Arxiv
11 Aprel 2021, 10:56 | ƏDƏBİYYAT
İTBAŞI (23-cü bölüm) - SON

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

("İTBAŞI"nın 17-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 18-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 19-cu bölümünün LİNKİ)
("İTBAŞI"nın 20-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 21-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 22-ci bölümünün LİNKİ)

 

Madərşahlığın paytaxtı. Karine taxtında oturub. Baş vəzir Biniyamin lələ hüzurundadır.

– Qızım, xoşuna gəldimi?

– Lələ, görmürsən donub qalmışam heyranlıqdan? Rəssam şahzadəmi gözəl yaradıb. Oxşatmağı öz yerində, sanki canlıdır. Baxışları isə zəhmlidir.

– Bəs o biri hədiyyələr? Düşək həyətə ata da bax.

– Əsas hədiyyə budur, lələ, – Karine taxtından durub rəsmə yaxınlaşdı. Sonra bir-iki addım arxaya çəkilib şəklə bir də diqqətlə baxdı, – Yaxşı. Əgər hazırsınızsa, yola düşün. Yəqin ki, əvvəlcədən çapar göndərmisən Elbrus imperatorluğuna.

– Bəli, qızım.

– Lələ, sənə nəsə öyrətmək artıq olar. Mənə şahlıq dərsi keçən bir kəs hər şeyi özü yaxşı bilir.

– Rahat ol, qızım. Hər şey ürəyin istədiyin kimi olacaq.

– Elə isə yolçu yolda gərək. Hə, lap yadımdan çıxmışdı. Çapar göndər Dürəngin dalıyca. Qoy saraya gəlsin.

– Bütün dediklərin həyata keçəcək, qızım.

Madərşah eyvana çıxır. Lələnin karvanı gözdən itənəcən onu baxışlarıyla yola salır: ürəyimdə tutduqlarım alındı, alındı. Alınmasa batdım. İtbaşı Barəngah olsaydı hardasa müdafiə edərdi məni. Amma İtbaşı Aslana heç cür qalib gələ bilməyəcəyəm. Ortada qisas məsələsi də var. Vaxt məni sıxdığından qızları da meydana tez çıxartmışam. Regina öz yerini tutdu. O biri dörd şahlığa da şahzadələrimi yerləşdirməliyəm. Aleksandranı da yaxşı hazırlaşdırmalıyam. Bu gündən artıq taxtımın yanında oturmalıdır. Bilmədiklərini soruşub öyrənməlidir.

 

* * *

 

Ertəsi gün. Dürəng Şah madərşahın hüzurundadır.

– Bu nədir, Dürəng? Hər şeyi mən deməliyəm sənə? Hər şeyi mən başa salmalıyam? Bəs öz başın nə vaxt işləməyə başlayacaq? Bütün mənsəbləri gəzə-gəzə gəlib olmusan şah. Amma yenə də müstəqil qərar çıxarmağa qadir deyilsən. Şah olmağın heç. Artıq mənim kürəkənim sayılırsan, soyadımı daşıyırsan, din qardaşımsan. Çıx müsəlman itaətindən. Böyründən qılınc asılıb. Kəs, as, hökmranlıq elə. Arxanda mən boyda madərşah dayanıb.

– Nə edim ki, madərşahım?

– Nə istəyirsən elə. O boyda beş şahlığı vermişəm sənə. Pul yığmaqdan başqa heç nəyi bacarmırsan. Hökmranlıq yalnız pul yığmaqdan ibarətdirmi? Sən gərək sözü ağzımdan qapasan.

Dürəng Şah başını aşağı salıb susur.

– Yenə də anlamadın? Mənim şahzadələrim qədər də olmadın. Gördün neylədilər? Karzat şahlığının qapısından içəri girməmiş aləmi qatdılar bir-birinə. Sən bilirsənmi ki, Nilufər Şahbanu onlara niyə baş əyməmişdi?

– Xeyr, madərşahım.

– Çünki Nilufər damarlarında göy qan axan köklü şahbanulardan idi. Ona görə baş əymədi. Sonradan şahzadə olanlar, kökü olmayanlar isə onun cəzasını verdilər. Yerinə isə baş vəzir keçdi. Lap sən özün. Əsl şahsanmı? Miras qalıbmı sənə bu taxt-tac? Yox. Mən iki nümunə göstərdim. Göstərmədim. Tətbiq etdim. Amma sən yenə də qoyun kimi başını aşağı salıb dayanmısan. Artıq xristiansan. Başla donuz əti yeməyə. Bəlkə qoyunluqdan çıxdın. Donuz ətini sizinkilər bilirsənmi niyə haram buyurublar? Ona görə ki, birdən çaşıb yeyərsiniz, başınız işləməyə başlayar.

– Başüstə, madərşahım.

– Yenə də eyni şey. Mən nə deyirəm, deyir “başüstə”. Bu qədər söz danışdım. Nə başa düşdün?

Dürəng yenə də başını aşağı salıb susur.

– Sən nə qanmaz adamsan, Dürəng? Yəni demək istəyirəm ki, beş şahlıqdan ikisi baş vəzirlərə qismət oldu. O biri üçündə isə köklü şahlar oturub. Sənə göstərişmi lazımdır ki, orda da zatı, kökü olmayanların hakimiyyəti bərqərar olsun. Axı mənim də əcdadlarım baş vəzir olub. Bunu bilmirsən?

– Axı o işlər baş vəzir Biniyaminin səlahiyyətinə daxildir.

– Madərşahlığın baş vəziri olanda yaman vurub-yıxan idin. Xəbərçilikdən başqa heç nə bacarmırdın. Yadında saxla. Madərşah kimə səlahiyyət verirsə, o da əsas adam sayılır. Mənsəbin adının dəxli yoxdur. Bax, eşikağasına səlahiyyət verim, bütün əyanları qarşısında mil kimi düzsün.

– Deyirsiniz qətlə yetirim şahların hamısını?

– Sən ağıllanmayacaqsan. Quyuya su tökməklə deyil ha... Şahzadələrim qədər də olmadın. Regina necə səninlə bir yastığa baş qoyur? Mən olsaydım çoxdan boğub öldürmüşdüm. Göyverən Şah səndən qat-qat yüksəkdə dayanırdı.

– Keçən dəfə elə onu demək istəyirdim. Regina özünə yaxın buraxmır məni. Taxtımda da özü oturur.

– Qurban olaram şahzadəmə. Elə düz eləyir. Qartalı aparıb qoyuna ərə verəndə belə də olmalıydı. Rədd ol gözümün qabağından.

Dürəng Şah başını aşağı salıb otaqdan çıxır. Karine yenə əsəbidir: bu da səlahiyyət verdiyim adam. Burnunun ucundan uzağı görmür. Bu başa düşmür ki, köhnələr yox olmasa, yenilər zəfər çala bilməz. Lələni bu işlərə qatmaq istəmirəm. Yoxsa bir günə həll edər hamısını. O mənim yanımda olmalıdır hər vaxt. Bax indi yoxdur, çox narahatam. Elə bilirəm ki, kimsə otağa girib öldürəcək məni. Amma Dürəngin icraçılığına söz ola bilməz. Nə tapşırdınsa yerinə yetirəcək. Buna görə qiymətləndirdim onu. Şahzadəmi ona verdim. Daha doğrusu onu şahzadəmə verdim. Başında turp əkə-əkə axır adam edəcək onu. Lap özümə oxşayıb şahzadəm də... Baxmayaraq ki, mənim qanımı daşımır. Nə olsun ki? Əvəzində lələnin məktəbini keçib – mən keçən məktəbi. Mən özümü Kaminat Şahın yox, lələnin qızı sayıram. Vaxt da yaman gec keçir. Lələ nə vaxt qayıdacaq? Sonra isə oturub gözləməliyəm ki, görüm əkdiklərim tutubmu? Pöhrə verirmi? Narahat olma, rahat ol, Karine. Hər şey yoluna düşəcək. İki mənsəbdə oturmaq asan iş deyil. Sən həm madərşahsan, həm də ki, kabus.

 

* * *

 

Bir neçə gün keçib. Baş vəzir Biniyamin lələ səfərdən qayıdıb.

– Lələ, nəhayət ki, qayıtdın. Lap nigaran qalmışdım.

– Məndən asılı olmadı, qızım. İmperator bizi iki gün qapıda saxlatdı. Sonra isə dedilər ki, çox az vaxtı var. Tez hədiyyələrinizi təqdim edin və gedin. Məni bağçadakı külafirəngisində qəbul etdi. Yaxına buraxmadılar. Aralıda durub salamladım onu. Çımxırdı üstümə ki, “o nə addır qoymusuz dövlətə? Bildiyim qədər hökmdarınız xaçpərəstdir. Madərşahlıq yox, matriarxat olmalıydı. Amma heç matriarxat da düz deyil. O qədər qədim dövlət adlarımız var ki... Axı artıq azadsınız. Müsəlman şahların əsarətindən çıxmısınız. Amma baş vəzir adını hələ də daşıyırsan”.

– Sən nə cavab verdin, lələ?

– Dedim ki, beş şahlığımız müsəlmandır hələ. Ona görə də ad dəyişikliyinə yavaş-yavaş gedirik. İradınız düzgündür. Madərşahımız da din qardaşı kimi düşünür. Bu ad qüsurları tezliklə aradan qaldırılacaq.

– Düz demisən. “Hələ” sözünü isə əla demisən. Sonra?

– Sonra sənin salam və ehtiramlarını, təbriklərini çatdırdım. Daimi elçimizi göndərməklə bağlı məktubunu təqdim etdim. Birinci hədiyyə qılıncı verdim. Gözucu nəzər yetirdi. Kitabları əlinə götürüb elə-belə varaqladı. At tərəfə başını da çevirmədi. Amma şəklin örtüyünü götürməyimi gördüm. Tez ayağa durub yaxına gəldi. Diqqətlə tamaşa etməyə başladı. Gözləyirdim ki, bunu çəkənin kimliyini soruşacaq. Amma soruşmadı.

– Bəs nə dedi?

– Soruşdu ki, şəkildəki qız kimdir? Dedim Aleksandradır. Madərşahın şahzadələrindən biri. Şəklə xeyli tamaşa edəndən sonra yenidən taxtına oturdu. Yanındakılara əmr etdi ki, rəsmi sarayın böyük zalının divarından assınlar. Sonra da mənə əliylə “get” işarəsi verdi.

– Əla, lələ, əla.

– Burda əla nə var ki, qızım? Nə sağ ol dedi, nə də sənə salam göndərdi. Daimi elçilik açmaqla bağlı da heç nə demədi.

– Rəsmdəkinin kimliyini soruşmağı yüz salama dəyər. İndi oturaq gözləyək. Cavab tezliklə gəlməlidir.

– İnanmıram. Çox kobud, mədəniyyətsiz adama oxşayır. Hədiyyələrə o cür etinasız yanaşdı.

– Birindən başqa.

– Nə olsun ki?

– Lələ, imperator atı hara göndərdi? Tövləyə. Orda yüzlərlə belə at var. Kitabları da qatdı kitabxanasındakı toz basmış kitabların sırasına – görünməz oldu. Qılıncı qoydu silah otağına. Qapısını da bağladı. Bəs rəsmi nə etdi? Asdı böyük zalın divarından. Ən hörmətli və görməli yerdən. Hər gün də rastlaşacaq onunla. Artıq biz heç zaman onun yadından çıxmayacağıq. Rəsmə olan rəğbəti özü də bilmədən madərşahlığa olan rəğbətə çevriləcək. Rəsmə vurulmağının davamı var. Aleksandranı daimi elçi göndərib, daha sıx əlaqələr yaradacağıq, arxa qazanacağıq. Mən bunu gözləyirəm.

– Qızım, bunları mən öyrətməmişəm sənə.

– Mən qadınam. Sən isə kişi. Sən kişi olan zat kişilərin zəif yerini hardan biləydin ki, hələ mənə də öyrəydin, – deyə Karine güldü.

– Allah bütün arzularını yerinə yetirsin, qızım. Günü-gündən ümidimi artırırsan. Məni yaşamağa ruhlandırırsan.

– Aleksandrayla ayrıca məşğul ol. Mən də qoşulmuşam sizə. Vaxt azdır. Hər şeyi öyrətməliyik ona. Əsas da saraydaxili qarşıdurmaları, çəkişmələri. Elçi gedəsi olsa biz yanında olmayacağıq.

Baş vəzir Biniyamin lələ çıxır. Təbib Məkrubə içəri girir.

– Məkrubə, Aleksandrayla ayrıca məşğul ol.

– Oluram, madərşahım. Hər şeyi öyrətmişəm ona. Hətta təbib kimi məni də əvəz edə bilər.

– Adam zəhərləməyi, iz qoymadan adam öldürməyi necə?

– Bütün dərsləri mənimsəyib. Mən tərəfdən tam arxayın olun.

– Əla. Başqa nəyi bilmirsə başa sal. Elə bil ki, anasısan. Hamımızın ümidi onadır.

– Başüstə, madərşahım.

 

* * *

 

Yolaverənlər şahlığı. Dürəng Şah taxtında oturub. Halı pəjmürdədir: şah taxtında yox, sanki iynə üstündə oturmuşam. Regina Madərşahın da həqiqəti biləndən sonra fısı yatıb. Qadınlar doğrudan da zəif məxluq imişlər. Əvvəl başımda qoz sındırırdı. İndi isə sakitləşib. Bəlkə də qorxur. Bilir ki, mənim bircə sözümdən asılıdırlar. Həm özü, həm bacısı, həm də anası. Amma madərşah xəbər tutsa, məni də bunlara qatacaq. Mən isə Reginanı çox sevirəm. Amma özümü ondan da, anasından da, bacısından da çox istəyirəm. Bu cür çox çəkə bilməz. Kimsə sarayımdan xəbərçilik eləsə vay halıma. Həm də belə yaşamağa dəyməz. Artıq neçə gündür ki, səksəkə içindəyəm. Aslanla madərşahın arasında qalmışam. Sonda ikisinin də cəzası ölümdür. Aslan tərəfə yıxılmağımdan xəbəri olsa madərşah öldürəcək. Madərşaha tərəf addım atsam eyvanımdan üzüaşağı uçacağam. Bu yandan da Reginaya yazığım gəlir. Həm də sevirəm onu. Xəbəri yoxdur ki, atasını tələyə salmaq istəyən iki nəfərdən biri mənəm. Amma nahaq dedim Aslana. Elə bildim həqiqətən də öldürəcək. Əfv edəcəyini, məni oyuna salacağını bilsəydim, deməzdim. Eh, nə olar, olar. Yaxşısı budur madərşahın tapşırıqlarını yerinə yetirim. Gedim şahlıqlara və baş vəzirləri başa salım.

 

* * *

 

Dörd gün keçib. Madərşahın otağı. Karine narahatdır. Tez-tez eyvana çıxır. Gözləri karvan yoluna dikilir. Elbrus imperatorluğundan çapar gözləyir. Amma gələn yoxdur. Bu dəm Dürəng otağa girir.

– Nədir, Dürəng? Nəsə baş verib?

– Narahat olmayın, madərşahım, şad xəbərdir.

– De!

– Məstur Şah, oğlu, Əsnad Şahbanu, Mingül Şahbanu xəstələnib Allah rəhmətinə getdilər. İndi şahlıqlar başsız qalıb. Nə edim?

– Nə? Üç şahın üçü də bir gündə ölüb?

– Xeyr, madərşahım. Aralarında bir gün fərq oldu.

– Bunu yavaş-yavaş edərlər, ay başıboş. Aləmi üstümüzə qaldırmaq istəyirsən? – deyə madərşah taxtından durub, otaqda var-gəl etməyə başladı. Birdən Dürəngin qarşısında dayanıb gözlərini gözlərinə zillədi, – Bura bax! Bəlkə bilə-bilə edirsən ki, hamını əleyhimə qaldırasan?

– Madərşahımın keçən dəfə etdiyi eyhamı belə başa düşdüm. Bütün şahlıqlara gedib öz adamlarıma – baş vəzirlərə əmr etdim. Onlar da bezmişdilər bu şahların, şahbanuların əlindən. Həmən icra etdilər. Nəinki özlərini, bütün nəsillərini yer üzündən sildilər.

– Nəsillərini yer üzündən silməyi düz ediblər. Get onların bu işini qiymətləndir. Hamısını şah elan et. Şahzadəm necədir?

– Yaxşıdır.

– Yenə şikayətçisən?

– Xeyr, madərşahım.

– Nə əcəb tez ipə-sapa yatdı? Gözləməzdim. Qorxurdum belə getsə səni boğub öldürə. Nə etmisən ki, ram olub?

Dürəng Şah dinmir.

– Yaxşı, get dediklərimi elə. Hər şeyi yoluna qoyandan sonra yenidən qayıt bura.

– Başüstə, madərşahım.

Dürəng Şah gedir. Karine eyvana çıxır. Gözü karvan yoluna dikilir: cavab gəlsəydi rahat olardım. Fərqi yoxdur – “hə” cavabı olsun, ya “yox”. “Yox” desələr gedib girəcəyəm imperatorun yatağına. Bunu yaxşı bacarıram. Madərşahlığı da bac-xəraca otuzdurub, edəcəyəm imperatorluğun təbəəsi. Özüm də olacağam imperatorun əyanı. Ondan sonra qoy bir adam mənə yaxın gəlsin. Gəlsə, bu, imperatora qarşı olmaq kimi qiymətləndiriləcək. Bu, son addımımdır. Amma hələ ümidliyəm. Elçilik açmaq məsələsinə razılıq versələr, həm madərşahlığı qoruyaram, həm də arxa qazanaram. Hansı alınar alınar. Sadəcə, gözləmək lap məni üzdü. Harda qaldı bunların çaparı?

 

* * *

 

Daha üç gün keçib. Madərşah Karine özünə yer tapa bilmir. Gecələr də yuxusu ərşə çəkilib. Bu dəm Dürəng Şah otağa girir.

– Dürəng, nə tez qayıtdın? Dediklərimin hamısını yerinə yetirdin?

– Bəli, madərşahım. Baş vəzirləri şah qoydum. Hər şeyi də başa saldım.

– Camaat necə qarşıladı bunu?

– Yaxşı qarşıladı, madərşahım.

– Yaxşı qarşıladı? Amma mən əksini gözləyirdim.

– Madərşahım, camaat şahların ölümünə və ya devrilməsinə həmişə sevinib. Həmişə də belə olacaq. Elə düşünürlər, daha doğrusu ümid edirlər ki, bəlkə yeni gələn şah əvvəlkindən yaxşı oldu.

– İndi deyirsən ki, mənə də nəsə olsa xalq çırtıq çalıb oynayacaq?

– Əstəğfürullah. Bunu heç xəyalınıza da gətirməyin, madərşahım. O hansı hökmdardır ki, kasıbları vergidən azad edib, mütəmadi də qızıl paylayır hamısına? Şahlar da artıq ömürlük deyil. Özlərini pis aparan kimi yerlərinə yaxşıları gətiriləcək. İndi özünüz deyin. Bundan sonra hansı şah əndazəsini keçər? Canını qurtardınız xalqın bu iylənmiş uzunömürlü sülalələrdən.

– Düz deyirsən. Mən xalqımın yaddaşında həmişə adil hökmdar kimi qalacağam. Dürəng, bir misal var. Onu bilirsənmi?

– Hansı misal, madərşahım?

– Sürünməkçün yarananlar heç vaxt uça bilməzlər. Düzgündürmü bu misal?

– Əgər aqillər deyibsə, deməli, düzdür.

Bu zaman qapı açılır. Baş vəzir Biniyamin lələ təlaşla içəri girir.

– Lələ, xeyirdirmi?

– Elə bir şey deyil. Aslanı görüblər paytaxtda.

Bunu eşidən Dürəngin rəngi qaçır. Canına əsməcə düşür.

– Sənə nə oldu, Dürəng? Birdən-birə rəngin dəyişdi.

– Nəsə soyuqlamışam, madərşahım. Keçib gedər.

– Yox. Bura gələndə lap yaxşıydın. Üzün gülürdü. Şənimə təriflər söyləyirdin. Amma Aslan adını eşitcək bir təhər oldun. Deyəsən torbada pişik var axı.

– Deyəcəkdim sizə, madərşahım. Baş vəzir içəri girdiyi üçün sözüm yarımçıq qaldı.

– Nə deyəcəkdin, Dürəng?

– Aslan gizli qapıdan otağıma girmişdi. Məni öldürmək istəyirdi.

– Niyə? Sənin onunla nə alış-verişin?

– Dedi ki, “Dürəng, Kaminat şahlığını sən vəliəhdsiz qoydun. Karinenin qardaşlarını öldürdün; Kabusun adamlarını tutub zindanda işgəncə verdin ki, payladığın qızılları geri qaytarasan. Nəticədə isə Kabus sən qurduğun tələyə düşüb öldürüldü. Dövlətin yazılmayan qanunlarını pozdun; Kaminat şahlığına gedəndə casuslar, xəfiyyələr məni sənin əmrinlə izləyirdilər; mənim Kaminat qalasına qul döyüşçü kimi saldığım qisasçıları sən nişan verdin madərşaha; beş şahlıqda pul qoymamısan. Hamısını qılıncının gücünə üzə çıxarıb daşıyırsan madərşaha. O cümlədən Göyverən valiliyindəki xəzinəni də; Qüdrəti həmişə madərşahın yanında şeytanlayırdın. Hamını aradan götürdün və oldun şah. Bu taxt-tacda Həqqi, Alqan kimi şahlar əyləşib. İndi isə sən – ikiüzlü, riyakar, hər addımda bir rəngə düşən tula”.

– Bütün bunları dedi və səni öldürmədi.

– Qılıncı boğazıma dirəyəndə xaçımı gördü. Sizin ünvanınıza səslənməyə başladı.

– Maraqlıdır. Nə dedi ki?

– Dedi ki, “Madərşah Karine müsəlmanları xristiana çevirməyə başlayıb? Əvvəl şahlıq ənənələrini yox edir, sonra da hamının boynundan xaç asacaq? Sənin kimi tulalara da şahzadələrini sırıyıb qanı özündən olan küçüklər doğuzduracaq? Başqaları da sizlərə baxıb nümunə götürəcək? Əvvəllər sırğa üçün növbəyə dayanmışdılar, indi isə başqa millətdən qız almaq dəbə minəcək? Karine Göyverəndən də pis imiş ki? O, insanların bədəninə nüfuz edirdi, bu isə mənəviyyatlarına, damarlarında axan qanına”.

– Və səni...

– Mənə dedi ki, başını kəsib əlimi murdar qanına bulaşdıra bilmərəm. Səni eyvandan aşağı atacağam.

– Və səni başı üstünə qaldırıb...

– Madərşahım, atmaq istəyirdi. Amma atmadı. Yəqin yazığı gəldi.

– Niyə?

– Bilmirəm.

– Yaxşı qurtarmısan. Ehtiyatlı ol bundan sonra. Mən sənə bir söz demişdim. Tacirin ailəsi gəlməliydi saraya. Qüdrət Şahı soruşmalıydı. Gəldimi?

– Xeyr, madərşahım. Kabusun arvadı hələ gəlməyib. Gələn kimi sorğu-sual...

– Nə? – deyə lələ Dürəngi boğazlayıb divara dirədi. Tez tərksilah etdi, – Madərşah sənə “Kabusun arvadı” yox, “tacirin ailəsi” dedi. Belə çıxır ki, arvadı gəlib və sən onu gizlətmisən? Bizə də heç nə deməmisən?

Dürəng qorxusundan tir-tir əsirdi. Madərşah Karine taxtından durub ona yaxınlaşdı.

– Lələ, burax onun boğazını. O, madərşahını çox sevir. Nə edək ki, ölümlə hədələyiblər. O da yaman qorxub. İndi günahını yumaq üçün hər şeyi deyəcək. Dürəng, Aslan səni niyə öldürmədi? Düzünü burda de. Əgər zindana ensək, sənin həm içalatını, həm üzünü siçovullara yem edəcəyəm.

– Madərşahım, qıymayın. Hamısını deyəcəyəm. Sizin şahzadəniz, mənim arvadım Regina Madərşah Kabusun qızıymış. Mən qardaşlarınızın kəlləsini gətirəndə, sarayda olmayanda bu qadın gəlib. Mühafizlər aparıblar Reginanın hüzuruna. Mən də bunu Aslana dedim. Dedim ki, məni öldürəndən sonra onları himayə et. O isə məni öldürmədi. Dedi ki, əfv edirəm səni. Özün yiyə dur ailənə. Sonra isə ana-balanı mənə çağırtdırıb hər şeyi onlara danışdı. Dedi ki, sənin atanın, onun himayədarı olan Qüdrətin qatili Madərşah Karinedir.

– Sonra?

– Sonra da dedi ki, mən Aslan yox, İtbaşıyam. İtbaşılar kimin gözünə görsənirsə, xeyir-dua verirsə, o kəslər də şah olurlar. Karine də, Qüdrət də o xoşbəxt kəslərdən idi. Nə edək ki, madərşah onu bu mənsəbə çatdıran keçmiş İtbaşıya, mənim ağsaqqalıma xəyanət etdi, öldürtdürdü. Ona görə də ona aman yoxdur. Ölümünə hökm verilib. Geci-tezi var.

– Və sonda sənin şahənşah olacağını dedi.

– Mənim yox, Reginanın. Mən isə vəliəhd olacaqdım.

– Bəh-bəh-bəh. Lələ, burda deyiblər e... qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Bəs mənim, lələnin taleyi necə olacaqdı? – Dürəng dinmir. Başını aşağı salır, – Dinmirsən? Dinmə. Onsuz da aydındır hər şey. Daha nə demisən Aslana? Nə edir buralarda o? Sənin burda olmağınla bir əlaqəsi varmı?

– Madərşahım, əfv edin məni. Ölümün əlindən qurtarmaq üçün etdim bunları.

– Bilirəm. Başa düşürəm. Dininiz də icazə verir bunu. Yox. Dininizdə deyilir ki, özünü ölümdən qurtarmaq üçün yalan danışa bilərsən. Sən isə xəyanətə razılaşmısan. O da bağışlayıb səni. Mən də öldürməyəcəyəm. Əgər mənə düzünü söyləsən.

– Madərşahım, axşam qaranlıq düşəndə qala qapılarının yanında gözləməliydim Aslanı. Gedib gizli qapınızın yerini göstərməliydim ona.

– Sən hardan tanıyırsan gizli qapının yerini?

– Sizin oxşarınız göstərmişdi mənə.

– Nə gözəl? Mən isə səni qoyun bilirdim. Demə sən ilanmışsan. Zəhəri yığırmışsan ki, vədəsi çatanda çalasan məni, – deyə madərşah istehzayla gülümsündü, – Yaxşı, bu gündən danış. Aslanla görüşməliydiz və sonra da birlikdə gəlib məni yatağımdaca öldürməliydiniz. Düz deyirəm?

Dürəng Şah dinmədi. Başını aşağı saldı.

– Olsun. Başqa gizlətdiyin nəsə yoxdur ki? Hamısını dedin?

– Bəli, madərşahım.

– Sözümün ağasıyam, əgər başqa heç nə gizlətməmisənsə. Artıq kürəkənim sayılmırsan. Şah da deyilsən. Səni əfv edib buraxıram. Amma bir şərtlə. Aslanın dediklərini edəcəksən.

– Madərşahım, əsla. Ona görə dedim ki, qabağını alasınız.

– O sənin işin deyil. Gedib Aslanla görüşəcəksən. Bilsəm ki, əvvəlcədən xəbərdarlıq etmisən, vay sənin halına. Bütün nəslini silərəm yer üzündən.

– Əmrinizə boyun əyirəm, madərşahım. Bir xüsusu da deyim.

– De!

– Aslan tək deyil. Regina da onunladır.

– Lələ, hazırlığını gör. Mühafizlər hamısı yerində olsun. Axşam tacqoyma mərasimi keçiriləcək.

– Hər şey dediyin kimi olacaq, qızım.

 

* * *

 

Qaranlıq düşüb. Madərşah Karine taxtında oturub. Bu zaman gizli qapı açılır. Karine əlini qılıncının qəbzəsinə aparsa da, Aslan ona fürsət verməyib xəncərini madərşahın boğazına dirəyir. Arxasıyca Regina Madərşah, Kabusun övrəti və Dürəng Şah otağa girirlər. Karinenin rəngi ağarır. Əsməyə başlayır.

– Regina, gör necə əsir? Sənin atanı öldürəndə qəhqəhə çəkib gülürmüş yəqin. Amma indi əsir. Bilir ki, onu cəhənnəmə vasil etməyə gəlmişik. Regina, sıyır qılıncını, vur atanın qatilinin boynunu, – deyib Aslan madərşahı diz çökdürür.

Regina qılıncını qınından sıyırır. Madərşaha yaxınlaşır. Gözlərində yaş gilələnir. Qılıncı göyə qaldırır. Gözlərini yumur.

– Yox. Bacarmaram. Mən madərşahımı qətlə yetirə bilmərəm. O mənim mənəvi anamdır.

– Regina, vaxtımız azdır. Hər an bura mühafizlər gələ bilər.

Regina qılıncını yenidən havaya qaldırır. Amma əli sustalır. Qılınc yerə düşür. Bunu görən Aslan irəli gəlir. Qılıncı götürüb havaya qaldırıb endirir. Madərşahın başı tac qarışıq döşəməyə düşür. Qanı fışqırmağa başlayır. Aslan İtbaşı qanlı tacı götürüb Reginanın başına qoyur. Qılıncını ona qaytarır.

– Bu gündən səni madərşah elan edirəm, Regina. Nə vaxtsa Karinenin də başına oğlunun qanı bulaşan tac qoymuşdum. Bu qanı suyla yumaqdansa, hər yeri qana boyadı. Onu şahənşah elan edən adamı öldürdü. Dürəng, arxasını özün yaxşı bilirsən. Yığ saray əyanlarını, hökmranlığına başla. Mən isə getdim.

Bunu deyib İtbaşı Aslan öz qılıncını qınına saldı. Addımını atmaq istəyəndə taxtın arxasından lələ peyda olub qılıncını onun boğazına dirədi. Aslan tərpənə bilmədi. Lələ silahını alandan sonra Aslanı üzü üstə yerə uzatdı. Əl-ayağını qandalladı. Dürəng Şah isə Reginanı tərksilah etdi. Bu dəm qapı açıldı. Madərşah Karine əlində qılınc içəri girdi.

– İtbaşı, hara tələsirsən? Qoy əyanlar gəlsin də... Belə də tacqoyma mərasimi olar? Niyə onların gözünə görünmək istəmirsən? Deyəsən axı özbaşına gəlmisən bura. Şəxsi təşəbbüsündür? İtbaşının qisasını alırsan? Nə deyirəm ki? Belə xoş gəlib, səfa gətirmisən. Niyə arxa qapıdan gəlirsən ki? Necə olsa İtbaşı adamsan. Bilsəydim pişvazına çıxardım, səni şəxsən qarşılayardım. Lələ, ayıb deyil? Adam da bu cür hörmətli qonağı yerə uzadar? Qaldır onu ayağa. Özü də ki, İtbaşılar həmişə ədaləti sevən insanlar olublar. Heç vaxt şəxsi intiqam hissiylə yaşamayıblar. Yox. Deyəsən, mənim hüzurumdakı İtbaşı deyil. Baş kəsməkdən, qan tökməkdən həzz alan baş mühafiz Aslandır. Lələ, elə diz çöksə yaxşıdır. Bəs bu yerə sərələnən kimdir? Vaxsey. Bu ki, mənəm? Yox. Mən deyiləm. Çünki mən sağam. Bu isə ölüdür. Bəs taxtımda oturan bu qızcığaz kimdir? Tacından madərşaha oxşayır. Yox. Bu ki, mənim şahzadəmdir – Regina Madərşah. Heç baş kəsməyi də bacarmadı. Amma madərşah olmaq istəyir. Axmaq uşaq, elə bilirsən madərşah olmaq asandır? Mən bu taxta oturana qədər və sonra bilirsənmi nə qədər adam qətlə yetirmişəm? Kəsilən başlardır, tökülən qanlardır taxt-tacın təməlini möhkəmləndirən. Sən isə heç atanın qatilini də öldürə bilmədin. Çünki sən əsl şahzadə deyilsən. Sənin damarlarında göy qan axmır. Sənin damarlarında neçə başlar kəsən, qanlar tökən Kabusun da qanı axmır. Anan yəqin nəsə xəta törədib cavanlıqda. Bədbəxt Kabus. Kasıb itinin adını “Qızıl” qoyan kimi, o da qızının adını Regina, yəni ki, “kraliça” qoyub. Gələcəkdə onu hökmdar görmək imiş arzusu. Aslan da öz aləmində guya ki, itbaşılıq elədi. Amma yadından çıxartdı ki, onun ağsaqqalı Şahənşah Göyverəni devirəndə saraya ön qapıdan girmişdi. Arxasında isə lələgiryanlar dayanmışdı. Şahənşah Göyverənin taxtının ətrafındakılar isə onun yaxın adamları – baş mühafiz Aslan, baş vəzir Qüdrət və baş hərəm Karine idi. İtbaşı özü isə silahsız idi. Ona güc verən arxasında dayananlar idi. Heç kim bu selin qabağında duruş gətirə bilməzdi. Bəs sən Aslan İtbaşı, kiminlə gəlmisən məni devirməyə? Bu yaşlı qadınla, yoxsa bu əli qılınc tutmayan qızla? Yəqin səni də, məni də satan əldəqayırma şah Dürəngə arxalanmısan. Sən ağsaqqalının qanını almağa gəlmişdin. Alınmadı. Mən isə sonuncu qisasımı da alacağam – o vaxt qətlə yetirdiyin ərim Göyverənin qisasını. Amma bir şeyi başa düş ki, İtbaşılar şəxsi yox, xalqın qisasını alarlar. Özü də silahsız. Sən İtbaşılıqla baş mühafizliyi səhv saldın. Ona görə də... Lələ, elə arxa qapıdan çıxart bunları bayıra. Heç kim görməsin. Nə edəcəyini özün yaxşı bilirsən.

Bu zaman yaşlı qadın yaxına gələrək madərşahın qabağında diz çökdü. Ayaqlarını qucaqladı.

– Madərşahım, ərimi öldürmüsən. İndi mənimlə qızımı da öldürəcəksən. Bu məqamda son xahişimi yerinə yetir.

– De!

– İzn ver Aleksandrayla görüşüm. Sonra nə istəyirsən elə.

– Ana! – deyə Regina qışqırdı, – Sən nə etdin? İndi onu da öldürəcəklər.

– Aleksandra? Onunla niyə görüşmək istəyirsən ki? – deyə madərşah qadının qolundan tutub ayağa qaldırdı. Ana susdu. Səhv etdiyini başa düşsə də artıq gec idi, – Dürəng, bəlkə sən bilirsən? Əcəba, bu qadın niyə Aleksandrayla görüşmək istəyir?

– Aleksandra Reginanın böyük bacısıdır.

– Sən də bunu əvvəlcədən bilə-bilə mənə demədin. Mən sənə “başqa gizlətdiyin nəsə yoxdur ki?” soruşsam da...

– Bağışlayın, madərşahım. Yadımdan çıxmışdı.

– Yox. Yadından çıxmamışdı. Gizli qapı kimi, onu da ehtiyata saxlamışdın. Nə vaxtsa o, bacısını soruşacaqdı səndən. Sən də hər şeyi açıb deyəcəkdin. O da atasının, anasının, bacısının intiqamını alıb olacaqdı madərşah və səni göylərə qaldıracaqdı, – Dürəng dinmir. Qızarır. Başını aşağı salır, – Bayaq sənə sual verdim. Soruşdum ki, sürünməkçün yarananlar, uça bilərlərmi? Dedin ki, yox. Düz demişdin. Amma bir şeyi nəzərə almamışdın. Qartal sürünəni caynağına alıb havaya, lap yüksəklərə qaldırır. O bədbəxt heyvan da elə başa düşür ki, özü uçur və başlayır lovğalanmağa, şellənməyə, quyruğunu yellədərək o biri sürünənlərə acıq verməyə. Olmayan qanadlarıyla fəxr etməyə. Amma bilmir ki, vaxtı çatanda qartal caynaqlarını boşaldacaq və o, təpəsi üstə düşəcək yerə. Daşlara, qayalara çırpılıb məhv olacaq. Mən qartal sən siçovulu çox göylərə qaldırdım, Dürəng. Qanmadın. Elə bildin ki, öz qanadların var və onlar səni yüksəklikdə saxlayır. Amma indi vədə yetişdi. Caynaqlarımı açmaq vaxtıdır.

Karine qılıncını göyə qaldırıb endirdi. Dürəngin başı döşəmədə dığırlandı.

 

* * *

 

Səhərdir. Karine taxtında oturub. Bütün gecəni gözünü qırpmayıb. Lələ də yanından kənara çəkilməyib.

– Qızım, hər şey bitdi. Dur dincəl.

– Qüdrətlə Kabusu da öldürəndə belə deyirdin. İndi də belə deyirsən. Heç nə bitməyib, lələ. Bəlkə də indi-indi başlayır hər şey. Aslan İtbaşı getdi, yenisi gələcək. Dürəng getdi, yeni dürənglər peyda olacaq. Lap məni öldürsəydilər də, yeni qaniçən oturacaqdı taxtda. Damarlarında kabus qanı axan bu qız satqın, xəyanətkar Dürənglə əl-ələ verib çalıb-talayacaqdılar milləti. Sonda ölüb gedəcəkdilər. Yerlərinə bunlardan da pisi gələcəkdi. Heç nə bitmir, lələ. Hər şey davam edir. Əvvəlkindən də pis, əvvəlkindən də dəhşətli. İndi Aleksandranı neyləyək? Öldürəkmi?

Bu zaman qapı döyülür. Çapar içəri girir.

– Elbrus imperatorundan Madərşah Karineyə namə var.

Hökmdar naməni tez açıb oxuyur. Çapara get işarəsi verir. Yorğun gözlərinə işıq gəlir elə bil.

– Lələ, yazırlar ki, imperator madərşahlığa səfərə gəlir. Tez hazırlıqlara başla, – deyə Karine sevincək lələnin boynunu qucaqlayır. O üzündən, bu üzündən öpür.

– Bəs Aleksandranı necə edək, qızım? Sözümüz yarımçıq qaldı.

– Bilmirəm, lələ. Lap çaşbaş qalmışam. Ox yayından çıxıb. Onun əslində kim olduğunu isə ikimiz bilirik. Yəqin sirr saxlamağı bacararıq. Aleksandranın heç nədən xəbəri olmamalıdır. Onun artıq heç kimi yoxdur. Onun anası mənəm. O mənim yetirməmdir. Mən nə dedim, onu da edəcək!

– Qızım, birdən bacısını soruşsa nə cavab verəcəksən?

– Bilmirəm. Bəs sən nə məsləhət görürsən, lələ?

– Mən onu da qətlə yetirərdim. Özü də təcili.

– Tələsmə, lələ. Qoy imperator gəlib getsin. Sonrasına baxarıq.

– Düzünü sən bilirsən, qızım. Allah bütün arzuladıqlarını həyata keçirsin.

– Hazırlığını gör, lələ. O boyda imperator məmləkətimizə qonaq gəlir.

– Rahat ol, qızım. Hər şey ürəyin istədiyin kimi olacaq.

– Lələ, sən bilirsənmi ki, Elbrus imperatorluğu niyə belə güclüdür?

– Yox, qızım.

– Çünki onlar atı aparıb eşşəyin quyruğuna bağlamırlar. Düzdü, bu hal sınaqdan yaxşı çıxıb. Hər şey qaydasında gedir. O dövlətin şahının hakimiyyəti uzunömürlü olur. Amma inkişaf edə bilmir.

– Bilmirdim. İndi bildim. Amma sən çalışma buna. Çünki beş təbəənin beşi də müsəlmandır.

– Axı bayaq sənə səndən misal çəkdim, lələ. “Hələ ki” müsəlmandır.

– Yolaverənlər dövlətinə şah kimi qoyaq?

– Baş vəzir Hətəm ordadır. O idarə edər. Onsuz da bu şahlıqlara qoyulan baş vəzirlərin öz ağılları yoxdur. Biz deyəni edirlər. Eşşəyi elə eşşəyin quyruğuna bağlaya-bağlaya davam edək. Özlərini pis aparsalar caynağımı yenə də açaram. Dürəngin gününə düşərlər. Hətəmə çatdır ki, Dürəngin hər şeyini yağmalayıb göndərsin paytaxta. Oğlu Göyverəni, ya başqa oğlan övladı varsa qətlə yetirsin.

– Dediyin hər şey həyata keçəcək, qızım.

 

* * *

 

Kaminat şahlığı həyatında bu cür gözəl mənzərə seyr etməmişdi. Qızıl suyuna çəkilmiş, fil sümüyü ilə bəzədilmiş karetalar, qırmızı geyimli mühafizlər, barabanların, şeypurların sədası altında nizamla yeriyən süvari dəstələri, yüyənini gəmirərək kişnəyən atlar... Sərhəddən paytaxta qədər imperatoru müşayiət edən madərşahın əsgərləri və onların mindiyi atlar qonaqların ordusunun yanında necə də cılız görünürdülər. Bütün paytaxt Elbrus imperatorunu qarşılamağa çıxmışdı. Nəhayət, hökmdarın karetası gəlib qala divarlarının yanında dayandı. Madərşah Karine və baş vəzir Biniyamin artıq burdaydılar. Baş mühafiz karetanın qapısını açdı. Xüsusi taxta pilləkəni qapının altına qoyub laxlayıb-laxlamamasını yoxladı. İmperator karetadan düşdü. Ətrafına nəzər saldı. Madərşah Karine ona yaxınlaşdı. Sağ əlini sinəsinə qoyub təzim etdi.

– Elbrus İmperatorunu madərşahlıqda salamlamaqdan böyük qürur hissi keçirirəm. Gəlişinizlə böyük şərəf verdiniz mənə, İmperator həzrətləri!

– Salam! – deyib imperator üzünü baş vəzir Biniyaminə tərəf çevirdi və onu yanına çağırdı, – Bu kimdir? Axı ona oxşamır.

– İmperator həzrətləri, qarşınızdakı Madərşah Karinedir. Siz soruşduğunuz isə madərşahın şahzadələrindən biridir.

– Aleksandra. Düz dedimmi adını?

– Bəli, imperator həzrətləri, – deyə Madərşah Karine cavab verdi, – Şahzadələrim saraydadırlar. Sıraya düzülüb sizi gözləyirlər.

– Hansı sarayda.

– Baxın, o yüksəklikdə olan qəsr mənim sarayımdır. Hamısı sizi salamlamaq üçün ordadır.

– Sən buna saray deyirsən? Mənim tövləm ondan on dəfə böyükdür, – deyə imperator gülməyə başladı. Yanındakılar da ona qoşuldular. Madərşah pərt olsa da biruzə vermədi, – Karine, çıxın bu müsəlman əsarətindən. Paytaxtınız da onların qalalarına oxşayır.

– Madərşahlıq yeni yaranıb, imperator həzrətləri. Dünyanın ən gözəl memarları, rəssamları, heykəltəraşları isə Elbrus imperatorunun sarayındadır. Köməyinizlə dediyiniz səviyyəyə gəlib çatarıq tezliklə.

– “Çatarıq” niyə? Mən artıq fərman imzalamışam. Özümlə memarlarımı da gətirmişəm. Matriarxatlığın təbiəti gözəl, səfalı bir yerində imperatorlara layiq möhtəşəm bir saray inşa etdirəcəyəm. Ətrafında da ona layiq evlər. Hə. Lap yadımdan çıxmışdı. Qızılı kilsə də öz yerində. Hamısının xərci xəzinəmin hesabına görüləcək. Bu mənim hədiyyəmdir. Yeni paytaxta da adı özüm verəcəyəm – təməlini qoyanda. Düz dedimmi, Matriarx Karine?

– Hər şeyin düzünü İmperator həzrətləri bilir.

– Deməli, razısan yeni addan. Bu gündən madərşah sözü tarixə qovuşur.

– Matriarx Karine kimi sizi matriarxatın paytaxtında salamlamaqdan böyük qürur hissi keçirirəm, İmperator həzrətləri.

– Bunu həll etdik. Qaldı əsas məsələ. Məni cəzb edərək bura gətirən qüvvəni görmək istəyirəm.

– Buyurun saraya.

– Yox, saraya girməyəcəyəm. Ov etmək adıyla təbiətin qoynunda olmaq istərdim. Yəqin sizin belə bir qəsriniz var.

– Var, İmperator həzrətləri. Dağın ətəyində yerləşən qəsrimin ətrafında həm təbiət gözəldir, həm də canlılar aləmi zəngindir.

– Şahzadə Aleksandranın da məni müşayiət etməyini arzulayıram.

– Arzunuz mənimçün qanundur, İmperator həzrətləri, – deyib Karine baş vəzirə işarə verdi. Bir azdan Aleksandra qala qapılarından çıxıb imperatora tərəf gəlməyə başladı. Yaxınlaşıb yüngülcə təzim etdi.

– Aleksandra Madərşah olaraq İmperator həzrətlərini paytaxtımızda salamlamaqdan qürur duyuram. Gəlişinizlə böyük şərəf verdiniz.

İmperator dinmədi. Gözlərini Aleksandraya dikib dayanmışdı. Bir az beləcə donub qaldı. Biniyamin lələ şahzadəyə yaxınlaşıb qulağına nəsə pıçıldadı.

– Üzr istəyirəm, İmperator həzrətləri. Təzə xəbəri bilmirdim. Aleksandra Matriarx olaraq sizi paytaxtımızda salamlamaqdan qürur duyuram. Gəlişinizlə böyük şərəf verdiniz.

İmperator üzünü baş vəzirə çevirib soruşdu:

– Prinsesin şəklini çəkən rəssam burdadırmı?

– Bəli, İmperator həzrətləri, – deyə lələ əliylə bir nəfərə yaxınlaş işarəsi verdi.

– Deməli, sən çəkmişdin o rəsmi?

– Bəli, əlahəzrət!

– Adın nədir?

– Akila.

– Gözəl, gözəl. Həqiqətən də yaxşı sənətkarsan, rəssam Akila. Baş mühafiz, yeni sarayın inşasına bu rəssamı da cəlb edin. Bu gündən həm də mənim saray rəssamımdır. Əlbəttə ki, Matriarx Karine etiraz etmirsə.

– Böyük şərəf verirsiniz bizim sənətkarlara bu qərarınızla, İmperator həzrətləri.

– Bu isə bizim sənətkarların əl işidir. Matriarx Karineyə hədiyyəmdir. Dörd at qoşulmuş bəyaz kareta.

– Hədiyyəniz çox olsun, İmperator həzrətləri.

– İndi isə gedək, – deyə İmperator Aleksandranın əlindən tutub, karetasına tərəf addımlamağa başladı. Matriarx Karine isə baş vəzirlə atlarına minib karvanın başına keçdilər.

– Lələ, buna deyirdin kobud, mədəniyyətsiz adam?

– Karine, məni yalançı çıxarmağa çalışma. Qayıdanda saraya yox, at tövləsinə dönəcəksən.

Hər ikisi gülüşdü. Karvan hərəkətə gəldi.

 

* * *

 

Matriarxatın paytaxtı. Matriarx Karine taxtında məmnun oturub. Baş vəzir Biniyamin lələ isə gülür.

– Həmişə üzün gülsün, qızım.

– Səninlə Məkrubə güldürdüz üzümü. Gözəl hazırlaşdırmısınız Aleksandranı. Hərəkətlərinə fikir verdim. Məndən də üstün idi. Mən heç, o boyda imperatoru ovsunlamışdı.

– Qızım, sən Allah bağışla. Bir şey soruşum səndən. Təkcə ağlıyla ovsunlamışdı?

– Lələ, mən də buna məəttələm. Bu qız necə davranıb, bilmirəm... İmperator ona toxunmayıb. Yalnız əlindən öpübmüş.

– Karine, bir şeyi də əvvəlcədən ölçüb-biçməliyik.

– Nəyi?

– Birdən Aleksandra bacısını görmək istəsə, ona nə deyəcəyik?

– Belə deyərik: vəba xəstəliyinə düçar oldu. Əri də, özü də... Meyitlərini də yandırdılar. Ona da demədik ki, pis olar.

– İnandırıcıdır. Amma yenə də ondan qorxuram. Necə olmasa Kabusun qızıdır.

– Kabusun qızı yox. Kabusun hamıdan gizli saxladığı, heç kimin tanımadığı qızı. Bunu da indi biz ikimiz bilirik. Bir də ki, heç nədən qorxma. Əmri mən vermişəm. Vədəsi çatanda özüm də açacağam sirri.

– Elə iş görmə, qızım. Səni itirmək istəmirəm.

– Rahat ol, lələ. Hər şey yaxşı olacaq. Əsas mən deyiləm. Ən önəmlisi mənim hamı üzərində qələbəmdir.

– Heç soruşmuram. İmperator elçilik açmağa razılıq verdi?

– Heç bu mövzuda söhbət edə bildik ki? Bütün fikri-zikri Aleksandradaydı. Yanından qırağa çəkilmirdi.

– Birdən vurulub-eləyər ha qıza.

– Bilmirəm, lələ. Artıq bizdən heç nə asılı deyil. Hər şeyi buraxmışam öz axarına.

– Yaxşı olar, qızım. Allah bütün arzularını həyata keçirsin.

– Amin, lələ, amin!

 

* * *

 

Elbrus elinin memarları yeni paytaxt üçün yeri artıq təyin ediblər. Karinenin sevincdən uçmağa qanadı yoxdur. Onun əmriylə kasıb ailələrin hamısına bir qızıl paylanıb.

Saray. Karinenin otağı. Bu dəm çapar içəri girir.

– Matriarx Karineyə imperatordan namə var, – deyə məktubu təqdim edir. Karine açıb oxuyur. Sonra onu lələyə verir.

– Qızım, imperator on beş gün olar gedib. Nə əcəb təzədən qayıdır?

– Bilmirəm, lələ. Bircə onu bilirəm ki, üzü yaxşılığa gedir hər şey. Hazırlıq gör.

– Qızım, mən başqa şeydən qorxuram. Birdən imperator Aleksandranı otuzdursa taxta, onda nə edəcəksən?

– Mən qızı elçi göndərməyə çalışıram, alınmır. Taxta onu otuzdursa olar əlanın əlası. Mən istədiyim bu deyilmi? O biri şahzadələrdən də hər şahlığa birini qoyaram. Sonra isə başqa şahlıqlara qarmaq atmağa başlayaram. Mənimçün əsas taxt deyil. Mən matriarxatın döyünən ürəyi, düşünən beyninə çevrilmək istəyirəm. Mən İtbaşı olmaq istəyirəm. Öz yetişdirdiyim şahların İtbaşısı. Bu arzumun həyata keçməsi isə yalnız imperatorun əlindədir. Çayın mənbəyi ordadır. Artıq onu tapmışam. Yaxşı mənada özümə tərəf yönəltmişəm. İndi əsas məsələ çayın gur, ya sakit axmasıdır. Mən bunu düşünürəm.

– Bəs ortaya çıxacaq maneələri necə, düşünmüsənmi?

– Ay lələ, o boyda imperator bizə qonaq gəldi, yeni paytaxt tikdirir, şahzadəmə də aşiq olub deyəsən. Bu cür arxanın qabağında kim maneə olmağa cürət edər ki? Lap cürət etsə də, həmən məhv edərəm onu.

– Təki sən deyən olsun, qızım. 

– Hər şey yaxşı olacaq, lələ. Yetər ki, yanımda olasan, arxamda olasan. Bircə, arxadan zərbə vurmasınlar mənə. Qalan boş şeydir. Amma özünü bir şeyə də hazırla. Gördün ki, kiməsə əsir düşürəm, ya məhv etmək istəyirlər – özün məni qətlə yetir.

Lələ cavab vermədi. Gözlərində yaş gilələndi. Otaqdan çıxdı. Həyətə düşüb bağçadakı külafirəngidə oturdu: Kaminat Şah mənə oğlanlarını həvalə etdi. Mən isə qardaşlarının qılıncoynatma, atminmə, ox atmaq dərslərinə kənardan tamaşa edən bu qızcığazı da cəlb etdim. Doğrudan da qardaşlarından üstün idi. Onlardan tez qavrayırdı öyrətdiklərimi. Beləcə onları kənara itələyib oturdu vəliəhd taxtında. Kaminat Şah mənə inandı bu qərarı verəndə. İndi görürəm ki, səhv etmişəm. Səhv yox, günah etmişəm. Allahın işinə qarışmışam. Qadından hökmdar olmaz. Karinenin adam öldürməkdən başqa cəzası yoxdur. Elə bil həzz alır qan tökməkdən, diri-diri yandırmaqdan. Hər qan tökəndən sonra isə bir müddət sakitləşir. Sonra yenidən başlayır. Karinenin başçılıq etdiyi məmləkətdə sanki başqa mənsəb sahibləri yoxdur. Təkcə odur. Hamının anasıyam deyə-deyə, hamının qəniminə çevrilib. Qardaşlarını öldürəndən sonra mən də qorxmağa başlamışam. Bunu mənimlə məsləhətləşməmişdi. Başqaları həyatda dərin kök salmağa çalışır, şəcərəsini böyüdür. Bu isə öz kökünü təmizləyib qurtardı. Qaldı bircə anası. O da dəli olub. Qəhqəhə qalasındadır. Karine də artıq dəlidir. Özündən qondarma madərşah xülyası yaradıb və hər şeyi ona qurban verir. İtbaşı Aslanın qətlinə fərman verəndən sonra isə lap azğınlaşıb. Yeni İtbaşının peyda olmasından qorxmur. Artıq özü İtbaşı olmağa iddialıdır. Dərin dövlətdə yer almaq, yer tutmaq istəyir. Ora isə qadınların yolu əzəldən bağlıdır. Bu cür iddialı hökmranların isə sonu çox pis qurtarır. Bunu tarix də sübut edib. Mən isə Karinemi qorumalıyam. Necə qoruyum? Yaxşı ki, bəzi əmrlərinə... İndi görürəm ki, düz etmişəm. Qarşısına çıxacaq maneələri görmür Karine. Onun günahı yoxdur. Günah məndədir. Karinenin hakimiyyəti dövründə nə olubsa hamısı mənim ayağıma yazılmalıdır. Qadından şah olmazmış. Mən bunu vaxtında anlamadım. İndi İtbaşı olsa, vay dünyanın halına. Karinenin xəbəri yoxdur ki, imperator bəzi məsələlərdə ürəyini mənə açıb. Nəsə qəbul edə bilmir Karineni. Daha doğrusu qadının hökmdar olmasını. Mənə dedi ki, “geci-tezi madərşahlığı xəritədən silib birləşdirəcəkdim özümə. Karine məmləkəti qanunlarla yox, hislərlə idarə edir. Həm yazılan, həm yazılmayan qanunları məhv edir. Mənim ordakı görən gözlərimi kor, eşidən qulaqlarımı kar edib. Və bunu bilə-bilə edib. İndi də edir. Mənə göndərdiyi məktubun hər cümləsinin əvvəlində “din qardaşı” yazır. Amma müsəlmanların yox, öz din qardaşlarının qanına susayıb. Əvvəl kitabxananı hədiyyə etməyi, indi isə Aleksandra girdi qanınızın arasına. Yeni paytaxtı da onun şərəfinə tikdirirəm. Növbəti dəfə təməlini qoymağa gələndə Aleksandrayla evlənmək arzumu da elan edəcəyəm. Özü razıdır. Çox gözəl, gözəl olduğu qədər də ağıllı, bilikli, hərtərəfli qızdır. Bəzi şeylərdə hətta məndən də üstündür. Bütün bunlara görə sizə və təbib Məkrubəyə borclu olduğunu dedi mənə. Ona görə də, lələ, Aleksandranın, həm də matriarxın müəllimi olmuş səni kral görürəm. Karineni isə elçi qəbul edərəm. Oturar özüyçün sarayımın bir küncündə”. Əlbəttə ki, mən etiraz etdim. Bunları isə Karineyə demədim. Aleksandraya da məsləhət gördüm ki, demə. Məsələnin məğzini başa düşüb, onu da, lap məni də öldürə bilərdi. Guya ki, taxt-tacını qorumaq üçün. Bu isə Karinenin sonuydu. Matriarxat artıq tarixə qovuşur. İmperatorluğun bir qoluna çevrilir. Aleksandra hər ikisinin imperatritsasıdır artıq. Matriarxatın sonu çatsa da, mən Karinenin sonunu görmək istəmirəm. Karineni qoruyacağam. Gücüm çatana qədər. Birdən gücüm çatmasa? Eybi yox. Elbrus imperatorluğunda daimi elçilik açmaq onun əsas arzusuydu. Olar elçi. Özü də ki, ömürlük.

 

* * *

 

Paytaxtda qələbəlikdir. Hamı Elbrus imperatorunun pişvazına çıxıb. Matriarx Karine, baş vəzir Biniyamin və şahzadə Aleksandra da burdadırlar. İmperatorun karetası mühafizlərin müşayiətiylə gəlib qala qapısının qabağında dayanır. İmperator düşüb ilk olaraq şahzadə Aleksandrayla görüşür. Matriarx Karine bundan pərt olsa da biruzə vermir. Sonra baş vəzir Biniyaminə yeni paytaxtın salınacağı əraziyə gedəcəklərini bildirir. Aleksandranı öz karetasına mindirib, yola düşürlər. Ora çatanda imperatoru memarlar, rəssamlar və heykəltəraşlar qarşılayırlar. Təməl qazılan yerə aparırlar. İmperator onların hərəsinə balaca pul kisəsi bağışlayır. Bir kisənin isə ağzını açıb təmələ boşaldır. Sonra Aleksandranı yaxına çağırıb beli ona verir. Şahzadə təmələ palçıq tökür. Bunu görən Karine irəli çıxıb təmələ qızıl atmaq istəsə də lələ imkan vermir.

– Bu gün matriarxatın yeni paytaxtının əsasını qoyuram. Xeyir-dua vermək üçün özüm gəldim bura. Təməlinə qızıl pullar atdım ki, varlı şəhər olsun. Bura palçıq atmaq üçün beli qadına verdim ki, sülh, əmin-amanlıq olsun. Adına gəldikdə isə, – imperator üzünü Matriarx Karineyə tutur, – əgər etiraz etmirsinizsə, adını Aleksandra şəhəri qoyardım. Elbrusun gələcək imperatritsasının şərəfinə. Əgər bu izdivaca razısınızsa.

Karine özünü itirir. Lələyə baxır. Baş vəzir razılıq əlaməti olaraq başını tərpədir.

– Razıyam. Xoşbəxt olun! – deyə Karine cavab verir. Gözləri yaşarır.

İmperator şahzadənin əlindən tutub Karineylə lələyə yaxınlaşır. Karine də, lələ də şahzadəni qucaqlayıb öpürlər. İmperatorla isə əl tuturlar.

– Matriarx Karine, Aleksandra mənə hər şeyi danışıb. Bilirəm ki, onu siz prinses etmisiniz. Ona analıq etmisiniz. Lələ də mənəvi atası, müəllimi olub. Bütün bunları yüksək qiymətləndirir Aleksandra. Nigah mərasimini imperatorluğun ən möhtəşəm kilsəsində keçirəcəyik. Aleksandra utanır sizə deməyə. Qorxur ki, xətrinizə dəyər. Ona görə xahiş etdi ki, mən deyim.

– Əmr edin, İmperator həzrətləri.

– Aleksandra istəyir ki, toyunda anası, atası, bacısı da iştirak etsin.

Karinenin çöhrəsinə ölü rəngi çökdü. Lələnin üzünə baxdı.

– Əlbəttə ki, olar, – deyə lələ dilləndi, – Burda axı xətrə dəyiləsi nə var? Lap istəyir qohum-qonşularını da dəvət eləsin. Bu onun xoş günüdür. Düz demirəmmi, qızım? – deyə əlini Karinenin çiyninə qoyub ehmalca basdı.

– Bəli, lələ düz deyir. Necə istəyir elə də olsun. Amma biz onun evini tanımırıq. Məkrubə qeyd eləməyi yadından çıxarıb.

– Matriarxım, bura gələndə böyük qız idim. Özümün yadımda qalıb. Elə burdan düz gedək ora. Əgər sizə və imperatora əziyyət deyilsə. Paytaxta yaxın bir kənddir.

– Onda yolçu yolda gərək, – deyə lələ tez dilləndi.

Karvan yola düşdü.

– Lələ, indi nə edəcəyik?

– Heç nə. Gedib görəcəklər ki, heç kim yoxdur. Kor-peşman qayıdacaqlar dala.

– Bəs Regina? Aleksandra yaxşı bilir ki, o, Yolaverənlər şahının arvadıdır.

– Qızım, artıq gecdir. Bunu onun qətlinə fərman verəndə gərək düşünəydin. Özü də Reginanı öldürməmişdən qabaq bilmişdin bunun bacısı olmağını.

– Yaman yerdə axşamladıq, lələ. Bilsəydim qətllərinə fərman verməzdim onların. Özü də ki, günahları yox idi. Bir çarə qıl, lələ.

– Deməli, peşmansan. Bəs səndən soruşdum axı ki, ortaya çıxa biləcək maneələri nəzərə almısan, ya yox? Dedin ki, hə. İndi mən iki daşın arasında nə edə bilərəm? Ölü diriltməyi də bacarmıram. Özü də yadından çıxartma ki, qarşında imperatordur. Şahzadə isə onun sevimli imperatritsası. Barmağının bircə işarəsindən asılıyıq əgər həqiqəti bilsələr. Vaxtında gərək bacısının vəbadan ölməsini ona xəbər verəydin. Demişdin ki, özün deyəcəksən.

– Bəs bayaq niyə demədin? Demək istəyəndə, məni qabaqladın ki, gedək. Hara “gedək?”

– Yaxşı, burax mənim öhdəmə. Görüm neyləyirəm. Amma nəbadə qarışasan işimə. Bundan sonra atdığın addımları yüz ölç, bir biç. Mənimlə də məsləhətləş. Edamdan başqa yüz dənə cəza növü var. Heç vaxt tələsmə öldürməyə.

– Başüstə, lələ. Bundan sonra hər şeyi məsləhətləşəcəyəm səninlə. Söz verirəm, lələ. Bircə, bu yekunda hər şeyi yoluna qoy.

Beləcə karvan gəlib Aleksandragilin qapısında dayandı. Bütün kənd onların tamaşasına çıxmışdı. İmperatorla şahzadə karetadan düşdülər. Bacısının karetadan düşdüyünü görən Regina ona tərəf qaçıb boynuna sarıldı. Anası da arxasıyca gəlib onları qucaqladı. Aleksandra anasına sarılıb onu öpməyə, duz kimi yalamağa başladı. Karinenin bu mənzərədən matı-qutu qurudu. Bilmirdi nə desin. Tərs-tərs lələyə baxırdı.

– Karine, tərs-tərs baxma. Axı sənə demişdim ki, məni günahsız insanların üstünə göndərmə.

– Belə çıxır ki, Aslan da sağdır?

– O sənin oxşarının başını kəsdi. Elə bildi ki, sənsən. Heç mən onu sağ buraxaram? Özü də müsəlman İtbaşıdır.

– Axı deyəsən onu karetaların birində gördüm.

– Qızım, rahat ol. Yəqin gözünə görünüb.

– Belə çıxır ki, İtbaşını mənim əmrimə rəğmən öldürməmisən? Axı sən hələ Aleksandranı da qətlə yetirməyi məsləhət bilirdin?

– Qızım, qorxurdum ki, xəbərim olmaz, qətlinə fərman verərsən – qardaşlarını gizli öldürtdüyün kimi.  Onu da qətlgahdan qaçırıb anasına, bacısına qovuşduracaqdım.

Bu zaman ana qızlarıyla Matriarx Karineyə yaxınlaşır. Qarşısında diz çöküb onun əlini öpür.

– Təşəkkür edirəm, matriarxım. Mənim qızlarıma bu cür analıq etdiyinizə görə çox sağ olun. Ərimi isə tanımırmışam. Hamısını lələ danışdı. Hardan biləydik ki? Allah bağışlasın günahlarını. Bizi də bağışladığınızı söylədi lələ. Matriarxım, zəhmətinizi halal edin. Mənimlə qızım Reginanı əfv etdiyinizə və evimizə qayıtmağa razılıq verdiyinizə görə sağ olun.

Karine dinmirdi. Qəhərlənmişdi. Bu dəm lələ onun qulağına nəsə pıçıldadı. Karine ananı da, şahzadələrini də qucaqlayıb hönkürməyə başladı. Bu mənzərəni maraqla seyr edən imperator da yaxınlaşıb onları qucaqladı. Madərşah özünü toparlayıb üzünü anaya tutdu.

– Ana, qızların üçün nə etsəm də, sonda əsas ana yenə də sən oldun. Demə, hamının anası olmaq mümkün deyilmiş. Əsas qanını daşıdığın, qarnından çıxdığındır. Ümumilikdə madərşahlıq boş xülya imiş. Gör səni necə çox istəyirlər? Qucaqlayıb duz kimi yalayırlar. Amma sarayda yaşadıqları illərdə bir dəfə də məni qucaqlamadılar, öpmədilər. Xüsusilə də Aleksandra. Son aylar bütün günü yanımda olurdu. Amma mənə ana yox, madərşah deyirdi. Mən isə sadəcə “ana” kəlməsini umurdum ondan. Atalarını da çox istəyirdilər. İstəməsəydi, Regina otağıma əlində qılınc gəlməzdi. Boş şeydir madərşah, ya matriarx olmaq. Şahdan, kraldan, şahənşahdan heç bir fərqi yoxdur. Sadəcə, ad başqadır. Mahiyyət isə eynidir. Hamısı kabusdur. İnsanların başı üstündə kölgə kimi gəzən, onların qazandıqlarını oğurlayıb xəzinəsinə yığan, xalqını incidən, öldürən, qanını soran, qan qusduran, müharibələrlə, xəstəliklərlə sınağa çəkən oğru və kabusdur şahlar. Mən də oğruyam. İtbaşılar isə məndən də böyük oğrudurlar. İtbaşı yox, oğrubaşıdırlar. Ata evimdə olanda ən sevdiyim insanlar idi atam, anam, qardaşlarım, qohumlarım. Sonra əsir düşməmək üçün qaçdım, amma qul, sonra hərəm oldum. Qürbətə düşdüm. Onların qisasını ala-ala gəlib şahənşah, madərşah oldum. Dayağım idi onlar. Onlara istinad etməsəydim – söykənməsəydim bunların heç birinə nail olmazdım. Amma sonra özüm öz əlimlə dayağımı darmadağın etdim. Lələ buna qarşı çıxdı – qulaq asmadım. Üstəlik qardaşlarımı da qətlə yetirdim. Amma bu gün Aleksandranın bu hərəkəti məni ayıltdı. Lələ düz deyirmiş. İnsana dünyada atadan, anadan, qardaş və bacıdan yaxın adam yoxdur. Bəs bunu niyə vaxtında başa düşmədim? Lələyə mənəvi ata, təbib Məkrubəyə isə mənəvi ana dedim. Əgər indi başa düşmüşəmsə, niyə anamın yanına tələsmirəm? Lələ, mən istədiyimə çatdım. Şahzadələrim Aleksandra və Regina! Matriarxat sizə əmanət. Davam edin başladıqlarımı. Mənəvi ananız gedir. Öz doğma anasının yanına gedir. Əsl ananız və mənəvi ata-ananız Biniyamin lələ, təbib Məkrubə isə yanınızdadır. İmperator isə arxanızda. Mən isə mənim ucbatımdan dəli olan və Qəhqəhə qalasına salınan anamın yanında olmalıyam. Çünki mən də dəliyəm. Çünki allah, səcdəgah, dayaq sayılan insanları – atasını, oğlunu, qardaşlarını qətlə yetirən, anasını dəli edən adam ağıllı sayıla bilməz. Mən yalnız oranın sakini olmağa layiqəm.

Karine lələni qucaqlayıb öpdü. Sonra atına minib ordan uzaqlaşdı.

 

* * *

 

Qəhqəhə qalasından keçmiş madərşahlığa, indiki Biniyamin krallığına qəhqəhələr yayılır. Karine isə anasının qarşısında diz çöküb yalvarır.

– Ana, bağışla. Atamı diri-diri yandırdığıma görə bağışla.

– Qancıq Karine. Qancıq Karine.

– Ana, bağışla. Qardaşlarımın başını kəsdiyimə görə bağışla.

– Qancıq Karine. Qancıq Karine.

– Ana, bağışla. Sənə övlad olmadığıma görə, səni bu hala saldığıma görə bağışla.

– Qancıq Karine. Qancıq Karine.

– Ana, bağışlayırsan məni?

– Qancıq Karine. Qancıq Karine.

Bu dəm dəmir qapı açılır. Gözətçi içəri girib yeməyi Karinenin və anası Sadenin yanında bir yerə qoyur. Su qabını doldurur.

– Bəsdirin də... Lap bezdirdiniz bizi. Biri deyir “bağışla”, o biri də deyir “qancıq”. Nə vaxtacan belə davam edəcək? Bilmirəm bunlar kimdir. Bilmirəm bu səfillərin nəyini bizə tapşırıblar ki, “gözünüz üstünüzdə olsun”. Özləriylə aparmaq istəyəndə də, qışqır-bağır salıb getmək istəmirlər. Bizim əl-ayağımıza düşürlər ki, “qoymayın, bizi edam etməyə, yandırmağa aparırlar”. Öldürsəydilər canımız qurtarardı. Ara yerdə biz girinc olub qalmışıq. Gecələr də susmurlar ki, baş-beynimiz rahat olsun. Görən Kral Biniyamin və Kraliça Məkrubə bunların nəyidir ki, tez-tez baş çəkməyə gəlirlər? Hərdən Elbrus imperatritsası Aleksandra, kraliça Regina da təşrif buyururlar. İmperator da hərdən gəlir. Digər kraliçaları demirəm hələ. Biri gedir, o biri gəlir. Biri gedir, o biri gəlir. Hələ bunların qapısına saray mühafizləri də qoyublar. Amma kim olduqlarını heç kim bilmir. Biz soruşanda da başımıza qapaz ilişdirirlər ki, burnunuz girməyən yerə başınızı soxmayın. Yoxsa kəlləniz gedər. Amma bir tərəfdən kefdəyik. Onlara gətirilən nemətlərdən biz də dadırıq. Hər birimizə də üstündə İmperatritsa Aleksandranın şəkli həkk olunmuş bir qızıl aylıq verirlər. Danışmaqlarını da kəssəydilər, olardı lap əla. Lap yüz il yaşasınlar.

– Ana, bağışla!

– Qancıq Karine. Qancıq Karine.

– Yenə də başladılar. Elə bil səhərdən divarla danışıram. Veclərinə də deyil. Axırda özüm də dəli olacağam. Artıq yuxuda da “Ana, bağışlayırsan məni? Qancıq Karine. Qancıq Karine” deməyə başlamışam. Ay anam, ay bacım, bura hamı sizin kimi düşür. Hamısı da sizin kimi – şahların zülm etdiyi, dözülməz vəziyyətə saldığı adamlardır. Hamısı əvvəlcə başlayır danışmağa. Danışırlar, danışırlar, görürlər ki, xeyri yoxdur. Başlayırlar dəlixana həyatlarından zövq almağa. Qəhqəhə çəkib gülməyə. Ta ölənəcən. Beş ildir eyni sözü deyirsiniz. Qurban olum, siz də başlayın gülməyə, qəhqəhə çəkməyə. Gecələr isə yatın.

– Ana, bağışla!

– Qancıq Karine. Qancıq Karine.

– Sondan niyə başladız? Əvvəldən başlayın. Atanı yandırmağından, qardaşlarının başını kəsməyindən. Mən isə getdim, – deyə gözətçi otaqdan çıxır. Kralın silahlı mühafizləri dəmir qapını bağlayır.

 

* * *

 

Biniyamin krallığı. Qəhqəhə qalasından əcayib qəhqəhələr aləmə yayılır. Bu qəhqəhələr paytaxtın küçələrində gəzən kasıb uşaqlarının “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm” sədalarının içində əriyib gedir. “Ana, bağışlayırsan məni? Qancıq Karine. Qancıq Karine...” sədaları isə ümumiyyətlə eşidilmir. Qızılı gümbəzli Regina kilsəsindən paytaxta yayılan kilsə zəngləri isə kasıbların səsini, dəlilərin qəhqəhəsini boğur. Azan səsləri isə ümumiyyətlə eşidilmir. Yaxından, uzaqdan keçənlər isə bir anlığa dayanıb üzlərini paytaxtın hər yerindən, o cümlədən Qəhqəhə qalasından da aydın görünən kilsəyə tutub xaç çevirirlər. Onların arasında İtbaşı da var, Kabus da... Bircə, Karine xaç çevirmir. Həmişəki kimi diz üstə çökərək anasının ayaqlarını qucaqlayıb hönkürür:

    – Ana, bağışla. Atamı diri-diri yandırdığıma görə bağışla.

– Qancıq Karine. Qancıq Karine.

– Ana, bağışla. Qardaşlarımın başını kəsdiyimə görə bağışla.

– Qancıq Karine. Qancıq Karine.

– Ana, bağışla. Sənə övlad olmadığıma görə, səni bu hala saldığıma görə bağışla.

– Qancıq Karine. Qancıq Karine.

– Ana, bağışlayırsan məni?

– Qancıq Karine. Qancıq Karine.

 

SON 

 

(2 noyabr 2017 – 28 avqust 2020)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI 6 May 2021, 16:40 Yoluxma azaldı, sağalanlar çoxaldı - 18 nəfər öldü 6 May 2021, 16:34 Əbədiyaşar lider 6 May 2021, 16:28 Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb 6 May 2021, 16:22 Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Bakıda piyada zolağı ilə bağlı YENİLİK 6 May 2021, 15:56 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00 Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir 6 May 2021, 13:57 Bu şəxslər dəfn edilərkən hərbi ehtiram göstəriləcək 6 May 2021, 13:52 Dövlət Xidmətinin 37 yaşlı yeni rəis kimdir? - TƏRCÜMEYİ-HAL 6 May 2021, 13:46 Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı 6 May 2021, 13:41