Modern.az

Dilavər Əzimlinin övladı atasının 40-da YAZDI

Dilavər Əzimlinin övladı atasının 40-da YAZDI

Mədəni̇yyət

11 Aprel 2021, 15:54

AMEA Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin koronavirusdan vəfat etməsindən 40 gün keçir.

Modern.az-ın məlumatına görə, D.Əzimlinin övladı atasının 40-ı ilə bağlı hisslərini qələmə alıb.

Yazını təqdim edirik:

“Atam tam 40 gün əvvəl gözlərini əbədi olaraq bu dünyaya yumdu. Böyük ehtimalla bu gün də bizi ruhən tərk edəcək. Ata itkisi ağırdır, onu kəlmələrlə izah etmək mümkün deyil.


Məzarı önünə gedənə qədər bütün bu olanlar yuxu kimi gəlirdi. Mən atamı son dəfə pandemiyadan əvvəl, 2020-ci ilin fevral ayında görmüşdüm. Bilsəydim ki, həmin gün son görüşüm olacaq, daha sıx qucaqlayardım. Atam məni də özü kimi elm adamı olaraq görmək istəyirdi. Atamın evdə qalaq-qalaq kitabları var, sayları o qədər çoxdur ki, yerləşdirmək üçün əlavə yer də yoxdur. Elmi işini yazarkən gecələr yatmırdı, oxumadığı kitab qalmamışdı. Bəzən düşünürdüm ki, görəsən oxumadığı kitab varmı ümumiyyətlə.


2020-ci ilin yayında dostum atasını itirmişdi. Həyatımda ilk dəfə idi ki, empatiya quraraq özümü onun yerinə qoymuşdum, çox pis olmuşdum. Atama doymadan onu itirəcəyim ağlıma belə gəlməzdi. Səhiyyə sistemində işləyənlər barədə fikir bildirməyəcəm, onları öz vicdanları ilə baş başa buraxıram. Ancaq inandığım bir şey var: həkim və hakim hər nə olursa olsun, maddi maraqlar üçün sənətə yiyələnməməlidir. Onlar insanların taleyini həll edənlər sırasındadırlar və kiminsə həyatını almağa, məhv etməyə heç bir haqları yoxdur.


Əlbəttə, hər kəsə öz valideyni şirindir, amma mənim atam tamam fərqli biri idi. Həyatı boyunca həmişə positiv qalmağa çalışırdı, hamı üçün nəsə etməyə çalışırdı. Heç kimlə küsülü qala bilmirdi, həyatında neqativə yer vermirdi. Bizi də belə böyütmüşdü. Hər şeydə positiv nəsə axtarmağı aşılamışdı. Mənim bu yaşa çatmağımda, əldə etdiyim nailiyyətlərdə böyük rolu var idi. Atam nəyisə diktə edən biri deyildi. İndiyədək xatırlamıram ki, mənə desin ki, sən belə olmalısan. Heç vaxt ideologiya aşılamırdı. Öz yolunu mənə diktə etmirdi. Hər zaman fikirlərimə və seçimimə hörmət edirdi. Həyatda atamdan aldığım ən böyük dərs budur ki, kim olursan ol, vəziyyət və şəraitdən asılı olmayaraq bir duruşun olmalıdır, duruşuna sadiq olmalısan, şərəflə, vicdanla yaşamalısan, başqalarının haqqına girməməlisən, pisdirsə, öz üzərində işləməlisən, olmursa cəhd etməlisən, kiminsə dəstəyi olmadan nəyəsə nail olmağı bacarmalısan. Əminəm ki, atam onun yolundan gedib elm sahəsində olduğum üçün fəxr edirdi. Amma atam məni Akademiyaya gətirməsəydi, ağlıma belə gəlməzdi ki, mən də burda olaram. Əlbəttə bu həyatımda onun sayəsində baş verən kiçik dəyişiklik idi. Mən hər zaman atamı zirvədə görmüşəm, fəxr etmişəm, onun sahəsində ondan biliklisinə rast gəlməmişəm, hər nə qədər elm sahəsində fikirlərimiz üst üstə düşməsə də, çox şeyi ondan öyrənmişəm. Bir övladın ən ali istəklərindən biri valideynlərinə layiq olmağı bacarmaqdı. Nə qədər bacardığımı bilmirəm, amma bir onu bilirəmki, mən nəsə bacaranda onların o sevinci hər şeyə dəyərdi. Kiçik yaşlarda bunun önəmini anlamaq mümkün deyil, ancaq yaş artıqda və həyat səni “yoğurduqca” sənin üçün mövcud olan dəyərlər daha da konkretləşir. Artıq sağlıq, ailə, kiçik şeylərdən xoşbəxt olma bacarığı daim prioritet olur. Həyat qısadır, bir göz qırpımında keçir.


Mən sadəcə atamı itirmədim. İnsanın çox sevdiyi birini itirməsi ən ağır şeydi həyatda. Amma bundan da ağırı son dəfə də olsa görə bilməməkdi. Nə qədər güclü olursan ol, nə qədər səbr etməyi öyrənirsən öyrən, nə qədər müdrik davranmağa çalışırsan çalış, atan yoxdursa, həmişə əskiksən.


Nur içində yat canım atam".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi