Modern.az

Korrupsiyaya qarşı mübarizə nə vəd edir?- ARAŞDIRMA

Korrupsiyaya qarşı mübarizə nə vəd edir?- ARAŞDIRMA

10 Sentyabr 2012, 10:22

Fəaliyyət Planından irəli gələn tədbirlərin həyata keçirilməsi nəticəsində baş verəcək dəyişiklikləri sadə insanlardan tutumuş, dövlət qulluqçuları, biznes qurumlarına qədər tez bir zamanda hiss edə biləcəklər.

Gözlənildiyi kimi dövlət  başçısının  sərəncamı ilə təsdiq edilən Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı ətrafında geniş müzakirələr açıldı. Bu sənəd ətrafındakı diskusiyalarda daha çox siyasi çalarlar ön plan çıxır. Şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə və bu istiqamətdəki təşəbbüslər istənilən halda siyasi məsələdir və siyasi baxımdan dəyərləndirilə bilər. Bununla belə düşünürük ki, Milli Fəaliyyət Planı ilə bağlı onun konkret hansı məsələləri ehtiva etdiyi, qarşıya hansı vəzifələr qoyduğu, buradakı tədbirlərin  mümkün nəticələri ilə bağlı müzakirələr açılmasına da böyük ehtiyac və fayda var. Cəmiyyəti bu planın nələr vəd etdiyi, nə dərəcə də yerinə yetrilə bilən  olduğu barədə məlumatlandırmaq da olduqca vacibdir.

Bu yazıda qısa olaraq Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planını barədə məlumat verməyə calışacağıq.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində  proqramlar və əldə olunan nəticələr

Bundan əvvəl “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) və Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı qəbul və icra edilib.

2005-ci ildə Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edilib.  

Dövlət proqramının icrası ilə əlaqədar olaraq korrupsiyaya qarşı mübarizə kontekstində 15 dən çox əhəmiyyətli qanun və digər normativ hüquqi aktlar qəbul edilib, 50-dən çox qanuna əlavə və dəyişikliklər olub, korrupsiyaya qarsı mübarizə aparan ixtisaslaşmış institutlar (Korrupsiyaya qarşı mübarizə Komissiyası, Bas Prokuror yanında Korrupsiyaya qarsı mübarizə idarəsi) fəaliyyətə başlayıb, dövlət orqanlarında bir sıra islahatlar aparılıb, vətəndaş cəmiyyətinin üzvləri ilə əməkdaşlığın qurulması prosesinə başlanılıb.

Milli Strategiyada əsas diqqət korrupsiya hallarının baş verməsinin qarşısının alınması istiqamətində profilaktik, qabaqlayıcı xarakterli tədbirlər kompleksinin həyata keçirilməsinə yönəldilmişdi. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi Milli Strategiyada korrupsiyaya qarsı mübarizənin əsas sərti və vasitəsi kimi müəyyən edilmişdi.

Dövlət proqramı və Milli Strategiyanın Fəaliyyət Planının icarsının hansı nəticələr verdiyi və nə dərəcədə özünü doğrultması ilə bağlı müzakirələr açmaq olar. Etriaf etməliyik ki, bu məsələlərdə bədbinlərin sayının nikbinləri qat-qat üstələyəcəyi də şübhə doğurmur. Bu həqiqətləri qəbul edərək, qeyd etməliyik ki, hətta bir çox hallarda gözləntilərimiz tam doğrulmasa belə, sadə vətəndaşlardan tutumuş iri biznes qurumlara da korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlardan müyyən  qədər faydalanmaq imkanı əldə edirlər və indiki reallıqda biz bu prinsipi rəhbər tutaraq mühakimələr yürütməliyik.

Son illər dövlət qulluğuna qəbuldan tutumuş dövlət orqanlarının vətəndaşlara elektron xidmətlər göstərməsi, bir sıra sahələrdə “bir pəncərə” sisteminin yaradılması, “qaynar xətlərin” yaradılması və fəaliyyəti müsbət nəticələr verir. Şübhəsiz ki, hamımız korrupsiyaya qarşı mübarizə sahəsində daha böyük irəliləyişlər, nəticələr, daha radikal addımlar  gözləyirik. Doğrudur, indiyə qədər bu istiqamətdə atılan addımlar və əldə olunan nəticələr cəmiyyəti qane edə bilməz. Bununla belə qeyd etmək lazımdır ki,  korrupsiyaya qarşı mübarizə ilə bağlı istənilən təşəbbüsün dəstəklənməsi də cəmiyyət, inkişaf üçün zəruridir.

Yeni Fəaliyyət Planı vətəndaşlar üçün nə vəd edir?

Əvvəlki proqram və Fəaliyyət planı ilə müqayisədə yeni sənəd daha praktik xarakerə malikdir. Fəaliyyət Planından irəli gələn tədbirlərin həyata keçirilməsi nəticəsində baş verəcək dəyişiklikləri sadə insanlardan tutmuş, dövlət qulluqçuları, biznes qurumlarına qədər tez bir zamanda hiss edəcəklər. Bu baxımdan dövlət orqanları tərəfindən qaynar xətlərin təşkili və fəaliyyəti üzrə vahid metodologiya və standartların müəyyən edilməsi, korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin hazırlanmasını, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının, dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili, ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi kimi nəzərdə tutulan tədbirləri göstərmək olar.

Xüsusilə, son illər demək olar ki, hamını narahat edən daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı qaydaların sadələşdirilməsinə görə təkliflərin hazırlanması, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin elektron xidmət vasitəsilə əldə olunmasının təmin edilməsi,  tikintiyə icazə, tikintiyə nəzarət və tikintinin istismarına icazə ilə bağlı “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı təkliflərin verilməsi ilə bağlı tədbirlərin nəzərdə tutulmasını xüsusilə vurğulamaq olar.

Dövlət qulluğunda nə yeniliklər olacaq?

Eyni zamanda dövlət qulluğunda çoxdan bəri müstəqil ekspertlərin və QHT-lərin təklif etdiyi addımların atılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Fəaliyyət Planında dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmə qaydalarının qəbul edilməsi, qiymətləndirmə sisteminin xüsusi proqram təminatının yaradılması,  rotasiya sisteminin tətbiqi ilə bağlı pilot layihələrin hazırlanması, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi və təkliflərin hazırlanması ilə bağlı tədbirlər nəzərdə tutulub.

Fəaliyyət Planı ünvanlı sosial yardım təyin edilməsi sahəsində də müsbət dəyişikliklər vəd edir. Əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülməsi, ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədlər dairəsinin azaldılması və sənədlərin təqdim edilməsi prosedurunun sadələşdirilməsi üzrə təkliflərin verilməsi də nəzərdə tutulan tədbirlər sırasındadır.

Sahibkarlar üçün yeni təminatlar nəzərdə tutulub

Fəaliyyət Planında sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi, vergi bəyannamələrinin təqdim edilmə dövriliyinin azaldılması ilə bağlı, qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması da görülməli olan işlər kimi müəyyənləşdirilib. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanmasının sürətləndirilməsi də sənəddə öz əksini tapıb.

Bu Fəaliyyət Planında görüləcək işlərin nəticə indikatorları da müəyyənləşdirilib. Həmçinin əksər addımların 2013-2014-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Fəaliyyət Planındakı tədbirlər icra olunacaqmı?

İstənilən Fəaliyyət Planının müzakirəsi zamanı ilk qarşıya çıxan sual onun nə dərəcədə yerinə yetirilən olması ilə bağlıdır. Əminliklə vurğulamaq olar ki, yeni Faəliyyət Planında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi tamamilə realdır.  Planın təhlili deməyə əsas verir ki,  müəlliflər onun mümkün qədər  praktik səciyyə daşımasına çalışıblar və indiki mərhələ və reallıqda gerçəkləşdirilməsi mümkün olan tədbirlərin üzərində dayanıblar.

Sonda qeyd edək ki, bu tədbirlərin hansı səviyyədə icra olunacağı ilə bağlı bədbin proqnozlar verənlərin sayı çoxdur və onların kifayət qədər ciddi arqumentləri də var. Lakin unutmamalıyıq ki, korrupsiyaya qarşı mübarizədə yalnız proqramların, fəaliyyət planlarının qəbulu ilə ciddi uğurlara nail olmaq mümkün deyil.

Cəmiyyət, vətəndaşlar, biznes qurumlar ən azı Azərbaycan reallığında korrupsiyaya qarşı mövcud və mümkün vasitələrdən fəal istifaə etməyə çalışmalıdırlar. Verilən vədlərin hansı şəkildə yerinə yetirilməsi xeyli dərəcədə bizlərdən və ümumiyyətlə cəmiyyətin fəallığından asılıdır. Korrupsiyaya qarşı mübarizə mövzusunda çıxış etdiyim seminarda şəkdim misalı xatırlatmaq istəyirəm: “Azərbaycanda sayı on minləri aşan tələbə kontingenti və  təhsildə rüşvətin kifayət qədər geniş yayıldığı heç kimə sirr deyil. Bununla belə Təhsil Nazirliyini “qaynar xətt”inə olunan müraciətlər heç 200-dən o yana keçmir. Təsəvvür edin ki, bu qaynar xəttə  sessiya ərsində minlərlə müraciət olur. Düşünün ki, bu hansı nəticələr  verərdi...”

 

Zaur İbrahimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır