BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yunus Emre İnstitutunun türkologiya üzrə koordinatoru Yasin Tunçu qəbul edib. Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Modern.az-a bildirilib ki, Yasin Tunç təmsil etdiyi Yunus Emre İnstitutu barədə məlumat verib, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qeyd edək ki, Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb. Yasin Tunç Yunus Emre İnstitutunun dünyanın 24 şəhərində türk dilinin və mədəniyyətinin öyrənilməsi və araşdırmasına xidmət edən Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumat verərək, belə bir mərkəzin BDU-da da yaradılması məsələsinə toxunub.