Modern.az

Deputatlar arasında qarşılıqlı ittihamlar səngimək bilmir

Deputatlar arasında qarşılıqlı ittihamlar səngimək bilmir

3 Fevral 2010, 19:05

Milli Məclisin (MM) yaz sessiyasının ilk iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev tez-tez əvf fərmanları verilməsinin və amnistiya aktlarının qəbul edilməsinin yalnış olduğunu bildirib, belə addımların vətəndaşların qanun qarşısında bərabərliyi prinsipini pozduğunu vurğulayıb. Millət vəkili, Əfv Komissiyasının üzvü Elmira Axundova da öz növbəsində BAXCP sədrinin çıxışının hüquqi və məntiqi mahiyyətinə varmadan onu ədalətsizlikdə günahlandırıb. Buna cavabında Q.Həsənquliyev E.Axundovanın hər dəfə Əfv Komissiyasının iclasında qardaşı Hadir Həsənquliyevi qətlə yetirən muzdlu qatilin azad edilməsi üçün məsələ qaldırdığını millət vəkillərinin diqqətinə çatdırıb, xanım deputatı ədalət prinsipləri barədə daha dərindən düşünməyə çağırıb, eyni zamanda, onun parlamentdə oturmağa haqqı olmadığını iddia edib. E.Axundovanın mətbuata açıqlamasında Q.Həsənquliyevin parlamentin iclasında səsləndirdiyi fikirlərə münasibəti isə belə olub: "Qüdrət Həsənquliyevin qardaşını öldürən cinayətkar haqqında məsələ Əfv Komissiyasının iclasında üç-dörd il əvvəl bir dəfə gündəmə gətirilib. Biz o iclasda ömürlük həbs cəzası almış məhbuslar haqda müzakirələr aparırdıq və siyahını təhlil edirdik. Mənə həmin qatilin bacısı ərizə ilə müraciət etmişdi ki, qardışının ömürlük həbs cəzası alması ədalətsizdir, çünki heç vaxt killer olmayıb, cinayəti birinci dəfə törədib, Qüdrət Həsənquliyevin qardaşını ekstremal şəraitdə, Nadir Həsənquliyevi dostunu döydüyünü görərək öldürüb, sonra isə polisə özü könüllü təslim olub. Bacısı qeyd etmişdi ki, qardaşına ən çoxu 15 il düşürdü, lakin Qüdrət Həsənquliyev həm istintaqa, həm də məhkəməyə ciddi təsir göstərərək onun ömürlük həbs cəzası almasına nail olub".

Modern.az-ın məlumatına görə, məsələyə yenidən münasibətini bildirən Q.Həsənquliyev mətbuata açıqlamasında E.Axundovanın fikirlərinin tamamilə qeyri-səmimi olduğunu bildirib. BAXCP sədri qeyd edib ki, muzdlu qatilin bacısının Əfv Komissiyasına müraciəti ilə bağlı E.Axundova deputat həmkarı kimi ona müraciət edə və baş verənlər haqqında ətraflı, dolğun məlumat ala bilərdi: "Elə bu faktın özü bu qadının nə qədər qeyri-səmimi olduğunu sübuta yetirir". Q.Həsənquliyev sifarişli qətl hadisəsilə bağlı Azərbaycan mətbuatında saysız-hesabsız yazıların getdiyini, məhkəmə prosesinin mətbuat səhifələrində işıqlandırıldığını vurğulayıb və E.Axundovanın da həmin dövrdə jurnalist olduğunu xatırladıb: "Hadir barmağının ucu ilə də bir kimsəyə toxunmayıb. Sadəcə doğma bacısının həyat yoldaşının haqqını tələb edib. Bu barədə Azərbaycan mətbuatında kifayət qədər yazılıb və ictimai-siyasi proseslərlə azacıq da olsa maraqlanan hər kəsin hadisənin təfərrüatından məlumatı var". BAXCP sədri bildirib ki, muzdlu qatil həbsxanadan ona ünvanladığı məktublarda qətli Müslüm İmanovun oğlu Kamalın və kürəkəni Sabirin sifarişilə həyata keçirdiyini etiraf edib: "Mən bu barədə elə həmin qadının da iştirak etdiyi parlamentin toplantısında danışmışam. Həmin məktublar az qala bütün Azərbaycan mətbuatında dərc olunub". Q.Həsənquliyev E.Axundovanın muzdlu qatilin birinci dəfə cinayət törətməsi barədə söylədiklərinə də münasibət bildirib: "Axı o bunu haradan bilir? Bəlkə bu, onun üzə çıxan cinayətlərindən yalnız biridir. Digərlərinin üstü hələ açılmayıb. Bəlkə bu qadının qardaşını da vaxtilə həmin cinayətkar dəstənin üzvləri qətlə yetiriblər?". BAXCP sədri sonda vurğulayıb ki, o, E.Axundovanın Əfv Komissiyasındakı məlum fəaliyyəti haqqında adıçəkilən deputatın parlamentdəki çıxışından sonra danışmaq məcburiyyətində qalıb: "O, məni "ədalətsizlikdə" ittiham etdikdən sonra vaxtilə bu qadının özünə dediklərimi bütün millət vəkillərinin, ictimaiyyətin qarşısında bir daha təkrarlamalı oldum". 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi