Modern.az

Rusiya “Dağlıq Qarabağ” ifadəsi ilə nə demək istəyir? - ŞƏRH

Rusiya “Dağlıq Qarabağ” ifadəsi ilə nə demək istəyir? - ŞƏRH

5 Aprel 2021, 17:13

“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında demişdi. Dövlət başçısı qeyd etmişdi ki, Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir:


“Dağlıq Qarabağ” ifadəsi Azərbaycan rəsmiləri tərəfindən istifadə olunmasa da, bölgədə sülhməramlı qüvvələrini yerləşdirən Rusiya tərəfi öz məlumatlarında bu sözə geniş yer verir.

Rusiya tərəfi bununla nə demək istəyir?

Politoloq Qabil Hüseynli Modern.az-a bildirib ki, Rusiya ötən ilin 10 noyabrında  Moskvada imzalanmış üçtərəfli bəyanatın tələblərinə uyğun gəlməyən addımlar atır:


“Bu günlərdə Rusiya Müdafiə nazirinin müavini Xankəndiyə səfər edib. Onlar kimsədən icazə almadan 5-6 nəfər şəxsi heyətlə birlikdə Şuşaya, oradan da Cıdır düzünə qalxıblar.

Son günlər Şuşada qalıqları aşkara çıxarılmış “İsgəndər” raketi ilə bağlı qalmaqal qopub. Bu raket vasitəsilə Şuşa atəşə tutulub, şəhər dağıdılıb və yəqin ki, hadisə əsgərlərimizin ölümünə səbəb olub. Bu məsələni beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim etməli və məsələnin məhkəmə yolu ilə həllinə çalışmalıyıq”.


Q.Hüseynli Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi əraziləri tədricən genişləndirməyə çalışdığını da qeyd edib:

“Onlar orada öz səlahiyyətlərinə uyğun olmayan addımlar atmağa çalışırlar. Azərbaycan ərazisində erməni qoşunundan olan 10000-ə qədər əsgər var. Bütün məsələlərinin yekunu olaraq Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün yeni müharibəyə hazırlaşa bilər. Bu anti-terror əməliyyatları da ola bilər. Prosesdə Türkiyənin, hətta lazım gəlsə, Pakistanın da iştirakını nəzərə alsaq, bu daha ciddi müharibəyə çevrilə bilər. Və ruslar addımlarını atanda bütün bunları nəzərə almalıdırlar. Yoxsa əks-təqdirdə Azərbaycan bundan sonra öz suverenliyinə xələl gətirən addımların atılmasına izn verməyəcək”.

Politoloqun fikrincə, Rusiya tərəfi “Dağlıq Qarabağ” ifadəsini işlətməklə bu ərazidə yaşayan ermənilərin status məsələsini qaldırmağa çalışır:

“Moskva statusun verilməsi məsələsini müzakirə obyektinə çevirmək istəyir. Azərbaycan prezidenti cənab İlham Əliyevinin sözlərinə görə, “status məsələsi gorbagor olub getdi”.  Əsas məsələ Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir. .. O ərazilər həmişə Azərbaycanın tarixi torpağı olub.

Sovet dövründə qondarma “Dağıq Qarabağ” ifadəsi yaradılıb, ərazimizin bir hissəsi ermənilərə verilərək, onlar muxtar səlahiyyətlə təmin edilib. Biz tarixi ədalətsizliyi aradan qaldıraraq, ərazi bütövlüyümüzü təmin etməyə çalışmışıq. Ruslar proseslərin normal gedişinə maneçilik törədir. Yəqin ki, bunun da həll yolunu tapacağıq”.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır