Bu gün Azərbaycan banklarının ictimai birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaradılmasından 31 il ötür. ABA üzv təşkilatların birgə korporativ maraqlarını təmsil edən, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi bir platforma kimi fəaliyyət göstərir.
Assosiasiyadan Modern.az-a verilən məlumata görə, hazırda ABA-nın 26 bank, və 2 bank-olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC, Millikart MMC və Azərbaycan Kredit Bürosu olmaqla 31 üzvü var.
ABA-nın tərkibində 21 ildir fəaliyyət göstərən Azərbaycan Bank Tədris Mərkəzi, bundan əlavə Banklar və Biznes qəzeti, Banklar və Biznes jurnalı, Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-lisey-məktəb kompleksi kimi törəmə qurumları, “Bank Ombudsmanı” və “Münsiflər Məhkəməsi” fəaliyyət göstərir.
Eyni zamanda, bank sektorunun qarşısındakı imkanlar və çağırışları müzakirə edən, ideya və təkliflər verən, bankların rəhbər nümayəndələrindən ibarət 12 Ekspert Qrupu da ABA-nın strukturuna daxildir.
Fəaliyyət göstərdiyi müddətdə ABA Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər dövlət qurumları, qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış və bununla da bank qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində, eləcə də bankların beynəlxalq əlaqələrinin qurulması, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların və digər işlərin bank sektoru tərəfindən dəstəklənməsinin təşviqində əhəmiyyətli işlər görüb.
ABA eyni zamanda çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçılığı və ev sahibliyini həyata keçirir. Bunlardan hər ilin may ayında Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (FİNTEX SUMMİT) və noyabr ayında keçirilən Beynəlxalq Bankçılıq Forumunu qeyd etmək olar.