Modern.az

“Kəndli bilmir məhsul istehsal eləsin, yoxsa onu bazara çıxarıb satsın...”

“Kəndli bilmir məhsul istehsal eləsin, yoxsa onu bazara çıxarıb satsın...”

Müsahibə

3 Fevral 2010, 14:31

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-ın suallarını cavablandırır

- Eldar müəllim, komitənizdə “Kənd təsərrüfatı kooperasiyasi haqqında” qanun layihəsi hazırlanır və onun parlament müzakirələrinə çıxarılması nəzərdə tutulur. Həmin qanunun hazırlanması zərurəti nədən yarandı? - Əvvəla hesab edirəm ki, belə bir qanun layihəsinin hazırlanması və qəbulu çox vacibdir. Eyni zamanda nəzərinizə çatdırım ki, artıq sözügedən qanun layihəsinin hazırlanması və parlament müzakirəsinə çıxarılması üzərində çox ciddi işlər gedir. Bu sənədin hazırlanması ilə hazırda mütəxəssislər və bizim əməkdaşlar məşğul olur. Sənədin hazırlanmasında məqsəd odur ki, ölkədə kənd təsərrüfatının inkişafına təkan, stimul verilsin. Onu da qeyd edim ki, kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrində - Almaniyada, İngiltərədə, Fransada, Avstriyada və digərlərində mövcuddur. Ümumiyyətlə, kooperasiya nə deməkdir? Kooperasiya istehsalçıdan – məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Məsələn, bu gün kənddə istehsalla məşğul olan fermer sahədə işləyir. İndi belə olan halda, o, məhsul istehsalında iştirak etsin, yoxsa onu emal müəssisəsinə gətirsin və ya bazara çıxarıb satışıyla məşğul olsun? Bu, bir adamın görəcəyi iş deyil. Tədarükçü, emalçı və istehsalçı - bunlar hamsı bir sistemdir. Bu sistem də, təbii ki, kooperasiyadır. Ona görə istəyirik ki, gələcəkdə bizdə də belə bir sistem olsun. Bir atalar məsəlində də deyildiyi kimi, tək əldən səs çıxmaz. Fakt onu göstərir ki, fermerlər tək özləri üçün heç nə edə bilmirlər. Bir vaxtlar deyirdim ki, Bakının hər bir rayonu kənd rayonu ilə müqavilə bağlamalı və nə qədər kortofa,  soğana, nə bilim südə ehtiyacın olduğu o sənəddə göstərilməlidirs. Kənd rayonunda soruşulmalı idi ki, onun buna imkanı var, ya yoxdur? Onda həmin kənd rayonunda fermerləri bir yerə yığmalı və deyilməlidir ki, Bakıdan gəlib müqavilə bağlamaq istəyirlər, onların bu məhsullara ehtiyacı var, odur ki, hansı fermer nə qədər məhsul istehsal edə bilər? Elə hesab edirəm ki, “Azərittifaq” yenidən bu işi öz üzərinə götürərsə, çox məqsədəmüvafiq olar. Həm fermerlərin işi yüngülləşər, həm də bazarlarda rəqabət əsasında ucuzlaşma baş verər. Bir sözlə, hesab edirəm ki, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının, bu məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına daha uyğun gəlməsinə öz töhfəsini verə bilər.

- Necə hesab edirsiniz, kooperasiya sistemi sovetlər dönəmində mövcud olan kolxoz quruluşunun hansısa bir formada təkrarı deyil ki?

- Qətiyyən. Kolxoz tamam başqa bir sistemiydi, kolxoz kollektiv təsərrüfatı idi. İnsanlar kənddə bir yerə yığışır kolxoz yaradır və bunun nəticəsində ümumi bir işi icra edirdilər. Sonra isə ortadan kolxoz sədri, o birisi, bu birisi çıxırdı. Kooperasiyada isə nə sədr, nə mühasib, nə də digəri var. Burada iş görən - istehsalçı, emalçı, tədarükçü var. Kolxoz quruluşunda olduğu kimi, necə deyərlər, müftə yeyənlər yoxdur. Odur ki, bizdə də bu sistemə keçilməlidir.

- Komitəniz tərəfindən “Kredit kooperativləri haqqında” qanun layihəsinin hazırlanması ilə də bağlı məlumatlar var...

- Bilirsiniz, əslində bu yöndə qanun layihəsi komitəmizə Kredit İttifaqları adlı ictimai təşkilat tərəfindən daxil olub. Bu qanun layihəsi də çox maraqlı və xeyirli bir qanunvericilik aktıdır. Düzdür, biz onu bu yaz sessiyasında çatdıra bilmərik, çünki bizim komitədə elə üç qanun layihəsi var, onları bu sessiyada müzakirəyə çıxarıb qəbul etdirə bilsək, bu, böyük işdir. Amma bununla belə hesab edirəm ki, kredit kooperativləri ilə də bağlı hüquqi bazanın yaradılması və bunun gələcəkdə həyata keçirilməsi xeyirli olar. Xeyirli olar ki, kəndlərdə fermerlərə kömək etmək üçün kredit kooperativləri yaradılsın və buradan onlara kreditlərin verilməsi təmin edilsin... Bu məsələnin reallaşdırılması ona gətirib çıxara bilər ki, kəndlərin özündə, belə demək mümkünsə, bank sistemi formalaşar və fermerlərin kredit, maliyyə məsələləri xeyli yüngülləşər. Hər halda bunlar gələcəyin işidir. Odur ki, sözügedən qanun layihəsinin üzərində işləyəcəyik, çalışacağıq ki, mütəxəssislərin iştirakı ilə onu daha da təkmilləşdirək və o, qəbul olunduqdan sonra gələcəkdə fermerlərə öz töhfəsini verə bilsin.

- Azərbaycanda fermerlərə verilən kreditlərin faiz dərəcələri yüksəkdir. Sizcə, bu qanunun qəbulu nəticəsində gələcəkdə yerlərdə fermerlərin daha sərfəli şərtlərlə kreditlər əldə etməsi mümkün ola bilərmi?

- Yerlərdə kredit kooperativləri yaradılandan sonra onlar, təbii ki, kəndlərdə kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olanlara daha yaxın olacaqlar. Eyni zamanda elə bilirəm ki, kreditlər veriləndə də fermerlər incidilməyəcək. Mən demirəm, bu gün kimsə fermerləri incidir, amma bu kredit təşkilatları gələcəkdə fermerlərə daha çox kömək ola bilərlər.

Güman edirik ki, bu sənədi payız sessiyasının müzakirəsinə çıxarmaq mümkün olacaq. Əgər mümkün olmasa da, o, növbəti çağırış parlamentə qalacaq. Hər halda bunları gələcək göstərəcək. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi