Modern.az

İntiharın müəllifi

İntiharın müəllifi

Mədəni̇yyət

29 Mart 2021, 09:10

Firuz Mustafa

(“Qısa hekayələr” silsiləsindən)

 

  
Təhsil aldığı universiteti bitirəndən sonra özünə iş tapa bilmədi, çıxıb Rusiyaya getdi. İxtisasca neft mühəndisi olsa da, Yakutiyada tikinti sahəsində fəhlə işləməyə başladı. Ticarət mərkəzi inşa edirdilər. Oraların qışı çox soyuq olurdu.

   
Sən demə, dünyada insan yaşayan ən  soyuq yer də elə Yakutiyada imiş. Rusların “Оймяко́н” (Oymyakon), yeli əhalinin, yakutların - yakut türklərinin isə “Öyməkən” dedikləri bu kənddə soyuq havanın temperaturu şaxtalı günlərdə 70 dərəcəni ötürmüş.  Düzdür, o, özü həmin kənddə olmamışdı. Amma onunla işləyən fəhlələrdən biri- Vova adlı rus oğlan vaxtilə həmin kənddə bir müddət buldozerçi işləyibmiş.

  
Tikintidə çalışanlar içkiyə meylli adamlar idi. Hər halda, onunla çiyin-çiyinə işləyən fəhlələrin az qala hamısı işdən sonra “atışıb” (özləri demiş, “sobrazim” eləyib) şənlənirdilər. Bu, “atışma” az qala hər gün təkrar olunurdu. O, əvvəllər, yəni ilk günlər içməkdən qəti boyun qaçırırdı. Və buna görə iş yoldaşları ona sataşırdılar. Sonralar kollektiv üzvləri biləndə ki, o, neft sahəsi üzrə ali təhsilli mühəndisdir, bu eyham dolu sataşmaların keyfiyyət və kəmiyyyəti bir qədər də artdı. Ona deyirdilər ki, sən neft ölkəsində doğulmusan, özün də neft mütəxəssisi, nə əcəb öz vətənində qalıb işləməmisən? Onun bu suallara zarafatla cavab verməkdən başqa çarəsi qalmırdı:

 
- Görünür, mən zəif mühəndisəm, ona görə işə götürməyiblər.

  
Əslində isə o, ali məktəbi pis qiymətlərlə bitirməmişdi. Sadəcə, nə qədər vurnuxub çalışsa da, ixtisasına uyğun iş tapa bilməmişdi. Sonra məlum olmuşdu ki, nəinki öyrəndiyi ixtisas üzrə, elə başqa sahələrdə də iş tapmaq müşkül iş imiş. Keçmiş tələbə dostlarından biri onu ərzaq dükanında qarovulçu düzəltmək istədi, o iş də alınmadı. Bir müddət boş-boşuna dolandı. Atası vəfat etmişdi. Bacısı məktəbdə kitabxanaçı işləyirdi. Anası təqaüdçü idi. Onlardan cibxərcliyi istəməyə üzü gəlməsə də, hərdən səhərlər evdən çıxanda şalvarının arxa cibində “siqaretpulu” qoyulduğunun fərqinə varardı. Bacısı nişanlı idi. Anasının ürəyində problem vardı.

  
Sonra uzaq qohumlarından birinin təklifi ilə Rusiyaya, Yakutsk şəhərinə getdi. Qohumu bazarda meyvə alveri ilə məşğul olurdu. Əvvəllər o da bu işə girişmək istədi. Alınmadı. Əlindəki pulun hamısı xərclənib getdi. Bildi ki, nəinki iri biznes, hətta ən kiçik alver belə, onluq deyil, bunun üçün nəsə xüsusi bir qabiliyyət və ya natura lazımdır. Geri dönməyə üzü gəlmirdi. Götür-qoy edib tikintidə işləmək qərarına gəldi. İş ağır idi. Amma maaş pis deyildi. Yaxınlıqdakı yataqxanada Vova ilə bir otaqda yaşayırdı.

  
Az sonra iş yoldaşları ilə “həmrəylik” nümayiş etdirməyə başladı. Artıq o da işdən sonra “atışanların” dəstəsinə qoşulmuşdu. Arada bacısı və anası ilə əlaqə saxlayırdı. O, bilirdi ki, nişanlı bacısına cehiz almaq, anasının ürəyini isə əməliyyat etdirmək lazımdır. Əlbəttə, bunlarçün pul lazım idi. Telefonda uzun-uzadı danışmağı sevən anası oğluna öyüd-nəsihət verir, artıq evlənmək yaşının çatdığını bildirirdi. O isə özünün yalnız bir cəhətindən -indiyəcən ailə qurmamasından çox məmnun idi.

Adi günlərdə işdən sonra, şənbə və bazar günlərində isə bütün günü içirdilər.

  
Yakutska gələndən sonra aldığı maaş onun yalnız yeyib-içməyinə çatırdı. Bir də köhnə ixtisasına aid kitablar alıb yığırdı otaqdakı kiçik kitab rəfinə.

  
...Bir səhər Vova səhərə yaxın yuxudan duranda gördü ki, dostu yerində deyil. Gedib hamama, tualetə, mətbəxə, hətta geri dönüb dəmir çarpayının altına baxdı. Çarpayının altında boş içki şüşələrindən başqa bir şey yoxdu. Sövq-təbii kitab rəfinin arxasına da göz gəzdirdi.

Sonra Vova pəncərədən çölə boylandı. Hava hələ tutqun idi. Qapını açıb eyvana çıxdı. Təəccübləndi. Dostu eyvanda idi. Amma  sanki onun boyu bir xeyli uzanmışdı. Vova başını qaldırıb aşağı-yuxarı baxdı. Onu dəhşət  bürüdü. Dostunun boğazında kəndir vardı və o kəndirin ucu eyvanın beton tavanındakı armatura bərkidilmişdi. Otaq yoldaşının ayağı yerdən üzülmüşdü. Kiçik ağac kətil böyrü üstə idi.

  
Vova bu anlarda başı az qala tavana dəyən dostunun necə əzəmətli bir adam olduğunu sanki birdən-birə dərk edib ucadan hönkürdü.


Balışın altından tapılan bir vərəqlik kağızda cəmi beş söz yazılmışdı:

“Məni bağışlayın. İntiharı özüm seçdim”. Vəssalam. Yəqin ki, bu sözlər yad yerdə qoyub gəldiyi doğmalarına və dostu Vovaya ünvanlanmışdı.  Lap elə gələcəkdə bu işi araşdırmağa başlayacaq müstəntiqlərə də işarə olunurdu ki, “ölümümdə heç kəsi ittiham etməyin, intiharın müəllifi  mən özüməm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı