Bu gün Qubada hər il aprelin 2-də keçirilən "Səməniatdı"mərasimi yenidən baş tutub. Amma, fərqli şəkildə və pandemiya qaydalarına uyğun olaraq. Həmişəki kimi geniş kütləvilik qeydə alınmasa da Qudyalçayın üstünə gələn sakinlər gözə dəyirdi. Hər il gözəl Novruzdan 14 gün sonra keçirilən bu xoş ovqatlı mərasim yalnız Qubaya məxsusdur. Bayramda cücərdilən səmənini Qudayalçayın üstünə gələrək axar suya atmaq, ürəyindəki arzu-niyyəti suya söyləmək və növbəti ilin bu günündə arzusu çin olanda çayın üzərinə xonça ilə gəlib konfet-şirniyyat paylamaq! Gözəl adətdir!!! Deyilmi?
Bu günki "Səməniatdı"mərasimində qubalıların arzu-istəyi,duaları da tam fərqli idi.Həmişə şən qəhqəhələr bürüyən Qudyalçayın üstü bu gün bir qədər hüznlü idi. Bu da təbii idi. Vətən müharibəsində 48 şəhid vermiş Qubada məhz bu gün də onlar hörmətlə yad edildi. Çaya səməni atıldıqca şəhidləri anaraq yaralı qazilərimizə şəfa,sağlamlıq arzulanırdı,tarixi qələbəmizə daha yeni şanlı tarixlərin əlavə edilməsi arzulanırdı. Demək olar ki, bu ilki "Səməniatdı"-da qubalı qız-gəlinlər,ana -bacılar fərdi arzulardan çox yaralı qazilərimizın tezliklə sağalaraq şəfa tapmasını arzuladılar, bu məqsədlə Novruzda cücərtdikləri səmənini axar suya atdılar.Çox gözəl arzudur!!! Arzu edək ki,növbəti aprelin 2-də onların bu arzuları çin olsun, çayın üstünə gəlib şirniyyat paylasınlar.
Mən Qubada xalqın uzun illərdir yaşadılan bu qədim,gözəl və saflıq təcəssümü olan adətini o qədər təbliğ etmişəm ki,məni tanıyanlar ,ailə üzvlərimiz də Novruzdan sonra evdəki səmənini çaya atırlar. Bu günlərdə bacım Gültəkin nəvələri və qızı Aytənlə Şəkiyə gedərkən nəvələri Ayla və Leyla qəfildən babaları Cəsarətdən avtomaşını saxlamağı xahiş edib. Cəsarət avtomaşını Qəbələnin girəcəyində saxlayıb, 12 yaşlı Leyla Babazadə evdən gətirdiyi Novruz səmənisini ərazidən keçən "Dəmiraparan"çayına atıb. Leyladan soruşanda ki, "nə niyyət etdin səmənini atanda?" Cavab vermişdiki, "Televiziyada yaralı əsgərlərimizin xəstəxanada müalicə olunduğunu görmüşdüm. Arzu etdim ki,onlar gələn ilki "Səməniatdı"-ya qədər sağalıb öz normal həyatlarına qayıtsınlar".
Görürsünüz, Leylanın arzusu da eynidir, bu arzu bu gün Qubada da səslənib. Amin! Bütün bu arzuların çin olması arzusu ilə!!!
Aytəkin Alxaslı