabusun qarnının ortasından divar aydın görsənir. Qüdrət Şah isə hələ də özünə gəlməyib.

– Lələ, Kabus heç nə danışmadı.

– Əsas odur ki, artıq ölüdür.

– Nə olsun? Suallara ki, cavab ala bilmədim.

– Heç ehtiyac da yoxdur. İndi onu asacağam şəhərin görməli yerində. Digər kabuslar pərən-pərən düşəcəklər məmləkətdən.

– Axı yerinə gələn olacaq.

– Bircə, himayəsi olmasın. Himayəsiz kabus heç kimdir. O da ki, çətin.

– Yaman əminliklə danışırsan, lələ. Dürəngi belə yaxşı tanıyırsan?

– Özümü yaxşı tanıyıram. Çünki sənin o vaxt mənə etdiyin baş vəzirlik təklifini qəbul edirəm.

Bunu eşidib Karine lələnin boynunu qucaqladı. O üzündən, bu üzündən öpdü.

– Amma Qüdrəti danışdırmaq lazımdır. Görək nə məsləhətlər verib Kabusa? Həm də xəzinəsinin yerini öyrənək. Sonra isə Dürəngi göndərərik ora. Dəmdəməkinin də ailəsini tanıyanlardan apararıq qəsrə. Onun qızını göstərərlər bizə.

– Dəmdəməkinin ailəsi yoxdur. Bədbəxtin biri kimi göstərirdi özünü. Döyüləndə neçə dəfə zalimin əlindən qurtarmışam onu. Pul da verirdim.

– Ona görə səninlə üz-üzə gəlməkdən qaçırdı?

– Nə olsun ki, kabusdur? Axı həm də insandır. Yəqin ona görə. Amma bütün hallarda təhlükəli sayılırlar. İndi məmləkətdə hakimi-mütləq sənsən. Kaminat Şahın dövründə edə bilmədiyimi axır ki, etdim. Atanı qoruya bilməsəm də səni qorudum.

– Əgər ailəsi yoxdursa, deməli, qızı da yoxuymuş. Bəlkə də paytaxtdan kənarda kimisə varmış. Ora gedəndə də Kabus kimi gedirmiş – üzü qara niqablı.

– Tələsmə, qızım. Qüdrət ayılsın, öyrənərik.

– Öyrənə bilməsək...

– Yox, qızım, qıyma. Hamısı məsum idi qalaya gətiriləndə. Böyük zəhmət qoymuşam onlara. Onlar səninkilərdir. Bazardan alınan qul deyillər ki, hamısını öldürəsən. Göyverənin şahzadələri kimi yetim də deyillər. Valideynləri, camaat yaxşı bilir ki, onlar sənin himayəndədir. Kabusun qızı, yaxud da istəklisi təhlükəli deyil. Əsas Kabusun özüydü. O da cəzasını aldı. Sən icazə verməsən, yəni göz yummasan, bir kabus da madərşahlıqda cik eləyə bilməz. İndi zəmanə fərraşların olacaq. Onların yerini sənin fərraşların tutacaq. Onlar heç vaxt qoymazlar ki, bir kabus da lotuluq edə.

– Lələ, belə çıxır ki, dövlət oğru, lotu, kabus qanunlarıyla idarə olunur?

– Bunu hardan çıxartdın?

– Kabus başa saldı.

– Anlamadım.

Qüdrət Şah yavaş-yavaş özünə gəlir. Kabusun deşik açılmış qarnını görəndə qışqırır.

– Lələ, Qüdrətin də köynəyini soyundur. Onsuz da danışan deyil. Bunlar çoxdanın dostlarıdır. Kabus bunu satmadı, bu da çətin sata.

– Karine, qızım, bəlkə qıymayasan Qüdrətə? – deyə lələ Karineyə göz vurur, – O mənə hörmətlə yanaşıb yanına gedəndə. Dünyagörmüş adamdır. Nə bilirsə danışacaq. Bilir ki, yaxşı at heç vaxt özünə qamçı vurdurmaz.

– Yox, lələ. Ona çox yaxşılıq etmişəm. Onu şah etmişəm. Mənə miras qalan o boyda varlı məmləkəti ona vermişəm. Mənə yaşatdıqlarını gördün də... Çalıb-talamağı başına dəysin. Heç vaxt dinməzdim pula görə. Amma elədiklərini unuda bilmirəm. Cəzasını almalıdır. Hətta ailəsi də qılıncdan keçiriləcək. Nəslini kəsəcəyəm bunun.

– Öldürüb nə qazanacaqsan ki, qızım? Sən get dincəl. Özüm danışacağam onunla. Necə olmasa da baş vəzir olub. Madərşahlığın baş vəziri olan məni yaxşı başa düşər.

– Anlamadım. Bəs Dürəng necə oldu? – deyə Qüdrət Şah dilləndi.

– Dürəng baş vəzir deyil daha? Onu sənin yerinə qoyacağıq. O da sənin bütün olan-qalanını yağmalayacaq. Şahlığında at oynadacaq, – deyə madərşah Qüdrətin qənşərinə gəlib gözünü gözlərinə dikdi, – Danışacaqsan? Deyəcəksən gizli xəzinənin yerini? Deyəcəksən bildiklərini? – deyə qışqırdı.

– Kabusun gizli xəzinəsinin sayını bilirəm, amma yerini bilmirəm.

– Sayını?

– Bəli, madərşahım. Üç xəzinə olmalıdır.

– Yaxşı. Bəs ona saxladığın, dəymədiyin gizli xəzinənin müqabilində sənə göndərdiyi bac-xəracı hara yığmısan? Neçə ildir nə vergi verirsən, nə də şahlığın xəzinəsinə bir quruş daxil olub. Bəs yığdığın o xəzinə hardadır?

– Xəzinəmin bir hissəsi Kaminat şahlığında, bir hissəsi isə Göyverən valiliyində idi. Ayrı-ayrı yerlərdə saxlayırdım ki, biri əlimdən çıxanda o biri qalsın. Kabus daha yoxdur. Yerini o bilirdi. O birinin isə Dürəng dalına keçib sizin baş vəzir olandan sonra. Harda gizlədib bilmirəm. Öz xəzinəm isə ata-baba mülkümdə – bağda, torpağın altındadır. İt damının yanında.

– Lələ, eşidirsən? Buna bir siçovul azdır. İkisini salmaq lazımdır bədəninə. Birini qarnından, o birini isə arxasından.

– Yox, yox, lazım deyil. Nə bilirəmsə deyəcəyəm.

– Danış, Qüdrət. Nə məsləhət vermisən Kabusa ki, məni devirmədi?

– Demişdim ki, Kaminat Şahın vaxtından gizli qapını tanıyırsan. Ordan gir, qaçırt adamlarını. O devirmək yox, səni öldürmək istəyirdi.

– Belə çıxır ki, mənə yaxşılıq eləmisən? – Qüdrət Şah dinmir, – Mən də bu yaxşılığının əvəzində siçovula yem etməyəcəyəm səni.

– Ömrün uzun olsun, madərşahım.

– Sevinməyə tələsmə. Madərşahlığın baş meydanında ayağından asacağam səni. Yavaş-yavaş öləcəksən. Günün altında başına qan sızaraq öləcəksən. Zülm verdiyin kaminatlılar yanından keçərək səni söyəcək, üzünə tüpürəcək, təpikləyəcək, əllərinə zopa alıb çırpacaqlar səni. Kim bilir, bəlkə elə döyə-döyə öldürdülər? Ya da daş-qalaq etdilər.

– Qıymayın, madərşahım. Mən sizə diri lazımam.

– Bu hardan çıxdı?

– Kabusun Kaminat qalasına niyə getdiyini öyrənə bilərəm.

– Necə?

– Kabus demişdi ki, mənim başıma bir iş gəlsə ailəm səni tapacaq. Ailəsi gəlib məni tapsa yəqin ki, bu sirrini açmaq mümkün olar. Məni ölmüş bilsələr çətin ki, gələlər.

– Axı dedi ki, kabuslar evlənmirlər.

