Modern.az

Zəhmətkeş, xeyirxah, humanist, mənəviyyatlı insan

Zəhmətkeş, xeyirxah, humanist, mənəviyyatlı insan

Mədəni̇yyət

3 Aprel 2021, 10:40

Həqiqət acı olsa da, həqiqətdir - Azərbaycan Dövlət Pedaqoji Universitetin mərhum professoru Məhərrəm Hüseynov haqda...

 

Məşhur filosof Kantın belə bir fikri var: “İnsan təbiəti etibarilə heç də mənəviyyatlı deyil, o yalnız idrakının qanun və öhdəliklər anlayışına yüksəlməsi ilə mənəviyyatlı olur”. Mənəviyyatlı adamların çox, ya da az olmasından bəhs etməkdən tam uzaq olaraq, demək istəyirəm ki, Məhərrəm müəllim mənəviyyatlı adam idi. O, buna “idrakının qanun və öhdəlikləri anlayışına yüksəlməsi ilə” nail olmuşdu. Heç ağlıma gəlməzdi ki, mənəviyyatlı adam idi, əsl dost idi, görkəmli pedaqoq idi, zəhmətkeş alim idi, xeyirxah insan idi, tanıdıqlarıının hər birinə sadiq idi deməklə, Məhərrəm müəllimin fiziki cəhətdən yoxluğunu qəbul etmək məcburiyyətində qalmaqla, belə bir yazı yazacağam. Bunun səbəbi şəxsən mənim üçün çox aydın və sadədir. Axı Məhərrəm müəllim olduqca sağlam bir insan idi. O, həm mənəvi cəhətdən, həm də fiziki cəhətdən sağlam idi. Yaşından, vəzifəsindən, cinsindən, mövqeyindən asılı olmayaraq, hər bir şəxsə sağlam münasibəti var idi. Axı sağlam adam birdən-birə necə dünyasını dəyişə bilərdi?! Yaxşı deyiblər: “Sən saydığını say, gör fələk nə sayır”. Onu da yaxşı deyiblər ki, “Yatan ölmür, yetən ölür”. Allah özü bilir, nəyi nə vaxt və necə edir. Bu bir təsəlli, ya da, həqiqət olsa da belədir. Bir təsəllim də odur ki, “Ölüm ölmək deyil ki, vətənə qayıdışdır”. Sevilən insanların ölümü onların gömüldüyü torpağı daha da müqəddəs edir. Heç şübhəm yoxdur ki, torpaq həm də buna görə müqəddəsdir. Yəni həm də onun qoynunda yatanların naminə müqəddəsdir. Ocaqlar, pirlər, ziyarətgahlar torpağı müqəddəs etmək üçün yaranmış yerlərdir. Bunlar da dünyanın, həyatın bir gözəlliyidir. Güllər, çiçəklər, ağaclar, daha nələr, nələr kimi... Bəlkə də xəyallara qapılır, romantik hisslərin təsiri altına düşürəm, bilmirəm, bu barədə heç nə demək istəmirəm. Ancaq mənim xəyallarımı, romantik hisslərimi qabaqlayan bir həqiqət var. Ona həqiqətlə yanaşı, bəlkə elm də demək olar. Bu həqiqət, elm xəyalları və romantikanı, bir daha qeyd edirəm ki, qabaqlayır. Yəqin ki, fransız yazıçısı Yül Vernin fikrini qeyd etmək yerinə düşər: “Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq”. Bizim hər birimizin xəyalları, istəkləri, romantik baxışları həqiqət, elm qarşısında acizdir. Bəşəriyyət yarandığı gündən həqiqət, elm ölümə qalib gələ bilməyibdir. Odur ki, Məhərrəm müəllim barədə nə qədər xəyallarla, romantik hisslərlə danışsam da, yazsam da, onun ölümü acı olsa da həqiqətdir. Məhərrəm müəllimlə bağlı acı həqiqət budur ki, o, fiziki cəhətdən aramızda yoxdur.

 

Sevgi və qorxu hissləri

 

İngilis yazıçısı Vilyam Şekspir yazır: “Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan... Günəşi sevdiyini söyləyirsən,amma günəş çıxanda kölgəyə qaçırsan… Küləyi sevdiyini söyləyirsən, külək başlayanda pəncərəni örtürsən... Məni sevdiyini söyləyirsən, bax, mən də bundan qorxuram.” Bəli, insan sevdiyini söyləyir. Yağışı, günəşi, küləyi, hər hansı bir kəsi sevdiyini söyləyir, ancaq bu sevgiyə çatanda onunla dabandabana zidd olanlara önəm verir. Bu da real bir həyatdır, elə həyatın özüdür. Məhərrəm müəllim həyatı və insanları sevsə də, həyatı da, insanları da tərk etdi, Haqqa qovuşdu, Allahın dərgahına getdi. O bununla bir daha anlatdı ki, həyata və insanlara olan sevginin arxasında qorxu var. O qorxu qarabaqara həyat və insan aşiqlərini gözləyir. Bu bir yaşam fəlsəfəsi kimi insanları bütün ömrü boyu gözləyir və izləyir.


Sevgisi böyük olan insanların ruhu çox zəngin olur. Onlar hər şeyin qiymətini və dəyərini bilirlər. Məhz həyata və insanlara sevgisi hədsiz dərəcədə böyük olan Məhərrəm müəllim hər şeyin və hər kəsin qiymətini, dəyərini yaxşı bilirdi. Bir Afrika atalar sözündə deyilir: “Cibi zəngin, amma ruhu kasıb olan adamın halı çox pisdir. Çünki o hər şeyin qiymətini bilər, ancaq dəyərini yox”. Hər şeyin, hər kəsin dəyərini, qiymətini yaxşı bilən, həyata, insanlara hədsiz sevgisi olan, sağlam ruhu ilə mənəvi qida alan Məhərrəm müəllimin itkisi onu tanıyanların hər birinə sevgi və qorxu  hisslərini anlatdı.

 

Həsəd aparılacaq xarakter sahibi

 

Fransız ədəbiyyatının görkəmli nümayəndəsi Viktor Hüqonun belə bir fikri var: “Bizi həmişə özümüzdə çatışmayan cəhətlər cəlb edir. Gün işığını kor qədər heç kim sevmir”. Bəzi insanlarda sadəlik, səmimilik, xeyirxahlıq və s. cəhətlər olmur. Deməli, həmin insanlarda bu cəhətlər çatışmır. Məhərrəm müəllim bu baxımdan həsəd aparılası bir alim, pedaqoq idi. O, yaşından asılı olmayaraq hər bir kəslə tay-tuş kimi davranırdı. Başqa sözlə, Məhərrəm müəllim hər bir kəslə öz dilində danışmağı bacarırdı. Məhərrəm müəllim gəncliyə, orta, yaşlı və ahıl nəslə aid enerjini sintez edən bir müəllim, pedaqoq kimi şəraitə uyğun olaraq davranırdı. Mən dekan, o, dekan müavini işlədiyimiz dövrdə şahidi olduğum bir hadisəni qeyd etməyə bilmərəm. Filologiya fakültəsində, yəni üçüncü mərtəbədə çalışan xadimənin nəvəsini Məhərrəm müəllim hər gün Azərbaycan dili və ədəbiyyatı fənnindən hazırlaşdırırdı. Heç bir təmənnası olmadan bu işi məsuliyyətlə yerinə yetirirdi. Məhərrəm müəllim illərlə həmin xadimənin nəvəsini (qız uşağını) hazırladı, ona elm öyrətdi və bu xeyirxah işdən ləzzət aldı. Çoxlarında olmayan sadəlik, səmimilik və xeyirxahlıq Məhərrəm müəllimin həyat kredosu idi. O, iş-gücün başdan aşdığı vaxtlarda ehtiyac içində olan insanlara qayğı və diqqət göstərməsindən həzz alırdı. Yorulmadan, usanmadan çalışırdı, tanıdıqlarının, ətrafında olanların sevinməsindən, uğur qazanmasından zövq alırdı.


Məhərrəm müəllim insanları yola verməyi bacarırdı. Kim ona ağız açırdısa, kömək istəyirdisə, ümidsiz qalmırdı. Birisinin məqaləsini redaktə edir, digərinin dərsini keçir, başqa birisinin dissertasiya işinə məsləhət verir, bütün günü faydalı işlə məşğul olurdu. O bu işləri ona görə bacarırdı ki, filoloji biliyi yüksək səviyyədə olmaqla yanaşı, insanlığı və humanistliyi də ali səviyyədə idi.


Məhərrəm müəllim bütün işlərə vaxt tapırdı. Tez-tez dostları və tələbə yoldaşları ilə görüşürdü. Bu onun dostluğa nə qədər sədaqətli olduğunu göstərirdi. Biz bir yerdə işlədiyimiz üçün aramızda çox böyük doğmalıq vardı. Bir yerdə onun tələbə yoldaşları ilə görüşər, elmdən, ədəbiyyatdan, dildən söhbətlər edərdik. Onun tələbə yoldaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadənin evində tez-tez ədəbi söhbətlərə yığışardıq. Mən Məhərrəm müəllimin vasitəsilə onun tələbə yoldaşlarını tanımışam. Onların hər biri bilikli, elmli, ziyalı insanlar kimi mənim qəlbimə yol tapıblar. Prof. Vaqif Arzumanlı, prof. Cəlil Nağıyev, prof. Mübariz Yusifov, dos. Ağasən Bədəlzadə, Əziz Axundlu, Teyyub Quliyev, Məmməd Elli və digərləri. Bunların hər biri öz istedad və qabiliyyəti ilə seçilən, sayılan ziyalılardır. Allah dünyasını dəyişənlərin hər birinə rəhmət etsin.

 

Doğulmaq, yaşamaq, dünyanı dəyişmək

 

Fransız yazıçısı Jan de Labrüyer yazır: “İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür”. Məhərrəm müəllim necə doğulduğunu hiss etmədi. Ancaq Göyçədə doğulduğunu hiss etdi, Göyçə həsrəti ilə yaşadı, Göyçədən və aşıq ədəbiyyatının güc simvolu olan Aşıq Ələsgərdən yazdı. İnsan kimi yaşamağı unutmadı. İnsan kimi yaşadı. Dayaz və bədxah adamlara baş qoşmadan insanlıq mücəssəməsi oldu. O, əzablar içində yox, mələk xislətli bir insan kimi qəfildən, gözlənilmədən, heç kəsi incitmədən və yormadan dünyasını dəyişdi. Gözlənilməz ölümü, qəfildən olan ölümü hamıda təəccüb və təəssüf yaratdı. Hamını kədərləndirdi. Mənə zəng edib dedilər ki, Məhərrəm müəllimə nə olub?! Dedim ki, heç nə. Birdən-birə baş verən hadisədən heç kimin, o cümlədən mənim də xəbərim yox idi. Bu xəbər ildırım sürətilə yayılmışdı. Ailəsinə zəng vurub bu bəd xəbəri dəqiqləşdirdikdən sonra ölüm adlı bir qəmin təsiri altında donub qaldım. Düz vəfatından üç gün əvvəl telefonla danışmışdım. Nə səsində, nə də əhval-ruhiyyəsində  xoş olmayan heç bir hal hiss etməmişdim. Üç gündə sonra belə bir acı xəbər dünyanın özünü gözümdə ucuzlaşdırdı. Nə etmək olar?! Həyat davam edir.


Dəniz ona görə böyükdür ki, heç bir çayı özündən rədd etmir. Məhərrəm müəllim ona görə əsl pedaqoq, alim, ziyalı idi ki, o heç kəsi özündən uzaqda, kənarda saxlamazdı. Tələbələrinə də, müəllim yoldaşlarına da, dostlarına da, tanışlarının hər birinə də doğmalıq, yaxınlıq göstərirdi.


Məhərrəm müəllim mənən bizimlədir. Haqqın, ədalətin, insanlığın, xeyirxahlığın yanındadır. O yenidən doğulmaq üçün bu dünyadan getdi. Allah rəhmət etsin!



Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır