Modern.az

"Ermənistan bu addımı atsa, Minsk Qrupunun fəaliyyəti dayanar" - MÜSAHİBƏ

"Ermənistan bu addımı atsa, Minsk Qrupunun fəaliyyəti dayanar" - MÜSAHİBƏ

Müsahibə

10 Sentyabr 2012, 07:44

Gündəmdəki mövzularla bağlı Modern.az-ın suallarını Milli Məclisin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cavablandırır.

- Azay müəllim, artıq dünyanın bir neçə ölkəsi Xocalı soyqırımını tanıyıb. Bu prosesin davam etməsi üçün Sizcə, nələr edilməlidir?

- İlk növbədə, biz Xocalı soyqırımının tanıdılması ilə bağlı apardığımız işi tamamilə məxfi tutmalıyıq. Bildiyiniz kimi, biz bunu ölkə adı çəkərək mediaya çıxaran zaman Ermənistan dövləti və erməni diasporu, lobbisi dərhal hərəkətə keçir, bu prosesin qarşısını almağa çalışır. Bu baxımdan hazırda Xocalı soyqırımının tanıtımı ilə bağlı iş apardığğımız ölkələrin adlarını qeyd etmək doğru olmaz. Ancaq onu deyə bilərəm ki, yaxın aylarda Xocalı soyqırımı haqqında qərar qəbul edən Meksika, Argentina və Pakistanın sırasına yeni ölkələr də qoşulacaq. Konkret nə etməliyik sulaınıza gəldikdə isə onu deyə bilərəm ki, soyqırımın tanıdılması ilə bağlı işi qurarkən biz üç mərhələni göz önündə tutmalıyıq. Birinci mərhələ soyqırımı haqqında ictimai rəyi hazırlamaq, dünyanı bu həqiqətlərə inandırmaqdır. Hesab edirəm, biz bu mərhələni uğurla keçməkdəyik. Burda Azərbaycan dövləti, müxtəlif dövlət qurumları, Heydər Əliyev Fondu, ayrı-ayrı ictimai təşkilatlar bu sahədə xeyli işlər görüblər. İkinci mərhələ bu hadisəyə dünya parlamentlərində siyasi qiymətin verilməsinə nail olmaqdır. Qeyd etdiyim kimi, artıq üç ölkənin timsalında bunun örnəyi var. Üçüncü mərhələ isə hadisəyə hüquqi qiymətin verilməsi, Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmasıdır. Mən hesab edirəm ki, biz bu mərhələyə də inamla gedirik. Çox da uzaq keçmişdə olmayan, 20 il əvvəl törədilmiş bu soyqırıma beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir. Bizim bu yöndə çalışmalarımızın ana məqsədi Xocalıda qətliama məruz qalmış insanların qanlarının yerdə qalmaması, bu bəşəri cinayəti törədənlərin layiqli cəzalarına çatmasıdır.

- Bu günlərdə Ermənistan parlamentində Daglıq Qarabağdakı separatçı-terrorçu rejimi tanımaq üçün daha bir cəhd edildi. Bu cəhdin məqsədi nə idi?

- Birincisi, Ermənistan qondarma “respublika”nı müstəqil dövlət kimi tanısa, bu o deməkdir ki, danışıqlara son qoyur və danışıqlardan çıxır. ATƏT-in Minsk qrupunun fəaliyyəti demək olar ki, dayandırılır. Çünki, bundan sonra danışıqların heç bir mənası qalmır. Axı danışıqlar ona görə aparılır ki, Daglıq Qarabağın gələcək hüquqi statusu müəyyənləşdirilsin. Əgər onu dövlət kimi tanıyarsa, deməli, Ermənistan ATƏT-in indiyədək irəli sürdüyü bütün prinsiplərini absurd saymış olur və bir tərəfli qaydada bu status özü üçün məyyən etmiş olur. İkincisi, Ermənistan Azərbaycanın hərbi gücdən istifadə edəcəyindən qorxur. Çünki, bu situasiyada Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi üçün əlavə səbəb və siyasi zəmin yaranır. Artıq heç kim bizi qınaya bilməz ki, Azərbaycan danışıqların nəticəsini gözləmədi, danışıqları pozdu və hərbi yola əl atdı. Halbuki, bu variant həmişə aktual olub və indi də gündəmdədir. Artıq Ermənistanın mənəvi və hüquqi haqqı olmayacaq ki, Azərbaycanı hərbi yola əl atmaqda ittiham etsin. Üçüncüsü, Ermənistanın bu qərarı onu beynəlxalq dəstəkdən məhrum edər və ciddi sanksiyalarla qarşılaşması üçün Azərbaycanın mövqeyini möhkəmlədər.

Ona görə də əslində danışıqların davam etdirilməsi və status-kvonun dəyişməməsində daha çox Ermənistan maraqlıdır. Həmçini Ermənistan yaxşı başa düşür ki, heç bir ölkə tərəfindən tanınmayan qondarma ‘DQR’-ın ilk olaraq onun tərəfindən tanınmasını heç kim ciddi qəbul etməyəcək.

- Amma fakt faktlığında qalır ki, bu gün Dağlıq Qarabag Ermənistanın yuridiksiyası altındadır...

- Bəli, faktiki olaraq bu gün işğal altında olan Daglıq Qarabağın bütün təchizatını, təminatını Ermənistan özü həyata keçirir. Dağlıq Qarabağda xidmət edən əsgərlər də Ermənistan vətəndaşlarıdı, orada işlədilən pul da Ermənistanın puludu, orada yaşayanlar xaricə də gedəndə vizanı Ermənistan vətəndaşı kimi alırlar. Bu de-fakto belədir. Amma hüquqi baxımdan, tanınma məsələsini həyata keçirə bilmir. Bu da yuxarıda sadaladıqlarım faktorlara görə mümkünsüzdür. Digər tərəfdən, Ermənistanın bu addımı atmasına onun başlıca himayədarı Rusiya razılıq verməlidir. Görünür, Rusiya da hazırda bölgədə müharibə alovunun qalxmasını istəmir. Rusiya özünü hələ də Azərbaycana cəzbedici bir ölkə kimi təqdin etmək üçün məhz danışıqların uzanmasının tərəfdarıdır. Həmçinin, digər həmsədr dövlətlər... Təsəvvür edin ki, Qarabağ Ermənistan tərəfindən tanındı, onda daha Rusiyaya nə ehtiyac var. Belədə, bizim Rusiyadan umacağımız bir şey qalmır.

- Bəs, dünyada, bölgəmizdə cərəyan edən proseslər Qarabağ problemi ətrafında dəyişikliklərə gətirib çıxara bilərmi?

- Mənim düşüncəm ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminin real həlli bizim bölgədə ciddi geosiyasi dəyişikliklərlə bağlı ola bilər. Geosiyasi gerçəkliyin, tarazlığın dəyişilməsi ilə... Burada söhbət nədən gedir? İlk növbədə Rusiyada elə proseslər getməlidir ki, Ermənistanı bilavasitə müdafiə edən bir ölkənin başı özünə qarışsın. Belə bir situasiya yaranarsa, artıq məsələnin çözülməsinə təsir edəcək. Heç ciddi müharibəyə də ehtiyac qalmayacaq. Çünki yetər ki, Azərbaycan ordusu bir kəndi azad etsin. Sonra ermənilər zəncirvari reaksiya şəklində digər işğal olunmuş ərazilərdən çəkiləcəklər. İkincisi, İranla bağlı məsələlər ola bilər. Burada ABŞ-ın mövqeyi möhkəmlənə bilər. ABŞ Dağlıq Qarabağ probleminin həllini özünü prioritetlərindən biri hesab edə bilər. Azərbaycan ABŞ üçün o qədər maraqlı ola bilər ki, bu məsələdə Rusiya ilə müəyyən anlaşmalar əldə edər. Doğrudur, indiki zamanda bu az inandırıcı görünmür. Çünki baxın, Saakaşvili ABŞ-ın yaxın adamı olmasına, qərbyönümlü siyasət yeritməsinə, NATO-ya inteqrasiyanı özünün prioritet mövzusu elan etməsinə baxmayaraq Rusiya ilə təkbaşına, üz-üzə qaldı. Və inanılmaz dərəcədə məğlubiyyətə uğradı. Çünki Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaqla və orada öz səfirliklərini açmaqla Gürcüstana böyük zərbə vurmuş oldu. Amma indiki halda biz hansısa dövlətin Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət kimi tanımasına imkan verməmişik. Hesab edirəm ki, bu bizim indiki vaxtda təsəlliverici uğurumuzdur. Ona görə də həssas və incə siyasəti davam etdirməliyik.

- Suriyadan Qarabağa ermənilərin köçürülməsi haqda məlumatlar var. Bu kontekstdə Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində tərəf kimi çıxış etməsi üçün sizcə hansı imkanlar yaranır?

- Türkiyə əlbəttə ki, bölgədə əsas oyunçulardan biridir. Qafqazda çox böyük əlaqələri və maraqları var. Yəni yüz illərdir Türkiyə Qafqazdadır. Ən azı burada Azərbaycan kimi dostu var. Eyni zamanda Gürcüstanla yaxşı əlaqələri var. Bunlar Türkiyə üçün böyük üstünlükdür. Lakin nəzərə almalıyıq ki, bu gün Türkiyə ABŞ və ya Rusiya kimi dünya siyasətinin formalaşmasında eyni dərəcədə iştirak etmir. Düşünürəm ki, Türkiyə hal-hazırda birbaşa bölgəyə hərbi müdaxiləni edə bilməz. Bunun üçün NATO-nun kollektiv qərarına nail olması da mümkünsüz. Suriyada baş verənlər kontekstində müdaxilədən söhbət gedirsə, hazırkı vəziyyət Türkiyə üçün müəyən əsas yarada bilər. Belə ki, bu gün Suriyada PKK terroçuları ciddi şəkildə təşkilatlanır və ermənilər də onlara dəstək verirlər. Əgər Türkiyəyə bir səbəb lazım olsa ki, Azərbaycanın işğal olunmuş ərazilərinə müdaxilə etsin, məncə bundan yaxşı səbəb ola bilməz. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərdə xüsusi terrorçu qruplar hazırlanır. Burada erməni terrorçuları da var, PKK terrorçuları da. Ona görə Türkiyə bunu əsas götürüb humanitar əməliyyat adı altında, necə ki, dəfələrlə İraqa daxil olub, Dağlıq Qarabağdakı PKK kamplarını bombalamaq üçün müdaxilə edə bilər. Amma yuxarıda qeyd etdiyim faktorlara görə bu indiki vəziyyətdə real görünmür.

Ümumiyyətlə, hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həlli üçün münasib şərait yetişməli , ordumuzu və dövlətimizi gücləndirmək istiqamətində işimizi daha sürətlə davam etdirməli və uyğun bir zaman çərçivəsində bu məsələni birdəfəlik həll etməliyik. Şübhə etmirəm ki, bu belə də olacaq.

Aqil CAMAL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!