Modern.az

Oğlunun şəhid olduğu torpağa gedən ANA: “Orada rahat oluram” - FOTOLAR

Oğlunun şəhid olduğu torpağa gedən ANA: “Orada rahat oluram” - FOTOLAR

5 Aprel 2021, 09:01

Vətəni şərəfləndirən şəhidlər...

- Ramiyyə bacı salam. Necəsiniz? Martın 14-ü Ruslanın doğum günü idi. Necə keçirdiniz?


Telefon xəttinin o biri başından kədər və qəm dolu səs eşidirəm:


- Çox sağ olun, lap əla, lap gözəl... Sonra da gülməyə başlayır. Hiss edirəm ki, bu gülüş baş qatmaq üçündür, özünü “gülən adam” kimi göstrmək istəyir. Mən ötən il noyabr ayının 2-də sumqayıtlı şəhid Ruslan İmanquliyevin evini axtarırkən, 10-cü mikrorayondakı binanın dördüncü mərtəbəsinin qapısını döydüm. Qapını açan qadın, şəhidimizin anası Ramiyyə Səfərova idi.  


İçəri ehtiyatla keçdim. Yenə həyəcanlı idim. Hər şəhid qapısını döyəndə, fikirləşirəm ki, görəsən necə danışacam? Nə deyəcəm? Söhbətimi nədən başlayacam? Yenə bu ağrılı fikirlərin məngənəsində sıxılırkən, şəhid anasının  hayqırtı dolu səsini eşitdim:


- Niyə gəlmisiniz? Oğlumdan yazmağa? ... Gəlin, keçin  içəri? Nə yazacaqsınız? Bircə oğlum var idi. Ondan başqa heç nəyim yoxdur. Başa düşürsünüz məni...


Mən susuram. Mənimlə qarşı tərəfdə divanda oturan yaşlı qadın Ruslanın anasını sakitləşdirməyə çalışır:


- Ramiyyə, sakitləş, otur, qonaqla söhbət edək.

Pəncərənin önündə, divarda  indicə tanış olduğum Ruslanın şəkilləri, əyninə geyindiyi hərbi paltarları asılıb.  Divarın bir küncündə  stolun üstündə isə  əşyalarıdır. Anası həmin əşyaları götürüb mənim qarşıma qoyur. Bir-bir sayır:


- Bax bu 9 manat puldur, cibindən çıxarmışam. Bu darağıdır. Anamın ona verdiyi üzükdür. Şəxsiyyət vəsiqəsi, sənədidir... Hamısından əvvəllər barıt qoxusu, siqaret iyi gəlirdi. İndi gəlmir... Mən neyləyim? Haradan alım oğlumu? Mən onu istəyirəm. Ruslanımı istəyirəm. Mən tək-tənha ana tərbiyəli bir oğul böyütmüşdüm...


Sonra oğlunun paltarları asılan divarın dibindəki stolun üstündən bir cığara gətirir. Cığaradan hərbi köynək (mayka) çıxarıb iyləyir. Deyr ki, oğlunun bədəninə bulaşmış bu maykadan hələ ki onun ətri qalıb. Maykanı ürəyinə sıxır, əllərinin arasında tutub burnuna yaxınlaşdırır... Qoxlayır, yenə qoxlayır...

- Balamın paltarından onun ətri gəlir. Bəs bu qoxu bitib-tükənəndən sonra neyləyəcəm?!



Anaya heç nə deyə bilmirəm. Əlindəki köynəyi alıb, burnuma yaxınlaşdırıram.  Köynəkdən cənnət qoxusu gəlir. Bu sətirlərimi oxuyanlar mənə inanın. Ruslan İmanquliyevin alt köynəyindən cənnət qoxusu gəlirdi. Xarakter etibarı ilə yabançı qoxuları sevmərəm. Ancaq ilk dəfə idi ki, bir şəhid paltarını qoxlayırdım. O şəhidin paltarından gözəl bir qoxu vurdu məni. Bu hər hansı parfüm qoxusu deyildi. İnsan bədəninə xas olan qoxu idi.


1941-ci ildə Səmərqənddə Sahibgiran Əmir Teymurun  “Qur Əmir” məqbərəsindəki məzarını açanda, orada iştirak edən adamlar hamısı onun məzarından gələn heyrətamiz bir qoxudan məst olmuşdular. Şahidlər deyirdi ki, Cənnət qoxusu deyilən qoxu elə həmin o idi.

Bax, indicə, əlimdə tutub qoxladığım paltardan da heç vaxt duymadığım bir qoxunu hiss etdim. Yəqin ki, cənnət qoxusu elə belə olur, - deyə düşündüm. Və elə həmin dəqiqə beynimə belə bir fikir də gəldi: “Elə bir parfüm ola ki, həmin şəhidlərin ətrinə oxşasın, hər şəhidin öz bədən qoxusu gəlsin o ətirdən. Şəhidlərin doğmaları darıxanda o ətri paltarının üstünə çiləyib, iyləsinlər. Onun ətrini alsınlar”.


- Siz onu mənim kimi duya bilmərsiniz. O mənim balamın ətridir, onu ancaq mən duyub –anlamağa qadirəm. Bilirsiniz nədir? Mənim bütün bədənim yanır. Qarnım yanır. Gənc vaxtlarımda eşitmişdim doğması, balası ölən qadınlar deyərdilər ki, “Qarnım yanır”. Siz mənə inanırsınız, mənim də qarnım yanır. Balam, canım, canımdan ayrılıb. Yeri yandırır.


Yenə  Ramiyyənin anası  Nərgiz xala ona səslənir:


- Qızım elə demə, yaxşı başa düşməzlər...


Mən üzümü Nərgiz xalaya tuturam:


- Xala, qoy nə qədər bacarır danışsın, desin dərdini. Mən onu dinləməyə, dərdinə şərik olmağa gəlmişəm.


Ramiyyə Səfərova:



- Həm ata oldum, həm ana oldum onun üçün. Səhər saat 5-də yuxudan durub onun səhər yeməyini hazırlardım, qayğısına qalardım. Sonra qatara minib Bakıya işə gedirdim. Axşam qayıdıb gəlirdim. Oğlum işdən gələndə çıxırdım qabağına ki, gedək bazarlıq edək. İndi hər gün gözləyirəm, niyə belə oldu?! Niyə Allah başıma bu bəlanı gətirdi? Mən axı heç kimə psilik etməmişəm. Aldığım maaşı belə insanlarla, qonşularla, dostlarla bölmüşəm? Kimdən soruşum ki, niyə belə oldu?


- Ramiyyə, özünü ələ al. Ancaq ki, mən də belə düşünürəm ki, Allah belə olanda deyəsən bəndəsini unudur... Çünki o bizi hər zaman yanında, yadında saxlasaydı, Xocalı hadisəsi olmazdı. Xocalı hadisəsi olmasaydı, Ruslan da gedib hərbçi olmayacaqdı... Mən belə anladım ki, o Vətən təəssübü çəkdiyindən hərbə könül verib.


- Həəə... Xoşum gəldi sizdən. Doğru deyirsiniz. Öldürməyəydi də, şikəst verəydi də mənə. Allah  niyə razılıq verdi ki?  Onu üstümə tabutda deyil, şikəst göndərəydilər də... Ya da ki, ölən kimi mənə desəydilər, orqanlarını ehtiyacı olan insanlara verərdim. Birində ürəyi yaşayardı, birində ciyəri, birində böyrəyi... Bilərdim ki, Ruslan kiminsə cismində yaşayır. Gedib o adamların qulluğunda durardım. Bilərdim ki, Ruslanımın bir parçasını bədənlərində gəzdirirlər. Mən bu haqda Ruslan hərbi xidmətə gedəndə demişdim. Razılaşmışdıq. Ancaq mənə donmuş bədənini tabutda gətirdilər. Yaxşı arzularımı həyata keçirmədi Allah, heç olmasa o pis arzumuca həyata keçirəydi də...

 
***

Ruslan İmanquliyev 14 mart 1996-ci ildə Sumqayıtda anadan olub.  22 saylı şəhər məktəbini bitirib. Əsgəri xidmətini Şəmkir rayonunda keçib. Xidmətini bitirdikdən sonra müxtəlif yerlərdə usta köməkçisi işləyib, qazandığı pulu qəpiyinə kimi gətirib anasına verib. Ana da onun verdiyi pulu Tanrıdan göndərilmiş pay, sovqat, ruzi kimi qəbul edib, öpüb gözlərinin sütünə qoyub. Oğul qazancı şirin olur,- deyə düşünüb.

2019-cu ilin dekabrında isə Ruslan anasına deyib ki, Müddətdən Artıq Xidmət  Edənlər (MAXE) sırasına yazılıb. Elə həmin vaxtdan əsgərlik illərində yiyələndiyi  və sevdiyi hərb peşəsini motoatıcı kimi davam etdirməyə başlayıb. Elə ilk günlərdən onun peşəkar bir hərbçi olduğunu görən korpus komandiri Ruslanı   bölük rəhbəri təyin edib. Ruslanın 171 sm boyu, əzəmətli baxışları var idi. Mərd və sədaqətli, ədalətli idi.  Evdən təlimə getməyə hazırlaşanda qrupunda olan əsgərlər üçün xeyli ev yeməyi hazırlatdırırdı, anası da onun bu  sifarişini canla-başla yerinə yetirirdi. Təki oğlunun könlü xoş olsun. Bu ailə heç vaxt tikəsini tək yeməmişdi. Hər zaman süfrələri çörəkli olmuşdu. Bu xüsusiyyətlərinə görə hərbi hissədə hörmət qazanmışdı. Səhər işə gedib, axşam  anasının isindirdiyi doğma ocağa qayıdardı.  Anası onu həm əziyyətlə, həm də tənha böyütmüşdü. Ruslan  anadan olandan ana babası Allahverdinin və Nərgiz nənəsinin yanında  böyüdü. Nənəsinin  əl ağacı, köməyi idi Ruslan.


2020-ci ildə babası Allahverdi kişinin artıq çox əldən düşdüyünü  hiss elədi. Hiss etmişdi ki, babası bu dünyadan köçünü yığıb getməyə hazırlaşır. COVİD-19 pandemiyası səbəbindən isə toylar, yığıncaqlar qadağan olunmuşdu. Əgər babasına nəsə olsaydı, anası bu ayrılığı həzm edə bilməyəcəkdi. Fikirləşirdi ki, özü işdə, təlimlərdə olanda anası darıxmasın deyə təcili evlənməlidir. Və isti yay günlərinin birində qonşu qızı Elvina ilə elənmək istədiyini bildirdi. Çünki Elvina həm də anası ilə ana-bala münasibətində idi. Ramiyyə əvvəlcə oğlunun sözünü zarafat sandı. Sonra baxdı ki, deyəsən zarafat deyil. Və elə həmin isti yay günlərinin birində Elvinanın evinə elçi gedib razılığını aldılar. ASAN-xidmətdə ZAQS-dan keçib, molla kəbini kəsib, səssiz-səmirsiz, 5-10 nəfər yaxın qohumun iştirakı ilə evdə məclis qurdular, Elvinanı gəlin gətirdilər.  Əslində Elvina elə bu evin qızı idi. Ona görə də Ramiyyə ona gəlin kimi deyil, öz balası kimi münasibət bəsləyirdi. Ruslan isə indi çox rahat idi. Təlimlərə gedəndə, gözü arxada qalmırdı. Toydan iki ay sonra babası Allahverdi rəhmətə getdi. 


Və günlərin birində - 2020-ci il iyul ayının 15-də Tovuz istiqamətində ermənilərin  qəfil hücumunun və təxribatının qarşısını alarkən həlak olan general Polad Həşimovun xəbəri hamı kimi, Ruslanın da qeyrətinə ar gətirdi. Fikirləşirdi ki, daha bundan sonra Azərbaycan Ordusu sakit dayanmamalı, generalın qisası birə-beş alınmalıdır. Hətta hərbi hissədə xidmət edən MAXE və zabit dostları ilə də bu haqda fikir mübadiləsi etmişdi. Döyüşməyə, həm də 30 ilin və generalın  qisasını almağa hazırlaşan oğulların hər biri  dava istəyirdi. Ümid edirdilər. Və belə günlərin birində ciddi təlimlərin başlanması haqqında yuxarı rəhbərlikdən tapşırıq alındı. Hərbi hissədəki, döyüşçülər bu xəbərdən çox sevindilər. Elə bil ki, kiminsə toyuna hazırlaşırdılar.


Həmin gün yetişdi. Ön cəbhəyə getmək xəbərini alanda bütün hərbçilər kimi, 27 sentyabrda Ruslan da səhər tezdən yol çantasını hazırlayıb sevinə-sevinə, gülə-gülə ailəsi ilə halalaşıb gedəndə dedi ki, 5 günlük təlimə yollanır. Hələ müharibənin xəbəri yayılmamışdı. Anası Ramiyyə oğluna “getmə” deyə bilmədi. Təzə gəlin olan Elvinanın ürəyi titrədi. İçindən bir sızıltı keçdi. Bir neçə gün əvvəl Ruslan Elvinaya demişdi ki, məzuniyyətə çıxacaq, o zaman birlikdə çox vaxt keçirəcəklər. Çünki evləndikləri gündən Elvina həyat yoldaşını səhər işə yola salır, axşamlar isə yorğun qarşılayırdı. Lakin gənc ailə gələcəyə ümidlə baxır, ürəklərində tutduqları arzularını qanadlandırırdı. 


Nərgiz nənə eyvana çıxıb, arxasınca su atdı nəvəsinin. Ona yaxşı yol arzuladı, “sağ-salamat qayıt” dedi. Tanrıdan balasının evə tez dönməyini dilədi.


...Ruslan İmanquliyev də xidmət etdiyi N saylı hərbi hissədən aldığı tapşırığa əsasən döyüş batalyonu ilə birlikdə Vətən torpaqlarını yağı düşməndən xilas etməyə həvəslə, gülə-gülə getdi. İlk döyüşlər Füzuli istiqamətindən başladığından düşmənin istehkamını qırmaq çox çətin idi. 30 ilə yaxın bir dövr ərzində düşmən bu tərəflərdə güclü istehkam və tələlər qurmuşdu. Çünki bilirdi ki, bu torpaqlar onun deyil, nə vaxtsa torpağın sahibi gəlib döyüşəcək.



Torpağın sahibi olan Azərbaycan oğulları döyüşə böyük rəşadət və sevgi ilə girdilər. Ətrafda uçuşan güllələr atılan bombalar  yeri-göyü görünməz edirdi. İlk dəfə  partlayan mərmi səsindən, top atəşindən  hərbçilərin bəzisi komaya düşür, bəzisinin də qulaqları batırdı. Döyüş  kəskinləşdikcə hərbçilər bomba, minamyot, güllə səsinə də öyrəşirdilər. Artıq Azərbaycan Ordusu və əsgərləri dəqiqə-dəqiqə, saat-saat irəli gedirdi. Döyüş çətin və ağır idi.  Bununla belə əsgərlərin əhval-ruhiyyəsi çox yüksək idi. Müzəffər Azərbaycan Ordusu öz toropaqlarında  erməni səngərlərini keçib, irəliyə doğru hərəkət edirdi. İndi torpaqları addım-addım azad edən əsgərlər və döyüşçülər ermənilərin özlərini müdafiə üçün qazdığı səngərlərdə idilər. Belə gözəl anları telefonu ilə lentə alanlardan biri də Ruslan idi. Komandiri olduğu döyüş yoldaşlarına deyirdi ki, möhkəm dayanın, biz tarix yazırıq.

Füzulinin Aşağı Alxanlı kəndindən keçib Yuxarı Alxanlıya qədər çatdılar. Burada birlikdə şəkil də çəkdirdilər. Ruslan bu döyüşlərdə ona ən gözəl yoldaş olan minomyotunu çiynindən yerə qoymurdu. Bu minaatan silah ilə düşmənin neçə məntəqəsnə od ələmişdi. Manqa rəhbəri kimi Bəxtiyar Feyzullayev, Bodur, Nicat da onun əsgəri idilər. Hər biri çiyinlərində 38 kiloluq yük, silah-sursatı özləri ilə səngərdən-səngərə daşıyırdı. Ruslan öz minamyotunu çiynində elə yüngül tuturdu ki, sanki minomyot özü onu aparırdı. Arada bir keçdikləri çəmənlərdə, düzlərdə səngərlərdə dayanıb şəkil çəkdirirdilər.

Oktyabrın 2-də gündüz anası və həyat yoldaşı ilə danışarkən Ruslan dedi ki, Azəraycan Ordusu irəliləyir. Səsi də elə gümrah gəlirdi ki. Saat 3-dən sonra isə ana  Ruslanın telefonunu nə qədər yığdısa, cavab verən olmadı.


Payız ilk günlərdən özünü göstərsə də, havalar çox ilıq keçirdi. Yavaş- çisginləyirdi. Elə bil ki, Tanrı bu günlərdə Azərbaycan əsgərinə yol, fürsət vermək üçün göy üzünə bulud gətirməmişdi. Onunla birlikdə olan 18 nəfər əsgərin hər birinin üzündə-gözündə bir sevinc, bir şadlıq, ruh yüksəkliyi var idi. Füzuli istiqamətində bizim əsgərlər düşmən hücumunu  dəf etmək üçün dayanmadan cavab atəşi açır, erməniləri oturduğu mövqelərdə susdurmağa çalışırdılar. Güllə başlarının üstündən yağış kimi yağırdı. Düşmənə qarşı xeyli irəliləyib 300 metr aralıda dayanmışdılar. Ruslan minamyota mərmi qoyur, əsgərləri də həvəslə atırdılar. Birdən nə fikirləşdisə, uşaqları atış nöqtəsində qoyub, səngərin başına getdi. Onun çox sevdiyi əsgəri Bəxtiyar Feyzullayev haraya getdiyini soruşduqda, dönüb Bəxtiyara belə dedi:


- Feyzullayev, artıq düşmənlə çox yaxın məsafədəyik. Mən onunla silahsız qarşılaşa bilmərəm. Gedim silahımı götürüb gəlim ki, döyüşü rahat davam etdirim.


Ətrafı diqqətlə seyr edən Bəxtiyar Feyzullayev isə cavabında:


- Komandir, hava işıqlıdır. Qarşı tərəfdə düşmən təpənin üstündən bizi seçir. Gözlə hava qaralanda gedərsən.


- Narahat olma, elə gedəcəm ki, məni görməsinlər. Sən mərmiləri minamyota səliqə ilə yerləşdir, bir-iki atış elə, gəlirəm.


Bəxtiyar yanındakı əsgər yoldaşları ilə minamyota dayanmadan mərmi qoyub  atırdı. Lakin artıq taqətdən düşmüşdülər. Üz-gözləri tüstüdən qap-qara qaralmışdı. Ətrafda içməyə su olmadığından yaxınlıqdakı qanqalları dərib, başını kəsib su əvəzinə onun şirəsini sümürürdülər. Elə bu vaxt tağım komandiri Orxan gəlib Ruslanı soruşdu. Bəxtiyar dedi ki, səngərin baş tərəfindən silahını gətirməyə gedib. Orxanın dalağı sancdı. Ruslan döyüş yerini bu qədər vaxta boş qoymazdı.  Səngərin baş tərəfinə gəlib çatanda onu yerə yıxılmış gördü. Dərhal yerə çökdü. Nəbzini yoxladı. Ruslan nəfəs almırdı. Diqqətlə baxanda  gördü ki, boyun nahiyəsindən güllə dəyib. Belə olmamalıydı. Ruslan onların tağımının ən fədakar və cəsur döyüşçüsü idi. Onu bu halda görən digər zabit Həmdəm gəlib təsəlli verdi:


- Orxan, müqəddəs vətən torpağı uğrunda şəhid olmaq şərəfdir. Darıxma, Ruslanı vuranların əllərini kəsib, sənə hədiyyə edəcəm. 


Həmdəm brezent örtük tapıb, Ruslanın dünyadan xəbərsiz bədəninin üstünə örtdü ki, yağan yağış onu islatmasın. Hava qaralana qədər döyüş davam etdi. Atışma dayanandan sonra isə uşaqlar Ruslanın cansız bədənini döyüş bölgəsindən çıxarıb, ərazidə gözləyən hərbi maşına təhvil verdilər. Özləri isə  bir az bundan əvvəl şəhid olmuş cəsur Ruslanın və digər şəhidlərin qisasını almağa davam etdilər.


Gecə Ramiyyə həyətdən səs-küy eşidib, eyvana çıxdı. Baxdı ki, həyətdə yığışanlar hamısı onun eyvanına baxır. Bədənindən üşütmə keçdi. Eyvandan aşağı uca səslə qışqırdı ki, buraya niyə baxırsınız? Sualını verib gözləmədi. Ayaqyalın 4-cü mərtəbədən aşağı qaçdı. Həyətə düşəndə yığışanların ona baxıb ağladığını gördü. Bildi ki, Ruslandan pis xəbər deməyə yığışıblar. Və haray çəkib qışqırdı:


- Ruslan, axı sən 5 günlük təlimə getmişdin? Dedin 5 günə qayıdacağam. 5 günə qayıtmaq beləmi olur?!



***

Ramiyyə bacı bu xatirələrini mənə noyabrın 2-si danışmışdı. İndi isə 2021-ci ildir. Zəfər qazanmışıq. Ruslanların, Şükürlərin, Vuqarların, Adillərin, Fərhadların, Muradların, Anarların, Cavidanların, Mehmanların, İlqarların... canı bahasına  torpaqlarımızı azad etmişik. Yuxarıda qeyd etdiyim kimi, Ramiyyə bacı ilə son telefon əlaqəsi saxladığımda mənimlə gülə-gülə danışdı. Dedi ki, Ruslanı gözləyə-gözləyə yollara baxır:


- Onu deyirdim axı. Martın 14-də Ruslanın ad günün qeyd etdik. Hərbi hissədən dostları gəldi. Xidmət etdiyi hərbi hissədəki şəxsi heyət məni unutmur. İndi orada xidmət edənlərin hamısı mənim oğlumdur. Bir-iki dəfə icazə alıb  hərbi hissəyə getmişəm, kazarmaya... Uşaqlarn yannda oluram, gülürəm, söhbət edirəm onlarla, zarafatlaşırıq. İndi-indi Ruslandan danışa bilirlər.


Ramiyyə danışır, mən isə yana-yana ağlayıram.


- Ağlamayın, yaxşıdır hər şey...


- Dinləyəcəm sizi. Danışın, - deyirəm. Və sinəmdəki hıçqırıqları boğmağa çalışıram.


- Gedirəm ora. Bir az şirniyyat alıram. Tort aparmışdım. Ora gedəndə rahat oluram. Uşaqların qanını qaraltmıram aaaa... Məni görəndə pis olurlar, güldürürəm onları. İstəyirəm sıxılmasınlar. Ancaq üz-gözlərindən bilirəm ki, ürəkdən gülümürlər. Deyirlər yenə döyüşmək istəyirik. Torpaqlarımız qalıb orada almalıyıq.  İnanırsınız, hərbi hissə komandiri ilə, “kombat”ları ilə danışıram. Oğlumun komandiri olmuş Elçin Allahverdiyevlə danışmışam. Hamısı yaralıdır. Onlar qazidirlər. Bir səngərdə olublar. Başqa hərbi hissələri deyə bilmirəm, mənim oğlumun hərbi hissəsi hamısı bir səngərdə olub. Komandirlər də öndə olublar, kəşfiyyata gediblər. Ətrafı  öyrənəndən sonra, əsgərləri önə çağırıblar. Bu böyük qəhrəmanlıqdır. Onların dəstəsindəki 18 nəfərdən təkcə Ruslan şəhid olub. Şükür Allaha ki, hamısı sağdır. Mən tək Ruslanı fikirləşmirəm. Bütün uşaqları düşünürəm. Mən tək olsaydım belə düşünməzdim, onlar da mənimdirlər. Tək Ruslanı düşünmürəm, onlar sağ qayıdıblar, sevinirəm. Fuzüliyə gedəndə rahat oluram. Ruslanın çəkilişi var. Aşağı Alxanlı bitir, yuxarı Alxanlıdan döyüş gedən kənd başlayır. Ruslan çəkib, döyüşə girdiklərini, tankları çəkib. Gülə-gülə, sevinə-sevinə danışıb.


Hər ayın 1-i, 2-si tarixi mənim üçün zindana dönür. Həmin günlərdə evdən çıxıb gedirəm oğlumun nəfəsini duymağa, döyüşdüyü yerlərin yaxınlığına, orada rahat oluram. Belə fikirləşirəm ki, Ruslan işdədir də, təlimdədir... O gələ bilmir. Mən gedirəm, onu görüb gəlirəm. Belə fikirləşirəm ki, onu tapşırığa göndəriblər.


Bir gün axşama kimi keçirirəm orda. Gedəndə çoxlu şirniyyat aparıram ki, uşaqlar mənim gözümün qabağında çay içsinlər. Keçirəm Ruslanın kazarmasına, çarpayısını səliqəyə salıram. Çoxlu güllər aparıram. Hərbi hissədə şəhidlərin adına  abidə düzəldiblər. Orada da Ruslanın adı var. Xüsusi hörmətlə yad edirlər onları. Unudulmağa qoymayacaqlar! 


- Fuzuliyə də getmisiniz. Ruslanın şəhid olduğu  kəndin yaxınlığında olmusunuz...


- Füzulidə hara getsəm, mənə çox hörmət edirlər. Füzuli Qiaqnostik mərkəzə getdim. Oğlumun cansız bədəni gətirilən tibb mərkəzinə. Bütün şəhidləri ora gətiriblər. Təşəkkür elədim. Dedim o uşaqların əziyyətini çəkmisiniz, yaralarını sarımısınız. Yaralarına baxmısınız. Dedim göstərin mənə görüm ki, darvazadan necə gəliblər, hansı yolu keçiblər, xəstəxananın harasında tabutları dayanıb?! Morqu göstərdlər mənə. Müharibədən qalan qanlı bir xərək də var. O uşaqları hiss elədim. Sonra “Cərciz peyğəmbər” ocağında yumağa aparıblar. Məni başa düşürsünüz?!  Mən bunların hamısını bilməliyəm. Biləndə rahatlıq tapıram.


- Oğlunuzun paltarını da orada axtardınız...



- Ruslanın paltarlarının dalınca getmişdim. Şəhidlərin paltarlarını büküb səliqə ilə torbalara yığıb, üstünə də adlarını yazmışdılar. O paltarların hamısını öpdüm. Açıb baxdım. Barmaqlarımın arasına onların qurumuş qanları doldu. Eləsi var idi, naməlum idi. Deyirdim ki, bəlkə həmin paltar olar. Deyirəm ki, siz gələ bilmirsiniz, mən gəlirəm sizə tərəf, şəhid olan  balalarımız.


Ruslanın getdiyi yerləri gəzirəm.  Oradan torpaq  gətirmişəm. Posta tərəf buraxmadılar. 5-10 addım irəli getdim. Ordan torba istədim. Həmən gətirib gəldi əsgərlər. Torpaq verdilər. Gül əkmişəm. Deyirəm bəlkə beləcə gətirim evə onun ruhunu. Evə gətirsəydim, hiss edərdim, Aida xanım, gəlmir yuxularıma, gəlmir yuxularıma...


Orada göy səmaya baxdım. Uşaqlardan soruşdum ki, hansı səmtə baxım?!  Döyüş gedən səmti göstərdilər. Dedilər ki, döyüş bax, orda gedib. Oraya bax. 8-in yarısı tanklarla döyüşə giriblər. Onun getdiyi yola baxdım. Mənə o qədər xoş oldu ki, deyirəm ki, bəlkə addım-addım yaxınlaşıb o yerlərə çatsam, bəlkə görərəm Ruslanı. Oralarda bəlkə çətinlikdədir, gedim gətirim evə.


Şəhidliyindən sonra oğluma “Vətən uğrunda” və  “Füzulinin azad olunması” medalı verldi. Hmin anları həsrətlə izlədik. Həsrətlə gözləyirdik. Oxuduqca ürəyimizə su səpilirdi. Layiq olduqları adı aldı balalarımız!



Aida Eyvazlı GÖYTÜRK

Aprel, 2021. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər