Modern.az

Fikrət Qoca keçmiş icra başçısına qarşı: “Ağa Laçınlının varislərinə kömək edəcəyik”

Fikrət Qoca keçmiş icra başçısına qarşı: “Ağa Laçınlının varislərinə kömək edəcəyik”

13 Sentyabr 2012, 15:36

Mərhum şair Ağa Laçınlıya məxsus torpaq sahəsi Səbail rayonunun keçmiş icra başçısı Rüstəm Məmmədov tərəfindən zəbt edilib və hasara alınıb. Modern.az bu məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyin katibi Fikrət Qocadan münasibət öyrənib.

F.Qoca bildirib ki, şairin yuvası bülbülün yuvasıdır: “Onu kim dağıtmaq istəyirsə, mütləq cəzasını çəkəcək. Bu, çox pis haldır. Heç kəs dünyadan heç nə aparmır. Nə torpaq, nə də hasar. Şair də Allah adamıdır, təzə rəhmətə gedib. Onun xatirəsini əbədiləşdirməkdənsə, bir ovuc torpağını zəbt eləmək istəyən adama mənim sözüm yoxdur”.

AYB katibi qeyd edir ki, mərhum A.Laçınlının varislərinin hüquqlarını qorumaq üçün onlara kömək edəcək.

“ Əlbəttə, onu müdafiə edəcəyəm. Hələ gözləyirəm ki, görüm bunun nəticəsi necə olacaq. Qoymarıq ki, məsələ belə qalsın”.

Qeyd edək ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin sonradan Səbail rayonunun keçmiş icra başçısı Rüstəm Məmmədov ərazini qanunsuz olaraq zəbt edib.

2012-ci il sentyabrın 5-də rəsmi dövlət qəzeti “Azərbaycan”da bu hadisəni kəskin pisləyən yazı dərc olunub. “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı yazıda vurğulanıb ki, Ağa Laçınlıya Badamdarda torpaq sahəsi ziyalılara dövlət qayğısı çərçivəsində verilib. Yazıda bildirilib ki, bu qanunsuzluğun aradan qaldırılmaması dövlətin humanizm siyasətinə qarşı çıxmaq deməkdir.

Sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.


Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər