Modern.az

Ordumuz Suqovuşana necə girdi… - III HİSSƏ

Ordumuz Suqovuşana necə girdi… - III HİSSƏ

29 Mart 2021, 09:44

Vətən uğrunda şəhid oldular

 (Yazının əvvəli burada)

N saylı hərbi hissənin 482 və 1353 yüksəkliklərini azad etmiş qrupları növbəti tapşırığı yerinə yetirmək üçün sentyabrın 30-da 1353 yüksəkliyinin meşəlik sahəsində toplaşdı. Qrupda N saylı briqadanın döyüş hazırlığı bölməsinin rəisi Əfqan Abdurahmanovdan başqa, kəşfiyyat bölüyünün rəisi Bayram İbişov, 2-ci taborun komandiri Soltan Məmmədov, mühəndis xidmət rəisinin köməkçisi Rəhman Cəbiyev, döyüş hazırlığı bölmə rəisinin köməkçisi Şahmar Hacıyev, briqada komandirinin maddi-texniki təminat üzrə müavini Bəhruz Qələmiyev və əməliyyat bölmə rəisi Azər Cəvərov kimi döyüş təcürbəsi olan zabitlər vardı.


İkinci tabora və kəşfiyyat bölüyünə (döyüşdən sağ çıxmış 27 nəfərdən ibarət heyət) 1290 və 1306 yüksəkliklərinin azad edilməsi barədə əmr verildi.
Döyüş hazırlığı bölməsinin rəisi Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərəkət edən əsgərlərimiz böyük cəsarət göstərərək 1290 yüksəkliyini işğalçı qüvvələrdən azad etdilər. Gecəni orda keçirən hərbçilərimiz soyuqdan əziyyət çəkməli oldular, çünki soyuq adamın iliyinə işləyirdi.


Və növbəti gün yüksəklik briqada komandirinin müavini Bəhruz Qələmiyevlə əməliyyat bölmə rəisi Azər Cəvərova təhvil verildi. Bu yüksəklikdə birinci taborun heyəti yerləşdi.


Düşmən gecə ilə mövqeyini tərk etdi

Yüksəkliyi təhvil verdikdən sonra qrup 1306 yüksəkliyinin işğaldan azad edilməsi üçün hərəkətə keçdi. Gecə güclü yağışa düşən əsgərlərimiz tamamilə islandı, soyuğa baxmayaraq döyüş tapşırığını uğurla yerinə yetirdilər. Gecəni orada qaldıqdan sonra hərbçilərimiz səhər 628 yüksəkliyinə doğru hərəkət etdilər və orada həmlə taboru ilə görüşüb, oktyabrın 1-i axşamı həmin yüksəklikdə möhkəmləndilər.


Artıq düşmənin 6-cı dağatıcı alayı, əlahiddə tank batalyonu, 193 nömrəli əlahiddə desant taboru və xeyli qüvvəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Düşmən bizim 200-ə yaxın şəxsi heyətimizi görəndən sonra gecə ilə mövqeylərini tərk etməyə başladı. Geri çəkilərkən bir əsgərimizi də vurdular. Həmin gün qrup başqa tapşırığı da yerinə yetirməli oldu.



Kəşfiyyat bölüyünün döyüşçüsü həmin günləri belə xatırlayır:

“Sentyabrın 29-da döyüş tapşırığı aldıq və kəşfiyyat bölüyünün sağ qalan heyəti ilə polkovnik-leytenant Əfqan Abdurahmanovun qrupuna qoşuşulmaq üçün hərəkət etdik. Polkovnik-leytenant Əfqan Abdurahmanov və 2-ci taborun komandiri polkovnik-leytenant Soltan Məmmədovun rəhbərliyi altında olan şəxsi heyətlə birlikdə 1353 yüksəkliyindən Suqovuşan yaşayış məntəqəsi istiqamətində irəlilədik. Üç gün ərzində meşə ilə hərəkət etdik, artileriyanın dəstəyi ilə 1290 və 1306 yuksəkliklərini fəth etdik. Oktyabrın 2-də isə bölmələrimiz Suqovuşan yaşayış məntəqəsinin üst tərəfində əlverişli mövqelərdə yerləşdi”.

 

“Şanlı bayrağımızı Suqovuşanda ucaltmaq bizə nəsib oldu”

 

Oktyabrın 3-də heç bir itki vermədən Suqovuşan yaşayış məntəqəsini düşməndən azad etdik. Briqada komandiri Səxavət Baxışova bu barədə məlumat ötürdük. Yuxarı komandanlıq tərəfindən gələn döyüş tapşırığına əsasən, Suqovuşana bayrağımızın asılması və videosunun çəkilib göndərilməsi ilə bağlı əmr gəldi.


Kəşfiyyat rəisi polkovnik-leytenant Bayram İbişov ayağından yaralandığına görə Suqovuşana gedə bilmədi. O, tapşırığı icra etmək üçün kəşfiyyatçılardan ibarət 8 nəfərdən ibarət qrup yaratdı. Qrupa düşmənin bayrağını endirib, yerində Azərbaycanın üçrəngli bayrağını asmağı əmr etdi. 8 nəfərdən ibarət kəşfiyyat qrupundan 4 nəfər müşahidə və mühafizə üçün əlverişli yerdə yerləşdirildi. Fərid Məmmədli, Tərlan Qəzənfərov, Rəşad Tarverdiyev və İlkin Fərzəliyevdən ibarət dəstə isə Suqovuşana daxil oldu.



Həmin vaxt Suqovuşanı tərk etmiş düşmən qüvvələri Su anbarının yuxarısında yerləşən 951 və 970 adlanan yüksəkliklərdə mövqe tutmuşdular. Bu yüksəkliklərdən snayperlər və iriçaplı silahlardan bizim mövqelərə atəş açırdılar. Hər şeyə rəğmən Şanlı bayrağımızı Suqovuşanda ucaltmaq kəşfiyyatçılara nəsib oldu.


“Çox qürurverici hisslər yaşadıq. Bunu yaşamaq bizə nəsib oldu. Çox xoşbəxt idik. Birinci korpusun rəhbərliyi, artilleriya və bölmələrimizin qəhrəmanlığı nəticəsində Şanlı bayrağımız Suqovuşanda dalğalanırdı və bu, yaşayış məntəqələrində dalğalanan ilk bayraq idi.

Yaralı və itki vermədən toplanma mərtəqəsinə geri döndük. Düşməndən götürdüyümüz Ermənistan və Dağlıq Qarabağ separatçlarının “bayrağı”nı və öz bayrağımızı asdığımız anın videosunu yuxarı komandanlığa göndərdik”,- kəşfiyyatçı deyir.

 

Suqovuşana əks-hücumun qarşısı alındı

 

Oktyabrın 4-ü, 5-i və 6-sı Suqovuşan yaşayış məntəqəsi yaxınlığında yerləşən yüksəklikdə əlverişli mövqe tutan Əfqan Abdurahmanov və Bayram İbişov buradan iki hərbi hissənin bölmələrinin 530, 951 yüksəklikləri və Gödəkburun dağı istiqamətində olan ərazilərin azad edilməsi əməliyyatını istiqamətləndirdi. Rabitədə Bayram İbişovun işarəsi “Bayram-01”, Əfqanınkı isə “Əfqan 36” idi. Döyüşlərin gedişində yalnız 2 səs gəlirdi. Yuxarı qərargahla danışıqları onlar aparırdılar.


Oktyabrın 4-də işğalçı qüvvələr 4 tank və 1 ədəd iriçaplı silah daşıyan zirehli texnikanın (BMP) köməyilə Ağdərə istiqamətindən Suqovuşan yaşayış məntəqəsinə doğru əks-hücum əməliyyatı həyata keçirmək istədi. Müdafiədə duran döyüş növbətçilərimiz bu barədə dərhal polkovnik-leytenant Əfqan Abdurahmanov və Bayram İbişova məlumat verdilər. Suqovşanın yuxarısından döyüşə hazır vəziyyətdə olan SPQ-9 silahı ilə düşmənin desant daşıyan zirehli texnikası məhv edildi. Digər zirehli texnikaların taleyi də əvvəlkindən fərqlənmədi. Suqovuşan kəndi yaxınlığında Teleqüllə deyilən bir yer var. Mayor Mirdamət Bağıyevin qrupunun yerləşdiyi həmin ərazidən ətraf zona müşahidə altında idi. İki tankı mayor Mirdamət Bağıyevin TƏİR heyəti SPAYK ilə məhv etdi və düşmən əks-həmləni kəsməyə məcbur oldu.


Əfqan Abdurahmanovla Soltan Məmmədovun son döyüşü


Suqovşanın müdafiəsi təşkil edildikdən sonra oktyabrın 9-u, axşam saatlarında kəşfiyyat bölüyü və 2-ci taborun iştirakı ilə 951 yüksəkliyinin düşməndən təmizlənməsi tapşırığı gəldi. Polkovnik-leytenant Əfqan Abdurahmanovun başçılığı ilə döyüş qrupu çox önəmli tapşırığı yerinə yetirmək üçün həmin istiqamədə hərəkət etdi.


Bu yüksəkliyin, eləcə də Gödəkburun dağının böyük strateji əhəmiyyəti vardı. Həmin ərazinin ordumuz tərəfindən tutulması Ağdərənin süqutu, bir sözlə Qarabağın açarı idi. Bu səbəbdən də düşmən əsas qüvvəsini o istiqamətə yığmışdı. 30-a yaxın artilleriya batareyası müxtəlif mövqelərdə yerləşdirilmişdi. Bunun da səbəbi vardı, çünki artilleriya batareyalarının bir mövqedə yerləşdirilməsi ordumuzun atəşinə məruz qalardısa tamamilə məhv olardı. Çox hiyləgər taktika idi, bizim hərbi hissələrə də ən çox artilleriya batareyaları zərər vururdu.


Oktyabrın 10-u səhər saat 08:00-da artilleriya hazırlığı başladı, saat 9-da isə “İrəli!” komandası verildi. Düşmən müəyyən kəşfiyyat vasitələri, optik kameralar və s.-lərlə bizim hücumumuzu aşkarlamışdı. Dağ silsiləsi boyunca yüksəkliklər onlarda olduğundan demək olar ki, hərəkətlərimizin çoxunu görür, hücum istiqamətimizi bilirdilər. Nəticədə döyüşə girən bölmələrimiz pusquya düşdü və mövqeyimiz sağdan-soldan, əsas da Dostagir yaşayış məntəqəsi tərəfdən atəşə tutuldu. Bu kənd istiqamətindən mövqeyimizi tankla vurdular, 4 mərmi atdılar. Birinci mərmi ağır itkilərə səbəb oldu, Əfqan Abdurahmanov, Soltan Məmmədov, kəşfiyyatçı, kiçik çavuş Elnur Kərimov həlak oldu. Elnur Kərimov bir çox uğurlu kəşfiyyat əməliyyatında iştirak etmiş cəsur döyüşçü idi.


Əfqan və Soltan təxminən saat 10:00 radələrində şəhid oldu. Həmin döyüşdə kəşfiyyat bölüyü 10 şəhid, 12 yaralı verdi.


Əfqan Abdurahmanov ilə Soltan Məmmədov İkinci Qarabağ müharibəsi başladığı ilk gündən birlikdə döyüşdülər. Dəfələrlə ölümün bir addımlığında oldular, sağ qaldılar. Ən çətin anlarda birlikdə çıxış yolu tapdılar, birlikdə döyüş tapşırıqlarını uğurla yerinə yetirdilər, strateji yüksəklikləri, Suqovşan yaşayış məntəqəsini azad etdilər. Son döyüşə də birlikdə getdilər, Vətən uğrunda, torpağımız uğrunda şəhid oldular


Yüksəkliyə hücum zamanı bizi dəstəkləmək üçün əvvəlcədən qumbaraatan, pulyemot qrupları yerləşdirmişdik ki, həm də sağ-solu nəzarətdə saxlasın. Onlar da, 2-ci taborun AQS manqası da ağır itkilər verdi.


Döyüşdən 4 saaat sonra mövqelərimizə mərmi atan tank tapıldı. Ermənilər onun üzərinə ağac və odun yığıb gizlətmişdilər. Orada tankın olduğunu əvvəlcədən aşkar etmək mümkün deyildi.


(davamı var)

Pünhan Əfəndiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi