Modern.az

Ukraynada növbəti “Qarabağ fenomeni” olacaqmı? - ŞƏRH

Ukraynada növbəti “Qarabağ fenomeni” olacaqmı? - ŞƏRH

3 Aprel 2021, 10:58

Rusiya ilə Ukrayna arasındakı gərginlik öz kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır və artıq Ukrayna rəsmiləri də müharibə təhlükəsinin real olduğunu açıq bəyan etməyə başlayıblar. Digər tərəfdən də Rusiya Ukraynanı atəşkəsə təhlükə yaratmaqda ittiham edir.

Ərazisi işğal altında olan ölkənin rəhbərlərinin xalqa optimist bəyanatlar ünvanlaması təbii və zəruridir əlbəttə, amma o da məlumdur ki, belə optimizmin arxasında onu reallaşdıra biləcək potensial, güc və digər amillər olmalıdır.

Ukraynanın hərbi gücü və potensialı haqda bir qədər sonra, bəs Zelenski hökumətini özünə bu qədər inamlı olmağa ruhlandıran nədir? Ukrayna daha çox öz daxili potensialına güvənir, yoxsa beynəlxalq dəstəyə bel bağlayır?

Qərb Ukraynaya real dəstək verəcəkmi və buna, nə dərəcədə güvənmək olar?

Modern.az-ın məlumatına görə, Rusiya-Ukrayna münasibətlərini şərh edən politoloq Ərəstun Oruclu bildirib belə sualların olması heç də təsadüfi deyil:

"Əvvala, ona görə ki, Qərb özü Rusiyaya münasibətdə bu gün yekdil deyil. Bir tərəfdən Putinlə oyunbazlıq edən Makronla Merkelin, digər tərəfdən isə Rusiyaya yönəlik xarici siyasət doktrinası hələlik sərt ritorikadan və yumruq silkələməkdən ibarət olan Baydenin Ukraynaya hansı real dəstəyi verə biləcəkləri tam aydın deyil.

Görünür elə bu səbəbdən də Kreml hadisələri önləməyə və Qərbin birləşməsinədək bütün zəruri məsələləri həll etməyə çalışır. Başqa sözlə, Rusiya-Ukrayna qarşıdurmasının güc müstəvisinə keçəcəyi halda ancaq Qərbə bel bağlamağın bədəli məğlubiyyət ola bilər”.

Politoloqun sözlərinə görə, kənar müşahiçəçi gözülə baxış bunu Moskvada Kiyevdəkindən daha yaxşı anladıqlarını deməyə əsas verir. Görünür, elə Moskva da buna əmin olduğundan hadisələri önləmək yolunu tutub.


“Əgər Moskva hərb yolunu tutubsa, o zaman Ukraynanın etibarlı və real müttəfiq(lər)inin kim ola biləcəyi sualı daha da aktuallaşır. Dediyim kimi, Kiyev bir dəfə Qərbə güvənməklə Krımı bütövlüklə, Donbasa isə faktiki nəzarəti itirdi.

Bunun da kökləri Ukraynanın müstəqilliyinin ilk illərinə təsadüf edirdi. SSRİ-nin dağılması ilə 1.700 nüvə başlığına, 130 kontinentlərarası ballistik raketə və 33 strateji bombardmançı təyyarəyə malik olan Ukrayna dünyanın 3-cü nüvə gücünə çevrilmişdi.

Amma elə müstəqilliyinin ilk illərində də, daha dəqiq desək, 1994-cü ildə bütün bu arsenaldan imtina edəndə Kiyev özünə bir növ ölüm hökmü vermiş oldu.

Belə ki, 1994-cü il dekabrın 5-də ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayna tərəfindən imzalanan, ardınca da Fransa ilə Çinin də qoşulduğu "Təhlükəsizlik Təminatı üzrə Budapeşt Memorandumu" Ukraynanın həmin arsenaldan imtina etməsi qarşılığında onun təhlükəsiliyinə, ərazi bütövlüyünə və müstəqilliyinin qorunmasına təminat verməli idi.

Verməli idi, daha doğrusu, həmin təminatla bağlı öhdəlikləri memorandumu imzalayan digər 5 aparıcı nüvə dövləti üzərinə götürürdü. Sonrası isə məlumdur: bu dövlətlərdən biri (Rusiya) Ukrayanaya açıq təcavüz edərkən digər 4-ü buna qarşı heç bir effektiv tədbir görmədi.

Bununla da həmin sənəd nəticə etibarilə "Ukraynanın Məhv Edilməsinə dair Memorandum" oldu.

Halbuki, nüvə başlığı və raket arsenalının heç olmazsa bir hissəsini əlində saxlamaqla Kiyev öz təhlükəsizliyini özü və həm də daha etibarlı təmin edə bilərdi.

Amma bu, artıq tarixdir. Bəs bu gün necə, dövlətçiliyi ciddi təhdid altında olan və parçalanma təhlükəsi ilə üz-üzə qalan Ukrayna "Budapeşt Memorandumunu" imzalamış ölkələrdən real dəstək görəcəkmi?

Söhbət təkcə hərbi və kəşfiyyat deyil, həm də siyasi və iqtisadi dəstəkdən gedir. Belə dəstək isə bu gün Ukrayna üçün həyati əhəmiyyət kəsb edir, onun mövcud olub-olmayacağını müəyyənləşdirir.

Ona görə ki, Rusiya silahlı qüvvələrini təkcə Ukrayna ilə sərhəddə yığmır, həm də NATO ölkələrinin sərhədlərinə yaxın ərazilərdə qoşunlarının sayını artırmaqdadır ki, buna da "çəkindirmə taktikası" deyilir. Yəni, Rusiya Qərbi Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır”.


Ə.Oruclu deyir ki, Ukrayna üçün təhlükənin real olması elə Rusiya rəsmilərinin bəyanatlarından açıq-aydın görünməkdədir. Həmin bəyanatlarda Moskva Kiyevi təhdid etməklə yanaşı, həm də var gücü ilə Rusiya-Ukrayna deyil, Donbass-Ukrayna konflikti haqda fikir yaratmağa çalışır. Yəni, mümkün eskolasiyada Rusiya yoxdur.


“Moskva daim Ukraynadakı konfliktin iştirakçısı kimi yalnız separatçıları göstərib, amma eyni zamanda da onları açıq şəkildə dəstəklədiyini də gizlətməyib.

Digər tərəfdən bugünkü gərginliyin informasiya təminatını Kreml təbliğatçıları aylardır aktiv şəkildə həyata keçirməkdədilər. Amma Moskva rəsmilərinin hazırki ritorikasında yeni çalarlar da var.

Rusiya ABŞ-ın ya digər NATO ölkələrinin Ukraynaya müdaxiləsinin yolverilməz olduğunu və bunu özü üçün təhlükə kimi qəbul edcəyini bəyan edir.

NATO və ABŞ da öz növbəsində Rusiyanı Ukrayna ilə sərhəddə 4 minədək canlı qüvvə və hərbi texnika toplamaqda və sülhə, atəşkəsə təhlükə yaratmaqda ittiham edir.

NATO həmçinin Avropadakı silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. Bura ABŞ müdafiə nazirinin ukraynalı həmkarı ilə intensiv əlaqə saxladığını və prezident Baydenin prezident Zelenski ilə əhatəli telefon danışığını əlavə etdikdə vəziyyətin nə qədər gərgin olduğu aydınlaşır”.


İndi hamını maraqlandıran budur ki, müharibə başlayacaqmı? Bir çox ekspertlər müharibə riskinin kifayət qədər yüksək olduğunu bildirirlər, amma bu da sual olunur ki, həqiqətənmi Rusiya bu müharibəyə 4 min qoşunla daxil olmağı planlaşdırır? Ümumiyyətlə, Rusiyanın ehtimal edilən müharibədə hədəflərii nədən ibarətdir?

Ərəstun Oruclu: “Fikrimcə, başlıca hədəf Ukraynanı cəzalandırmaq və ikinci Qarabağ nümunəsinə imkan verməməkdir. Əks halda Ukrayna öz ərazilərinə nəzarəti bərpa etsə ardınca prosesə Gürcüstan və Moldova da qoşula bilər. Odur ki, Moskva Donbass separatçılarını sonadək qorumaqda maraqlıdır.

Donbassda məğlubiyyət Rusiya üçün fəlakətli nəticələrə səbəb ola bilər. Belə məğlubiyyət postsovet məkandakı müstəqil dövlətlərin əksəriyyətilə basqı yolu ilə davranan Rusiyanın nüfuzuna ağır zərbə vura bilər ki, bu da geosiyasi mübarizənin indiki həlledici mərhələsində ikinci dərəcəli oyunçuya çevrilmək demək olardı.

Məğlubiyyət isə istisna deyil, çünki bu gün Ukraynanın istər hərbi, istərsə də daxili siyasi durumu 2014-cü ildəkindən xeyli fərqlidir.

Bu gün Ukrayna Ordusu daha mütəşəkkil, daha yaxşı silahlanmış və daha hazırlıqlı vəziyyətdədir.

Digər tərəfdən də sanki Qərb ölkələri (ən azı ABŞ) Ukrayna qarşısındakı Budapeşt Memorandumundan irəli gələn öhdəliklərini daha yaxşı anlayır. Yeni geosiyasi mübarizə də bunu diqtə edir. Şübhəsiz ki, nə ayrıca ABŞ, nə də bütövlükdə NATO Rusiyaya qarşı açıq döyüşə gedən deyil.

Əslində heç buna ehtiyac da yoxdur, Ukraynanın ordusunu müasir silahlarla və kəşfiyyatını müvafiq məlumatlarla təhciz etmək kifayət edər ki, Kiyev öz resursları hesabına ərazilərinə nəzarəti bərpa etsin. İndiki mərhələdə heç olmazsa Donbassa. Bu, da Rusiya üçün elə məğlubiyyət demək olacaq.

İndi əsas sual da budur ki, Qərb, NATO və ya ABŞ bunu edəcəkmi?”…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir