Tbilisidə yerləşən Qafqazın Geotarixi və Geosiyasəti Tədqiqatları Mərkəzinin rəhbəri, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın sədrliyi altında Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova və İsrail alimlərinin iştirakı ilə “Abxaziya-Gürcüstandır!” adlı onlayn forum keçirilib.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı forumda iştirak edib, nələrin müzakirə edildiyi haqqında Modern.az-a danışıb.
“Başlıca məqsəd, təşkilatçıların söylədiyi kimi, Gürcüstanın ərazi bütövlüyünə dair məsələləri müxtəlif ölkələrdən olan elm adamları ilə müzakirə etmək idi. Natiqlər Gürcüstanın ərazi bütövlüyünün bərpasının vacibliyini deyərək, diqqəti Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra regionda yaranmış vəziyyətə yönəltdilər. Gürcü alimləri bildirdilər ki, regionda böyük hadisə baş verib, yeni reallıqlar yaranıb, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Qarabağda qazanılan qələbə əhəmiyyətinə görə Azərbaycan Respublikasının sərhədlərini aşaraq, beynəlxalq hüququ bərpa edib, separatizmə zərbə endirib və bu qələbə Gürcüstana da yol göstərir. Abxaziyanın Gürcüstanın tərkib hissəsi olduğunu, tanınma ilə bağlı qərarın tələsik qəbul edildiyini və səhv addım olduğunu deyən natiqlər Azərbaycanın həm diplomatik-siyasi, həm də digər sahələrdə təcrübəsinin faydalı olduğunu vurğuladılar.
“Tarixdən günümüzə Gürcüstanın dövlət müstəqilliyinə təhdidlər və Azərbaycan: müqayisəli təhlil” adlı məruzəmdə 1918-1920-ci illərdə və 1991-ci ildən sonra Gürcüstanın dövlət müstəqilliyinə qarşı erməni təşkilatları və Ermənistanın fəaliyyətini Azərbaycan dövlətinin və Gürcüstanda yaşayan azərbaycanlıların mövqeyi ilə tarixi fakt və mənbələr əsasında müqayisəli təhlil etdim, eyni zamanda ermənilərin Rusiya əleyhinə fəaliyyətlərinə də diqqəti yönəltdim.
Digər çıxışlarda erməniçiliyin Qafqaz regionunda təhlükə mənbəyi olduğu qeyd edildi.
Qənaətimə görə, gürcü alimləri və mətbuatı Azərbaycan təcrübəsindən yararlamaq istəyir. Nəticəsi necə olacaq? Bunu zaman göstərəcək”.
Mehri QURBAN