– Bəlkə gizli evlənib, ya da ata-anasını deyib? Onu ailədə Kabus yox, tacir kimi tanıyırlar. Ona görə də sizinlə bağlı başqalarından deyil, yalnız məndən məsləhət alırdı. Mən də sizi ölümdən qurtarmışam – iki dəfə. Hətta ananızı, qardaşlarınızı da himayə etmişəm. Yalvarıram, dəyməyin mənə.

– Deməli, Kabusun qızı Kaminat qalasındadır.

– Onu bilmirəm, madərşahım. Ailəsi gələr, öyrənərəm. Onlar bilməsələr, deməli, sevgilisidir. Öldürməyin məni, madərşahım. Sizdən incik olsam da, heç vaxt sizə qarşı qərəzim olmayıb.

– Nə deyirsən, lələ? Bağışlayaq?

– Qızım, şair Mənsur bu yerdə bilirsən də nə deyib?

– Nə?

– “Biqərəz insan olur görmək fəqət tabutidə...”

– Lələ, bağışlayaq vəziri, ya yox?

– Bir daha təkrar edirəm, qızım. “Biqərəz insan olur görmək fəqət tabutidə”. İndi özün nəticə çıxart.

– Belə çıxır ki, hamı qərəzlidir bu dünyada? Hamını da öldürmək lazımdır?

– Qızım, bilmirəm kim qərəzlidir, kim qərəzsizdir bu dünyada. Amma, – deyib lələ qılıncını qınından sıyıraraq havaya qaldırıb endirdi. Qüdrətin kəlləsi yerdə dığırlandı.

– Lələ, sən nə etdin? Bəs Kabusun qızını biz...

– Özünü qətlgahdan qurtarmaq üçün belə deyirdi, qızım. Müqəddəs yalan danışırdı. İnanma. Karine, qızım, səni təbrik edirəm.

– Nə münasibətlə, lələ?

– Axır ki, taxta çıxmağın münasibətilə.

 

* * *

 

Ertəsi gün. Madərşah Karinenin otağı. Biniyamin lələ və Dürəng madərşahın hüzurundadırlar.

– Dürəng Şah. Gözəl səslənir, elə deyilmi? Bir dəfə şah olmuşdun. Amma bu şahlığın o şahlıqdan deyil. Yolaverənlər böyük dövlət olub.

– Ömrünüz uzun olsun, madərşahım. Böyük şərəf verdiniz mənə.

– Kaminatda Qüdrətin öldürüldüyünü heç kim bilməsin. Şayiələr dolaşır qoy dolaşsın. Xəzinəsini ata-baba mülkündə gizlədib. Bağda, it damının yanında, torpağın altında. Gətirib təhvil verirsən madərşahlığın xəzinəsinə. Qüdrət dedi ki, Göyverən valiliyindəki xəzinəsinin yerini sən bilirsən. Onu da gətirib qatarsan xəzinəmə. Əlbəttə ki, lələnin sənə qoşduğu adamların nəzarəti altında.

– Başüstə, madərşahım.

– O biri tanıdığın, piylənmiş saray əyanlarını da yaxşıca silkələyərsən. Onlardan da yığıb yatırarsan madərşahlığın xəzinəsinə. Vergiləri qaldırarsan. Varlılar Kabusa ödədiklərini indi qoy xəzinəyə ödəsinlər. Qüdrətin oğlu varmı?

– Var.

– Onu qətlə yetirərsən. Ətrafındakı şahlıqlar da daxil olmaqla hamısında mən dediyim işləri başlayarsan. Kasıblardan vergi yığmırsan. Lazım olsa köməklik də edirsən. Özü də mənim adımdan. Sənə öldürmək səlahiyyəti verirəm – hakimsiz, qazisiz. Bir nəfər lotunu, kabusu da yaxın buraxmırsan. Kim üzə çıxdı, amansızlıqla öldürürsən. Meyitini qala meydanında asırsan. Eşidəm-biləm kiməsə hamilik etmisən – Kabusla Qüdrətin gününə salaram səni. Qandın?

– Bəli, madərşahım.

