Modern.az

Mehdi Hüseynin “Nizami” pyesi: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..”

Mehdi Hüseynin “Nizami” pyesi: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..”

Mədəni̇yyət

29 Mart 2021, 09:14

Mehdi Hüseyn “Nizami” pyesində Nizaminin dili ilə bu sözləri deyir: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..” Pyesdə memar obrazı olan Əbdək Nizamidən soruşur ki, dünyada səadət varmı? Nizami deyir ki, “İnsan olan yerdə səadət də vardır, gözəllik də!” Bu zaman Əbdək “Lakin bu gözəllik əbədi deyildir” söyləyir. Nizami isə belə cavab verir: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!.. Bu gözəlliyi məhəbbət yaşadacaqdır”. Nizami əlini qardaşı Qivaminin çiyninə qoyaraq aşağıdakı şeiri oxuyur.

Bərdə nə gözəldir, oh, nə göyçəkdir!

Yazı da, qışıda güldür, çiçəkdir!

Yayında dağlara lalələr səpər;

Qışını baharın nəsimi öpər...

Oxuyur kəkliyi, ötür turacı,

Qırqovul yuvası hər sərv ağacı...

Səssizlik içində dincəlir gülşən,

Torpağı azaddır qayğı, kədərdən...

Quşlar yığılırkən bu gözəl yurda,

Quş südü istəsən, taparsan burda…

Belə şux, sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar?!

       
Nizaminin bu sözləri Əbdəkin qəlbinin kədərini artırır. Nizami ona deyir ki, qəhrəman insanların ən böyük düşməni məyusluqdur. Əbdəkdən soruşur ki, onun kədərinin səbəbi nədir? Əbdək öz kədərinin səbəbini açıqlayır. Qeyd edir ki, bu görünən sarayları quran, onlara baxdıqca ən çox sevinən odur. Ancaq ürəyinin dərdi odur ki, gözəl Bərdəni fəlakət gözləyir. O deyir ki, xəzərlər onun yaratdığı bu sənət abidələrini uçurub xarabaya döndərməyə gəlirlər. Əbdək Nizamiyə söyləyir: “Budur, dünəndən bəri at belində Bərdənin istehkamlarını gəzərək yoxlayırıq... Ümidimizi yalnız öz qolumuzun gücünə bağlayırıq... Dedilər ki, Şirvan hökmdarı Bərdəyə ova çıxmışdır. Biz onunla görüşüb kömək istəyəcəyik. Dərbənd əmiri bizə kömək verməkdən boyun qaçırtdı. Bərdənin dostu yoxdur”. Nizami Bərdənin kimsəsiz olmadığını deyir və bu torpağın oğullarının hər şeydən yoxsul olsalar da, namusdan yoxsul olmadıqlarını söyləyir. Nizami özü Gəncədə yaşasa da, Bərdə cəngavərlərinə qüvvət verir, onların qəlbinə yaxın olduğunu belə söyləyir: “Eşidirsinizmi? Ölərik, amma basılmarıq! Siz də eşidin, igid dostlarım. Nizami yalnız Azərbaycan igidlərinin eşqilə yaşayır”.  Cəngavərlərə ruh verən Nizami təkcə şair kimi deyil, həm də ovçu kimi mahiridir. O, nişan alır və ceyran ovlayır. Bu zaman Şirvan şahı öz adamları ilə gəlir. Vəzir Şirvan şahına deyir ki, o ovçulara (yəni Nizami, Əbdək və Nizaminin dostu Yusifə) deyərik ki, vurulmuş ceyranı sizə bağışlasınlar. Şirvan şahı belə bir ovun heç bir qiyməti olmadığını söyləsə də, vəzir bu yerlərə onların bələd olmadığı üçün belə bir ovun məqbul olduğunu deyir. Birdən Şirvan şahı ovçuların (Nizami, Əbdək və Yusifin) onlara tərəf gəldiyini görür. Vəzir onların Şirvan sarayından olduqlarını deyir. Bu məqamda Nizami vurulmuş ceyranı gətirir və deyir: “Alın! Hər şeydə taleyim belə gülsə, xoşbəxtlikdə heç kim mənimlə rəqabətə girişməz...” Yusif xəncərini qınından çıxararaq Nizamiyə uzadır və deyir ki, al, ceyranın başını kəs. Nizami “Şair baş kəsməz” deyir, bu işdə Yusifin məharətinin daha çox olduğunu ona deyir. Şirvan şahı görür ki, o, şair Nizami ilə üz-üzədir. O, Nizamidən soruşur ki, sən şair Nizamisən? Nizami deyir ki, bəli, ancaq mən hələ özümü şair adlandırmağa cəsarət etmirəm. Şirvan şahı Nizamiyə deyir: “Yox, belə təvazökar olma! Bu ad sənə layiqdir. Xaqani səni təriflədi. Mən sənə ürəkdən vuruldum”. Nizami Şirvan şahına Xaqani ilə məktublaşmasından, Bərdəyə xəzərlər tərəfindən hazırlanan hücumdan danışır. Nizami Şirvan şahını düşündürməyə çalışır. Bu baxımdan Mehdi Hüseynin “Nizami” pyesindən Nizaminin fikirlərini xatırlatmaq yerinə düşər: “Xaqanini mən hələ görməmişəm. Mən onu yalnız məktublarından tanıyıram. Böyük şair nədənsə son məktublarını mürəkkəblə yox, göz yaşları ilə yazır…Onun sözlərindən Azərbaycanın dərin kədəri oxunmaqdadır… ey şah, Bərdəyə hazırlanan hücumdan xəbərdarsınızmı?” Şirvan şahı isə Nizamiyə deyir ki, şair bütün dərdini unut, sarayına gəl. “Məcnun eşqinə dair dürr kimi bir söz de! Bacarsan, bakirə Leyli kimi iki-üç kəlmə bakirə söz yarat!” Vəhşi xəzərlərin Bərədəyə hücum edəcəkləri xəbəri şah üçün təzə xəbər olsa da, “...Bərdə Şirvan hökmdarının ixtiyarında deyildir” deyə söyləyir. Bu məqamda Nizami ilə Şirvan şahı və vəziri arasındakı fikir mübadiləsini Mehdi Hüseyn belə verir:


“Nizami (dərindən köksünü ötürərək). Elədir, Odlar yurdu on yerə parçalanmışdır. Hər dərənin bir hökmdarı var! Nə üçün, ey şah? Məgər bir insanın qəlbi belə xırda hissələrə bölünərkən, yaşaya bilərmi?


Şah.
Əvəldən belə olmuşdur, şair… Bunun günahı məndə deyil, tarixdədir.


Nizami.
Əsl qüvvət də, tarixin səhvini düzəldən hökmdardadır. Azərbaycanın belə bir hökmdara ehtiyacı vardır. Siz də çalışın, bir ürək on yerə parçalanmasın. Bunu sabah sizdən bütüb xalq tələb edəcəkdir!


Şah.
Səndən cavab gözləyirəm, şair, sənin kimi mahir bir şeir ustadı sarayda, naz-nemət içində yaşamalıdır!


Nizami.
Məncə, şair hər şeydən əvvəl insanların qəlbində yaşarsa, daha gözəl olar, ey şah! Bir də, mən də bu yerlərdə ötən quşlar kimi azadə nəfəs almaq istərdim. Mən bu yerləri sevirəm. Sevgi isə mənim ən böyük ilham mənbəyimdir.


Vəzir.
Sizcə, bu yerlərdən uzaqda yaşayan saray adamlarının hamısı bədbəxtdirmi?


Nizami.
Baxın, bu gün mənim bəxtimdən ceyran sürülərinin sayı-hesabı yoxdur. İzninizlə biz gedək.


Şah.
Buyurun, mən sizi saxlamıram. Amma yaxşı düşün!..


Nizami.
Mən ömrüm boyu düşünəcəyəm... Dünyanın, həyatın sirlərini kəşf etmək istəyən bir insan üçün düşünmək həm ilk, həm də son vəzifədir. Yusif, qardaşım, gəl! (Gedirlər)


Şah.
Vəzir, Nizami saraya gəlib mənim qanadım altında böyüməlidir. O, Gəncədə nə qədər çox qalarsa, bizə bir o qədər də ziyan verə bilər. İndi biz buradan Gəncəyə gedirik. Demək, qət olundu. Qoy Nizaminin şöhrəti mənim sarayımla bağlansın...”


Nizami Gəncəvini Odlar Yurdunun, yəni Azərbaycanın on yerə parçalanması narahat etdiyi halda, Şirvan şahı bunun günahını tarixdə görür və əvvəldən belə olması ilə təsəlli tapır. Nizami tarixin səhvini düzəldən hökmdara ehtiyac olduğunu bildirdiyi halda, Şirvan şahı şairin naz-nemət içində yaşamalı olduğunu deyir. Nizami şairin insanların qəlbində yaşamasını, azad nəfəs almasını, sevginin (yaşadığı yerə sevginin) ən böyük ilham mənbəyi olduğunu təsdiq etdiyi halda, Şirvan şahının vəziri bu yerlərdən uzaqda yaşayan saray adamlarının heç də bədbəxt olmadıqlarını söyləyir. Nizami hər bir insanın ömrü boyu həyatın sirlərini kəşf etmək istəyi ilə düşünməsini ilk və son vəzifə hesab etdiyi halda, Şirvan şahı isə Nizaminin sarayda yaşamasını, onun qanadı altında böyüməsini, bununla da sarayının şöhrətinin artmasını istəyir. Bütün bu söhbətlərdən sonra yenə də məhəbbət və gözəllik hər şeyin fövqündə dayanır. Nizaminin insan olan yerdə səadət və gözəllik vardır, dünyada əbədi olan bir şey məhəbbətdir, gözəlliyi məhəbbət yaşadacaqdır fikirləri Mehdi Hüseyn tərəfindən pyesdə bir daha qabardılır. Belə ki, Afaqın (O, Əbdəkin bacısıdır), Dəstəgülün (Bərdə cəngavəri Toğrulun bacısı), Bərdə qızlarının ceyran ovundan sonra Nizami, Qivami və Yusiflə qarşılaşması səhnəsini verir. Bir daha səadət, gözəllik, məhəbbət dünyanın fövqündə dayanan nemətlər kimi təqdim olunur. Nizami qızlara yaxınlaşaraq Bərdənin gözəlliklərini salamlayır, dağları, dərələri gəzib yorğun düşmüş qərib ovçulara su vermələrini istəyir. Afaq el-obasının qonaqsevər olduğunu deyir, qərib ovçuların onların gözləri üstündə yeri olduğunu söyləyir. Bardağı su ilə doldurub Nizamiyə verir. Nizami Afaqı süzür, onun gözəlliyinin qarşısında sarsılır və öz-özünə deyir: “Aman Allah, onun gül yanaqlarına, dağ çeşməsi kimi qaynayan gözlərinə baxdıqca, ürəyimin çırpıntılarını nə qədər aydın eşidirəm! Bəlkə o, göydə axtardığım ulduzdur? (Afaqa) Pərilər sultanı, sən bir həqiqətsən, yoxsa xəyal?” Təbii ki, bu (yəni Afaq) xəyal deyil həqiqətdir. Bu həqiqətin qarşısında Nizaminin əli titrəyir, bardaq əlindən yerə düşüb qırılır. Pərilər sultanı Afaqın verdiyi su ona qismət olmur. Onun eşqi, məhəbbəti şərab kimi qədəhə tökülsə də, əlindən düşüb daşlara toxunur. Afaq belə olan vəziyyətdə Nizamiyə ovcunda su vermək istəyir. Ancaq Nizami yox deyir və ona söyləyir ki, “Sən səadət timsalı olan bu qara gözlərindən mənə həyat suyu verdin... Sağ ol...” Afaq qəmgin bir görkəm alır. Dəstəgül ona təskinlik verir, deyir ki, təki sınan bardaq olsun. Afaq deyir: “Yox, sınan o deyil, Dəstəgül, sınan ürəyimdir! O gözlər… o baxışlar... ömrümün sonuna kimi mən o gözləri unutmaram! Görəsən o həqiqətdir, yoxsa xəyal?!” Bəli, o həqiqətdir. Bəli, Nizami də, Afaq da həqiqətdir. Onların hər ikisinin qəlbində bir-birinə məhəbbət var.


Mehdi Hüseyn Nizaminin “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!...” fikrinə aşağıdakı açıqlamalarla aydınlıq gətirir.


  1. a) Yer kürəsi böyükdür. Yer kürəsini gəzdikcə hər budaqda bir bülbülün səsini eşidirsən , çiçəklərin dilini öyrənirsən;

  2. b) İnsanın gözləri heç zaman İlahinin yaratdğı gözəllikdən doymayacaqdır;

  3. c) İlahinin yaratdığı ən böyük gözəllik insandır;


ç) İnsan olan yerdə səadət, gözəllik və məhəbbət vardır. Gözəllik əbədi olmasa da, məhəbbət əbədidir və o, gözəlliyi yaşadacaqdır;


  1. d) Nizami Gəncəvi Azərbaycan igidlərinin eşqi ilə yaşayır, Odlar yurdunun, yəni Azərbaycanın parçalanması onu narahat edir. Ona görə də Nizami Azərbaycanın tarixi səhvləri düzəltməyi bacaran hökmdarlara böyük ehtiyacı olduğunu bəyan edir;

  2. e) Nizamiyə görə, dünyanın, həyatın sirlərini kəşf etmək istəyən insan üçün düşünməyin ilk və son vəzifə olduğu unudulmur;


ə) Nizami insanların qəlbində yaşamağı, azad nəfəs almağı sarayda naz-nemət içində yaşamaqdan üstün tutur;


  1. i) Nizami gözəllik və məhəbbət qarşısında acizdir. O, insanın gözəlliyi və məhəbbəti ömrünün sonuna qədər unutmadığı bir nemət və bir həqiqət hesab edir.

 


Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?