– Saraya bir tacir ailəsi gələcək. Qüdrəti soruşacaq. Onları sorğu-sual etmədən tutub gətirərsən paytaxta. Qalaya çatan kimi, anamı və qardaşlarımı taparsan. Qüdrət sığınacaq veribmiş onlara. Üçünü də qaytarırsan geriyə. Birdən istəməsələr qoy qalsınlar orda. Qorxmadan, hürkmədən yaşasınlar. Bilsinlər ki, xəbərim var onlardan. Nəzərim də üzərilərindədir. Nə arzuları olsa yerinə yetir!

– Başüstə, madərşahım.

– Ordunu buraxırsan. Gələn vergini isə yatırırsan öz xəzinənə. İndi isə get.

Dürəng təzim edib otaqdan çıxdı. Madərşah baş vəzir Biniyaminlə qaldı.

– Tacir ailəsini hər ehtimala dedim. Birdən Qüdrət deyən düz olar. İndi nədən başlayaq, lələ?

– Nəzərində nə tutmusan bilmirəm. Amma qanunlara görə şahlıqlar bizə bac-xərac verməlidirlər. Sən isə vergini öz xəzinələrinə yatırmağı əmr etdin. Qüdrət getdi, Dürəng gəldi. İndi şahdır. Özü də uzaqdadır. Nəzarətdən çıxsa Qüdrətdən də pis olacaq. Həm də ki, Qüdrətin xəzinəsini gizlədibmiş səndən.

– Lələ, xəzinəni gizlətmək davası etsəm, neçə gizli xəzinənin ağzını aça bilməyəcəyəm. Ona görə də çox da dərinə getmədim. Vaxt gələcək cavab verəcək. Amma indi tezdir. Həm də çoxunu camaata paylayıb mənim göstərişimlə. O ki, qaldı sən deyənə? Dürəngin Qüdrətə çatmağı üçün çox vaxt lazımdır. Onun öz ağlı yoxdur ki, sərbəst qərar qəbul etsin. Amma yaxşı icraçıdır. Göyverən şahənşahlığında xəzinə biz bildiyimizdən çoxdur. Nəinki orda, digər şahlıqlarda da... Dürəng isə hamısının yerini bilir. Qüdrət ona tapşırmışdı hər şeyi. O, şah olandan sonra bütün varlıları yanına çəkəcək. Qüdrət Şah xofu da ölüb artıq. Siçovullar yuvalarında gizlətdikləri qızılları üzə çıxaracaqlar. Tikəcəklər, quracaqlar, yaradacaqlar. Bu etdiklərini isə yenidən yuvaya daşıyıb gizlətmək mümkün olmayacaq. Həm madərşahlıq çiçəklənəcək, həm də mənim xəzinəm artacaq. İndiki məqamda çox vacibdir bu. Mən isə göydə uçan qartalam. Hərdən yerə şığıyıb öz ovumu seçəcəyəm. Göyə qaldırıb ordan buraxacağam yerə. Daşlara, qayalara çırpılıb param-parça olacaqlar. Hər şeyləri də qalacaq mənə. Kasıblara, əzilənlərə isə ləzzət edəcək. Ətrafa sıçrayanlardan, xırda-xuruşdan onlara da dilənçi payı düşəcək. Hər şey də əvvəlki kimi davam edəcək. Sadəcə, əl dəyişəcək. Bu əl mənim əlim olacaq. Camaat da canıma dua oxuyacaq. Guya kasıb-kusubun yanında olduğuma görə.

– Bu yeni qaydadır, qızım?

– Yox, lələ, bu, bayaq dediyim həmin oğru qanunudur. Kabus anlatmışdı mənə. Onlarda “mənim” anlayışı yoxdur. Qazandıqlarını bir yerə yığırlar. Öləndə isə miras kimi ailələrinə heç nə qalmır. Çünki ailələri olmur. Digərləri gəlib tutur yerini. Mənim də məmləkətimdə belə olacaq. Tikəcəklər, quracaqlar, yaradacaqlar. Sonra xəzinəyə təhvil verib çəkiləcəklər kənara, əsasən də öldürüləcəklər. Sağ qalanda allahlarına şükür edəcəklər. Mənim xəzinəmə həm vergi axacaq, həm də gəlir. Gizlədəni, aldadanı edam edəcəyəm, zindanda çürüdəcəyəm. Hər şey mənim adıma ediləcək. Hər şey mənim adımdan ediləcək. Varlıya, əyana, məmura imkan verəcəyəm ki, kasıbı, yazığı əzsin, varlansın. Sonra isə gedib kasıb-kusubun başını sığallayacağam, uşaqlarının telini oxşayacağam, hədiyyə verəcəyəm, pul verəcəyəm, onları əzənlərə el gözünə barmaq da silkələyəcəyəm. Mən hamının himayədarı olacağam. Mənim məmləkətimdə kabuslara ehtiyac olmayacaq. Mən özüm Kabus olacağam. Sən dediyin kimi – bu madərşahlıqda bir lotu var. O da mənəm. O ki, qaldı nəzarətə? Heç narahat olma. Müsəlmanınkı puldur. Pula görə qıracaqlar, didəcəklər bir-birilərini. Gəlib mənə özləri özlərindən xəbərçilik də edəcəklər. Öz xəzinələrini yaratmağa icazə verdiyimdən, mən heç yadlarına da düşməyəcəyəm. Pul bir ələ toplanacaq. Hərdən gedib qulaqburması verib hər şeylərini əllərindən alacağam – sakitləşəcəklər. Nəzarət etməyə gəldikdə isə bu səndən asılıdır. Öyrət qızları. Yaxşı öyrət, tez öyrət ki, mən madərşahlığımın ömrünü sonsuzacan uzadım.

– Onda qızları paytaxta köçürək. Hərəmxanaya yerləşərlər. Burda məşğul olaram onlarla. Yaxşı, bəs ananla qardaşlarını niyə məcburən gətirtmək istəmirsən yanına? Vəliəhd elan etmək də vacib məsələlərdəndir.

– Gəlməyəcəklər onsuz da... Heç vaxt bağışlamayacaqlar məni. Qoy qalıb istədikləri ömürlərini yaşasınlar. O ki qaldı vəliəhdə... Mənə fərsiz vəliəhd lazım deyil. Yalnız ağıllı adam vəliəhd – varis ola bilər.

– Bunu da Kabus öyrədib?

– Kabusları məğlubedilməz edən əsas amillərdən biri də budur. Varislik məsələsinə son qoyulmasa kabuslar tutar dünyanı.

– Axı məğlub etdin Kabusu.

– Kabusdan böyükləri də var, lələ. Dərindədirlər, lap dərində. Yalnız devirmək üçün üzə çıxırlar. Bütün şahlar onların fitvasından asılıdırlar. Göyverəni devirəndə gördüm bu gücü. Mənimçün də var bu gündən – əgər indidən əncam çəkməsəm.

– Yəni elə qorxulu gücdür?

– Kabusa baş vəzirlik mənsəbini təklif edəndə, o isə “mən şaham, necə baş vəzir olum?” deyərək imtina edəndə bu qorxu içimdə birə-beş artdı. Kabus öldü, Qüdrət öldü. Amma Aslan sağdı. İtbaşının sağ əli. Peşmanam İtbaşını sənə öldürtdüyümə görə. Şəxsi qisas hissim üstün gəldi mənə. Aşikarı öldürdüm, özümə gizli İtbaşı yaratdım. Demə dərin dünyada bir ihtiyar öləndə, yerinə ondan da güclüsü, ondan da ağıllısı gəlirmiş. Ad dəyişmir, adam dəyişir. Kabus “biz onları tanımarıq. Onları yalnız şahlar tanıyar” deyəndə səhv etdiyimi başa düşdüm. Onlara kabuslar çatdırır məmləkətdəki vəziyyəti. Kabuslar yığır ümumi xəzinəyə pulları. Kabuslar yığır ətrafına xalqı. Onların görən gözü, eşidən qulağı, vuran əlidir kabuslar. “Şahənşah Göyverəni mən devirmişəm” sözünü elə-belə demədi Kabus. Öz aləmində qorxudub qətlgahdan qurtarmaq istəyirdi özünü. Ona görə sirr verdi. Amma əslində məni qəflət yuxusundan ayıltdı.

– Bəs bütün bunları bilə-bilə niyə öldürdün Kabusu?

– Kabusu mən öldürmədim. O özü-özünü yandırdı. Yazılmayan qanunları pozdu və bunun da qurbanı oldu. Əvvəl-axır öləcəkdi. Mən öldürməsəydim də, ihtiyarlar qərar verəcəkdilər qətlinə – ailəsi, ya sevgilisinə görə Kaminat qəsrinə can atmağını biləndə. Çünki Kabuslara evlənmək qadağandır, sevmək qadağandır. Kabusların ailəsi olmur. Öləndə də ağlayanları olmur. Kimsəsizləri hazırlayırlar bu mənsəblərə. Çünki ailə hamının zəif yeridir. Dostluğa sədaqətlidirlər. Məhz Qüdrətə olan bu sədaqəti onu qurbangaha gətirdi. Kabuslar qürrələnməzlər. Yalnız iş görərlər. Qürrələnməyi onu məhv etdi. Mənə deməsəydi ki, zəhər gizlədir yaxalığında və onu tutub zindana sala bilmərəm... mən də sənə deməyəcəkdim. Sən isə qabaqlaya bilməyəcəkdin onu. Özünü zəhərləyib öldürəcəkdi. O mənə meydan oxudu. Yazılmayan qanunu pozdu. Çünki kabuslar şahlara bir dəfə meydan oxuyarlar. O da ihtiyarları “devirin” əmri verəndə. Amma Dəmdəməki olmağı aləm idi. Belə çıxır ki, əslində İtbaşını da tanımamışam. Onun əsl adını da bilməmişəm. Əsl yuvaları hardadır, onu da görməmişəm. Xaraba qalmış karvansaray, doqquz it, cındır geyim də sadəcə görüntüymüş. Əsas o xaraba karvansarayın altındakı dünyadır. Amma indi təxmin edirəm bu İtbaşıların hardan qaynaqlandığını. Çayın mənbəyini tapıb, mənə tərəf yönələn seli başqa səmtə yönəltməliyəm. Yoxsa yuyub aparacaq xanədanımı.

– Deməli, əsl, özü də ən qorxulu düşmənin sağdır.

– Düz deyirsən, lələ. Qorxulu olan odur ki, o düşməni öldürmək mümkündür, amma kökün kəsmək yox. Nağıllardakı kimi – əjdahanın bir başını kəsirsən, ikisi peyda olur. Kökün əsas ucu isə uzaqlardadır. Mən indi başa düşmüşəm ki, niyə Elbrus eli bizə toxunmurmuş. Elə bilirdim ki, din qardaşıdır, ona görə. Demə əsas pul imiş. Gizli yolla yığılıb, bir xəzinəyə axan pullar. Kabusların hamısını məhv etdikdən sonra verəcəkləri haq da kəsiləcək. Bax onda gəl bunların qabağında dayan. Hələlik vaxt uda biləcəyəm – Qüdrətin öz evində və Göyverən valiliyində gizlətdiyi xəzinələr hesabına. Hələ Hətəmin, o birilərinin xəzinələrini demirəm.

– İndi fikrin nədir?

– Lələ, Elbrus imperatorunun doğulduğu günü öyrən. Sevdiyi məşğuliyyəti, zəif yerlərini araşdır. Buna uyğun bir hədiyyə hazırlayaq, təqdim edək. Əlbəttə ki, məsafə saxlamaq şərtiylə. Qızlarla da yaxşı məşğul ol. Özü də tez hazırlaşdır. İçərilərindən ən yaxşılarını da indidən işarələ. Onlara Elbrus dilini də öyrət. Dillərimiz onsuz da oxşardır. Tez qavrayacaqlar.

– Başüstə, qızım. Sənin yolunda ölümə belə, getməyə hazıram. Təki fikirləşdiklərin həyata keçsin. Mənim səndən başqa heç kimim yoxdur, – deyib lələ Karineni bağrına basdı. Alnından öpdü.

 

ARDI VAR

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub